Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-90/2025 20.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürmüyən üçüncü şəxs X1, Müstəqil tələb irəli sürmüyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmənin nəticələri haqqında xx.xx.2021-ci il tarixli QXM-2925 nömrəli hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmənin nəticələri haqqında xx.xx.2021-ci il tarixli QXM-2925 nömrəli hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-436/2017 saylı icra vəqəsinə əsasən İddiaçı 85.000 ABŞ dolları, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2(004)-4960/17 saylı icra vəqəsinə əsasən isə 111.500 ABŞ dolları və 1097 manat tutularaq X2 ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə Yasamal rayon icra şöbəsində müvafiq qaydada icraata başlanılmış, icra məmurunun xx.xx.2018-ci il tarixli qərarına əsasən icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bundan sonra İddiaçı adına ünvan 1 ünvanında yerləşən “Tamam” fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzili aşkar edilmiş və icra məmurunun təqdimatına əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuşdur. Mübahisəli mənzil "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesaba əsasən 286500 manata qiymətləndirilmiş və tələbkar F.İbrahimova təklif olunmuşdur. Tələbkar həmin mənzili qeyd olunan qiymətə borc əvəzinə qəbul etmiş və bu barədə icra məmuru tərəfindən xx.xx.2019-ci il tarixli qərar qəbul edilərək mənzil tələbkara verilmişdir. Sonradan borclu İddiaçı şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən “Tamam” fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin qiymətləndirilməsi dair Yasamal rayon icra şöbəsinin icra məmuru R.Əsgərovun hərəkətləri qanunsuz hesab edilmiş, borcluya məxsus əmlakın tələbkara verilməsinə dair icra məmurunun xx.xx.2019ci il tarixli qərarı ləğv edilmişdir. Bundan sonra tələbkarın ərizəsinə əsasən icra məmurunun təqdimatı üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardaı ilə Ağasi Hüseynova məxsus “Tamam” fərdi firmasında olan kooperativ üzvünün payı (mahiyyət etibarı ilə ünvan 1 ünvanında yerləşən “Tamam” fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil, 192 kv.m, tam təmirli) üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş payın (mənzilin) qiymətləndirilməsi üçün icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə bu dəfə Cavabdeh MMC-dən mütəxəssis dəvət edilmişdir. Mütəxəssisin xx.xx.2021-ci il tarixli rəyinə əsasən üzərinə həbs qoyulmuş pay (mənzil) bu dəfə 280.000 manat dəyərində qiymətləndirilmişdir. Pay qiymətləndirildikdən sonra xx.xx.2021-ci il tarixdə tələbkara təklif olunmuş, sonuncu təklifi qəbul etmiş və icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş pay (mənzil) tələbkara verilmişdir. İş materiallarından görünür ki, icra şöbəsi, tələbkar və qiymətləndirici əlbir olaraq borclunun əmlakını qanun yol adı altında dəyərindən qat-qat aşağı tələbkara verilməsinə nail olmuşdurlar. Mübahisəli yaşayış sahəsi mənzil kimi 2018ci ilə 286500 manat, 2021-ci ildə isə 280000 manat qiymətləndirilmişdir. Mübahisəli mənzilin qiymətləndirilməsinə dair rəyə nəzər saldıqda aydın şəkildə görünür ki, MMC-lərin fərqləndirici cəhətləri birinin adında olan "xxxx" rəqəmi və direktorlarıdır, əslində hər iki MMC bir şəxsə məxsusdur. MMC-lərin firma blanklarının tərtibatına, blandakı elektron poçta və əlaqə vasitəsinə nəzər saldıqda onların eyni olduğu aşkar görünür. Beləliklə, eyni MMC-nin eyni əmlakı 2018-ci ildə 286500 manata, 2021-ci ildə isə 280000 manata qiymətləndirməsi qiymətləndiricinin tələbkar və icra şöbəsi ilə qeyri-prosessual əlaqəyə girdiyini təəssüratını yaradır. Bakı şəhərində, xüsusilə mərkəzi ərazidə daşınmaz əmlakın qiyməti yüksələn xətt üzrə dəyişir. Belə olduğu halda qiymətləndiricinin eyni əmlaka 2021ci ildə 2018-ci ildəki dəyərindən 6500 manat az qiymət müəyyən etməsi absurd və qəbuledilməzdir. Həmçinin, “İcra haqqında” Qanunun51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Lakin, iş materiallarında olan sənədlərdən görünür ki, icra məmuru qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı CavabdehMMC-yə göndərmiş, sonuncu tərəfindən tərtib edilmiş hesabat İlham Orucov adlı qiymətləndirici mütəxəssis tərəfindən imzalanmışdır. Halbuki, qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndirici dəvət olunmalı idi, sifariş MMC-yə göndərilməməli idi. Həmçinin, iş materiallarında İ.Orucov adlı qiymətləndirici mütəxəssisin 5 ildən az olmayaraq fəaliyyət göstərməsini, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməməsini təsdiq edən sənədlər mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, qiymətləndirici ümumiyyətlə mənzilə baxış keçirməmiş və formal mülahizələrə əsasən mənzili qiymətləndirmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatı maddi və prosessual hüquq normaları pozulmaqla, qiymətləndirmə haqqında qanunvericliyin tələblərinə, habelə qiymətləndirmə standartlarına və metodologiyasına zidd tərtib edildiyindən, habelə əmlakın real bazar və likvid qiymətlərindən dəfələrlə aşağı qiymət kortəbii və mexaniki surətdə təyin edildiyindən həmin hesabat ləğv edilməlidir. Belə ki, mübahisəli qiymətləndirmə hesabatının məzmunundan göründüyü kimi, hesabat formal şablon və standart trafaret əsasında tərtib olunmuş, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərkən səthi təhlillə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, hesabatlar əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Mübahisəli qiymətləndirmə hesabatı tərtib olunarkən AR Nazirlər Kabinetinin "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" 6 saylı, 04 yanvar 2001-ci il tarixli qərarının 2.1-ci maddəsində göstərilmiş malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən istifadə edilməli olan məlumat mənbələrindən heç birindən istifadə edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürmüyən üçüncü şəxs X3 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürmüyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilin bazar dəyəri 286.050 manat təşkil edir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilin bazar dəyəri 286.000 manat təşkil edir. İş materiallarında olan (iddiaçı tərəfindən təqdim edilmişdir) "xxxx" MMC-nin rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilin bazar dəyəri xx.xx.2023-cü il tarixə 422.400 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilin 2018-ci il tarixə bazar dəyəri 280.000 manat, 2021ci il tarixə bazar dəyəri 261.000 manat təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzil icra sənədi üzrə tələbkar, hazırki mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 mülkiyyətindədir. Mülkiyyət hüququnun əldə edilməsi əsası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.2-ci maddəsinin tələblərinə əsasən, xx.xx.2021-ci il tarixli məktubla həmin əmlakın icra orqanı tərəfindən tələbkara təklif edilməsi və təklifin qəbul edilməsi olmuşdur. İş materiallarına əsasən müəyyən edilir ki, mülki iş üzrə əmlakın müvafiq dövrə dair qiymətləndirilməsi barədə müvafiq qiymətləndirici ekspertizalar təyin edilmiş, lakin, əmlaka baxış keçirilməsinin mümkün olmaması səbəbindən rəy verilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə fəaliyyətinin mahiyyəti gərəyi, hər peşə, ixtisas sahibi kimi qiymətləndirici də fəaliyyətinin qanuna uyğun şəkildə, vicdanlı, dəqiq və dürüst icra etməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilin bazar dəyəri 286.050 manat təşkil edir. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilin bazar dəyəri 286.000 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilin bazar dəyəri xx.xx.2023-cü il tarixə 422.400 manat təşkil edir. Mülki iş üzrə əmlakın müvafiq dövrə dair qiymətləndirilməsi barədə müvafiq qiymətləndirici ekspertizalar təyin edilmiş, lakin, əmlaka baxış keçirilməsinin mümkün olmaması səbəbindən rəy verilməsi mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzil icra sənədi üzrə tələbkar, hazırki mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 mülkiyyətindədir. Mülkiyyət hüququnun əldə edilməsi əsası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.2-ci maddəsinin tələblərinə əsasən, xx.xx.2021-ci il tarixli məktubla həmin mənzilin icra orqanı tərəfindən tələbkara təklif edilməsi və təklifin qəbul edilməsi olmuşdur. İddiaçı tərəfin arqumentlərinə münasibətdə məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin müvafiq rəyi əmlakın 2021-ci ilin mart ayı üzrə dəyərinə deyil, xx.xx.2023-cü il tarixə olan bazar dəyəri barədə qiymətləndirmə aparmışdır ki, həmin məbləğ hazırki mübahisə üzrə hər hansı hüquqi nəticə yaratmır (2 il 5 ay fərq vardır). Bundan əlavə, xx.xx.2021-ci il tarixli rəy üzrə əmlakın dəyərinin xx.xx.2018-ci il tarixli rəyə nisbətdə aşağı məbləğ təşkil etməsi əmlak bazarında olan dəyişikliklərin və proseslərin nəticəsi kimi qiymətləndirilir. Yəni, əmlak bazarından əmlak dəyərinin birmənalı olaraq qalxan xətt üzrə hərəkət etməsi istisna edilir, müvafiq dövrlər üzrə enmə-qalxmaların baş verməsi qlobal və ölkə iqtisadiyyatı baxımından mümkündür. Müstəqil tələb irəli sürmüyən üçüncü şəxs X3 ixtisasca iqtisadçı olmasını əsas gətirərək, həmin arqumentə münasibətdə bildirmişdir ki, Bakı şəhərində əmlakların dəyəri real dəyər üzrə deyil, daha çox süni qiymətlər əsasında müəyyən edildiyindən iqtisadi qaydalardan kənar formada bazarın durumuna uyğun olaraq dövrlər üzrə qiymət enmələrinin baş verməsi qaçınılmaz olur. Həmçinin, 2021-ci il Covid- 19 virusu ilə əlaqədar pandemiya dövrünə təsadüf etdiyindən həmin dövrdə dünya və ölkə iqtisadiyyatında durğunluq mövcud idi. Həmin əmlakın dəyərinin 2021-ci il tarixə müvafiq rəydə qeyd edilən kimi qiymətləndirilməsi ağlabatan və əsaslıdır, sadə məntiqlə ilkin bazar qiymətləndirməsi əsasında əmlakın dəyərinə uyğundur. Nəzərə alınmalıdır ki, əmlak tələbkara təhvil verilən zaman mənzildə olan bütün avadanlıqlar borclu (keçmiş mülkiyyətçi, hazırki iş üzrə iddiaçı) tərəfindən sökülərək götürülmüş, nəticədə mənzildə ilkin avadanlıqların olmaması, mövcud olmuş avadanlıqların götürülməsi nəticəsində müvafiq hissələrə (aboy, divarlar, döşəmə, kosmetik xərclər və s.) zərər vurulması, nəticədə, zərərin aradan qaldırılması, təmir-bərpa xərcləri ilə bağlı müvafiq işlərin görülməsi üçün dəyər enməsi ağlabatandır. Həmçinin, 2020-ci ilin mart ayından etibarən pandemiya dövrü, ölkə sərhərlərinin bağlı olması, iş yerləri, ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması və bunların iqtisadi proseslərə, əmlak bazarına təsiri xüsusi diqqətə alınmalıdır. Bundan əlavə, qiymətləndicinin qiymətləndirmə azadlığı xüsusatı (qəbul edilmiş metod və üsullarla qiymətləndirmənin aparılması şərtilə) diqqətdə saxlanılmalı, rəy üzrə kəskin fərqlənməyən qiymətin müəyyən edilməsi həmin rəyin əsassızlığına dəlalət etmir. Nəzərə alınmalıdır ki, qiymətləndirmə predmetinin dəyərinin iqtisadi baxımından cüzi fərqlərlə (5-10-15 min manat və s.) dəyərləndirilməsi bir-birinə zidd olan rəylər arasında fərqli nəticələrə gəlmək, qiymət meyarı kimi qəbul edilmiş rəyin ləğv edilməsi üçün əsas deyildir. Yəni, bir neçə rəy varsa, onların hər biri eyni rəqəmi əks etdirməli olması yanaşması mümkün deyildir. Qiymətləndicilərin əmlak bazarına və əmlaka baxışları, qiymətləndirmə metodları nöqteyi-nəzərdən nisbətən fərqli qiymətlərin əldə edilməsi mümkündür. Məhkəmə tərəfindən qiymətləndirmənin aparılması ilə bağlı müvafiq ekspertizalar təyin edilsə də, rəyin əldə edilməsi mümkün olmamışdır. İddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. Nəzərə alınır ki, həmin mənzil üzrə uzun illərdir ki, tərəflər (iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs) arasında məhkəmə mübahisələri getsə də, mənzil tələbkar X1 mülkiyyətindədir. Deməli, mülkiyyət hüququnun əldə edilməsi əsası qanunidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquqdan sui-istifadə etmək yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmənin nəticələri haqqında xx.xx.2021-ci il tarixli QXM-2925 nömrəli hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-90/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-90/2025
20.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver