Məhkəmə qərarları › İş №e-2(005)-1060/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1060/2022

27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1060/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, İddiaçı MMC-nin cavabdeh Nərimanov rayon icra şöbəsinə qarşı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Nərimanov rayon icra şöbəsinə qarşı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Cəmil Tağıyevin hərəkətlərinin qanunsuz hesab edilərək, onun tərəfindən qəbul edilmiş olan 19.01.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı ləğv edilərək, icraata xitam verilməsinə dair qərarın qəbul edilməsi vəzifəsi, Bakı Kommersiya Məhkəməsinin bu iş üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə cavabdehə təqdim edilmiş icra vərəqəsində qeyd edilmiş, dövlət büdcəsinə ödənilməmiş 22926,95 manat, Dövlət Sosial Fonduna 25396,99 manat və İşsizlik Sığorta fonduna 978,79 manat məbləğində borc və 10 manat məbləğində dövlət rüsumu tutularaq, ümumilikdə 49312,73 manat vəsaitin ödənilməsinin təmin edilməsinə dair vəzifəsi icra edilməsi üçün cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun: 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 88-ci maddəsinə əsasən tələbkar borcludan tutulmalı olan məbləğin, əgər həmin məbləğ hüquqi şəxsin təqsiri üzündən tutulmamışdırsa, müvafiq hüquqi şəxsdən tutulması barədə ona qarşı iddia qaldıra bilər. Bu halda tələbkar dövlət rüsumunu ödəməkdən azad edilir. Göründüyü kimi, İddiaçı MMC Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət ərizəsi ilə müraciət etməli olduğu halda, iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Qanunda belə hal nəzərdə tutulmadığından, məhkəmə belə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Nərimanov rayon icra şöbəsinə qarşı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar