Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1052/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1233 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 33 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 05:30 radələrində Bakı şəhəri, S.S.Axundov küçəsi ərazisində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmış “Opel Meriva-A” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Rio” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5077184 №-li İnzibati tənbeh vermə haqqında Qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Kia Rio” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1233 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA10971 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1233 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA112893/22 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1233 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələbinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh İXM-in 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir; İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması məlumatından görünür ki, hadisənin baş verdiyi xx.xx.2019-cu il tarixində **-CA-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmışdır; Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Kia Rio” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 1233 manat təşkil etmişdir; "xxxx" ASC-nin PXA 112893 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixində sığorta hadisəsi baş vermiş, həmin hadisə nəticəsində dəymiş zərərə görə X1 ödəniləcək sığorta ödənişi 1233 manat məbləğində müəyyən edilmişdir; Kart hesabından çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən 1233 manat məbləğində pul ödənilmişdir; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, təqsiri olan “Opel Meriva-A minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh Viktoroviç tərəfindən idarə edilən zaman X2 tərəfindən idarə edilən “Kia Rio minik” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sağ arxa yan hissədən vurmaqla zərər vurmuşdur; İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Opel Meriva-A” markalı, **- DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən icbari sığorta edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi və icbari sığorta növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmış “Opel Meriva-A” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Rio” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Hazırda iddiaçı cavabdehin hadisə yerindən yayınmasına əsaslanaraq, ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. Hazırkı işdə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan yuxarıda sadalanan şərtlər mövcuddur. Belə ki, onun idarə etdiyi, iddiaçı tərəfindən sığortalamış yüksək təhlükə mənbəyi olan “Opel Meriva-A” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq, “Kia Rio” markalı, **-HG-*** nömrə nişanlı avtomobilə zərər vurması və həmin zərər üzrə iddiaçı "xxxx" ASC-nin sığorta olunana 1233 manat məbləğində sığorta ödənişi ödəməsi və cavabdehin hadisə yerindən yayınması işin mübahisəsiz hallarındandır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi haqlıdır. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə uyğun olaraq, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsinin 4-cü bəndinə əsasən isə mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində "xxxx" Sığorta ASC tərəfindən icbari sığorta növü üzrə sığortalandığından, sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsi baş verdiyindən və sığortalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış nəqliyyat vasitəsinin sahibinin bank hesabına isə "xxxx" Sığorta ASC tərəfindən 1233 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1233 manat və ödənilmiş dövlət rüsumuna görə 33 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASCnin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1233 (min iki yüz otuz üç) manat və ödənilmiş dövlət rüsumuna görə 33 (otuz üç) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1052/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1052/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver