Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1146/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı Sığorta ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən X10 oğlunun sağlamlığının uzun müddətə pozulması ilə nəticələnən az ağır dərəcəli bədən xəsarətinə görə ödənilmiş 1500 manat və X11 oğlunun az ağır dərəcəli bədən xəsarətinə görə ödənilmiş 1500 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 3050 manat pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 9/5107 nömrəli, xx.xx.2014-cü il tarixli arayışa əsasən, xx.xx.2014-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi yaxınlığında Cavabdeh2 oğlu tərəfindən idarə olunan “Mercedes Benz C200” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Subaru İmprezo” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli icbari sığorta şəhadətnaməsinin 013402 nömrəli sığorta aktından və İcbari Sığorta Bürosundan (İSB) görünür ki, hadisə zamanı “Mercedes Benz C200” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində icbari qaydada sığortalı olmuşdur. Hadisəyə dair tərəflərin polisə verdikləri izahatlardan, forma 4 arayışından və Sabunçu RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə qərarından aydın olur ki, hadisə zamanı sözügedən “Mercedes Benz C200” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh1 qanuni sahibliyində olmuşdur. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətinə və ekspert rəyinə əsasən, hadisə zamanı “Subaru İmprezo” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X10 oğlu sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən az ağır dərəcəli bədən xəsarəti, hadisə zamanı sonuncu nəqliyyat vasitəsində sərnişin kimi əyləşən X7 da həmçinin az ağır dərəcəli bədən xəsarəti almışdır. “İcbari Sığortalar haqqında” Qanunun 14.2.4-cü maddəsinə əsasən, əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin (5000) 30%-ni təşkil edir (1500). İş materiallarındakı 4684 və 216 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı SŞ sağlamlığa dəymiş zərərlə bağlı zərərçəkənlər X5 1500 manat, X6 1500 manat sığorta ödənişi həyata keçirmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(008)- 090/2015 nömrəli hökmünün surətindən göründüyü kimi Cavabdeh2 oğlu CM-nin 263-1.1ci maddəsi ilə təqsirli bilinmişdir. O, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni sürücülük vəsiqəsi olmadan istismar etmişdir. Sabunçu RPİ İstintaq Şöbəsinin Sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında xx.xx.2014-cü il tarixli qərarı ilə Cavabdeh1 oğlunun əməlində artıq qüvvədən düşmüş AR İnzibati Xətalar Məcəlləsinin 152-3-cü maddəsinin (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) tərkibi olduğundan onun barəsində inzibati protokol tərtib olunmasından ötrü materiallar Sabunçu RPİ DYPŞ-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu RPİ DYPŞ-nin xx.xx.2014-cü il tarixli qərarının elektron çıxarışından görünür ki, Cavabdeh1 oğlu köhnə İXM-nin 152-3.3-cü maddəsi ilə təqsirli bilinmiş və 180 manat məbləğində cərimə olunmuşdur. Beləliklə, Cavabdeh1 oğlu nəqliyyat vasitəsini idarə etməsi üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan külücürüs) vəsiqəsi olmayan) birinə vermişdir. Bununla da başda özləri olmaqla, üçüncü şəxslərin də həyat və sağlamlığını təhlükəyə atmışlar. Buna görə də, Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. “Mercedes Benz C200” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanuni əsasla (etibarnamə) sahiblik edən Cavabdeh1 oğlu olduğundan o hazırki halda sığorta olunan hesab olunur. Beləliklə, sığorta münasibətində sığorta olunan kimi iştirak edən Cavabdeh1 oğlu nəqliyyat vasitəsinin sığortalı olduğunu bilə-bilə onu sürücülük vəsiqəsi olmayan və dolayısı ilə nəqliyyat vasitəsini idarə etməyi bilməyən birinə vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurulmuş və hər birinə sığorta şirkəti tərəfindən 1500 manat olmaqla, cəmi 3000 manat pul ödənilmişdir. Hadisə vaxtı maşını Cavabdeh2 idarə etmiş, onun isə idarə etmək hüququ olmamışdır. Belə bir şəxsə maşınını idarə etməyə verdiyinə görə bu hadisədə maşının qanuni sahibi, yəni X9 da günahkardır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hadisə zamanı o da ağır bədən xəsarəti almış, uzun müddət müalicə olunmuşdur. Hazırda işsizdir. Cavabdeh2 sürücülük hüququnun olmamasından xəbəri olmayıb. İddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2014-cü il tarixli 009028 saylı sığorta aktının surətindən görünür ki, səhhətə vurulan az ağır zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkil edir. Sığorta məbləği 5 000 manat olduğundan X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1 500 manat təşkil edir; - 14.01.2015-ci il tarxli 013402 saylı sığorta aktının surətindən görünür ki, az ağır xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan, X2 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat təşkil edir; - 16.01.2014-cü il tarixli, 216 nömrəli ödəniş tapşırığına əlavənin surətindən görünür ki, X6 1500 manat pul vəsaiti ödənilmişdir; - 29.09.2014-cü il tarixli 4684 saylı ödəniş tapşırığına əlavənin surətindən görünür ki, X5 1500 manat pul vəsaiti ödənilmişdir; - xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh1 10 gün müddətində sığorta ödənişinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2014-cü il tarixində saat 13:20 radələrində “Mercedes Benz C200” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Subaru İmprezo” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması hadisəsi baş vermişdir; - Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən şəxs barədə məlumatın surətindən görünür ki, X5 az ağır, X6 isə ağır zərər dəymişdir; - Sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında xx.xx.2014-cü il tarixli qərarı ilə Cavabdeh2 oğlunun CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittihamın elan olunması, Cavabdeh1 oğlunun əməlində AR İXM-nin 152-3-cü maddəsinin tərkibi olduğundan Cavabdeh1 barəsində inzibati protokol tərtib olunmasından ötrü materialların Sabunçu RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır; - xx.xx.2014-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 152-3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 180 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; - Sabunçu Rayon Məhkəməsinin 1(008)-090/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh2 AR CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 **-CU- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı avtomobili idarə edərkən **-NN-*** dövlət qeydiyyat nişanlı “Subaru İmpreo” markalı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə həmin nəqliyyat vasitəsinin sürücüsü X5 az ağır, sərnişini X6 isə ağır dərəcəli zərər yetirilmişdir. Hazırda **-CU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı avtomobilin sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərərin onun tərəfindən ödənilməsinə və cavabdehlərin hadisənin baş verməsində təqsirli olmalarına əsaslanaraq, subroqasiya qaydasında pulun onlardan müştərək qaydada tutulmasını xahiş edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları adıçəkilən Qanunun 25-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsidir. Bu zaman subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (Qanunun 25.1.3-cü maddəsi). Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır (Qanunun 25.2-ci maddəsi). Hazırkı işdə Cavabdeh2 nəqliyyat vasitəsini idarəetmə hüququ (sürücülük hüququ) olmadan **-CU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı avtomobili idarə edərkən **-NN-*** dövlət qeydiyyat nişanlı “Subaru İmpreo” markalı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə həmin nəqliyyat vasitəsinin sürücüsü X5 az ağır, sərnişin Məmmədo v Namiq Hidayət oğluna isə ağır dərəcəli zərər yetirilmişdir. İş materiallarından görünür ki, nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh1 qanuni sahibliyində olmuşdur. Hadisə nətisəsində Cavabdeh2 CM-in 263-1.1-ci maddəsi ilə, Cavabdeh1 oğlu isə AR İXM-nin 152-3-cü (əvvəlki redaksiyası) maddəsi ilə təqsirli bilinmişdirlər. Eyni zamanda ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh2 tərəfindən idarə olunan **-CU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı avtomobil iddiaçı tərəfindən icbari qaydada sığortalandığından zərərçəkmiş şəxslərin sağlamlığına dəymiş zərər, hər birinə 1500 manat olmaqla, cəmi 3000 manat məbləğində pul sığortaçı şirkət tərəfindən ödənilmişdir. Qeyd edilməlidir ki, hazırki mülki iş üzrə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarəedən Cavabdeh2, eyni zamanda nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verən Cavabdeh1 da müvafiq yol-nəqliyyat hadisəsində təqsirli olmuşdur. Belə olan halda, iddia tələbi üzrə hər iki cavabdeh məsuliyyət daşımalıdır. Belə ki, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin hadisənin baş verdiyi və Cavabdeh1 təqsirli bilindiyi zaman qüvvədə olan AR İXM-nin 152-3-cü maddəsinin (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi) üçüncü bəndinə əsasən bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə — fiziki şəxslər yüz qırx manatdan yüz səksən manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilən hüququ olmayan şəxs ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Hazırki işdən isə görünür ki, Cavabdeh2 nəqliyyat vasitəsini idarə edərkən sürücülük hüququna malik olmayıb. Nəqliyyat vasitəsinin qanuni sahibi Cavabdeh1 isə həmin halları araşdırmadan avtomobili digər cavabdehə verməklə yolnəqliyyat hadisəsinin baş verməsinə zəmin yaratmışdır. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, hazırki mülki iş üzrə mübahisənin əsası olan hadisəsin baş verməsində hər iki cavabdehin təqsiri müəyyən edildiyindən iddiaçı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında onlardan tutulmasını tələb etməkdə haqlıdır. Sığorta ödənişinin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi sürücü X8 və sərnişin X4 sağlamlıqlarına dəymiş zərərə görə hər birinə ayrılıqda 1500 manat olmaqla, cəmi 3000 manat pul ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən məbləğlər cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sığorta ödənişi kimi ödənilmiş 3000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 50 manat pul müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 (üç min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1146/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1146/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver