Məhkəmə qərarları › İş №e-2(005)-137/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-137/2025

03.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-137/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı; Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı (açar sözlər: mənzillərin təhvil verilməsi, müqavilənin etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzillərin boşaldılması və mənzillərin təhvil verilməsi” barədə ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzillərin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 3 və ünvan 1 ünvanlarında yerləşən mənzillərin boşaldılması və cavabdeh tərəfindən mənzillərin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında 01 dekabr 2021-ci il tarixdə Reyesterdə 4Ə – 2483 № ilə qeyd olunmuş AN - Ⅰ № ******* seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125,40 kv.m olan mənzili İddiaçı satmışdır. Həmçinin, iddiaçı və cavabdeh arasında 01 dekabr 2021-ci il tarixdə Reyesterdə 4Ə – 2484 № ilə qeyd olunmuş AN - Ⅰ № ******* seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumisahəsi 163,90 kv.m olan mənzili İddiaçı satmışdır. Belə ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair (daşınmaz əmlakın dövlət reyestr nömrəsi: **********12- 05301-093048) və ünvan 3 ünvanında yerləşən mənzilə dair (Daşınmaz əmlakın dövlət reyestr nömrəsi: **********12-05301-093047) mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış və bununla bağlıçıxarışlar əldə etmişdir. Belə ki, Cavabdeh İddiaçı həmin mənzillərin boşaldılması üçün müddət verməsini xahiş etmiş və daha sonra həmin mənzilləri iddiaçıya təhvil verəcəyini bildirmişdir. Lakin, cavabdeh 01 dekabr 2021-ci il tarixdən bugünədək həmin mənzilləri iddiaçıya təhvil verməmişdir və iddiaçı bununla bağlı cavabdehə müraciət etdikdə, cavabdeh hər dəfə qısa müddət ərzində mənzilləri təhvil verəcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçının müraciətlərinə baxmayaraq, Cavabdeh 2 ilmüddətdir ki, həmin mənzilləri iddiaçıya boşaldıb, təhvil verəcəyi ilə bağlı vədlər verir. Hal-hazırda sözügedən mənzillərdə qanunsuz olaraq Cavabdeh ailə üzvləri yaşayırlar. Beləliklə,Cavabdeh İddiaçı mülkiyyət hüquqlarını, onun mülkiyyətində olan mənzillərdən maneəsiz istifadəsinə, mənzillərə dair sahiblik və ona dair sərəncam vermək hüquqlarını pozaraq onun mülkiyyətində olan mənzillərdən məhrum edir. Bu səbəbdən, cavabdeh tərəfindən həmin mənzillərin boşaldılması və iddiaçıya təhvil verilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə arasında: xx.xx.2021-ci il tarixdə notariat qaydada rəsmiləşdirilmiş reyestrdə 4Ə—2483 № ilə qeydə alınmış AN-İ№ ******* seriyalı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və xx.xx.2021-ci il tarixdə notariat qaydada rəsmiləşdirilmiş reyestrdə 4Ə—2484№ ilə qeydə alınmış AN-İ№ ******* seriyalı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdeh İddiaçı adına ünvan 4 ünvanında yerləşən mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışlar) ləğv edilməsinə; ilk iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərildiyi kimi, mülkiyyətində və faktiki sahibliyində/istifadəsində olan mənzillərə dair İddiaçıla aralarında aşağıdakı müqavilələr bağlanmışdır: xx.xx.2021-ci il tarixdə notariat qaydada rəsmiləşdirilmiş reyestrdə 4Ə—2483№ ilə qeydə alınmış AN-İ № ******* seriyalı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və xx.xx.2021-ci il tarixdə notariat qaydada rəsmiləşdirilmiş reyestrdə 4Ə—2484№ ilə qeydə alınmış AN-İ№ ******* seriyalı “daşınmaz əmlakın alqısatqı müqaviləsi”. İddiaçı iddia edir ki, “göstərilən müqavilələr əsasında mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən sahəsi 125.40 kv.m olan mənzilini və eyni ünvandakı sahəsi 163,90 kv.m olan 45 saylı mənzilini ona satmışdır”. İddiaçı qeyd edir ki, Nərimanov rayonu, A.Neymətulla küçəsi ev 250 ünvanında yerləşən 45 və 46 saylı mənzillərə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əldə etmişdir, hesab edir ki, həmin mənzillər mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı qeyd edir ki, guya, 2021-ci ilin 01 dekabr tarixindən indiyədək mənzillərin boşaldılaraq ona təhvil verilməsini ondan tələb etmiş, lakin mənzilləri təhvil verməmişdir və s. iddiaçı həmçinin, qeyd edir ki. mənzillərdə ailə üzvləri yaşayır, 2 müddətdə mənzilləri ona təhvil vermədiyinə görə, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, iddia tələbində iddiaçının, guya, mənim mülkiyyətimdə olan mənzilləri satın aldığı və ya mənim mülkiyyətimdə olan mənzilləri ona satmağımla bağlı qeyd etdikləri aramızdakı münasibətin həqiqi halına qətiyyən uyğun deyildir. Aramızda göstərilən müqavilələr rəsmiləşmiş olsa da, mən mülkiyyətimdə olan mənzilləri İddiaçı satmamışam, mənzilləri nəinki İddiaçı, hər hansı şəxsə satmaq niyyətim olmamışdır, heç İddiaçı da mənim mülkiyyətimdə olan mənzilləri satın almaq niyyəti olmamışdır. Aramızda mənzillərin alqı-satqısına dair münasibət yaranmamışdır, rəsmiləşmiş müqavilə isə yalan əqdlər olmaqla, aramızda olan borc münasibətinə görə təminat məqsədi daşımışdır. Belə ki, İddiaçı faizlə borc verən şəxs kimi tanındığından, 2021-ci ilin noyabr ayında ona borc pul verməsinə dair müraciət etmişəm, aramızda mənə borca pul verməsinə dair razılaşma olmuşdur. xx.xx.2021-ci il tarixdə notariat qaydasında müqavilələrin rəsmiləşdirlməsində məqsəd İddiaçı mənə verdiyi borc məbləğinə görə təminat məqsədi daşımışdır. 6. Belə ki, aramızdakı danışıqların nəticəsində, İddiaçı mənə verdiyi borcun müqabilində mənzilləri təminat olaraq onun adına rəsmiləşdirməyi istəmişdir. Verəcəyi 300 min manat borcu alqı-satqı müqaviləsində, guya, mənzillərin satış qiyməti kimi göstərmişik, hər mənizlə 150 min manat satış qiyməti yazılmaqla rəsmiləşdirmişik. İddiaçı faizə pul verən şəxs kimi yalnız bu şərtlə borc pul verməyə razılaşmış, həmin vaxt təcili borc pula ehtiyacım olduğundan mən də formal alqı-satqıya razılaşmışam. Əslində isə İddiaçı mənzil almaq niyyəti olmamışdır, mənim isə mənzil satmaq niyyətim olmamışdır. İddiaçı heç mənim mənzillərimə baxış keçirməmiş, ailə üzvlərim də mənzillərin “satışına dair müqavilələrdən” xəbərsiz olmuşlar. Hər biri 125 və 163 kv.m olan mənzillərin qiymətinin standart olaraq 150 min manat yazılması, A.Neymətulla küçəsində, yeni binada tam təmirli mənzillərin qiymətinin 150 min manatdan daha baha qiymətə olması və s. hallar aramızdakı müqavilələrin formal olmasının göstəricisidir. Eyni zamanda, 2021-ci ilin 01 dekabrından indiyədək İddiaçı mənzilə köçmək niyyətinin olmaması, məndən mənzili boşaltmağı tələb etməməsi də nəzərə alınmalıdır. Belə ki, aldığım borc məbləğini faizləri ilə birlikdə təxminən 2 il müddətində qaytarırdım. Sonradan borcun qaytarılmasında gecikmələr olduğundan, İddiaçı isə faizə əlavə faiz hesablamağa başladığından və bu cür hesablama ilə razılaşmadığımdan ödənişləri dayandırmışam. Ona görə də İddiaçı mənə qarşı iddia qaldırmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşı tərəfin qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, həmin iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, həmin iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: - Satıcı Cavabdeh və alıcı İddiaçı arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 01 dekabr 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən əmlakı 150.000 manat qiymətə alıcıya satmışdır. Müqavilənin 11-ci bəndinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinədək daşınmaz əmlakı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. - Satıcı Cavabdeh və alıcı İddiaçı arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 01 dekabr 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 3 ünvanında yerləşən əmlakı 153.000 manat qiymətə alıcıya satmışdır. Müqavilənin 11-ci bəndinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinədək daşınmaz əmlakı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 250, M9, m3) xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 250, M9, m4) xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş MH 01-006/24 saylı 22 iyun 2024-cü il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 250 ünvanında yerləşən 45 və 46 saylı mənzillərin bazar dəyəri 22 iyun 2024-cü il tarixinə ümumilikdə ******* (bir milyon iyirmi yeddi min) manat təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən əmlak 150.000 manat qiymətə, 01 dekabr 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən əmlak 153.000 manat qiymətə ilkin iddia üzrə iddiaçıya satılmışdır. İddiaçının əmlaklara dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış, bununla bağlı müvafiq çıxarış verilmişdir. Hazırda İddiaçı qeyd olunan mənzillərin boşaldılması və ona təhvil verilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ilə aralarında bağlanmış 01 dekabr 2021-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və mənzillərə dair İddiaçı adına aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). -146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi üzrə ünvan 1 və ünvan 3 ünvanında yerləşən mənzillərin tələb edilməsi tərəflər arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli tarixli alqı-satqı müqavilələrinin tələbləri baxımından satıcı – ilkin iddia üzrə Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin təmin edilməsini əhatə edir. Belə ki, müqavilələrin 11-ci bəndinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinədək daşınmaz əmlakları İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış öhdəliklər alıcı İddiaçı tərəfindən yerinə yetirilmişdir. Belə ki, qeyd olunan mənzillərin tərəflər arasında qarşılıqlı razılıqla müəyyən edilmiş dəyəri tam şəkildə notariusun depozit hesabına ödənilmişdir. Bu hal ünvan 6 ünvanlanmış mədaxil orderləri ilə öz təsdiqini tapır (mülki iş v. 148, 165). İlkin iddia üzrə iddiaçının mənzillərə dair mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və ona müvafiq çıxarışlar verilmişdir. Lakin Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, mənzillər alıcı İddiaçı təhvil verilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mənzillərin alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, ilkin iddia üzrə iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş əmlakların dəyərini tam şəkildə Cavabdeh ödəmiş, lakin sonuncu həmin mənzilləri İddiaçı təhvil verməyərək öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hazırda mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair ilkin iddia tələbini əsaslı hesab edərək, 01 dekabr 2021-ci il tarixli müqavilələr üzrə ilkin iddia üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsini İddiaçı qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir və ünvan 1 və ünvan 3 ünvanında yerləşən mənzillərin boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsini qanuni hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 340.1-ci maddəsinə əsasən, hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanan müqavilə uydurma əqd olaraq ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmayan yalnız görünüş üçün bağlanmış əqddir. - 340.2-ci maddəsinə əsasən, yalan əqd isə başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. -339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4- cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (İddiaçı şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında ilə formalaşdırılmış hüquqi mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi hazırda mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsinə dair hər-hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı qeyd olunan müqaviləni bağlamaq, əmlaklarını satmaq niyyətinin olmadığını, müqavilənin etibarsız hesab edilməli olduğunu iddia edir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Baxılan iş üzrə İddiaçı mübahisəli mənzilləri əldə edərkən həmin əmlak dövlət reyestrində iddiaçı Cavabdeh adına qeydə alınmışdır. Sonuncu tərəfindən mənzillər İddiaçı satılmış, alqı-satqı müqavilələri bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrdəki qeydə dair etiraz daxil edilməmişdir. Bununla yanaşı qeyd olunan alqı-satqı müqavilələri əsasında tərəflərin götürdükləri öhdəliklər yerinə yetirilmişdir. Belə ki, müqavilə üzrə nəzərdə tutulmuş məbləğlər notariusun depozit hesabına alıcı tərəfindən ödənilmiş, mənzillər alıcı İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş, bu barədə İddiaçı dövlət reyestrindən müvafiq çıxarışlar (mülki iş v. 7) verilmişdir. Mübahisələndirilən müqavilələrin etibarlılığına dair qanunda nəzərdə tutulmuş şərtlər gözlənilmiş, alqı-satqı müqavilələrinin hər ikisi notariat qaydada – Bakı şəhəri 51 saylı notariat ofisində təsdiqlənmiş və müqavilələrin etibarsızlığı üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı müqavilələrin etibarsız olmasını və tələbinin əsası kimi həmin müqavilələrin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona ödənilən pulun təminatı kimi bağlandığını bildirir. Başqa sözlə, iddiaçı onunla cavabdeh arasında bağlanmış alqısatqı müqavilələrinin yalan əqd olduğuna, digər əqdi, pərdələmək üçün bağlanıldığına istinad etmişdir. Yuxarıda istinad edilən Mülki Məcəllənin 340.2-ci maddəsinin mahiyyətinə görə yalan digər əqdi ört-basdır etməyə yönələn elə hərəkətdir ki, bu vaxt yalan əqd başqa münasibətləri və hüquqi nəticələri gizlətmək üçün bağlanır, yalan əqdi bağlayan tərəflər onun əsl məqsədini və yalan xarakter daşımasını bilir və belə gizli nəticənin əldə edilməsini arzu edirlər. Yalan əqdin əsas əlaməti kontragentlərin (subyektlərin) iradə bəyanın başqa nəticə əldə edilməsinə yönəlməsidir. Yalan əqddə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Əqd tərəflərindən yalnız birinin belə bir niyyətinin olması əqdin yalan hesab edilməsi üçün yetərli deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarında şərh edilən hüquqi mövqe baxımından müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Hazırki işdə tərəflərin hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyəti müəyyən edilməmiş, qarşılıqlı iddia tələbi üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən ona borc verilməsi, müqavilənin borcun təminatı olaraq bağlanması və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir (qəbz, şahid ifadələri və s.). Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə təqdim edilmiş sübutlarla tərəflər arasında bağlanmış müqavilənin yalan əqd olması halı müəyyən olunmur. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının mənzillərin satış qiymətlərinin aşağı olması barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, hazırkı işin halları baxımından yalnız əmlakların real dəyərindən aşağı qiymətə əldə edilməsi barədə dəlili notariat qaydada bağlanmış alqı-satqı müqavilələrinin etibarlılığını şübhə altına alan birmənalı hal kimi qiymətləndirilə bilməz. Belə ki, hər hansı bir əmlakın satış qiyməti onun bazar dəyəri ilə yanaşı alıcı və satıcının könüllü razılığı əsasında müəyyənləşir (MM m. 398) və bu razılığa əsasən əmlakın satış qiyməti onun bazar dəyərindən aşağı və yaxud yuxarı ola bilər. Bu qanunazidd hərəkət kimi qəbul edilmir. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinin tələblərinə əsasən hər bir şəxs azad surətdə müqavilə bağlamaq və onun şərtlərini müəyyənləşdirmək hüququna malikdir. Bundan başqa, həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi qanunvericilik tərəflər üçün məcburi qaydaların (imperativ normaların) tələbəri istisna olmaqla müqavilənin şərtlərini, o cümlədən satılan əşyanın qiymətini müəyyən etməkdə sərbəstlik vermişdir. Ona görə də müqavilə tərəfləri satılan əmlakın qiymətini bazar dəyərindən aşağı satılması barədə razılığa gələ bilərlər. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının İddiaçı ilə arasında xx.xx.2021-ci il tarixdə notariat qaydada rəsmiləşdirilmiş reyestrdə 4Ə—2483№ ilə qeydə alınmış AN-İ № ******* seriyalı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və xx.xx.2021-ci il tarixdə notariat qaydada rəsmiləşdirilmiş reyestrdə 4Ə—2484 № ilə qeydə alınmış AN-İ № ******* seriyalı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin “həmin müqavilələr əsasında cavabdeh İddiaçı adına ünvan 4 ünvanında yerləşən mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışlar) ləğv edilməsi” barədə ikinci hissəsi ilə bağlı qeyd edir ki, hazırda iddia tələbinin birinci hissəsi – çıxarışların verilməsinə əsas olmuş alqı-satqı müqavilələrinin etibarsız hesab olunması – təmin edilmədiyindən və mübahisəli əmlaklar qanuni əsaslarla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olduqlarından, əmlaklara dair İddiaçı adına aparılmış qeydiyyatın (çıxarışların) ləğv edilməsi barədə tələb də məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia tələbi üzrə iddiaçının rüsumun ödənilməsinə dair tələbi olmadığından, qarşılıqlı iddia tələbi rədd edildiyindən ilkin və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, İlkin iddia tələbi təmin edilməli, ünvan 3 və ünvan 1 ünvanlarında yerləşən mənzillər boşaldılaraq Cavabdeh tərəfindən İddiaçı təhvil verilməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı ilə arasında: xx.xx.2021-ci il tarixdə notariat qaydada rəsmiləşdirilmiş reyestrdə 4Ə— 2483№ ilə qeydə alınmış AN-İ № ******* seriyalı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və xx.xx.2021-ci il tarixdə notariat qaydada rəsmiləşdirilmiş reyestrdə 4Ə—2484 № ilə qeydə alınmış AN-İ№ ******* seriyalı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdeh İddiaçı adına ünvan 4 ünvanında yerləşən mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışlar) ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. ünvan 3 və ünvan 1 ünvanlarında yerləşən mənzillər boşaldılaraq Cavabdeh tərəfindən İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı ilə arasında: xx.xx.2021-ci il tarixdə notariat qaydada rəsmiləşdirilmiş reyestrdə 4Ə—2483№ ilə qeydə alınmış AN-İ № ******* seriyalı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və xx.xx.2021-ci il tarixdə notariat qaydada rəsmiləşdirilmiş reyestrdə 4Ə—2484 № ilə qeydə alınmış AN-İ№ ******* seriyalı “daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdeh İddiaçı adına ünvan 4 ünvanında yerləşən mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışlar) ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar