Məhkəmə qərarları › İş №e-2(004)-929/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-929/2023

16.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-929/2023 16.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız varlanma üzrə əldə edilən pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız varlanma üzrə əldə edilən pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 27 sentyabr 2022-ci il tarixdə bank hesabına köçürmə yolu ilə əldə etdiyi 52.000 (əlli iki min) manat pul vəsaitinin əsassız varlanma hesab edilməsi, əsassız varlanma qismində əldə edilən 52000 manat pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsi, əsassız varlanma qismində əldə edilən 52000 manat pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsi, hüquqi yardım göstərilməsi üçün ödənilən 500 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 27 sentyabr 2022-ci il tarixdə bank hesabına köçürmə yolu ilə əldə etdiyi 52.000 (əlli iki min) manat pul vəsaitinin əsassız varlanma hesab edilməsi və əsassız varlanma qismində əldə edilən 52000 manat pul vəsaitinin, hüquqi yardım göstərilməsi üçün ödənilən 500 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 və ya Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Bakıbaştikinti” Bakı şəhər tikinti” Ümumtikinti trestinin əmək kollektivinin rəhbəri olaraq “Anar-60” firması ilə arasında olan barışıq nəticəsində sonuncu tərəfindən ona ödənilmış 150.000 manat kompensasiya "xxxx" ASC-dəki 10- 1533247-1 saylı bank hesabına keçirilmişdir. O, 150.000 manat məbləğdən hesabında qalan 62000 manat puldan xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin “Azneft” filialında 10.000 manat pul çıxararaq Cavabdeh2 və onun oğlu X1 vermişdir. Həmin zaman Cavabdeh2 və oğlu X3 onun bank hesabında 52.000 manat pul olmasını öyrənmiş və Cavabdeh2 digər oğlu Cavabdeh1, İddiaçı tərəfindən sonuncuya məxsus bağ evinin satılması məqsədi ilə Bakı şəhər 5 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixli, 7E-5800 nömrəli verilmiş etibarnamədən sui-istifadə edərək, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dəki 10-1533247-1 saylı bank hesabımda qalan 52.000 manat pul vəsitini anası Cavabdeh2 AZ47BRES41010AZ**********001 saylı hesaba köçürməklə əsassız varlanmışlar. Beləliklə, Cavabdeh1 İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə sonunuya məxsus olan bağ evinin satılması məqsədi ilə vermiş olduğu, bağ evi satılmadığı üçün ləğv etməyi unutduğu 7E-5800 nömrəli etibarnamədən sui-istifadə edərək, "xxxx" ASC-dəki 10-1533247-1 saylı bank hesabından xx.xx.2022-ci il tarixdə 52000 manat pul vəsitini anası Cavabdeh2 AZ47BRES41010AZ**********001 saylı hesabına köçürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 etibarnamədən suiistifadə edərək heç bir əsas olmadan Raxşəndə Məmmədovanın hesabına İddiaçı hesabında olan 52000 manat pulu əsassız olaraq köçürmüş və cavabdeh Raxşəndə Məmmədova həmin pulu əsassız olaraq əldə etmişdir. Odur ki, iddianın təmin eidlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək nümayəndə və vəkilinin dedikləri ilə razı olduğunu bildirmiş və əlavə olaraq bildirmişdir ki, o, Cavabdeh1 etibarnaməni Mərdəkanda yerləşən bağ evini satmaq məqsədi ilə vermişdir. Həmin pul onun pulu deyil, 23 nəfərlik kollektivin puludur. Rəxşanda onun işçisi olmuşdur. O, Rəxşandaya da etibarnamə vermiş, həmin etibarnamə onun müraciəti əsasında ləğv edilmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, onun Əhmədlidə evi var. İştirak etdiyi məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun iddiaçının qeyd etdiyi kimi pis niyyəti olsaydı iddiaçının mülkiyyətində olan əmlaklara da yiyələnər, həmçinin hesabında olan pulun hamısını götürərdi. Onlar iddiaçı ilə ailə olmuşlar. İddiaçı 10000 manat pulu ona şəxsən özü avqust ayında vermiş, 52000 manatı isə etibarnamə əsasında onun hesabına sentyabr ayında köçürmüşdür. İddiaçı ona 10000 manat pulu ev almaq üçün beh olaraq vermişdi. Beləliklə məhkəmə işdə iştiak edən şəxslərin izahatlarını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 20 il müddətinə, xx.xx.2035-ci il tarixədək etibarnamə vermişdir. Etibarnamə üzrə ona harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri, müəyyən etmək qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etməyi dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cur məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşklatlarda onun adından ərizə verməyi, işlər aparmağı və.s səlahiyyətlər verilmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı və X4 Bank Respublika ASC-də olan hesab üzrə çıxarışların təsdiq edilmiş surətindən görünür ki, İddiaçı hesabından X4 hesabına xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə isə etibarnaməyə əsasən 52000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3 - cü maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində Cavabdeh1 verilmiş və reyestrdə 7E-5800 nömrə ilə qeyd edilmiş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat" informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Həmin Məcəllənin 365.1.3-cü və 365.1.4-cü maddələrinə əsasən isə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi və etibarnamə verilmiş şəxsin imtinası nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs etibarnamə əsasında həyata keçirilən hərəkətin onun iradə ifadəsini əks etdirmədiyini o halda mübahisələndirə bilər ki, etibarnamə qanunsuz olsun və ya təmsilçi etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxsın. Sadalanan əsasların mövcudluğunu, eləcə də təmsilçinin etibarnamədən sui-istifadə etdiyini və digər tərəflə pis niyyətlə razılığa gəldiyini iddia etdiyi halda etibar edən bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməlidir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 onun adından müəyyən hərəkətləri etmək, həmçinin ona məxsus daşınmaz əmlakla bağlı sərəncam vermək və bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almaq, bank orqanlarında olan hesablar üzərində sərəncam vermək barədə xx.xx.2015-ci il tarixdə 20 il qüvvədə olan etibarnamə vermiş, Cavabdeh1 da həmin etibarnamə əsasında iddiaçıya məxsus bank hesabından pul vəsaitini digər Cavabdeh2 bank hesabına köçürmüşdür. Bank hesabından pul vəsaiti köçürülərkən etibarnamə qüvvədə olmuş, Cavabdeh1 etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxmamışdır. İddiaçı cavabdehə etibarnaməni ona məxsus bağ sahəsinin satılması üçün verdiyini qeyd etsə də, etibarnamənin 20 il kimi uzun müddətə verilməsi, bağ sahəsinin satılmamasına və etibarnamənin verilməsindən 7 il müddət keçməsinə baxmayaraq iddiaçının etibarnamənin qüvvəsinə xitam verilməsi barədə ərizə ilə notariusa müraciət etməməsi, etibarnamədə yalnız əmlak üzərində sərəncam vermək səlahiyyətinin deyil, bir çox səlahiyyətlərin həmçinin də bank orqanlarında olan hesablar üzərində sərəncam vermək barədə səlahiyyətin nəzərdə tutulması iddiaçının Cavabdeh1 etibarnaməni yalnız bağ sahəsini satmaq üçün vermədiyini təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən etibarnamə əsasında iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka və bank hesabında olan digər pul vəsaitinə sərəncam verilməməsi, onun digər tərəflə pis niyyətlə razılığa gəlmədiyini və qeyd edilən pul vəsaitinin köçürülməsinin iddiaçının iradə ifadəsi əsasında baş verməsini təsdiq edir. Həmçinin, iş materiallarınan görünür ki, iddiaçı özü 10000 manat pul vəsaitini Cavabdeh2 hesabına köçürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız varlanma üzrə əldə edilən pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 249 (iki yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız varlanma üzrə əldə edilən pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 249 (iki yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar