Məhkəmə qərarları › İş №e-2(005)-1253/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1253/2022

21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1253/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "Volvo S-80 minik" markalı, **-ON- *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dəymiş faktiki zərərin əvəzi olaraq 7810 manat, nəqliyyat vasitəsinin dəyərinin itirməsinin əvəzi olaraq 3000 manat, hadisə nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manat olmaqla ümumilikdə 12810 manat məbləğin, o cümlədən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,43 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 11 yanvar 2022-ci il tarixdə, saat 18:31-də Cavabdeh MMC-nin sürücüsü X7 Cəmiyyətə məxsus İsuzu NHR 55E Yük markalı, **-JY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Bakı şəhəri, Ə.Cəmil küçəsi, Renessans Palace yaşayış kompleksinin yeraltı qarajında yolayrıcını keçmə qaydalarını kobud şəkildə pozmuş, nəticədə iddiaçıya məxsus Volvo S80 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş, iddiaçıya məxsus nəqliyyat vasitəsinin ön sol və yan hissələrini əzmişdir. Yasamal rayon X14 şöbəsi tərəfindən müvafiq olaraq xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli “İnzibati xəta haqqında” Protokol tərtib edilmiş, protokol əsasında Cəmiyyətin sürücüsü X1 rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta üzrə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Volvo Azərbaycan şirkətinin rəsmi servisi olan "xxxx" QSC tərəfindən verilmiş Qüsur Aktına əsasən, baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus Volvo S80 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 12810 manat məbləğində zərər dəymişdir. Cəmiyyətə məxsus nəqliyyat vasitəsinin icbari dövlət sığortasını həyata keçirmiş "xxxx" ASC tərəfindən ona məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq qanunvericilikdə nəzərdə tutulmuş yuxarı hədd olan 5000 manat ödəniş həyata keçirilmiş, zərərin qalan hissəsi-7810 manat məbləğ isə ödənilməmiş qalmışdır. Bundan əlavə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsi əmtəə dəyərini müəyyən miqdarda itirmiş, bununla da iddiaçıya əlavə zərər də dəymişdir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən görünür ki, zərər 2 yerə bölür: real zərər və əldən çıxmış fayda. Əmlakın zədələnməsi real zərərə aiddir. “Əmlak” isə ümumi anlayışdır: mənzil, qaraj, avtomobil və digər əşyalar əmlakdır. Ona görə də real zərərin həcmi müəyyən edilərkən hər bir əşyanın özünəməxsus xüsusiyyəti nəzərə alınmalıdır. Avtomobilin xüsusiyyəti odur ki, o, qəzaya uğradıqda (mexaniki zədə aldıqda) əmtəə dəyərini itirir. Belə ki, qəza keçirmiş avtomobil təmir olunsa da, qəza keçirməmiş bənzər digər bir avtomobildən ucuz satılır. Əmtəə dəyərinin itirilməsi - nəqliyyat vasitəsinin dəyərinin azalmasını ifadə edir, o, yol nəqliyyat hadisəsi və sonrakı təmir səbəbiylə ayrıayrı detalların, bənd və aqreqatların, birləşmə və qoruyucu örtüklərin möhkəmliyinin və uzunömrlüyünün azalması nətisəsində nəqliyyat vasitəsinin vaxtından əvvəl əmtəə (xarici) görünüşünün və istismar keyfiyyətlərinin pisləşməsi ilə yaranır. Buna görə nəqliyyat vasitəsinin təmirinin və ehtiyat hissələrin dəyəri ilə yanaşı əmtəə dəyərinin itirilməsi də real zərərə aiddir, onun əvəzinin ödənilməsindən imtina oluna bilməz. O da qeyd olunmalıdır ki, yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsini iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında həyat yoldaşı X4 idarə etmiş, hadisə nəticəsində fiziki və mənəvi sarsıntı keçirmişdir. Bundan əlavə, hadisənin baş verdiyi tarixdən indiyədək nəqliyyat vasitəsindən məhrum olmuş, gündəlik iş və şəxsi həyatında zamanı böyük çətinliklər üzləşmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən iddiaçı müvafiq olaraq mənəvi zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 12.810 manat məbləğin, o cümlədən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,43 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia ərizəsində yol nəqliyyat hadisəsi zamanı ona məxsus olan nəqliyyat vasitəsinə guya ümumilikdə 12.810 manat məbləğində ziyanın vurulduğunu iddia edərək, həmin vurulmuş ziyanın 5.000 manat olan hissəsinin sığorta şirkəti tərəfindən qarşılandığını nəzərə alaraq, hal-hazırda ziyanın 7.810 olan hissəsinin olduğunu iddia edir. İş materiallarından göründüyü kimi, iddiaçıya məxsus **-ON-*** nömrəli avtomobil “VOLVO S80” markalıdır. xx.xx.2022-ci il tarixə olan “turbo.az” saytından əldə etdilmiş açıq məlumata görə həmin markalı avtomobilin satıcılar tərəfindən ilk təklif qiyməti 9.800 - 9.900 ABŞ dolları təşkil edir ki, həmin dəyəri manata konveryasiya etdiyimiz halda 16.660 manat göstəriciləri əldə edə bilərik. Hazırki halda iddiaçının təqdim etdiyi qüsur aktından da görünür ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya nəqliyat vasitəsi məhv edilməmiş, onun qabaq kapot, sağ fara, qabaq buffer və digər xırda detallarına ziyan vurulmuşdur və həmin ziyan sığorta şirkəti tərəfindən qarşılanmışdır. Bu baxımdan da iddiaçı ona vurulmuş ziyanın dəyərini şişirtmişdir. Bununla yanaşı iddiaçı ona məxsus olan nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi zamanı əmtəə dəyərindən 3.000 manat itirilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli qərarına əsasən plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən ona 2.000 manat dəyərində mənəvi zərərin vurulması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bu baxımdan da hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı ümumilikdə 12.810 manat məbləğin, o cümlədən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,43 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə iddia tələbi əsassızıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli AD seriyalı 239893 nömrəli X2 Şəhadətnaməsindən görünür ki, "Volvo S-80 minik" markalı, **-ON-*** dövlət qeydiyyat nömrəli (buraxılış ili 2016-cı il, rəngi-tünd göy metallik) nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AE seriyalı 001993 nömrəli X2 Şəhadətnaməsindən görünür ki, "İsuzu NHR 55E yük" markalı, **-JY-*** dövlət qeydiyyat nömrəli (buraxılış ili 2006-cı il, rəngi-AĞ) nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətindədir. İş materiallarında olan Yasamal rayon X14 şöbəsi tərəfindən verilmiş TP ******* nömrəli inzbati tənbeh tədbiri barədə xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə saat 18:31 də Ə.Cəmil (Renassans Palace qaraj) ərazisində "İsuzu NHR 55E yük" markalı, **-JY-*** dövlət qeydiyyat nömrəli yol ayrıcı keçmə qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə təqsirləndirilərək 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Scandinavian Auto QSC tərəfindən verilmiş Qüsur Aktından görünür ki, "Volvo S-80 minik" markalı, **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına ümumilikdə 12810 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Scandinavian Auto QSC tərəfindən verilmiş AZ040/22 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, "Volvo S-80 minik" markalı, **-ON-*** dövlət qeydiyyat nömrəli avtomobilə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və avtomobilin saz vəziyyətdə olduğu müəyyən edilmidir. Eyni zamanda müayinənin aparıldığı tarixə avtomobilin bazar qiyməti 42500 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, "Volvo S-80 minik" markalı, **-ON-*** dövlət qeydiyyat nömrəli avtomobil X8 tərəfindən X5 36500 manat müqabilində satılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3005 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, “Scandinavian Auto" QSC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Volvo S80” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10837,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin edilməlidir. Həmin rəyə əsasən 10837 manat olduğu müyyən edilsə də, iddiaçı ona icbari sığorta 5000 manat pulun ödənildiyini iddia ərizəsində və məhkəmə iclasında da bildirmişdir. Bu səbəbdən bu məbləğ iddia tələbi təmin edilərkən nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslandığı avtomobilin əmtəə dəyərinin itirməsinə görə 3000 manat hissəsində təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli yoxlaması zamanı dəyəri 42500 manat manat müəyyən edilmişdir. Lakin xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, "Volvo S-80 minik" markalı, **-ON-*** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı tərəfindən X5 36500 manat müqabilində satılmışdır. Belə olan halda təqdim edilmiş sübutlardan göründüyü kimi avtomobilin bazar dəyəri azalmışdır. Bundan başqa iddiaçı hadisə zamanı və hadisədən sonrakı dövr üzrə dəymiş mənəvi zərərə görə 2000 manat mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə tələbin qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı tərəf həmin hissədə iddianın təmin edilməsi əsasını təşkil edən sübutları məhkəməyə tam təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Hazırda məhkəmə ümumilikdə mübahisə predmeti üzrə apardığı araşdırmada qəza hadisəsinin baş verdiyini və qəza anında insanın qorxu və həyəcanlanması, habelə qalıcı olmayan psixolji sarsıntı keçirmə faktının təkzib olunmaz olması səbəbindən cavabdeh tərəfindən vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pulun iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 128,43 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh MMC-dən iddiaçıya məxsus Volvo S80 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş faktiki zərərin əvəzi olaraq 7810 manat, nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirməsinin əvəzi olaraq 3000 manat, hadisə nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 500 manat olmaqla, cəmi 11310 manat məbləğin, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 128,43 manat pulun tutularaq İddiaçı ödənilməli, habelə aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh MMC-dən tutularaq, 100 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçiriməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən iddiaçıya məxsus Volvo S80 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş faktiki zərərin əvəzi olaraq 7810 manat, nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirməsinin əvəzi olaraq 3000 manat, hadisə nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 500 manat olmaqla, cəmi 11310 manat məbləğin, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 128,43 manat pulun tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh MMC-dən tutularaq, 120 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar