Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-933/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və “Mercedes Benz E 200” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1305 manat məbləğində sığorta ödənişi, X1 yüngül dərəcəli xəsarətin yetirilməsinə görə 750 manat məbləğində sığorta ödənişi, ödənilmiş 40.55 manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 tərəfindən idarə olunan “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E 200” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə hadisə zamanı “Mercedes Benz E 200” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər və X3 yüngül dərəcəli xəsarət dəymişdir. ”Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Mercedes Benz E 200” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1305 (bir min üç yüz beş) manat və X2 yüngül dərəcəli xəsarətinin yetirilməsinə görə 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranıb. İş materiallarına əlavə olunmuş AC081408 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi “Mercedes Benz E200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1 olmuş, eyni zamanda DİN BDYPİ-nin 3-xx-xx/217160/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasında müəyyən edilmişdir ki, heç bir hüquqi əsası olmadan Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 2055 (iki min əlli beş) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(003)-735/2019 nömrəli qərarına əsasən müəyyən edilir ki, hazırki mübahisə üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə 400 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan 075764 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, sığortalanmış “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi törətməsi nəticəsində xəsarət alan X3 750 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 071977 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, sığortalanmış “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi törətməsi nəticəsində “Mercedes Benz E 200” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərlə bağlı 1305 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icrabi sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli arayışa əsasən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1, sürücüsü Cavabdeh2 olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan X3 yüngül xəsarət vurulmuşdur (müvafiq ekspert rəyi əlavə olunmuşdur). Sürücü Cavabdeh2 sürücülük hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 2015-2017-ci illər və xx.xx.2018-xx.xx.2019-cu illər üzrə həmin avtomobilə dair etibarnamə üzrə Cavabdeh2 istifadə hüququ vermişdir. İş materiallarında olan İcbari Sığorta Bürosunun məlumatlarına əsasən müəyyən edilir ki, “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil PAT ********** nömrəli sığorta şəhadətnaməsi əsasında İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən cavabdehlərə sözügedən pul məbləğinin ödənilməsi təklif olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəmə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(003)-735/2019 nömrəli qərarına əsasən hazırki mübahisə üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə 400 manat miqdarında cərimə edilmişdir. 075764 nömrəli sığorta aktına əsasən sığortalanmış “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi törətməsi nəticəsində xəsarət alan X3 750 manat sığorta ödənişi ödənilmişdir. 071977 nömrəli sığorta aktına əsasən sığortalanmış “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi törətməsi nəticəsində “Mercedes Benz E 200” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərlə bağlı 1305 manat sığorta ödənişi ödənilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icrabi sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli arayışa əsasən baş vermiş yol nəqliyyat hadisəsi üzrə “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1, sürücüsü Cavabdeh2 olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan X3 yüngül xəsarət vurulmuşdur (müvafiq ekspert rəyi əlavə olunmuşdur). Hadisə baş verən vaxt sürücü Cavabdeh2 sürücülük hüququ məhdudlaşdırılmış, yəni, sürücülük hüququ olmamışdır. DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 2015-2017-ci illər və xx.xx.2018-xx.xx.2019cu illər üzrə həmin avtomobilə dair etibarnamə üzrə Cavabdeh2 istifadə hüququ vermişdir. İcbari Sığorta Bürosunun məlumatlarına əsasən “Mercedes Benz E 200” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil PAT ********** nömrəli sığorta şəhadətnaməsi əsasında İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş inzibati tənbeh haqqında qərarın preyudisiallığı əsas götürülməklə tələb Cavabdeh2 dair hissədə hər 3 dispozitiv şərt yerinə yetirilsə də, digər Cavabdeh1 münasibətdə 1-ci (birinci) və 3cü (üçüncü) dispozitiv şərtlər ödənilmir. Belə ki, o, avtomobili qanunsuz əsaslarla digər cavabdehin istifadəsinə verməsi barədə inzibati məsuliyyətə cəlb edilməmişdir. Bu səbəbdən, hazırki iddia tələbi üzrə Cavabdeh1 aid hissədə MM-in 1108-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Məhkəmə iclasında cavabdeh tərəfin izahatlarına əsasən müəyyən edilir ki, sözügedən avtomobil nisyə alqı-satqı qaydasında mülkiyyətçi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Avtomobilin ödənişi tam bitdikdən sonra isə həmin avtomobil Cavabdeh2 adına keçirilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 hazırki iddia tələbi üzrə məsuliyyətinin qanuni əsası mövcuddur və onun təqsiri müvafiq inzibati xəta haqqında qərara müvafiq olaraq müəyyən edilmişdir. Bu səbəbdən, X4 qarşı iddia tələbi qanuni və əsaslıdır. Lakin, iddia tələbi üzrə avtomobilin mülkiyyətçisi Cavabdeh1 məsuliyyətinin hüquqi əsası mövcud deyildir. Belə ki, Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsi üzrə hər hansı təqsiri və ya məsuliyyəti iş materiallarına əsasən müəyyən edilmir. Bu barədə iddiaçı tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verilərkən ilk öncə mübahisənin qanuni əsası müəyyən edilməklə cavabdehin məsuliyyətinin əsası müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 40.55 manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla, məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, “Mercedes Benz E 200” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1305 manat məbləğində sığorta ödənişi, X1 yüngül dərəcəli xəsarətin yetirilməsinə görə 750 manat məbləğində sığorta ödənişi olmaqla ümumilikdə 2055 (iki min əlli beş) manat pul, ödənilmiş 40.55 manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməli, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası qismən təmin edilsin. “Mercedes Benz E 200” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1305 (min üç yüz beş) manat məbləğində sığorta ödənişi, X1 yüngül dərəcəli xəsarətin yetirilməsinə görə 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi olmaqla ümumilikdə 2055 (iki min əlli beş) manat pul, ödənilmiş 40.55 (qırx manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-933/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-933/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver