Məhkəmə qərarları › İş №e-2(005)-101/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-101/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-101/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (X7 və "xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7 və Cavabdeh MMC-yə qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavаbdеhlər X7 və Cavabdeh MMC-dən müştərək qaydada İddiaçı xeyrinə avtomobilə dəymiş zərər olaraq 13500 manat, yararsız vəziyyətə düşmüş Samsung A52 markalı mobil telefonun dəyəri olan 600 manat, hadisə nəticəsində itmiş 583 əyar çəkisi 2.71 qram olan sırğanın dəyəri olan 216,8 manat, vəkilə ödənilmiş 200 manat xidmət haqqı ümumilikdə 14516,8 manat maddi zərərin və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində idarə etdiyi “Kia Cerato” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobildə həyat yoldaşı X8 qabaq, uşaqları xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X12 isə arxa oturacaqda əyləşdirmiş, Quba şəhərindən çıxıb üzü Bakı istiqamətində hərəkətdə olmuşdur. Bakı-Quba-Dağıstan yolunun Şabran rayonu, Günəşli kəndi ərazisindən keçən 142-ci kilometrliyinə çatdıqda arxadan onunla eyni istiqamətdə hərəkətdə olan “X18 1836-LS” markalı, 99-J-675 qeydiyyat nişanlı yük avtomobili onun idarə etdiyi avtomobili arxadan vuraraq toqquşmuş və nəticədə avtomobil yolun hərəkət hissəsinin sağ tərəfinə aşmış və ailə üzvləri müxtəlif bədən xəsarətləri almışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh X7 Cavabdeh MMC-nin (VÖEN: **********) əməkdaşı olaraq və həmin müəssisəyə məxsus “X18 1836-LS” markalı, 99-J-675 qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə etmişdir. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə biləvasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X3 tərəfindən xx.xx.2023-cü il tarixli qərarına əsasən X7 barəsində cinayət işinin başlanması rədd edilmiş və X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən BDYPİ-nin YPXAna göndərilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun həyat yoldaşı X9 məxsus dəyəri 400 manat olan Samsung A52 markalı mobil telefon yararsız vəziyyətə düşmüş və eyni ilə X9 məxsus dəyəri (2.71*80=216,8) 216,8 manat olan 583 əyar hər birinin çəkisi 2.71 qramlıq sırğalardan biri itmişdir. Yol nəqliyyat hadisəsi nəticəsindən onun həyat yoldaşı X2 rayonunda Mərkəzi xəsatəxanasında 1 həftə stasionar müalicə almış və ondan sonra təxminən 20 gün baş gicəllənməsindən müşahidə altında ambulator müalicə almışdır. X13 müvəqqəti olaraq iş görmə qabiliyyətini itirmişdir. Onun azyaşlı övladlarıX15 və X11 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində psixologiyası pozulmuşdur. Hadisə nəticəsində ona məxsus “Kia Cerato” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı avto servis "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01176 saylı ziyan aktı tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, “Kia Forte (Cerato)” markalı avtomobil toqquşma nəticəsində tam yararsız olduğundan təmir etmək mümkün deyildir. Avtomobilin orta bazar qiyməti (18000-19000) manat civarındadır”. Yol nəqliyyat hadisəsi nəticəsində ona maddi zərər kimi avtomobilin dəyəri olan 18500 manat, yararsız vəziyyətə düşmüş Samsung A52 markalı mobil telefonun dəyəri olan 600 manat, hadisə nəticəsində itmiş 583 əyar çəkisi 2.71 qram olan sırğanın dəyəri 216,8 manat, vəkilə ödənilmiş 200 manat xidmət haqqı, ümumilikdə 19316,8 manat məbləğində ziyan dəymişdir. Həmçinin qəza nəticəsində o və onun ailə üvzlərinin keçirdiyi mənəvi iztirab, gərginlik və əsəb pozqunluğu nəticəsində 5000 manat məbləğində mənəvi ziyan dəymişdir. Hadisə nəticəsində ona "xxxx" ASC tərəfindən icbari sığorta olaraq avtomobilə dəymiş zərərdən 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Nəticədə avtomobilə dəymiş zərərin məbləği 18500-5000=13500 manat olaraq müəyyən edilmişdir. Dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdehlər bugünədək dəymiş ziyanı ödəməmişlər. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavаbdеh Cavabdeh MMC-dən onun xeyrinə avtomobilə dəymiş zərər olaraq 13500 manat, yararsız vəziyyətə düşmüş Samsung A52 markalı mobil telefonun dəyəri olan 600 manat, hadisə nəticəsində itmiş 583 əyar çəkisi 2.71 qram olan sırğanın dəyəri olan 216,8 manat, vəkilə ödənilmiş 200 manat xidmət haqqı olmaqla, ümumilikdə 14516,8 manat maddi zərərin və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC və həmçinin üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının həyat yoldaşının sırğasının bir tayının yol-nəqliyyat hadisəsi zamanı itirilməsinə dair sübüt təqdim etməmişdir. Bundan başqa telefonun həmin an sınması faktını qəbul edirlər, lakin təmir üçün 50 manat xərc tələb olunur. Cavabdeh MMC və həmçinin üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə biləvasitə tabe olan Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X1 xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı- Quba-Dağıstan yolunun Rahran ravonu ərazisindən keçən 142-ci kilometrliyində X7 idarə etdiyi “X19 1836 LS” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil - İddiaçı idarə etdiyi “Kia Creato” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə X13 xəsarət almışdır. X13 izahatında qeyd etmişdir ki, o və uşaqları xəsarət alaraq Şabran RMX-yə daxil olmuşlar. Bundan başqa Samsung A52 markalı mobil telefonu yararsız hala düşmüş və 1 tay qızıl sırğası baş vermiş hadisə zamanı itmişdir; Əlavə edilmiş fotoşəkillərdə ekranı zədələnmiş mobil telefonun, qızıl üzük və 1 tay qızıl sırğa fotoşəkili əks olunmuşdur; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01176 saylı ziyan aktının surətindən görünür ki, 2010-cu il buraxılışlı “Kia Forte (Cerato)” markalı, **-XL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil toqquşma nəticəsində tam yararsız olduğundan təmir etmək mümkün deyildir. Avtomobilin orta bazar qiyməti (18000-19000) manat civarındadır; "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış məktubundan və ödəniş qəbzlərindən görünür ki, “Kia Forte (Cerato)” markalı, **-XL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat, X15 və X9 dəymiş yüngül dərəcəli bədən xəsarətinə görə ayrı-ayrılıqda 750 manat olmaqla, ümumilikdə 1500 manat sığorta ödənişi həyata keçirilmişdir; Avanqard Avtoservisin dəymiş zərərin hesablanmasına dair xx.xx.2023-cü il tarixli aktından görünür ki, “Kia Forte (Cerato)” markalı, **-XL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün 3510 manat məbləğində ehtiyyat hissələri və 3100 manat məbləğində işçi pulu tələb olunur; Əmək müqaviləsinin surətindən görünür ki, “işəgötürən” Cavabdeh MMC X6 əsas sürücü vəzifəsinə işə qəbul etmişdir; Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyasının nəzəri qaydada ümumi orta bazar qiyməti 216 manat, Samsung A52 markalı mobil telefonun isə 250 manat təşkil edir. “Kia Cerato” markalı, 2010-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada real bazar qiyməti təxminən 16000 manat təşkil edir; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, 1) “Kia Forte (Cerato)” markalı avtomobilin təmir və bərpası mümkün hesab olunur. Amma şəkillərdən göründüyü kimi nəqliyyat vasitəsinin damı da daxil olmaqla yarıdan arxa hissəsi tamamilə kəsilərək çıxarılmalı və yeni hissəsilə qaynaq olunmalıdır. Ön tərəfdə isə bir çox hissələr yenisi ilə əvəz olunmalıdır. Bu halda nəqliyyat vasitəsinin texniki baxımnan idarə etmə üçün tam yararlı vəziyyətə gətirilməsi mümkün deyil. Bu cür təmirdən çıxmış avtomobillərdə təkərlərin qeyri bərabər yeyilməsi, təkərlərin meyillik bucağı tam təmin olunmur. Nəqliyyat vasitəsi idarə etmə zamanı orta sürətdə 60-70 km/st-dan yuxarı qalxdıqda titrəmələr müşahidə olunur. Bu problemin aradan qaldırılması mümkün deyil. Bu cür sürücü üçün idarəetmə problemi yaratmaqla yanaşı nəqliyyat vasitəsinin fiziki cəhətdən daha tez köhnəlməsinə, ayrı-ayrı hissələrin daha tez sıradan çıxmasına gətirib çıxarır. Fiziki funksional texniki qüsurlar əmlakın dəyərdən düşməsinə, fiziki və iqtisadi köhnəlməsinə (aşınma) birbaşa təsir göstərən amildir. Bu aktivin (əmlakın) dəyərinə bazarda gözlə görünməsi çətin olsa belə ən azı 15-20% bir çox hallarda isə daha çox azalma ilə təsir göstərir. Qeyd edilmiş amillər qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsinin təmir olunduqdan sonra iqtisadi baxımdan səmərəsiz sayılır. Həmin əmlakı onun təmirinə çəkilmiş xərcdən daha ucuz qiymətə satmağa məcbur olunacaq. 2) Nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin təmir bərpa dəyəri ilə bağlı məhkəmə ekspertiza mərkəzinin rəyində “Məhkəmə yol nəqliyyat hadisələrinin ekspertizası”’-nın rəyi əsas götürülməklə göstərilən detalların qiyməti xx.xx.2025-ci il tarixinə 12775 manat təşkil edir. 3) “Kia Cerato” markalı nəqliyyat vasitəsinin modelinə, ilinə və digər xüsusiyyətlərinə oxşar nəqliyyat vasitələrinin ölkə bazarında orta bazar dəyəri 13000 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 350 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin işçisi X7 tərəfindən idarə edilən “X18 1836-LS” markalı, 99-J- 675 qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə iddiaçıya məxsus “Kia Cerato” markalı **-XL-*** dövlət qeydiyvat nişanlı avtomobilə və həmçinin iddiaçının ailə üzvlərinin sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd olunan yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Hazırda iddiaçı yolnəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzini Cavabdeh MMC tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun....İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır; Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh MMC-nin işçisi X5 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin sıradan çıxması və nəticədə maddi ziyanın yaranması məhz Cavabdeh MMC-nin işçisi X5 idarə etdiyi nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardanda göründüyü kimi, həmin hadisənin baş verməsində birbaşa məsuliyyət daşıyan şəxs Cavabdeh MMCnin işçisi X7 olmuşdur. İş materiallarından göründüyü kimi hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh təşkilatın sürücüsü X5 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Digər tərəfdən həmin nəqliyyat vasitəsinin cavabdehə məxsus olması və hadisəni törətmiş sürücünün həmin müəssisənin işçisi olması iş materiallarında mövcud olan əmək müqaviləsi ilə təsdiq olunmuşdur. Tələb edilən ziyanın məbləği ilə bağlı məhkəmə bildirir ki, məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş "xxxx" MMC-nin rəyindən görünür ki, avtomobilə vurulmuş zərərin həcmi xx.xx.2025-ci il tarixinə 12775 manat və “Kia Cerato” markalı nəqliyyat vasitəsinin modelinə, ilinə və digər xüsusiyyətlərinə oxşar nəqliyyat vasitələrinin ölkə bazarında orta bazar dəyəri 13000 manat təşkil edir. Qeyd olunmalıdır ki, "xxxx" MMC-nin rəyində və iş materiallarında olan fotoşəkillərdə avtomobilin qəza nəticəsində yararsız hala düşməsi aşkar olunur. Həmçinin rəyə əsasən avtomobilin təmir xərci həmin avtomobilin bazar qiyməti ilə eyni olması (225 manat fərq olması), avtomobilin təmirdən sonra da istismarında müəyyən problemlər və çətinliklər müşahidə olması ehtimalının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya avtomobilin orta bazar dəyəri olan 13000 manat ödənilməlidir. Lakin iddiaçının iddia ərizəsində etiraf etdiyi və iş materiallarında əksini tapmış sığorta tərəfindən 5000 pulun ödənilməsini nəzərə alaraq, Cavabdeh MMC-dən avtomobilə dəymiş zərərə görə 5000 manat məbləği çıxılmaqla qalan 8000 manat (13000-5000=8000 manat) pulun tutulmalı olması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin Samsung A52 markal mobil telefona dəymiş ziyana münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəf mobil telefonin yol-nəqliyyat hadisəsi zamanı baş verməsini qəbul etmiş, lakin təmir xərci ilə razı olmamışdır. İddia ərizəsində həmin telefona görə 600 manat tələb edilsə də, lakin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində mobil telefonun nəzəri qaydada ümumi orta bazar qiyməti 250 manat müəyyən edilmişdir. Məhkəmə, ekspert rəyini əsas götürərək, iddianın həmin həcmdə təmin edilməsi qənaətinə gələrək hesab edir ki, Cavabdeh MMC-dən Samsung A52 markalı mobil telefona dəymiş zərərə görə 250 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin hadisə nəticəsində itmiş 583 əyar çəkisi 2,71 qram olan sırğanın 1 tayının əvəzinin ödənilməsi hissəsində qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, qeyd edilən qızıl-zinət əşyasının yol-nəqliyyat hadisəsi zamanı itirilməsinə dair hər hansı sübut təqdim edilməmiş və cavabdeh tərəf iddianın həmin hissədə qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə iddia tələblərinə münasibət bildirməkdə davam edərək qeyd edir ki, iddia tələbi 5000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər, həmçinin ailə üzvlərinin yol-nəqliyyat hadisəsi zamanı sağlamlıqlarına vurulmuş zərər nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həmin müddət ərzində nəqliyyat vasitəsindən məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 200 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Dəymiş ziyanın mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının iddia etdiyi xərclərin cavabdehlər tərəfindən vurulmasına dair etibarlı sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Mülki Prosessual Məcəllənin sübutların mümkünlüyünü əks etdirən 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat pulun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 200 manat pulun ağlabatan məbləğ olduğunu və cavabdehin öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 149 manatın 65 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyərləri olan (Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə görə 50 manat, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə görə 350 manat) 400 manat cavabdehə aid edilməlidir. Məhkəmə, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində pula münasibət bildirərək qeyd edir ki, qeyd edilən rəydə ekspert qoyulmuş sualların cavablandırması onun səlahiyyəti çərcivəsində olmaması səbəbi ilə faktiki olaraq cavablandırmamışdır. Odur ki, hazırda həmin rəy üzrə vəsaitin tutulmasını məhkəmə məqbul hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərə görə 8000 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul, mənəvi zərərə görə 200 manat məbləğində pul, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 149 manatın 65 manatı Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 50 Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 350 manat Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına (Az.MEM, VÖEN **********, AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN **********, Müxbir hesab AZ03NABZ013501**********, Kod: 805711, SWİFT: İBAZAZ2X ) ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş zərərə görə 8000 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul, mənəvi zərərə görə 200 manat məbləğində pul, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 149 manatın 65 manatı tutulsun, İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 50 manat Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 350 manat Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına (Az.MEM, VÖEN **********, AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN **********, Müxbir hesab AZ03NABZ013501**********, Kod: 805711, SWİFT: İBAZAZ2X ) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar