Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-771/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 MMC-yə və X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 MMC-yə və X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5090 (beş min doxsan) manat məbləğində maddi ziyanın, 5000 (beş min) manat məbləğində mənəvi ziyanın, 520 manat vəkilin göstərdiyi yardıma görə xərclərin əvəzinin, cəmi 10610 (on min altı yüz on) manat cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində fəaliyyət göstərən cavabdeh "xxxx" MMC-nin diş klinikasına (VÖEN **********) müraciət etmişdir. "xxxx" klinikasında Zeynalabdin Allahyarov adlı həkimin müayinəsi üçün 85 manat pul ödənilmiş və həkim iddiaçının dişlərini müalicə etməyi öz öhdəsinə götürmüşdür. Həkim iddiaçıya 7 ədəd implant və 19 ədəd dişə zirkon (sirkon-dioksid materialından hazırlanan) qapaq qoyulmalı olduğunu və hər bir implant üçün 450 manat, 19 ədəd dişə qoyulacaq zirkon qapaq üçün isə 3 900 manat pul ödənilməli olduğunu bildirmişdir. İddiaçı tələb edilən pulu ödəməyə razılığını bildirmiş və həkimin tələbinə əsasən 200 manat nağd vəsaiti beh olaraq həkimə vermişdir. Bundan əlavə, həkim Cavabdeh2 iddiaçının azyaşlı övladı Rəsul üçün elaynerin (taxılıb-çıxarıla bilən breketlər) qoyulması barədə razılığa gəlmişlər və qeyd edilən işlərin görülməsi üçün iddiaçıdan 2000 manat pul vəsaitini nağd qaydada almışdır. İddiaçı bütün müalicələrin aparılması üçün ümumilikdə 8990 (səkkiz min doqquz yüz doxsan) manat pulu nağd qaydada və cavabdeh "xxxx" MMC-nin stomatoloji klinikasında işləyən həkim Cavabdeh2 bank kartına ödəmişdir. İddiaçını ödədiyi pulun qarşılığı olaraq sadəcə 6 ədəd implant qoyulmuş, tərəflər arasında razılaşdırılmış digər işlər görülməmişdir. Onun müalicəsi yarımçıq saxlanmışdır. O, dəfələrlə həkimə və "xxxx" MMC-nin rəhbərliyinə şikayət etmiş və nəticə olaraq həkim tərəfindən cəmi 1200 manat pul vəsaiti İddiaçı geri qaytarılmışdır. Qalan pulları qaytarmaqdan isə həm klinika həm də həkim imtina etmiş, əksinə İddiaçı qarşı iddia qaldıracaqları ilə onu hədələməyə çalışmışlar. Beləliklə iddiaçı tərəfindən cavabdehə və işçisi Cavabdeh2 aşağıdakı pul vəsaitləri ödənilmişdir. Ödənilən pullar: 1. 85 manat (Rentgen üçün) - xx.xx.2024 (LOFT Dent pos terminal) 2. 200 manat (implant üçün) -xx.xx.2024 (nağd beh qaydasında Zeynalabdin doktora) 3. 1600 manat (implant üçün) - xx.xx.2024 (Zeynalabdin doktorun kart hesabına) 4. 900 manat (implant üçün) xx.xx.2024 (Zeynalabdin doktorun kart hesabına) 5. 1500 manat (koronka üçün) xx.xx.2024 (Zeynalabdin doktora nağd ödənilib) 6. 800 manat (implant üçün) xx.xx.2024 (Zeynalabdin doktorun kart hesabına) 14:58 7. 800 manat (implant üçün) xx.xx.2024 (Zeynalabdin doktorun kart hesabına) 15:31 8. 800 manat (karonka üçün) - xx.xx.2024 (Zeynalabdin doktorun kart hesabına) 14:56 9. 350 manat (implant üçün) - xx.xx.2024 (Zeynalabdin doktorun kart hesabına) 10. 40 manat (implant üçün) - xx.xx.2024 (Zeynalabdin doktorun kart hesabına) 11. 500 manat (Elayner) - xx.xx.2024 (Zeynalabdin doktorun kart hesabına) 12. 500 manat (Elayner) - xx.xx.2024 (Zeynalabdin doktorun kart hesabına) 13. 1000 manat (Elayner) -xx.xx.2024 (Zeynalabdin doktora nağd ödənilib) cəmi 8990 manat ödənilmiş, bu pullardan 1200 manat geri qaytarılmış və 6 ədəd implant qoyulmuşdur (6*450= 2700). Cavabdehin iddiaçıya 8990-1200-2700=5090 manat borcu qalmaqdadır. Cavabdehdə əmək müqaviləsi əsasında işləyən Zeynalabdin Allahyarov iddiaçının dişinin müalicəsi üçün xeyli miqdarda pul vəsaiti almış, lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Dişlərinin uzun müddət düzəldilməməsi iddiaçıya fiziki cəhətdən çətinliklər yaratması ilə yanaşı estetik baxımdan pis görünməsi sözsüz ki, iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuş və beləliklə iddiaçıda mənəvi ziyanın tələb edilməsi hüququ yaranmışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbinə etiraz verərək bildirmişdir ki, iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş, iddia ərizəsində qeyd edilənlərə görə iddiaçının dişini müalicə etmiş və ya müalicə etməsini öhdəsinə götürmüş stomatoloq Zeynalabdin Allahyarov Cavabdeh1 MMC-nin əməkdaşı deyil. Tərəflər arasında əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi yoxdur, olmayıb. Elektron kabinetə əlavə etdiyi əmək müqaviləsi bildirişdən də görünür ki, stomatoloq Zeynalabdin Allahyarov xx.xx.2023-cü il tarixindən etibarən əsas iş yeri Cavabdeh3 MMC olmaqla əmək müqaviləsi əsasında işləyib. Zeynəlabdin Allahyarovun Cavabdeh1 MMCnin işçisi olmadığı iddiaçının şikayətini araşdıran AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 655 nömrəli aktı ilə də təsdiqlənib. İş üzrə iddiaçı əvvəlki adı "xxxx" MMC olan, yeni adla Cavabdeh1 MMC də stomatoloqun göndərişi ilə alt-üzt çənə 3D rentgen edilmişdir və buna görə də 85 manat iddiaçı tərəfindən ödəniş edilmişdir. Tərəfə bununla əlaqədar zəmanət talonu verilmişdir. Qeyd edilən 85 manat rentgen ödənişindən başqa Cavabdeh1 MMC-yə heç bir ödəniş edilməmişdir. Bu halı iddiaçı iddia ərizəsində də qeyd edir. Ödəniş etdiyi digər məbləğləri stomatoloqun özünə ödədiyini iddia ərizəsində qeyd edir. 2. İddiaçının iddia ərizəsində qeyd etdiyi hal olan hüquqi və fiziki şəxsin öz işçisinin törətdiyi mülki mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması hissəsində bildirmişdir ki, yuxarıda da qeyd etdiyi kimi stomatoloq Zeynalabdin Allahyarov xx.xx.2023-cü il tarixindən etibarən əsas iş yeri Cavabdeh3 MMC olmaqla əmək müqaviləsi əsasında işləyib. xx.xx.2024-cü il tarixinə qədər əmək müqaviləsi davam edib, qeyd edilən tarixdə də ƏM 68.2.a bəndi ilə xitam edilib. Stomotoloqun Cavabdeh1 MMC-yə məxsus klinikada pasiyenti qəbul etməsi hissəsində bildirmişdir ki, adla Cavabdeh1 MMC ilə yeri Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03 saylı müqavilənin 1.1 bəndinə əsasən Sifarişçi (Cavabdeh3 MMC), İcraçıya (Cavabdeh1 MMC) məxsus olan diş kabineti və sadəcə kabinetdə olan avadanlıqları sifariş verir. İcraçı diş kabineti və sadəcə kabinetdə olan avadanlıqları Sifarişçinin istifadəsinə verir. Sifarişçinin əmək müqaviləsi və ya yazılı xidmət müqaviləsi ilə işlətdiyi stamotoloq və köməkçiləri diş kabinetindən və kabinetdə olan avadanlıqlardan istifadə edir. Sifarişçiyə təqdim edilmiş diş kabineti və kabinetdə olan avadanlıqlar xaric klinikada quraşdırılan avadanlıqlar (rentgen aparatı, sterilize makinası və s.) bu müqavilənin predmetləri deyil. Həmin müqavilənin 2-ci bəndinə əsasən 2.1 Pasiyentlərin, sifarişçinin stamotoloqlarının göstərişi ilə pasiyentlərin və ya sifarişçinin stamotoloq və köməkçilərinin müqavilənin predmeti olmayan avadanlıqlardan istifadə edərkən qiymət tariflərinə uyğun olaraq ödənişi icraçıya edirlər. Həmin ödənişlər tamamən İcraçıya məxsusdur. 2.2 Sifarişçinin stomatoloqlarının müqavilənin predmeti olan avadanlqlardan istifadə edərək göstərdikləri tibbi xidmət, pasiyentlə razılaşdırdıqları xidmətin qiyməti Sifarişçiyə ödəniləcək. Həmin ödənişlər tamamən Sifarişçiyə məxsusdur. 2.3 Tərəflər bu müqavilənin 2.1 və 2.2 bəndlərində müəyyən edilmiş şərtlər üzrə razılaşır. Sifarişçi göstərilən tibbi xidmət haqqından İcraçıya heç bir ödəniş etmir. Həmin müqavilənin 3-cü bəndinə əsasən 3.1.4. İcraçı Sifarişçinin, onun stamotoloq və köməkçilərinin göstərdikləri tibbi xidmət üzrə xidmətin nəticələri, vurmuş olduqları zərərlə əlaqədar pasiyentlər qarşısında məsuliyyət daşımayacaq: Beləliklə Cavabdeh1 MMC olaraq iddiaçı qarşısında hər hansı bir mülki hüquq məsuliyyətinin olmasından söz gedə bilməz. Əgər iddiaşının iddiası əsaslıdırsa ona dəymiş ziyana görə iş üzrə əsl cavabdehlər, stomatoloqun işəgötürəni Cavabdeh3 MMC, stomatoloq Zeynəlabdin Allahyarov və ya hər ikisinə qarşı iddia qaldıra bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh Z. Allahyarovun Cavabdeh1 MMC (Loft Dent) işçisinin olmaması və onun əməllərinə görə heç bir məsuliyyət daşımaması və faktiki olaraq Cavabdeh1 MMC-yə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın digər cavabdehlər tərəfindən istifadə etməsinə, beləliklə iddiaçının aldanmasına şərait yaratması Cavabdeh1 MMC-nin təqsirli olmasını sübut edir. Cavabdeh1 MMC tərəfindən təqdim edilən sənədə əsasən müəyyən edilmişdir ki, cavabdeh Z. Allahyarov Cavabdeh3 MMC-nin əmək müqaviləsi ilə işçisi olmuşdur. Beləliklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələblərinə əsasən Cavabdeh3 MMC, əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçıdan pulların nağd və kart hesabına alınması, artıq məhkəmə iclasında sübut edilmiş və beləliklə cavabdehlər tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunun 3.4.12-ci maddəsinin tələblərinin pozulması sübut edilmişdir. Bundan əlavə, ekspertiza zamanı mütəxəssis tərəfindən iddiaçının dişlərinin müayinəsi zamanı implantların düzgün qoyulmaması və əlavə müalicəyə ehtiyac olduğu sübut edilmişdir. Cavabdehin məhkəmə iclasında iddia etdiyi, guya hazırladığı koronkaların ekspertizaya təqdim etməməsi iddiaçının dişlərini guya düzgün müalicə etməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsinin tamamilə yalan olduğunu sübut edir və məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsi tətbiq edilməli və iddiaçının dişlərinin düzgün müalicə edilməməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, məhkəmənin gedişatında araşdırıldı ki, həmin pul klinikaya deyil, hüquqi şəxsə deyil, məhz birbaşa X3 ödənilib. Nə Cavabdeh1 MMC, nə də Cavabdeh3 MMC o, pulu görməyib. İddiaçı həmin pulları kart vasitəsilə və ya nağd şəkildə X3 ödəmiş, harda ödədiyini onlar qeyd edə bilmir. İddiaçı həmin pulu həkimdən tələb etməlidir, o, cavabdehlik daşıyır. onların bu işə heç bir aidiyyatı yoxdur. Hüquqi şəxslərin kassasına heç bir pul ödənilməyib. Bildirmişdir ki, guya "xxxx"in instagram səhifəsindən görüb klinikaya gəlirlər, lakin səhv məlumat veriblər. "xxxx"də X4 Cavabdeh3 MMC-nin həkimi kimi də fəaliyyət göstərəndə, 5-6 yerdə müqaviləsi ola bilərdi. İddiaçının seçimi "xxxx" klinikası yox, həkim X4 olmuşdur. Ona görə də, iddia tələbinin Cavabdeh1 MMC-yə aid hissədə rədd olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3 MMC-yə və X3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində göstərilən məbləğdən də çox o, ona xidmət göstərmişdir. İlk öncə dişləri iddiaçı bəyəndikdən sonra taxmışlar. Üzərindən 1 ay müddət keçdikdən sonra iddiaçı dişləri bəyənmədiyini bildirmişdir. Aralarında dostluq münasibətləri olduğuna görə dişləri dəyişdi. Dişləri dəyişdikdən sonra aralarında olan dostluq münasibətləri pozulduğuna görə, o, onun işlədiyi klinikaya gələrək orada səs-küy salmağa və etirazını bildirməyə başlamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının müraciətinə əsasən ona biri 450 manatdan olmaqla 6 implant qoyulmalı idi və bunun hamısı qoyuldu. Həmin implantlara görə iddiaçı tərəfindən ödəniş edilib. Daha sonra 28 ədəd zirkon diş qoyulmalı idi. Onların müəyyən hissəsi implant dişlər sağalmadığına görə qoyulmadı. İddiaçı 19 ədəd zirkon diş üçün 6650 manat verməli olduğu halda 3900 manat ödəniş edib. Heç bir beh verilməyib. Uşağın dişləri üçün 2000 manat pul vermişdi. Onun 1200 manatını qaytarmışdır. 800 manatlıq elayner də iddiaçının özünə qaytarılmışdır. İddiaçı tərəfindən nağd şəkildə ona heç bir ödəniş edilməmişdir. Xanım düzəltdiyi dişləri, özü başqa yerdə sökdürmüşdür. Lakin hazırda dişlər ondadır. O, Cavabdeh3 MMC-nin işçisi olmuşdur. Loft Dent klinikası ilə heç bir əlaqəsi olmamışdır. Sadəcə olaraq Saphir 2023 MMC-nin hansı klinika ilə müqaviləsi varsa, həmin klinikaya yönəltmə edir və onlarda həmin klinikada işlərini yerinə yetirirlər. İddiaçının qoyulmuş dişlərin ağzına yerləşməməsi və vurması barədə qeyd etməsi tamamilə əsassızdır. Belə hal olsa idi, bu barədə tez vaxtda məlumat verməli idi. Halbuki, iddiaçı 1 aydan çox müddət keçdikdən sonra etirazını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bütün ödənişlər ona şəxsən edilmişdir, heç bir şirkətə ödəniş edilməmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsi və X2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən 1600 manat, xx.xx.2024-cü il tarixdə 900 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə cəmi 1600 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat olmaqla, ümumilikdə 6290 (altı min iki yüz doxsan) manat X3 məxsus bank kartına ödəniş edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Eskpertiza Mərkəzinin 655 nömrəli, 01 noyabr 2024-cü il tarixli özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də nöqsan aşkar edilməmişdir. - xxxxxxx000801 saylı, xx.xx.2024-cü il tarixli X8 Edilməsi ilə bağlı X6 surətindən görünür ki, Cavabdeh3 MMC ilə X4 arasında, Məşğulluq təsnifatı üzrə - stomatoloq; əmək müqaviləsi üzrə - stomatoloq vəzifəsinə qəbul edilməsi barədə müddətsiz əmək müqaviləsi imzalanmışdır. - xxxxxxx0008X0 saylı, xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi surətindən görünür ki, Cavabdeh3 MMC ilə X4 arasında xx.xx.2023-cü il tarixdə, xxxxxxx000801 nömrəli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli əmrə əsasən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. - Yasamal RPİ-nin 28-ci PŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə iddiası ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. - "xxxx" klinikasının xx.xx.2024-cü il tarixli zəmanət talonuna əsasən İddiaçı tərəfindən alt-üst çənə (3D rentgen) üçün 85 (səksən beş) manat ödəniş edilmişdir. - Cavabdeh1 MMC ilə Cavabdeh3 MMC arasında bağlanmış 003 saylı, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən sifarişçi icraçıya məxsus olan diş kabineti və sadəcə kabinetdə olan avadanlıqları sifariş verir, icraçı diş kabineti və sadəcə kabinetdə olan avadanlıqları sifarişçinin istifadəsinə verir. Müqavilənin 3.2.3-cü bəndinə əsasən, sifarişçi Cavabdeh3 MMC işçilərinin (stomatoloq, köməkçiləri) vurmuş zərərin əvəzini ödəməlidir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-771/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X13 xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi və mütəxəssis müayinələrindən keçmiş, lakin şəxsin adına tərtib edilmiş ambulator karta təqdim edilmədiyindən qərardad icrasız olaraq geri qaytarılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X13 X5 xx.xx.2025-ci il tarixli göndərişinə əsasən hal-hazırda xəstədə dental implantologiyada planlama düzgün yerinə yetirilməyib. Yenidən implantasiya, terapiya və ortopedik korreksiya tövsiyyə olunur. Məhkəmə hər iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Başqa sözlə, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh stomotoloq Zeynalabdin Allahyarova dişlərinin implantasiyası və müalicəsi, eyni zamanda uşağının dişləri üçün elaynerin düzəldilməsi üçün müraciət etmişdir. Ona və övladına tibbi xidmət "xxxx" (Taxes qroup”) klinikasında göstərilmişdir. İşin mübahisəsiz halıdır ki, bir ədədi 450 manat olmaqla 6 ədəd implant qoyulmuş, 1200 manat isə cavabdeh Zeynalabdin Allahyarov tərəfindən iddiaçıya qaytarılmışdır. İddiaçı iddia ərizəsində 6ədəd implantın dəyərini və 1200 manatı çıxmaqla cavabdehin 5090 manat məbləğində borcun qaldığını bildirmişdir. İddiaçı görülmüş işin yarımçıq və qüsurlu aparıldığını və verdiyi pulların qalığının geri qaytarılmasını tələb edir. İş materialları ilə iddiaçı tərəfindən cavabdeh Zeynalabdin Allahyarova məxsus hesaba 6290 manat pulun ödənildiyi müəyyən edilir. Hal-hazırda iddiaçı cavabdehdən 5090 (beş min doxsan) manat məbləğində maddi ziyanın, 5000 (beş min) manat məbləğində mənəvi ziyanın, 520 manat vəkilin göstərdiyi yardıma görə xərclərin əvəzinin, cəmi 10610 (on min altı yüz on) manat cavabdehdən tutularaq ona ödənilməsini tələb edir, cavabdehlər X4 və Cavabdeh1 MMC iddia tələbinə etiraz edirlər. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə, iddia mübahisələndirilən, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq qismən iddiaçının dişlərinin müalicəsi üçün ödənilmiş 5090 (beş min doxsan) manatın təmin edilməsi hissəsində yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdeh X2 etiraz və müdafiə hüququa görə aradan qalxmadığından iddia həmin hissədə qismən haqlı sayılır. Belə ki, iddiaçı Cavabdeh2 8990 manat pul ödədiyini bildirsə də, nağd qaydada ödəniş etməsinə dair sübut təqdim edilmədiyindən, cavabdeh də etirazında ödənişlərin ona nağd qaydada deyil, kart vasitəsilə edildiyini bildirdiyindən məhkəmə iş materiallarında olan qəbzləri sübut olaraq qəbul edərək iddiaçı tərəfindən cəmi 6290 manat ödəniş edildiyini işin faktiki halı kimi müəyyən edir. Həmin məbləğdən geri qaytarılmış 1200 manat və 6 implantın dəyəri çıxılmaqla vurulmuş maddi ziyanın məbləği olaraq 6290-1200-2700=2390 manat pulun tutulmalı olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şəxsin adına tərtib edilmiş ambulator karta cavabdehdən ekspertin vəsatətinə əsasən təqdim edilməsi üçün tələb edilsə də, təqdim edilməmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X13 xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi və mütəxəssis müayinələrindən keçmiş, lakin şəxsin adına tərtib edilmiş ambulator karta təqdim edilmədiyindən qərardad icrasız olaraq geri qaytarılmışdır. Eyni zamanda bununla bağlı məhkəmə bildirir ki, hazırki iş üzrə təyin edilmiş ekspertiza tədqiqatı Cavabdeh2 ambulator karta təqdim etməməsi səbəbindən keçirilməmişdir. Belə ki, tərəflərə müvafiq bildiriş göndərilməsinə, eləcə də məhkəmə iclas katibi vasitəsilə bilavasitə tərəflərə məxsus mobil telefonlarla əlaqə saxlanılmaqla məlumat verilsə də, 2025-ci ilin mart ayında təyin edilmiş ekpretiza qərardadının icrası Ekpertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli imtina məktubu ilə geri qaytarılmışdır. Halbuki hazırki iddia tələbi üzrə ekspert tədqiqi labüd olmuşdur. Belə olan halda, yəni şəxs ekspertizaya müvafiq sənədi təqdim etməyib, ekspertə şərait yaratmadıqda məhkəmə Mülki Prosessual Məcəllənin qeyd edilən 97.5-ci maddəsini rəhbər tutaraq həmin şəxsin prosessual mövqeyini, ekspert rəyi ilə müəyyən edilə biləcək halın onun üçün əhəmiyyətini və bunun onun mövqeyinə təsirini, ekspertizaya getməməsinin səbəblərini və başqa əhəmiyyətli məqamları nəzərə almaqla ekspert rəyi ilə müəyyən edilməli olan faktın talehini həll etməlidir. Mülki prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, X4 hazırki mülki iş üzrə cavabdeh qismində çıxış edir, məhkəmə tikinti-texniki ekspertizası təyin olumuşdur. Cavabdeh məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinə şərait yaratmamışdır. Bu səbəbdən məhkəmə onun bu hərəkətlərini hazırki mülki işin suni yolla uzadılması və ədalətli araşdırılmasına maneə kimi qiymətləndirir və eyni zamanda faktın təsdiqinə bərabər tutur. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən 5000 (beş min) manat məbləğində mənəvi ziyanın əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı dişlərini müalicə etdirmək üçün, eləcə də övladına elayner hazırlatmaq üçün cavabdeh X3 müraciət etmiş və ödənişlər etmişdir. Məhz cavabdehin apardığı müalicədən sonra səhhətində narahatçılıq yaranmış və buna görə də, iddiaçı iddia ilə, yəni vurulmuş ziyan və s. tələblə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etməyə məcbur qalmışdır. Belə olan halda sözügedən hadisələrin fonunda iddiaçı tərəfindən mənəvi iztirab (stress və əsəb) keçirilməsi danılmazdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X9rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə mənəvi zərərin məbləğini hazırki halda 500 (beş yüz) manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddia tələbinin Cavabdeh1 MMC-yə yönəlməsi və maddi və mənəvi ziyanın əvəzinin Cavabdeh1 MMC -dən tutulmasını əsaslı hesab etmir və rədd edilməsi qənaətinə gəlir. Belə ki, işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya diş müayinə və müalicəsi apardığı müddətdə Cavabdeh3 MMC ilə baölanmış əmək müqaviləsi əsasında Cavabdeh3 MMC-nin işçisi olmuşdur. Cavabdeh1 MMC ilə Cavabdeh3 MMC arasında bağlanmış 003 saylı, xx.xx.2023-cü il tarixli müqavilə əsasında Cavabdeh1 MMC sadəcə olaraq ona məxsus kabinet və kabinetdəki avadanlıqları Cavabdeh3 MMC-nə icarəyə vermişdir. Eləcə də müəyyən olunur ki, bütün ödənişlər cavabdeh X3 edilmiş, Cavabdeh1 MMC-yə ödəniş edilməmiş, 85 manat ödəniş edilmiş, bunun əvəzində də alt-üst çənə 3D rentgeni xidməti göstərilmişdir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, Cavabdeh1 MMC-nə dair hissədə işin faktiki halı müvafiq normanın dispozisiya şərtləri ilə uzlaşmır. Digər Cavabdeh3 MMC-nə dair hissədə iddianı əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Belə ki, MM-nin 1099.1-ci maddəsinə əsasən işəgötürən əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməli olduğundan, iddia həmin cavabdehə dair hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X1 və Cavabdeh3 MMC-dən müştərək qaydada vurulmuş maddi ziyana görə 2390 (iki min üç yüz doxsan) manat və vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat olmaqla, cəmi 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbinin göstərilmiş hüquqi xidmətə görə pulun tutulması hissəsinə dair qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan EM-816VK-6288/24 saylı, xx.xx.2024-cü il tarixli hüquqi yardımın göstərilməsi barədə müqaviləyə əsasən İddiaçı ilə Vəkil1 arasında müqavilə bağlanmış və hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 520 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli vəkil orderinə əsasən “HGNS Kaunsilor” vəkil bürosu tərəfindən EM-816VK-6288/24 saylı müqaviləyə əsasən Vəkil1 hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir. Belə ki, sözü gedən müqavilə, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanılmış xidmət müqaviləsidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 520 (beş yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdehlər X1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh3 MMC-dən müştərək qaydada vurulmuş maddi ziyana görə 2390 (iki min üç yüz doxsan) manat və vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat olmaqla, cəmi 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Hüquqi xidmətə görə ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdehlər X1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-771/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-771/2025
13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver