Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1323/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan xx.xx.2021ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.metr mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması, Cavabdeh1 MTK-nin üzərinə həmin mənzilin ona təhvil verilməsi və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə arasında 25 iyun 2019cu il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 MTK (icraçı) Abşeron rayon İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomomagistralının 14-cü km-də, A blok 5-ci mərtəbədə 2 otaqdan ibarət mənzili bir pay kimi ona (payçıya) verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi sahəsi 71,25 kv metr olmalı, hər kv.metrə görə 700 manat olmaqla cəmi 49875 manat ödəniş edilməli idi. Öhdəliyini yerinə yetirərək 17500 manat ödəniş etmiş, qalan ödənişlərini davam etdirmək istədikdə isə, MTK-dakı yoxlamalara görə ödənişləri hələlik qəbul etmədiklərini bir neçə dəfə ona bildirmişlər. 2023-cü ilin sentyabr ayında ona məlum olmuşdur ki, ona məxsus mənzili başqa şəxsə satmışlar və həmin şəxslər mənzilin onlara təhvil verilməyi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Mülki işin materiallları ilə tanış olan zaman məlum olub ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2021-ci il tarixli, “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən Cavabdeh1 MTK Abşeron Rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə, Xırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzili tikib, müqavilədə göstərilən vəziyyətdə Cavabdeh2 təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 isə həmin mənzilə görə mənzilin 1 kv.metrinin qiyməti 590 manat olmaqla, ümumilikdə 42000 manata Cavabdeh1 MTK-ya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin mənzilin pay dəyəri olan 42000 manat ödəniş tam olaraq ödənilmiş və bu barədə Cavabdeh1 MTK tərəfindən arayış verilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilə uydurma əqddir, başqa əqdi pərdələmək niyyəti ilə bağlanmışdır. Həmin müqavilə onunla MTK arasında bağlanmış müqavilədən sonra, hər kv.metri daha ucuz qiymətə razılaşmaqla bağlanmış pərdələnmiş müqavilədir. Belə ki, həmin müqavilə Cavabdeh1 MTK-nin əsassız varlanmaqla pul ələ keçirmək üçün bağladığı əqddir və etibarsızdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi müqavilədən, qəbzlərdən və maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 MTK ilə aralarında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən öhdəliyi yerinə yetirmişdir və hazırda da yerinə yetirməyə hazırdır. Odur ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “Mənzil tikintisi haqqında” müqavilə etibarsız hesab edilməli, Xırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzil onun mülkiyyəti hesab edilərək Cavabdeh1 MTK-nin üzərinə həmin mənzili ona təhvil vermək və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyi qoyulmalıdır. Cavabdehlər arasında müqavilə qanuna zidd bağlanmışdır, həmin müqavilə əsasında verilmiş maliyyə arayışı etibarsızdır. Çünki həmin mənzilə dair artıq onunla Cavabdeh1 MTK arasında müqavilə mövcud olmuşdur. Odur ki, cavabdehlər arasında olan xx.xx.2021-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilə iradə ifadəsi qüsurlu olan əqd kimi qiymətləndirilə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mənzilə dair müqavilə ilkin olaraq onlarla bağlanmışdır. Sadəcə həmin binanın rəhbərliyi həbs edildiyindən ödənişləri tam həyata keçirməmişlər. Cavabdeh2 ilə bağlanan müqavilə isə sonrakı tarixə aid olmaqla, formal xarakter daşıyır. Mənzilin qiyməti də həmin müqavilədə çox ucuz göstərilmişdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı (payçı) ilə Cavabdeh1 MTK (icraçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı Abşeron rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı Sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbə, izolə olunmuş 2 otaqdan, ümumi sahəsi 71,25 kv.m-dən ibarət mənzili payçıya verməyi, payçı isə 1 kv.m. 700 manat olmaqla, ümumi dəyəri 49875 manat olan mənzilə görə 10000 manat ilkin ödəniş etməyi, qalan məbləği isə aylıq 831 manat məbləğində ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışlarından aydın olur ki, İddiaçı sözügedən mənzilə görə, xx.xx.2019-cu il tarixdə 10000 manat, xx.xx.2019-cu il tarixdə 831 manat, xx.xx.2019-cu il tarixdə 831 manat, xx.xx.2019-cu il tarixdə 820 manat, xx.xx.2019-cu il tarixdə 830 manat, xx.xx.2020-ci il tarixdə 831 manat, xx.xx.2020-ci il tarixdə 831 manat, xx.xx.2020-ci il tarixdə 830 manat ödəniş etmişdir və qalıq borcu 33241 manat təşkil edir. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh2 (payçı) ilə Cavabdeh1 MTK (icraçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbə, izolə olunmuş 2 otaqdan, ümumi sahəsi 71,25 kv.m-dən ibarət mənzili payçıya verməyi, payçı isə 1 kv.m. 590 manat olmaqla, ümumilikdə 42000 manat məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına görə, payçı Cavabdeh2 sözügedən mənzilin dəyəri olan 42000 manatı tam ödəmişdir və Cavabdeh1 MTK-ya borcu yoxdur. İşin araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı “xx.xx.2021-ci iİ tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzilin iddiaçıya təhvil verilməsi və onun istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və məhkəmə xərclərinin cavabdehdən tutulması” barədə iddiasına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin xx.xx.2023-cü iİ tarixli, 2(005)-886/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədən üçüncü şəxs İddiaçı verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraatın hazırki işə baxılması ilə əlaqədar dayandırılması qərara alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş mübahisə predmeti - Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbə, izolə olunmuş 2 otaqdan, ümumi sahəsi 71,25 kv.m-dən ibarət mənzili ilə bağlı həmin MTK tərəfindən əvvəlcə İddiaçı ilə, sonradan isə Cavabdeh2 ilə müqavilələr bağlanmışdır. Həmin mənzilə görə İddiaçı 33241 manat borcu olsa da, Cavabdeh2 mənzilin dəyərini tam şəkildə ödəmişdir. İddiaçı məhz bu hala (ona satılan mənzilin sonradan təkrarən satılmasının qanunsuz olduğuna) istinadən cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini və xx.xx.2019-cu il tarixli müqavilə üzrə ona satılan mübahisəli mənzil üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınaraq mənzilin ona təhvil verilməsini, habelə təmirlə bağlı maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması isə qanunvericiliklə tənzimlənmişdir. Bu hal Mülki Məcəllənin 452-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə görə, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, mülki hüquq münasibətlərində fərdi-müəyyən əşyanı mülkiyyətə və ya istifadəyə vermək barədə əmlak (hüquq) sahibinin bir neçə şəxslə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır. Qey olunmalıdır ki, mənzil tikinti kooperativləri ilə bağlı yaranan mübahisələr həll edilərkən mənzil-tikinti kooperativi üzvünün yaşayış sahəsinə mülkiyyət hüququnu müəyyən edən Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin müddəaları əsas götürülməlidir. Həmin maddəyə uyğun olaraq, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələrinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayət üzrə 04 mart 2015-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyinə görə, mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Lakin Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair “legitim gözləntisi” olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. “Axverdiyeva Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət kimi qeydiyyata alınmadığına baxmayaraq, iddiaçının həmin evə mülkiyyəti onun gözlənilən hüququdur. Məhkəmə Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin məzmununa və Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqelərinə əsaslanaraq hesab edir ki, Cavabdeh2 mübahisələndiriln mənzilə mülkiyyət hüququ qeydə alınmasa da, onun həmin mənzilə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Bu hal da öz növbəsində, həmin mənzilə dair onunla Cavabdeh1 MTK arasında olan xx.xx.2021-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin etibarsız hesab edilməsi tələbinin əsaslı olmadığı qənaətinə gəlməyə əsas verməkdədir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı cavabdeh MTK ilə mənzilə dair daha əvvəl müqavilə bağlamış olsa da, həmin mənzilin müqavilə ilə nəzərdə tutulmuş dəyərini tam şəkildə ödəməmişdir, onun həmin mənzilə görə hazırda 33241 manat borcu qalmaqdadır. Cavabdeh2 isə MTK ilə bağladığı müqavilə üzrə mübahisəli mənzilin dəyərini tam şəkildə ödəmişdir. İddiaçının cavabdehə satılan mənzilin dəyərinin az göstərilməsi səbəbindən müqavilənin pərdələnmiş əqd olması dəlili ilə bağlı isə məhkəmə qeyd edir ki, mənzilin nisbətən ucuz qiymətə satılması həmin müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi üçün yeganə əsas kimi çıxış edə bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin faktiki əsası (faktiki halları) onun həmin tələbinin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Odur ki, onun həmin iddiası əsaslı sayıla və təmin edilə bilməz. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iddiaçının müqavilənin etibarsız hesab edilməsi tələbindən asılı olan digər, yəni mübahisəli mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması, Cavabdeh1 MTK-nin üzərinə həmin mənzilinin ona təhvil verilməsi və təmirlə bağlı maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması tələblərinin də əlavə əsaslandırma aparılmasına zərurət olmadan rədd edilməsi qənaətinə gəlir. Belə ki, mübahisəli mənzilə dair cavabdehlər arasında olan müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, iddiaçının digər tələblərinin dispozitiv şərtlərini də istisna edir. O da qeyd edilməlidir ki, müqavilə şərtlərinin məcburiliyi və icra edilməli olduğu nəzərə alınmaqla, hazırki iddianın təmin edilib-edilməməsindən asılı olaraq MTK-nın iddiaçı qarşısında yaranmış öhdəliyi qalacaqdır (zərərin əvəzinin ödənilməsi və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1323/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1323/2024
15.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver