Məhkəmə qərarları › İş №e-2(005)-1180/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1180/2024

25.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1180/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35, 15 saylı mənzil üzərində 1\2 hissədə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu ildə qanuni nikaha daxil olmuş, 2021-ci ildə nikah məhkəmə yolu ilə pozulmuşdur. Birgə nikahdan iki uşaq olmuşdur. Nikahın ləğvindən sonra uşaqlar məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmişdir. Ailə quran zaman cavabdehin adına olan ünvan 1 ünvanda yaşamışlar. Övladları həmin ünvanda anadan olmuş və hazırda da qeydiyyatdadırlar. Sonradan ailənin böyüməsini, mənzilin otaq sayının az olduğunu nəzərə alıb, yeni mənzil almaq qərarına gəlmişlər. Mənzili satıb Sabit Rəhman küçəsi, ev 35, 15 saylı mənzildə 4 otaqlı sahəsi 180.2 kv.m olan mənzil almış, xx.xx.2019-cu ildə RX seriyalı, ******* saylı çıxarışla Cavabdeh adına rəsmiləşdirmişlər. Yeni mənzil alınan zaman onun valideynləri tərəfindən 130000 manat pul əlavə edilmişdir. Nikah pozulandan uşaqları ilə həmin ünvanda yaşaya bilmirlər, baxmayaraq ki, orada qeydiyyatdadırlar. Cavabdeh tez-tez mənzili satmaq istədiyini bildirir. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 mülki işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35a, 40 saylı mənzil nikahdan əvvəl cavabdehin mülkiyyətində olmuşdur. Həmin mənzili xx.xx.2019-cu il tarixdə notarial qaydada X2 məxsus mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35, 15 saylı mənzil ilə dəyişmişdir. Mübahisə predmeti olan mənzil birgə nikah dövründə əldə edilmiş vəsait hesabına əldə alınmamış və bu səbəbdən mənzil ümumi birgə əmlak hesab edilə bilməz. İddiaçının valideynləri tərəfindən mənzilin alınması üçün 130000 manat pulun verilməsi həqiqətə uyğun deyildir. Belə ki, mənzillər dəyişdirilərkən mənzillərin fərqi cavabdeh tərəfindən deyil, mübahisə predmeti olan mənzilin əvvəlki mülkiyyətçisi X3 tərəfindən cavabdehə 50000 manat pul ödəmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35, 15 saylı mənzil xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır; Nərimanov Rayon Məhkəməsinin 2(005)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsində 1797 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35a, 40 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2009-cu il tarixli 19 nömrəli protokoldan çıxarışa və 36 nömrəli forma 2 arayışına əsasən xx.xx.2009-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-25 saylı, xx.xx.2019-cu il tarixli dəyişmə müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri 18 saylı notariat ofisinin D-21/14 saylı, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, notariat ofisində xx.xx.2021-ci il tarixdə yanğın hadisəsi baş vermiş, yanğınla əlaqədar olaraq xx.xx.2019-cu il tarixli Dəyişmə Müqaviləsi və müqaviləyə əlavə edilmiş sənədlər yanmışdır; xx.xx.2019-cu il tarixli Dəyişmə müqaviləsinin surətindən görünür ki, “birinci tərəf” X3 ona məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35, 15 saylı mənzili “ikinci tərəf” Cavabdeh məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35a, 40 saylı mənzil ilə dəyişmişdir. Müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, dəyişdirilən əmlakın fərqi müqabilində tərəf X3 digər tərəf Cavabdeh 50000 manat notariusun bankda açılan depozit hesabı vasitəsi ilə pul ödəmişdir; ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 004184 nömrəli, xx.xx.2004-cü il tarixli orderinə, "xxxx" MTK-nın 46 nömrəli, xx.xx.2008-ci il tarixli maliyyət arayışına və forma-2 arayışına əsasən Bakı şəhəri, S.Rəhman küçəsi, ev 35, mənzil 15 ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-25 saylı, xx.xx.2019-cu il tarixli dəyişmə müqaviləsinə əsasən həmin mənzil Cavabdeh adına qeydiyyatdan keşmişdir və hazırda mülkiyyətindədir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2009-cu il tarixdə nikah rəsmiləşdirilmiş və daha sonra 2021-ci ildə nikaha məhkəmə qətnaməsi əsasında xitam verilmişdir. Birgə nikah dövründə, yəni xx.xx.2019cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35, 15 saylı mənzil cavabdehin adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin mənzili ümumi birgə mülkiyyət hesab edərək, üzərində ½ hissədə mülkiyyət hüququnun tanınmasını xahiş edir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35, 15 saylı mənzili əvvəllər ona məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35a, 40 saylı mənzilin dəyişməsi yolu ilə əldə etdiyini, yəni mübahisə predmeti olan mənzilin ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmadığını bildirir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225-ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Hazırki işin faktiki hallarından göründüyü kimi hər iki şərtin eyni zamanda mövcudluğu işdə olan sübutlara əsasən öz təsdiqini tapmamışdır. Belə ki, qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı qeyd edilən əmlakın bölünməsini tələb etməkdə haqlı deyildir. Görünür ki, ½ hissəsinə mülkiyyət hüququ tələbi irəli sürülən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35, 15 saylı mənzil ümumi mülkiyyətdə olan əmlak hesab edilməsi üçün nikah dövründə əldə edilməsi faktı ilə uyğunlaşsa da, onun birgə vəsait hesabına əldə olunması tələbi ilə ziddiyət təşkil edir. Həmin əmlak cavabdehin nikahdan əvvəl mülkiyyətində olmuş digər mənzilin dəyişdirilməsi nəticəsində əldə edilmiş və mübahisə predmeti olan mənzilə cavabdehin mülkiyyət hüququ əvvəlki mənzilin dəyişməsiylə əlaqədar törənmişdir. Göründüyü kimi mübahisə predmeti olan mənzil ərarvadın ümumi gəlirləri hesabına deyil, cavabdehin əvvəlki əmlakının hesabına əldə edilmiş və bu səbəbdən həmin mənzil ər-arvadın ümumi birgə mülkiyyəti kateqoriyasına aid edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində mübahisə predmeti olan mənzilin alınması üçün onun valideynləri tərəfindən 130000 manat məbləğində verildiyini iddia edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, dəyişmə müqaviləsinə əsasən dəyişdirilən əmlakın fərqi müqabilində mənzilin əvvəlki mülkiyyətçisi X3 cavabdeh X2 50000 manat məbləğində pul ödəmişdir. Bu hal iddiaçının mənzilin alışı üçün valideynləri tərəfindən 130000 manat pulun verilməsini təkzib edir. Mübahisə predmeti alınan zaman iddiaçının dediklərinin əksinə cavabdehə 50000 manat pul ödənilmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azarbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar