Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-782/2025 15.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Gülnar Babazadə Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürülməyən 3-cü şəxs "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə girişə maneələrin aradan qaldırılması və maşının saxlanılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürülməyən 3-cü şəxs "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə girişə maneələrin aradan qaldırılması və maşının saxlanılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Yasamal rayonu, Cavid pr, ev 32, m 38-də yaşayan Cavabdeh onun mülkiyyətində olan , 2014-cü ildən "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdiyi binanın qarajında yerləşən 5 saylı (avtomobil saxlanc yerinə) qaraja yaratdığı maneələrin aradan qaldırılması və xüsusi mülkiyyətində olan 5 saylı qarajın girişində avtomobilinin saxlanılmasının qadağası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildən "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdiyi binada 22 nömrəli mənzilə və 5 saylı avtomobil saxlanc yerinə (qaraja) sahib olmaqla həmin mənzildə yaşayır. Binanın zirzəmizisində yerləşən 5 nömrəli qaraj ona məxsusdur. Həmin 27 kv. metrlik qeyri yaşayış sahəsinə xx.xx.2022-ci il tarixində ƏMDXDƏDK və RPHŞ 22171819 saylı xüsusi mülkiyyətə dair çıxarış da almışdır. Lakin həmin qarajın ona məxsus olmasından keçən 10 il ərzində indiyə qədər o mülkiyyətində olan qarajından sərbəst və rahat istifadə edə bilməmişdir. Buna səbəb isə qarajının giriş hissəsində binanın sakini, yəni Yasamal rayonu, Cavid pr, ev 32, m 38-də yaşayan Cavabdeh özünə məxsus 99TV025 dövlət qeydiyyat nömrə nişanlı Honda markalı avtomobilini qeyri- qanuni olaraq saxlamasıdır. Beləki, adıçəkilən şəxs özünə məxsus 99TV025 dövlət qeydiyyat nömrə nişanlı Honda markalı avtomobili ona məxsus qarajın tam giriş hissəsində saxlamaqla onun giriş çıxışına mane olur. Hətta o avtomobili saxlasa da, çıxış hissəsində qanunusuz avtomobilini saxlayaraq götürmür və o məcbur olub taksi ilə işə, uşaqlarını dərsə aparmalı olur. Bununla bağlı dəfələrlə özünə və binanın komendantına bu illər ərzində müraciət etməyinə baxmayaraq bu məsələ öz həllini tapmamışdır. Cavabdeh qanunsuz hərəkətlərini demək olar ki, hər gün təkrarlayır. Mülkiyyətində olan qarajın guya ona məxsus olmasını deyərək o bəhanə ilə qanunsuz olaraq onun mülkiyyət hüquqlarını pozur. Onun qarajından istifadə edə bilməməyi isə onu maraqlandırmır. Binanın komendantı isə bildirir ki, Cavabdeh bu barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq şəxs onları eşitmir. Bütün bunları nəzərə alaraq, ünvan 1 ünvanında, zirzəmidə yerləşən və ona məxsus olan 5 nömrəli qarajın girişində yaradılan qeyri-qanuni maneənin aradan qaldırılması üçün son çıxış yolunu məhkəmə vasitəsilə hüquqlarını bərpa edilməsində gördüyü üçün məhkəməyə müraciət edir. Azyaşlı uşaqlarıyla qaraja düşüb məktəbə, baxçaya, işə getmək istərkən maşınının qarşısını kəsdiyi və xəbər göndərsək də çıxarmağı üçün taksi xidmətindən istifadə etmək məcburiyyətində qalır. Ya da qarajına işdən sonra Cavabdeh qarajın girişində avtomobilini saxlayaraq evinə getdiyi üçün girə bilmir. Həmin yerin ona heç bir aidiyyatı yoxdur. Heç kimə də məhəl qoymur. Özü də pedaqoji sahədə çalışır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həmin yeri o, 23 il bundan öncə almışdır. Sadəcə olaraq həmin MTK-nın sədri həbs olunduğuna görə rəsmiləşdirmə aparıla bilməmişdir. O, ümumiyyətlə evin və qarajın pulunu ödədikdən sonra heç vaxt sənəd tələb etməmişdir. Çünki MTK-nın sədri ilə münasibəti var idi. O qaraj yerinə iddiaçı deyil, ya o, ya da yan qaraj sahibi ala bilərdi. Qaraj yeri alanda iddiaçı həmin yerlə maraqlanmalı idi. Sənədləşməni özləri qanunsuz əldə ediblər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, o, 2017-ci ildən "xxxx" MMMC-nin direktorudur və onu qeyd edə bilər ki, həmin vaxtdan qarajda cavabdeh tərəfindən maşının saxlanıldığını görmüşdür. Daha sonra isə iddiaçının həyat yoldaşını tanımış və o, ona çıxarışı göstərib qarajın ona məxsus olmasını bildirmişdir. Layihəyə əsasən cavabdehin avtomobilini saxladığı yer qaraj yeri sayılmır. Ora qaraja maşının keçməsi üçün ümumi sahədir. Cavabdeh həmin yerə hüquqi sənədi yoxdur. Mübahisəni məhkəmə tərəfindən həll edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli çıxarışına əsasən ünvan 1, zirzəmi mərtəbəsi, qaraj 5 tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********06-05301-083007 reyestr nömrəli qeyri-yaşayış sahəsi üzrə texniki pasportunda İddiaçı mülkiyyəti ünvan 1, zirzəmi mərtəbəsi, qaraj 5 kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Yol hərəkəti haqqında AR Qanununun 52-ci maaddəsinin 6-cı bəndinə əsasən Vİ. Nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə, yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində, 5.1 nişanı ilə işarələnmiş yerlərdə, dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda, girişin, habelə darvaza qarşısında, 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Həmin maddənin 7-ci bəndinə əsasən dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. xx.xx.2025-ci il tarixdə hakimin, məhkəmə iclasının katibinin, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə ünvan 1 ünvanın zirzəmi mərtəbəsində yeraltı dayanacağa baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən olundu ki, yeraltı dayanacaqda qarajların nömrələnməsi qeyd edilməmişdir. Layihə üzrə nömrələnmə saat əqrəbi istiqamətində aparılmışdır. İddiaçıya məxsus 5 saylı qarajın sol tərəfində Layihə üzrə boş sahə (keçid yolu), onun solunda isə 4 saylı qaraj, 5 saylı qarajın sağ tərəfində isə Layihə üzrə 6 saylı qaraj yerləşir. Cavabdeh ona məxsus nəqliyyat vasitəsini iddiaçının 5 saylı qarajının sol yan tərəfində Layihə üzrə keçid yolu- 5 saylı qarajın girişində saxlayır. Beləliklə, məhkəmə icraatı zamanı iş materialları və yerli baxış zamanı da müəyyən edilmişdir ki, İddiaçı ünvan 3 evin zirzəmi mərtəbəsində yerləşən 5 saylı qarajın mülkiyyətçisidir. Cavabdeh onunla bir binada Bakı şəhəri, Yasamal rayonu, Cavid prospekti, ev 32, mənzil 38-də yaşayır. İş materiallarına əlavə edilmiş şəkillərdən görünür ki, Cavabdeh istifadəsində olan nəqliyyat vasitəsini iddiaçının qarajının giriş hissəsində saxlamaqla iddiaçının qarajına avtomobilin giriş-çıxışını mümkünsüz edir. Cavabdehin saxladığı sahə Layihədə qaraj kimi nəzərdə tutulmamış və cavabdehin həmin sahəyə hər hansı hüquqmüəyənedici sənədi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı öz mülkiyyətindən cavabdehin hərəkətləri nəticəsində maneəsiz istifadə edə bilmədiyi iş materialları ilə sübuta yetirildiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən 5 saylı qarajından istifadəyə yaradılmış maneələr aradan qaldırılmalı və ünvan 3 ünvanda yerləşən 5 saylı qarajının girişində avtomobilin saxlanılması Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən 5 saylı qarajından istifadəyə yaradılmış maneələr aradan qaldırılsın və ünvan 3 ünvanda yerləşən 5 saylı qarajının girişində avtomobilin saxlanılması Cavabdeh qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-782/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-782/2025
15.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver