Məhkəmə qərarları › İş №e-2(005)-1301/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1301/2025

24.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1301/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 MTK-ya qarşı çıxarışın ləğvi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 MTK-ya qarşı çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MTK tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanla F.Əsədov küçəsi, giriş 10, M 5, m32) ünvanında yerləşən mənzilə verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı və MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli, 14 saylı protokolunun etibarsız hesab edilməsi, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tərtib edilməklə Bakı şəhər, Nərimanov rayon, Ə.Dəmirçizadə küçəsi ünvanında yerləşən mənzilə verilmiş xx.xx.2024-cü il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, hüquqi yardımın göstərilməsi üçün xx.xx.2024-cü il tarixli, EM-1181VK- 17501/24 saylı müqavilə üzrə 18 saylı Bakı Vəkil Bürosuna ödənilmiş 500 manat pulun, dövlət rüsumunun əvəzi kimi 100 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh3 MTK arasında YMB 067 saylı, xx.xx.2020-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən 99,6 kv.m yaşayış, ümumi sahəsi 116,0 kv.m olan, 3 otaqlı, 32 saylı mənzil əldə etmişdir. Mənzilə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün DƏDRX-nə müraciət edildikdə cavabdeh orqan tərəfindən bundan imtina edilmiş və bildirilmişdir ki, Bakı şəhər, Nərimanov rayon, Ə.Dəmirçizadə küçəsi ünvanında yerləşən mənzilə Cavabdeh3 MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı və MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli, 14 saylı protokoluna əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 çıxarış verilməklə, mülkiyyət hüququ qeydə alınmışdır. Bununla bağlı tərəfindən araşdırma aparılmış və cavabdeh MTK-nın vəkil sorğusuna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında YMB 017 saylı müqavilə bağlanmış və MTK-nın inşa etdiyi binanın B bloku, 5-ci mərtəbəsindən ümumi sahəsi 165,1 kv.m olan 34 saylı mənzil Cavabdeh1 satılmışdır. Eyni zamanda xx.xx.2020ci il tarixdə MTK ilə onun arasında YMB 067 saylı müqavilə imzalanmış və binanın B bloku 5-ci mərtəbə ümumi sahəsi 116 kv.m olan 32 saylı mənzil ona satılmışdır. xx.xx.2024-cü il tarixdə maliyyə arayışı və ümumi yığıncağın protokolundan çıxarış tərtib edilərkən, qapı nömrələrinin dəyişdirilməsindən xəbərsiz olan MTK nümayəndələri X3 təqdim etdiyi sənədə mənzil nömrəsini 34 əvəzində 32 kimi qeyd etmişdir. DƏDRX-nin əməkdaşları isə öz növbəsində sənədləri tədqiq edərkən, müqavilə ilə digər sənədlər arasında olan uyğunluğu yoxlamadan, həmçinin binanın layihəsinə və mənzilin faktiki yerləşməsini analiz etmədən yanlışlıqla sözügedən 32 saylı ona məxsus olmaqla, onun faktiki sahiblik və istifadəsində olan mənzilə digər şəxsin adına mülkiyyət hüququnun qeydə alınması barədə çıxarış vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 MTK-nın nümayəndəsi X5 bildirmişdir ki, olanlar hamısı mexaniki səhvə görə baş vermiş, 32 nömrəli mənzil iddiaçıya məxsusdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və ya onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli Müqavilənin ləğvinə dair müqavilədən görünür ki, “Satıcı” Cavabdeh1 və “Alıcı” X2 arasında xx.xx.2024-cü il tarixdə 4Ə-2393 nömrəli reyestrlə AZ 1008 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 148,1 kv.m olan mənzilin 260000 manat qiymətinə satılmasına dair alqı-satqı müqaviləsi təsdiq olunmuş və həmin müqavilə dövlət qeydiyyatına alınmamışdır. Tərəflər xx.xx.2024-cü il tarixli, 4Ə-2393 nömrəli reyestrlə təsdiq olunmuş alqı-satqı müqaviləsinin ləğv olunması barədə razılığa gəlmişlər; xx.xx.2024-cü il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” Cavabdeh1 AZ 1008 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 148,1 kv.m olan mənzili 260000 manat qiymətinə “Alıcı” X1 mülkiyyətinə vermişdir; AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, yeni qaydalarla AZ 1008 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 148,1 kv.m olan mənzil xx.xx.2024-cü il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir; Cavabdeh3 MTK-nın xx.xx.2024-cü il tarixli, 705618 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən yaşayış kompleksində, bina “B” ümumi sahəsi 165,1 kv.m olan 3 otaqlı, 5-ci mərtəbə, mənzil 32 üçün tam ödəniş etmişdir, heç bir borcu yoxdur; Cavabdeh3 MTK-nın xx.xx.2024-cü il tarixli, 14 saylı MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışdan görünür ki, vətəndaş Cavabdeh1 Cavabdeh3 MTKya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov 8, 10, 12 ünvanlarında inşa olunan 14, 15 və 16 mərtəbəli 255 mənzilli yaşayış kompleksində bina B, mərtəbə 5, müqavilənin 3.2.7-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 165,1 kv.m olan, 3 otaqlı, 32 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır; xx.xx.2024-cü il tarixli Cavabdeh3 MTK-nın cavab məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında YMB 017 saylı müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh1 MTK-nın özünün adlandırdığı B bloku 5-ci mərtəbə, ümumi sahəsi 165,1 kv.m olan 34 saylı mənzilin sərmayeləşdirilməsində iştirak etmişdir. Digər tərəfdən xx.xx.2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh3 MTK arasında YMB 067 saylı müqavilə bağlanmışdır. Eyni qayda ilə müqavilənin şərtlərinə əsasən İddiaçı B bloku 5-ci mərtəbə, ümumi sahəsi 116,0 kv.m olan 32 saylı mənzilin sərmayeləşdirilməsində iştirak etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 Cavabdeh3 MTK-nın ofisinə gələrək öz mənzilinə dair çıxarış almaq üçün sənədləri tələb etmişdir. Şirkətin nümayəndəsi isə sözügedən şəxsə maliyyə arayışı və ümumi yığınacağın protokolundan çıxarış təqdim etmişdir. Lakin tikinti zamanı binada mənzillərin qapı nömrələrinin yerdəyişməsindən xəbərsiz olan nümayəndə Cavabdeh1 sənədlərində ümumi sahəsi 165,1 kv.m olan mənzil 34 əvəzinə, səhvliklə ümumi sahəsi 165,1 kv.m olan mənzilə 32 nömrəsi qeyd etmişdir; xx.xx.2018-ci il tarixli, YMB 017 saylı müqavilədən görünür ki, “Sərmayəçi” Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış evinin tikintisinin sərmayeləşdirilməsində iştirak edir. “İcraçı” Cavabdeh3 MTK-nın sədri X5 isə yaşayış evi istifadəyə verildikdən sonra 34 saylı mənzilin, ümumi sahəsi 165,1 kv.m, 3 otaqlı, 5-ci mərtəbə “Sərmayəçi”yə verilməsini öhdəsinə götürür. Ödəniləcək məbləğ 189865,00 manat təşkil edir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 8,10,12,32 saylı, ümumi sahəsi 148,1 kv.m, yaşayış sahəsi 97,6 kv.m olan, 3 otaqlı mənzil Cavabdeh3 MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına, Cavabdeh3 MTK üzvlərinin ümumi yığıncağının 0.04.2024-cü il tarixli, 14 nömrəli protokolundan çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; xx.xx.2020-ci il tarixli, YMB 067 saylı müqavilədən görünür ki, “Sərmayəçi” İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış evinin tikintisinin sərmayeləşdirilməsində iştirak edir. “İcraçı” Cavabdeh3 MTK-nın sədri X5 isə yaşayış evi istifadəyə verildikdən sonra 32 saylı mənzilin yaşayış sahəsi 99,6 kv.m, ümumi sahəsi 116,0 kv.m, 3 otaqlı, 5-ci mərtəbə “Sərmayəçi”yə verilməsini öhdəsinə götürür. Ödəniləcək məbləğ 139200,00 manat təşkil edir; Cavabdeh3 MTK-nın xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən yaşayış kompleksində, bina “B” ümumi sahəsi 116,0 kv.m olan 3 otaqlı, 5-ci mərtəbə mənzil 32 üçün tam ödəniş etmişdir, heç bir borcu yoxdur; Cavabdeh3 MTK-nın xx.xx.2024-cü il tarixli, 14 saylı MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı Cavabdeh3 MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov 8, 10, 12 ünvanlarında inşa olunan 14, 15 və 16 mərtəbəli 255 mənzilli yaşayış kompleksində bina B, mərtəbə 5, müqavilənin 3.2.7-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 116,0 kv.m olan, 3 otaqlı, 32 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Dəmirçizadə, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində layihələndirilən çoxmərtəbəli yaşayış binalarının Eskiz layihəsindən görünür ki, 3-cü blokda 32 saylı mənzilin yaşayış sahəsi 99,6 kv.m, ümumi sahəsi 116 kv.m, 34 saylı mənzilin yaşayış sahəsi 148,6 kv.m, ümumi sahəsi 165,1 kv.m təşkil edir; Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, yaşayış evinin tikintisinin sərmayeləşdirilməsində iştirak edən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən yaşayış kompleksində, bina “B”, ümumi sahəsi 116,0 kv.m olan 3 otaqlı, 5-ci mərtəbə, 32 saylı mənzilin ona verilməsi barədə Cavabdeh3 MTK ilə xx.xx.2020-ci il tarixli, YMB 067 saylı müqavilə bağlamışdır. Həmçinin Cavabdeh3 MTK tərəfindən yaşayış evinin tikintisinin sərmayeləşdirilməsində iştirak edən Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən yaşayış kompleksində, bina “B”, ümumi sahəsi 165,1 kv.m olan 3 otaqlı, 5-ci mərtəbə, 34 saylı mənzilin verilməsi barədə xx.xx.2018-ci il tarixli, YMB 017 saylı müqavilə imzalanmışdır. Bu müqavilə əsasında Cavabdeh3 MTK-nın xx.xx.2024-cü il tarixli, 14 saylı MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış ilə Cavabdeh1 34 saylı mənzil əvəzinə yanlışlıqla 32 saylı mənzilin payçısı olduğu təsdiq edilmiş və Cavabdeh3 MTK-nın xx.xx.2024-cü il tarixli, 705618 saylı maliyyə arayışında da Cavabdeh1 32 saylı mənzil üçün tam ödəniş etməsi öz əksini tapmışdır. Həmin çıxarış və maliyyə arayışı rəhbər tutulmaqla, AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ümumi sahəsi 148,1 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 8,10,12 mənzil 32-yə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə çıxarış verilmişdir. Daha sonra İddiaçı Cavabdeh3 MTK-dan müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən yaşayış kompleksində, bina “B” ümumi sahəsi 116,0 kv.m olan 3 otaqlı, 5-ci mərtəbə, 32 saylı mənzilə mülkiyyət hüququnu rəsmiləşdirmək üçün AR ƏMDX yanında DƏDRX-ya müraciət etsə də, həmin mənzil üzrə Cavabdeh1 adına çıxarış mövcud olduğuna görə bundan imtina edilmişdir. Hazırda İddiaçı mənzillərin nömrələrinin səhv qeyd edilməsinə görə mülkiyyət hüququnun qeydə alınmasına maneçilik törədən sənədlərin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Məhkəmə ilk növbədə iddiaçının tələb hüququnun mövcudluğuna münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən yaşayış kompleksində, bina “B”, ümumi sahəsi 116,0 kv.m olan 3 otaqlı, 5-ci mərtəbə, 32 saylı mənzilin xx.xx.2020-ci il tarixli, YMB 067 saylı müqavilə əsasında İddiaçı verilməsi Cavabdeh3 MTK ilə razılaşdırılmış, Cavabdeh3 MTK-nın xx.xx.2024-cü il tarixli, 14 saylı MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışı ilə İddiaçı 32 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır. Həmin müqavilə və protokoldan çıxarışın etibarsızlığı halı mövcud olmadığından, İddiaçı mənzil üzərində mülkiyyət hüququna malikdir və onunla əlaqədar yaranan mübahisə üzrə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, xx.xx.2018-ci il tarixli, YMB 017 saylı müqavilə ilə Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən yaşayış kompleksində, bina “B”, ümumi sahəsi 165,1 kv.m olan 3 otaqlı, 5-ci mərtəbə, 34 saylı mənzil üzərində Cavabdeh1 gözlənti hüququ meydana gəlmiş, Cavabdeh3 MTK-nın xx.xx.2024-cü il tarixli, 705618 saylı maliyyə arayışı və xx.xx.2024-cü il tarixli, 14 saylı MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış həmin müqavilənin əhatə etdiyi hüquqi münasibətlər əsas götürülməklə tərtib olunmuşdur. Yəni maliyyə arayışı və protokoldan çıxarışda Cavabdeh1 mülkiyyətində olan mənzil 32 saylı göstərilsə belə, buna qədərki müvafiq hallar, o cümlədən müqavilə bağlanarkən tərəflərin iradəsi nəzərə alınmalıdır ki, orada da müqavilə predmetinin 34 saylı mənzil olması aydın şəkildə özünü göstərir. İş materiallarından olan xx.xx.2024-cü il tarixli Cavabdeh3 MTK-nın cavab məktubu ilə tikinti zamanı binada mənzillərin qapı nömrələrinin yerdəyişməsindən xəbərsiz olan nümayəndənin Cavabdeh1 sənədlərində ümumi sahəsi 165,1 kv.m olan mənzil 34 əvəzinə, səhvliklə ümumi sahəsi 165,1 kv.m olan mənzilə 32 nömrəsini qeyd etməsi etiraf olunmuşdur. Cavabdeh1 mülkiyyətində olan əmlakın 32 saylı əmlak olmaması Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Dəmirçizadə, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində layihələndirilən çoxmərtəbəli yaşayış binalarının Eskiz layihəsi ilə də təsdiqini tapır. Belə ki, həmin layihədə 3-cü blokda 32 saylı mənzilin yaşayış sahəsinin 99,6 kv.m, ümumi sahəsinin 116 kv.m, 34 saylı mənzilin yaşayış sahəsinin 148,6 kv.m, ümumi sahəsinin 165,1 kv.m olması qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli, YMB 017 saylı müqavilə, xx.xx.2024-cü il tarixli, 705618 saylı maliyyə arayışı və xx.xx.2024-cü il tarixli, 14 saylı MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışda Cavabdeh1 sərmayeləşdirdiyi və paya malik olduğu tikilinin ümumi sahəsi 165,1 kv.m müəyyənləşdirilmişdir. Yəni 32 saylı mənzilin ölçüləri müvafiq sənədlər əsasında Cavabdeh1 verilmiş mənzilin ölçüləri ilə üst-üstə düşmür. İddiaçı və cavabdeh müqavilələr üzrə onlara verilmiş ayrı-ayrı mənzillərə faktiki olaraq sahiblik edirlər və Cavabdeh3 MTK tərəfindən yol verilmiş yanlışlıq nəticəsində iradə-məzmun uyğunsuzluğu yaranmışdır. AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış isə maliyyə arayışı və protokoldan çıxarışa əsasən verilmiş, müqavilələr və nömrələnmənin düzgün olub-olmaması nəzərə alınmamışdır. Beləliklə, məhkəmənin qənaətinə görə mülki hüquq münasibətləri subyektlərin iradəsinə əsaslandığından və ona uyğun ifadə edilmiş şərtlərlə həyata keçirildiyindən, iş üzrə sübutlar nəzərə alınıb, yol verilmiş yanlışlıqlarla İddiaçı 32 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasındakı əngəllər aradan qaldırılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh3 MTK tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanla F.Əsədov küçəsi, giriş 10, M 5, m32) ünvanında yerləşən mənzilə verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı və MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli, 14 saylı protokolu etibarsız hesab edilməli, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tərtib edilməklə Bakı şəhər, Nərimanov rayon, Ə.Dəmirçizadə küçəsi ünvanında yerləşən mənzilə verilmiş xx.xx.2024-cü il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinin səbəbi Cavabdeh3 MTK tərəfindən sənədlər tərtib edilərkən texniki yanlışlığa yol verilməsi olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə xərclərinin Cavabdeh3 MTK-ya aid edilməsi ədalətli olacaqdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı vəkilə hüquqi yardım üçün ödədiyi vəsaitin əvəzini cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin ərizəsi əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün vəkil bürosunun hesabına 500 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hüquqi yardıma görə ödənilmiş pulun ağlabatan hesab edir. Məhkəmə tərəfindən iddia tələbi təmin edildiyindən 18 saylı Bakı Vəkil Bürosuna ödənilmiş 500 manat pul və dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh3 MTKdan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3 MTK tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanla F.Əsədov küçəsi, giriş 10, M 5, m32) ünvanında yerləşən mənzilə verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı və MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli, 14 saylı protokolu etibarsız hesab edilsin. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tərtib edilməklə Bakı şəhər, Nərimanov rayon, Ə.Dəmirçizadə küçəsi ünvanında yerləşən mənzilə verilmiş xx.xx.2024-cü il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilsin. Hüquqi yardıma görə ödənilmiş 500 manat pul və dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh3 MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar