Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-844/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı2, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına Cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 10.208 (on min iki yüz səkkiz) manat, mənəvi ziyana görə 2200 manat, əldən çıxmış faydaya görə 12.800 (on iki min səkkiz yüz) manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat dövlət rüsumu, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş cəmi 166 (yüz altmış altı) manat vəsaitin Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə xərcləri ilə bağlı hissəni dəqiqləşdirmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı1 məxsusdur. Cavabdeh, İddiaçı1 və İddiaçı2 ilə eyni binada yaşayırlar. Cavabdehin mənzili üst mərtəbədə yerləşir. Cavabdeh tərəfindən iddiaçıların mənzilinə xx.xx.2023-cü il tarixdə su sızması baş vermişdir. Bu zaman İddiaçı2 rayonda ezamiyyətdə olmuş binanın komandantı tərəfindən hadisə ona bildirilmişdir. Zərərçəkmiş məcburi halda ezamiyyətini yarımçıq dayandıraraq hadisənin səhəri gün evə qayıtmışdır. Bu müddət ərzində otaqlar və əşyalar yığılmış su içərisində qalmışdır. Məsələ ilə bağlı cavabdeh tərəfə məlumat verilən zaman o, Bakı ərazisində bağda istirahətdə olduğunu, 2 gün sonra qayıtdıqda maraqlana biləcəyini bildirmişdir. Su sızması zamanı mənzilin tavanı, divar kağızları, döşəmələri, yataq otaqlarının qapıları, hamam və digər otaqların mebelleri, dəhliz zədələnmiş və yararsız vəziyyətə düşmüşdür. Hadisə nəticəsində iddiaçıların yeni təmirdən çıxmış mənzilinə maddi ziyan dəymiş və təmirə ehtiyac yaranmışdır. Dəymiş ziyanın məbləği 10.208 manat hesablanmışdır. Bu barədə cavabdehə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, onun tərəfindən vurulmuş ziyanın aradan qaldırılmamış, hər dəfə cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilmişdir. Məlum hadisə ilə bağlı bütün məsələlərlə İddiaçı2 məşğul olmuş, cavabdeh tərəfin məsələyə bu cür etinasız yanaşması, bütün məsuliyyətlərdən boyun qaçırması onu çox əsəbləşdirdiyi üçün ağır stress keçirtmiş, buna nəticəsində də onun səhhəttində ciddi problemlər yaranmış və o, dərhal əməliyyat edilmişdir. Zərər çəkimiş evin təmizliyi üçün cavadehdən köməklik istənilməsinə baxmayaraq sadəcə 2 ədəd xalça və bir necə yataq örtüsü yuyulmasına maddi köməklik etmiş digər təmizlik işlərindən imtina etmişdir. Zərər çəkmiş əməliyyatdan yeni çıxmasına baxmayaraq evin təmizlik işləri ilə özü məşğul olmaq məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı mənzili kirayə vermək niyyətində olmuş, hadisə baş verən zaman həmin ünvanda yerləşən mənzillərin orta kirayə məbləği ***-**** manat olmuşdur. Lakin, baş vermiş bu hadisə ilə əlaqədar iddiaçı əmlakı kirayə vermək və bundan gəlir əldə etmək imkanından məhrum olmuşdur. Belə ki, hadisə baş verdiyi tarixindən xx.xx.2024-cü ildən - 01 dekabr 2024-cü il tarixinədək iddiaçı 12.800 (on iki min səkkiz yüz) manat məbləğində gəlir əldə etmək hüququndan məhrum olmuşdur. İddiaçı2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Akta əsasən müəyyən edilir ki, Cavabdeh məxsus olan ünvan 3 ünvanında su şlanqı partlamış və mənzilə ziyan dəymişdir. Akt binanın komendantı, komendant köməkçiləri, saxtexnik və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan Bakstone Contruction MMC-nin rəyinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanının təmir-bərpa xərci 10208 manat təşkil edir (iddiaçı tərəfindən təqdim edilmişdir). İş materiallarında olan X1 Mərkəzi MMC-nin 15 aprel 2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanının təmir-bərpa xərci 12498,97 manat təşkil edir (məhkəmə tərəfindən keçirilmiş ilkin ekspertiza rəyidir). Tədqiqatın dəyəri kimi 450 manat İddiaçı2 tərəfindən ödənilmişdir. İş materiallarında olan Central Consulting MMC-nin 06 avqust 2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanının təmir-bərpa xərci 6122 manat təşkil edir (məhkəmə tərəfindən keçirilmiş təkrar ekspertiza rəyidir). Tədqiqatın dəyəri kimi 450 manat Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş müvafiq tibbi sənədlər və mənzilin fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında olan ödəniş tapşırığına əsasən müəyyən edilir ki, hüquqi yardımın göstərilməsi üçün 520 manat xidmət haqqı İddiaçı2 tərəfindən vəkil Nümayəndə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir. Digər İddiaçı2 bildirir ki, İddiaçı1 onun anasıdır, mənzilin faktiki sahibi özüdür və baş vermiş su sızma hadisəsi nəticəsində ona məxsus olan əşyalara (mebel və s.) maddi zərər dəymişdir. İddiaçı2 həmin mənzildə yaşayır və faktiki sahiblik edir. Odur ki, hər iki iddiaçının tələb üzrə subyektiv hüququ vardır. Cavabdeh, İddiaçı1 və İddiaçı2 ilə eyni binada yaşayırlar. Cavabdehin mənzili üst mərtəbədə yerləşir. Cavabdeh mənzilindən iddiaçıların mənzilinə xx.xx.2023-cü il tarixdə su sızması baş vermişdir. Baş vermiş su sızma hadisəsinin cavabdehə məxsus olan mənzilin sanuzel hissəsində şlaqın (rezin boru) partlaması nəticəsində baş vermişdir. Həmin vaxt cavabdehə məxsus olan mənzil təmirdə olmuş, cavabdeh həmin evdə olmamış, ailəsi ilə birlikdə özünə məxsus olan Bakı şəhərində yerləşən bağ evində olmuşdur. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz halıdır. Deməli, iddiaçılara məxsus olan mənzilə cavabdehə məxsus olan mənzildə su borusunun partlaması nəticəsində su axmasının baş verməsi mülki işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə cavabdehin hərəkətlərində yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü yerinə yetirilir. Mübahisə vurulmuş zərərin məbləği və cavabdehin təqsiri ilə bağlı hissədədir. Cavabdeh arqument olaraq bildirir ki, su borusunun partlaması onun təqsiri ucbatından deyil, binanı idarə edən MTK tərəfindən borulara su təzyiqinin yüksək vurulması nəticəsində su borusu partlamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə hazırlıq mərhələsində cavabdehə izah edilmişdir ki, sözügedən xüsusatla əlaqədar sübutlar təqdim etsin və ya MTK-nın komendantı və digər səlahiyyətli şəxsinin şahid qismində dindirilməsi barədə vəsatət versin ki, həmin xüsusatlar məhkəmədə ətraflı araşdırılsın. Lakin, cavabdeh tərəfindən həmin istiqamətdə hər hansı sübutetmə təşkil edilməmiş, bu barədə əsaslı mülahizə, vəsatət təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, əgər, hadisə binanın idarəetmə təşkilatı tərəfindən suyun təzyiqinin yüksək şəkildə vurulması çıxış edirsə, həmin binada yerləşən digər mənzillərdə də analoji hallar baş verməli idi. Lakin, bu barədə də cavabdeh tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, hər hansı mülahizə bildirilməmişdir. Əgər cavabdehin qeyd etdiyi arqument sübuta yetirilə bilərsə, cavabdeh vurulmuş zərərin ödənilməsi ilə bağlı binanı idarə edən quruma (MTK və ya MMMC) qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Cavabdeh tərəfin digər arqumenti isə mənzilin icbari sığorta ilə sığortalanmamış olması çıxış edir. Həmin arqumentə münasibətdə məhkəmə qeyd edir ki, məhz mənzilin sığortasız olması vurulmuş zərərin cavabdeh tərəfindən ödənilməsini zəruri edir. Əgər mənzil sığortalı olsa idi, bu halda zərər sığorta şirkəti tərəfindən qarşılana bilərdi. Mənzilin sığortasız olması delitk məsuliyyətinin istisna edilməsi əsas deyildir. Daşınmaz əmlakın sığortalanmaması isə mülkiyyətçiyə münasibətdə hər hansı sanksiyanın (inzibati məsuliyyət və s.) tətbiq edilməsinə əsas olmur, bu barədə qanunvericilikdə hər hansı imperativ norma müəyyən edilməmişdir. Nəzərə alınır ki, cavabdehin özünün mənzili də sığortasızdır. Cavabdeh tərəfin növbəti arqument odur ki, baş vermiş hadisə nəticəsində cavabdehə məxsus mənzilə də zərər vurulmuşdur. Məhkəmə həmin arqumentə münasibətdə sözügedən zərərin baş verməsində təqsirli olan subyektlər müəyyən edilməli, əgər zərərvurma 3-cü şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermişsə, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməlidir. Hazırki situasiyada görünən odur ki, zərər məhz cavabdehin təqsiri (su borusunu keyfiyyətsiz olması, təzyiqə davamsız olması və s.) ucbatından baş vermişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırki situasiya üzrə mənzil yüksək təhlükə mənbəyi kimi, cavabdeh isə yüksək təhlükə mənbəyinin sahibi kimi qiymətləndirilə bilər (MM 1108-ci maddə). Zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mülki iş üzrə 3 (üç) qiymətləndirmə rəyi mövcuddur. Bakstone Contruction MMC-nin rəyinə əsasən, ünvan 1 ünvanının təmir-bərpa xərci 10208 manat təşkil edir (iddiaçı tərəfindən təqdim edilmişdir). X1 Mərkəzi MMC-nin 15 aprel 2025-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanının təmir-bərpa xərci 12498,97 manat təşkil edir (məhkəmə tərəfindən keçirilmiş ilkin ekspertiza rəyidir). Central Consulting MMC-nin 06 avqust 2025-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanının təmir-bərpa xərci 6122 manat təşkil edir (məhkəmə tərəfindən keçirilmiş təkrar ekspertiza rəyidir). İddiaçı tərəfindən təqdim edilmiş zərər aktı ilə X1 Mərkəzi MMC tərəfindən tərtib edilmiş ilkin rəy arasında uyğunluq mövcuddur. Təkrar qiymətləndirmə rəyi isə digər 2 rəy üzrə müəyyən edilmiş zərərdən əhəmiyyətli dərəcədə aşağıdır. Odur ki, məhkəmə işi üzrə araşdırmanın gedişatı zamanı iddiaçının arqumentlərini, izahatlarını nəzərə alaraq, maksimum ədalətli daxili inam formalaşdırmağa çalışmaqla zərər üzrə orta məbləği (10208 manat) əsas götürməyi ədalətli hesab edir. Təkrar ekspertiza rəyini əsaslı və mötəbər hesab edilmir. Məhkəmə tələbə iddianın həcmində baxır, tələbdən kənara çıxmaq istisna olunur. Cavabdeh hadisədən bilavasitə sonra mənzilə baxış keçirildiyini və usta tərəfindən zərərin məbləğinin 2000-2500 manat təşkil etdiyini yazılı etirazda və məhkəmə iclaslarında qeyd etsə də, bu barədə əsaslı sübutlar məhkəməyə təqdim etməmiş, həmin ustanın şahid qismində dindirilməsi ilə bağlı vəsatət təqdim etməmiş, üzərinə düşən sübutetmə yükünü həyata keçirtməmişdir. Hadisənin üzərindən 2 ildən artıq müddətin keçməsi və təmir xərci ilə bağlı bazar qiymətlərində artımın olması nəzərə alınır. İddia ərizəsində qeyd edilən xüsusatların ağlabatan, əsaslı olması əsas verir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının normal həyat ahəngi pozulmuş, mənzilinin əşyaları zərər çəkmişdir. O, öz mənzilində narahatlıqlar keçirmişdir. Mübahisənin faktiki halları və zərərvurmaya səbəb olan hərəkətlərin mahiyyəti, insana təsiri, psixoloji-mənəvi zərərləri nəzərə alınır. Odur ki, iddia tələbi 500 (beş yüz) manat mənəvi zərərin vurulması hissəsində əsaslıdır. Məqsəd cavabdehin öz öhdəliklərini dərk etməsi və müvafiq hüquqa zidd hərəkətlərə gələcəkdə yol verməməsidir. Lakin, tələb üzrə 2500 manat mənəvi zərərin müəyyən edilməsi ağlabatan, proporsional və ədalətli hesab edilə bilməz. Məhkəmə qərar qəbul edərkən delikt hərəkətlərinin mahiyyətini, ehtiyatsızlıqdan baş verməsini, xarakterini və gündəlik həyatda rastgəlinən hallara aid olmasını nəzərə alır. Həmçinin, iddia tələbi üzrə analoji halların təkrarlanmaması üçün cavabdeh tərəf mülki hüquq və vəzifələrindən hüquqi baxımdan vicdanla istifadə etməli, digər şəxslərə vurula biləcək zərərin qarşısının alınması istiqamətində əməli səylər göstərməli, zərərvurmaya əsas olan hallar aradan qaldırılmalıdır. Əks halda, pozuntular daimi xarakter almaqla məhkəmə qərarı ilə qarşıya qoyulan məqsədlərə maneə törədə bilər. Tələb üzrə əldən çıxmış fayda ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, mənzilin kirayə verilməməsi nəticəsində əldən çıxmış fayda ilə bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin ərazidə mənzilin kirayə qiymətinin ***-**** manat arası olması qəbuledilən ola bilər. Lakin, iddiaçılar sübut etməmişlər ki, onlar mənzili baş vermiş hadisə nəticəsində kirayəyə verə bilməmiş və gəlirdən məhrum olmuşlar. Yəni, ilk öncə sübuta yetirilməli olan hal mənzilə dair real kirayə təkliflərinin olması və ya mənzilin adətən kirayəyə verilən mənzil, gəlir mənbəyi olması, lakin, baş vermiş hadisə üzrə bu imkanın aradan qalxmasıdır. Bu isə sübuta yetirilmir. Odur ki, “prosessual qənaət” prinsipinin tələblərini əsas götürməklə məhkəmə tərəfindən həmin mənzilin bazar kirayə qiymətlərinin müəyyən edilməsi istiqamətində qiymətləndirmə həyata keçirilməsinə zərurət görülməmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Tələbin qismən təmin edilməsi əsas götürülməklə iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödəniliş 520 manat vəsaitin 300 (üç yüz) manat hissəsi və dövlət rüsumu qismində ödənilmiş 166 manatın 100 (bir yüz) manat hissəsinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, mən 2469, giriş 20, 2377/2469 nömrəli mənzilə vurulmuş maddi ziyana görə 10208 (on min iki yüz səkkiz) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat, hüquqi yardımın göstərilməsi üçün ödəniliş 520 manat vəsaitin 300 (üç yüz) manat hissəsi və dövlət rüsumu qismində ödənilmiş 166 manatın 100 (bir yüz) manat hissəsində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı və cavabdeh tərəfindən məhkəmə-qiymətləndirmə ekspertizalarının aparılması üçün “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş məbləğlər müvafiq olaraq özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh ünvan 4 ünvanına vurulmuş maddi ziyana görə 10208 (on min iki yüz səkkiz) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat, hüquqi yardımın göstərilməsi üçün ödəniliş 520 manat vəsaitin 300 (üç yüz) manat hissəsi və dövlət rüsumu qismində ödənilmiş 166 manatın 100 (bir yüz) manat hissəsində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddiaçılar və cavabdeh tərəfindən məhkəmə-qiymətləndirmə ekspertizalarının aparılması üçün “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş məbləğlər müvafiq olaraq özlərinə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-844/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-844/2025
12.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver