Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-981/2023 11.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı X1 cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “bildirişin qanunsuz hesab edilməsi və mənzilin bazar dəyərinin yenidən müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “bildirişin qanunsuz hesab edilməsi və mənzilin bazar dəyərinin yenidən müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 469/22 saylı hərrac bildirişinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,001 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin və ünvan 2 mənzilin mövcud olan real bazar dəyərinin qiymətləndirmə keçirilməklə yenidən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, işin hallarından aydın olur ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 918/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410.000 manata və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin 240.000 manata açıq hərracdan satılması və əldə edilən məbləğin əmlakların mülkiyyətçilərinin paylarına mütənasib olaraq bölünməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, Yasamal rayon İcra şöbəsinin sifarişinə əsasən əmlakların qətnamədə qeyd olunan qiymətlə "xxxx" MMC tərəfindən açıq hərracdan satılması üçün xx.xx.2023-cü il tarixə hərrac təyin edilmiş və bu barədə tərəflərə xx.xx.2022-ci il tarixli, 469/22 saylı bildiriş göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, əmlakların dəyərinin müəyyən edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan həmin tələbə məhkəmə qaydasında baxıla bilməz. Həmçinin iddiaçı icra məmurunun sifariş məktubunun və onun əsasında göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişin qanunsuz hesab edilməsini xahiş edir. Hesab edirəm ki, iddiaçı icra mərhələsində olan iş üzrə icra məmurunun bildirişindən - hərəkətindən şikayət etmişdir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi isə “İcra haqqında” Qanunun 87.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan on gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır: “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər”. İddiaçıya izah olunmalıdır ki, icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, müvafiq məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Müvafiq olaraq belə şikayətlərə əsas işin davamı kimi baxılmalı, şikayətlə bağlı materiallar və ona dair qəbul edilmiş məhkəmə aktları ayrıca icraatda toplanmamalı, məhz həmin əsas işin tərkibində olmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “bildirişin qanunsuz hesab edilməsi və mənzilin bazar dəyərinin yenidən müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, o, icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, müvafiq məhkəməyə şikayət verməklə mübahisələndirə bilər . Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-981/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-981/2023
11.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver