Məhkəmə qərarları › İş №e-2(005)-139/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-139/2023

16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-139/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Mahmud qızının iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Mahmud qızına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mahmud qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mahmud qızının üzərinə Bakı şəhəri, Atatürk prospekti, ev 29, mənzil 80-in su və kanalizasiya borularında su sızmasına səbəb olan nasazlıqların aradan qaldırılması öhdəliyinin qoyulması, onlara məxsus Bakı şəhəri, Atatürk prospekti, ev 29, mənzil 80-ə su sızması nəticəsində vurulmuş 2360 (iki min üç yüz altmış) manat maddi zərərin, 1000 (bir min) manat mənəvi zərərin, məhkəmə məsrəfləri kimi 210 (iki yüz on) manat vəkil haqqının, 200 (iki yüz) manat mütəxəssis rəyinin və 55 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, zərər vurulmuş ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh Mahmud qızı iddiaçı ilə qonşuluqda, üst mərtəbədə yaşayır və mənzilin sahibidir. Artıq on ilə yaxındır ki, həmin mənzildən mütəmadi olaraq yaşadığları mənzilin mətbəxinə, vanna otağına və tualetə su axıdılır. Bunun nəticəsində tavan bərbad hala düşmüş, çürümüş, divarların suvağı çatlamış, bir çox yerdə töklümüşdür. Göstərilən sahənin kafelləri qopmuş, divarların kərpicləri görünmüşdür. Dəhlizin bitişik divarları daima nəm və rütubətdir, artıq uzun illərdir ki, kif əmələ gəlmişdir. Bundan başqa divarların nəm olması su qızdırıcısını sıradan çıxartmış, onun işləməməsi səbəbindən məcburən sonuncunu yığışdırmışlar, bu da öz növbəsində rütubətin daha da artmasına səbəb olmuşdur. Bir sözlə mənzildə qəzalı antinsanitariya vəziyyəti yaranmışdır. Hazırkı vəziyyət nəticəsində səhhətləri kəskin şəkildə pozulmuşdur. Demək olar ki, hər an mərtəbələr arası tavan çökmə təhlükəsi ilə üz üzə qalmışdır. Bu isə nəinki sağlamlığa eləcə də insan həyatına da təhlükə yaratmışdır. Artıq vəziyyət dözülməz həddə çatmış nəticədə hər gün əsəb, stress hisləri keçirmiş dəfələrlə bununla əlaqədar tibbi yardıma müraciət etmişlər. Bu səbəbdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara həm mənəvi, həm də maddi zərər dəymişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, sonuncu bu halların aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Cavabdeh su borularının nasaz vəziyyətdə olduğu mənzili kirayə vermiş və ondan gəlir götürmüşdür. Kirayədə yaşayan şəxsləri bu vəziyyət qətiyyən maraqlandırmamışdır. Təbii ki, mənzilin mülkiyyətçisi bununla əlaqədar tam olaraq məsuliyyət daşıyır və nasazlıqların aradan qaldırılması bilavasitə onun borcudur. Mənzilə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün mütəxəssisə müraciət olunmuş və rəy alınmışdır. Belə, aparılmış hesablama və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən 74 saylı mənzilə su basması nəticəsində dəymiş maddi ziyanın məbləği 26 may 2022-ci il tarixinə 2360 (iki min üç yüz altmış) manat müəyyən edilmişdir. Rəyə əsasən “mənzilə su sızmanın mənbəyi üst qatdan daxil olmuş boru suyudur”. Yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus mənzilin tavanında və divarlarında su sızması nəticəsində izlərin olmaması ona dəlalət edir ki, yuxarı mərtəbədən su sızması yoxdur və sızma məhz 80 saylı mənzildə baş vermişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qeyd olunan mənzilə dəymiş zərər onun mənzili ilə bağlı olmadığını əsas gətirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 29, mənzil 74 ünvanda yerləşən mənzil 1/2 hissədə İddiaçı1, 1/2 hissədə İddiaçı2 mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 29, mənzil 80 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh Mahmud qızının mülkiyyətindədir; 26 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 74 saylı mənzilə su basması nəticəsində dəymiş maddi ziyanın məbləği 26 may 2022-ci il tarixinə 2.360 (iki min üç yüz altmış) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5573 nömrəli rəyinin nəticə hissəsinə əsasən ünvan 1-un 74 saylı mənzilin yuxarıda göstərilən tikililərin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini nəzərə alaraq 74 saylı mənzilə 80 saylı mənzildən su axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmanın texniki səbəbi 80 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. ünvan 1-un 74 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1712 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır; xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 29, mənzil 74 iddiaçılar İddiaçı1 və İddiaçı2, 80 nömrəli mənzili isə Cavabdeh Mahmud qızının mülkiyyətindədir. İddiaçı cavabdehin mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını və nəticədə ona 2360 manat məbləğində maddi ziyanın və dəymiş mənəvi ziyana görə 1000 (bir min) manat vurulduğunu iddia edir və həmin məbləği cavabdehdən tələb edir. xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə texniki-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/5573 nömrəli rəyinə əsasən ünvan 1-un 74 saylı mənzilin yuxarıda göstərilən tikililərin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini nəzərə alaraq 74 saylı mənzilə 80 saylı mənzildən su axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmanın texniki səbəbi 80 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. ünvan 1-un 74 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1712 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Bununla belə, məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçıların mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və cavabdehin mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla da, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır. Bu baxımdan, iş üzrə Cavabdeh Mahmud qızının üzərinə Bakı şəhəri, Atatürk prospekti, ev 29, mənzil 80-in su və kanalizasiya borularında su sızmasına səbəb olan nasazlıqların aradan qaldırılması öhdəliyi qoyulmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmçinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1-un 74 saylı mənzilin yuxarıda göstərilən tikililərin konstruktiv elementlərinin (divar,tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu eləcə də, mənzillərin planlı yerləşməsini nəzərə alaraq 74 saylı mənzilə 80 saylı mənzildən su axıdılması müəyyən edilmiş və su sızmanın texniki səbəbi 80 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verdiyi müəyyən olunmuşdur. Məhkəmə verilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək qeyd edir ki, iddia tələbinin- «Cavabdeh Mahmud qızının üzərinə Bakı şəhəri, Atatürk prospekti, ev 29, mənzil 80-in su və kanalizasiya borularında su sızmasına səbəb olan nasazlıqların aradan qaldırılması öhdəliyinin qoyulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Bununla belə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 1712 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X5 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətə görə 210 manat, mütəxəssis rəyinə görə ödənilmiş 200 (iki yüz) manat cavabehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün 210 manat ödənilməsi barədə iddiaçı hər hansı sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin oluna bilməz. Məhkəmə həmçinin iddianın ödənilmiş 200 manat mütəxəssis rəyinin alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır, təmin olunmalıdır Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh Mahmud qızından vurulmuş maddi zərərə görə 1712 manat məbləğində pul, mütəxəssis rəyinin verilməsi ilə bağlı 200 manat İddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (2360+1000+210+200) 3770 manatın 1912 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun 39,12 (otuz doqquz manat on iki qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin Cavabdeh Mahmud qızından tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Mahmud qızının üzərinə Bakı şəhəri, Atatürk prospekti, ev 29, mənzil 80-in su və kanalizasiya borularında su sızmasına səbəb olan nasazlıqların aradan qaldırılması öhdəliyi qoyulsun. Cavabdeh Mahmud qızından 1712 (bir min yeddi yüz on iki) manat məbləğində maddi ziyan, mütəxəssis rəyinin verilməsi ilə bağlı 200 (iki yüz) manat, ümumilikdə 1912 (bir min doqquz yüz on iki) manat və 39.12 (otuz doqquz manat on iki qəpik) dövlət rüsumu tutularaq, iddiaçı Cavabdeh Mahmud qızına ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat Cavabdeh Mahmud qızından tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar