Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1416/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı liftə quraşdırılmış kart sistemi qurğusunun və təhlükəsizlik kamerasının sökülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair mülki iş (açar sözlər: binanın idarə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması, liftə quraşdırılmış kart sisteminin və kamera sisteminin sökülməsi) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı liftə quraşdırılmış kart sistemi qurğusunun və təhlükəsizli kamerasının sökülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsi, D girişində yerləşən liftə quraşdırılmış kart sisteminin və liftin daxilinə quraşdırılmış müşahidə kamerasının sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə verərək Cavabdeh2 MMC-nin də cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Sözügedən mənzil xx.xx.2024 cü il tarixli, 105 nömrəli “Əvəzləşdirmə müqaviləsi” ilə Cavabdeh1 MTK-dən alınmışdır. Hazırda cavabdeh "xxxx" MTK binada olan liftlərin daxilinə müşahidə kameraları yerləşdirmiş, həmçinin liftfən istifadə olunması üçün kart sistemi yaradaraq, komunal borcu olan şəxslərin mülkiyyətində olan mənzillərindən istifadə etməsinə məhdudiyyət yaratmışdır. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, binada bütün işlər yekunlaşmışdır. Binanın təhvil verilməməsi üçün bir maneə yoxdur. Buna baxmayaraq MTK binanı təhvil verməkdən yayınır. MTK binanın 2030-cu ildən sonrakı tarixdə təhvil veriləcəyini bildirir. Bu isə sakinlərin haqlı narazılığına səbəb olur. Binadakı mənzillərin yarısından çoxu satılmışdır. Binada liftlərin daxilinə müşahidə kameraları yerləşdirmiş, həmçinin liftdən istifadə olunması üçün kart sistemi yaradılmışdır. Bu isə komunal borcu olan şəxslərin mülkiyyətində olan mənzillərindən istifadə etməsinə məhdudiyyət yaradır. Hətta kartı olan sakinlər belə liftdən rahat şəkildə istifadə edə bilmirlər. Digər sakinlər kimi iddiaçı da liftin daxilində kamera olmasından narazıdır. Çünki iddiaçı evinə kimin gəlməsini və ya onun hansı qonşunun evinə getməsini bina rəhbərliyinin bilməsini istəmir. Liftlərdə müşahidə kameralarının olması şəxsi həyata müdaxilədir. MTK-nın məqsədi təhlükəsizliyi təmin etməkdirsə, o zaman müşahidə kameraları binanın girişində və liftin qarşısında quraşdırılmalıdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında işçtirak edən "xxxx" MTK-nın nümayəndəsi bildirmişdir ki, Cavabdeh1 ilə “Armada” Security arasında xidmət müqaviləsi bağlanılmışdır. “D” blokunda 99 mənzil var. 70 mənzilin sahibi ilə dekabr ayında xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqavilələr əsasında isə müəyyən xidmətlər göstərilir. Binada kart sisteminin olması tək kommunal ödənişləri ilə bağlı deyil. Eyni zamanda kart sistemi vasitəsi ilə binaya kənar şəxslərin giriş-çıxışına nəzarət edilir. Bundan başqa binada bir neçə dəfə oğurluq halları da aşkar edilmişdir. Bu səbəbdən binada kart sistemi və liftlərdə kamera quraşdırılmışdır. İddiaçı 4 ilə yaxındır ki, kommunal ödənişləri ödəmir. Hər zaman iddiaçı ilə danışıqlar aparmışlar, lakin nəticəsi olmamışdır. İddiaçı maneəsiz şəkildə liftdən istifadə edir. Liftdə aşağı mərtəbələrə düşmək üçün kart tələb edilmir. Binada quraşdırılmış müşahidə kameraları binanın fasad divarlarına, liftlərə zərər vurulmaması üçündür. Liftlərin daxilinə müəyyən elanlar vururlar. İddiaçı isə hər dəfə həmin elanları zədələyir, cırıb atır. Bu səbəbdən sakinlər elanın məzmunu ilə tanış ola bilmir. Bunların hər birinin görüntüləri var. Həmin görüntülərdə iddiaçının liftin daxilində olan kobud davranışları aydın şəkildə görünür. İddiaçı lift daxilində siqaret də çəkir. İddiaçı elanları zədələdiyi üçün sakinlər çox məsələdən məlumatsız olur, sonra da şikayət edirlər. İddiaçının məqsədi sakinləri onlara qarşı çıxarmaqdır. Kart sistemi 2024-cü ilin dekabr ayında Cavabdeh2 tərəfindən quraşdırılıb. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Kostitusiyası: Maddə 32. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2 Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 2.1 Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Maddə 35.2 Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; Maddə 43.2.4-43.2.5. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək, bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir; Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir; Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əvəzləşmə müqaviləsinin surətindən görünür ki, “Satıcı” (Cavabdeh1 MTK) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Əliəşrəf Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının D blokundan 105 saylı, xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsinə əsasən, təmirli, ümumi sahəsi oxdan-oxa 56,4 kv.m olan 1 (bir) otaqlı mənzili “Alıcı”nın (İddiaçı) mülkiyyətinə verməyi, “Alıcı” (İddiaçı) isə qeyd edilən mənzili almağı və işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılmasını “Satıcı” öz hesabına ödəməyi öhdəsinə götürmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsi, D girişi, ev 12, mənzil 62 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixindən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 MTK və Cavabdeh2 MMC arasında bağlanmış 001 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, “Sifarişçi” (Cavabdeh1 MTK) Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Əliəşrəf Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsində yerləşən çoxmənzilli binaların girişlərində, buraxılış gözətçi məntəqələrini təşkil edir, həyətdə səliqə səhmana təmizlik işlərinə, mənzillərin giriş qapısına qədər olan sahədə əlverişli və təhlükəsiz yaşamaq şəraiti yaradır, çoxmənzilli binanın ümumi əmlakının lazımi səviyyədə saxlanmasını təmin edir və göstərəcəyi xidmətləri (binalarda təhlükəsizliyə nəzarəti, yanğından mühafizə qaydalarına riayət olunması, həyətin və blokların işıqlandırılmasını təmin etmək, binanın həyət və blokların təmizliyini təmin etmək, mövcud liftlərə texniki servis xidmətini təşkil etmək, və s) qarşılıqsız olaraq “İcraçı”nın (Cavabdeh2 MMC-nin) öhdəliyinə vermişdir. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, bina rəhbərliyi kommunal ödənişləri ödəməyən sakinlərə borcların ödənilməsini və liftdən istifadə üçün düymələrin alınmalı olduğunu bildirmişdir. Eyni zamanda borclarını ödəyib düymə alan sakinlərin liftə girişi məhdudlaşdırılmış şəxslərə düymələrin verilməsini qadağan etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş bina sakini X49 bildirmişdir ki, Taleh onun qonşusudur. 2022-ci ildən orada yaşayır və 13-cü mərtəbədə qalır. Kart sistemi qurulan zaman etiraz etmişdir. İlk dəfə B blokuna kart sistemi qoyulmuşdur. Orada da etiraz edən oldu. Sonra onların blokunda qoyuldu. Onlara çətinlik yaradır. Qonaq gəlib gedən zaman kart problemi yaşayırlar. Kamera sistemindən də narazıdırlar. Liftdə kamera olması onları narahat edir. Kamera və kart sistemi qoysalar da, dəfələrlə onun evinə dilənçi gəlmişdir. Əvvəllər kommunal öədənişləri ödəyirdi, lakin sonradan blokda çatlar olduğu vaxtdan 1 il yarımdır ki, ödəmir. Blokda kamera yoxdur. Həyətdə və liftdə var. Məhkəmə iclasında şahid qismində dindirilmiş bina sakini X41 bildirmişdir ki, Taleh onun qonşusudur. 2021-ci ildən həmin binada 14-cü mərtəbədə yaşayır. Xidmət müqaviləsi yoxdur. Ödəniş etmir. Kart sistemi onlara problem yaradır. Qonşularda kamera məsələsinə görə söz-söhbət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş bina sakini X26 bildirmişdir ki, kart sistemi onlara çox problem yaradır. Valideynləri yaşlı insanlardır. Su sifariş edən zaman da o evdə olmayanda onlar əziyyət çəkirlər. O, 15-ci mərtəbədə qalır. Kamera da düzgün deyil. Kamera sadəcə problem yaratmaq üçündür. Kamera təhlükəsizliyi təmin etmir. Başqa kartı olmayan qonşuya kömək edən zaman kameradan görüb problem yaradırlar ki, niyə kömək edirsən. Məhkəmə iclasında şahid qismində dindirilmiş bina sakini X27 bildirmişdir ki, 2-ci mərtəbədə yaşayır. 2019-cu ildən MTK ilə müqavilələri var. "xxxx" MMC ilə müqavilələri yoxdur. Kommunal ödəyir və borcları yoxdur. Kart sistemi təcili yardım binaya gələn zaman yuxarı qalxmaqda problem yaradır. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, Cavabdeh1 MTK-nın D blokunun sakinləri olan X3, X12, X49, X21, İddiaçı, X28, X29, X42, X30, X13, X9, X43, Məlik-zadə Hilal Kamil oğlu, X27, X50, X31, X26, X22, X32, X4, X14, X23, X33, X51, X10, X15, X44, X16, X17, X24, X1, X34, X5, X18, X19, X6, X7, X2, X25, X11, X35, X45 bildirmişlər ki, liftə kamera quraşdırılanda və liftin istifadəsi üçün kart sistemi yaradılanda onlara onlara heç bir məlumat verilməmiş və onlarla razılaşdırılmamışdır. Onlar bu sistemin quraşdırılmasından narazıdırlar. Aktı öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyinin tələblərinə əsasən, liftlər binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər olmaqla ümumi paylı mülkiyyət hüququ ilə mənzillərin sakinlərinə, yəni mülkiyyətçilərinə məxsusdur. Hazırki işin halları da ondan ibarətdir ki, mübahisədə adı keçən yaşayış binası çoxmənzilli binadır və iddiaçı həmin binada yerləşən mənzilin mülkiyyətçisidir. Belə olan halda, qanunvericiliyin tələbinə görə həmin şəxs mənzilindən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığa, o cümlədən, liftlərə ümumi paylı mülkiyyət hüququna malikdir. Mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsi dövlət tərəfindən tanınır və qorunur, bununla belə bu hüquq da mütləq deyil, qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərə məruz qala bilər. Bunun üçün mülkiyyət hüququna məhdudiyyət qeyd olunduğu kimi ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Bunlardan hər hansı birinin olmaması istənilən digər əsaslarla mülkiyyət hüququna müdaxiləni istisna edir. Çünki mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması konstitusion hüquqdur. Belə olan halda, cavabdehlərin iddiaçının liftdən istifadə qaydalarına, xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onun mülkiyyət hüququna müdaxilədir və iddiaçının bu müdaxilədən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən müdafiə hüququ vardır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının ümumi paylı mülkiyyətində olan liftdən istifadəsinə hər hansı əsasla, o cümlədən xidmət haqqının ödənilməməsinə görə məhdudiyyət tətbiq edilməsi onunla cavabdeh MTK arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədə şərtləşdirilməyib, eləcə də xidmət müqaviləsi bağlanılmayıb. Başqa sözlə, müdaxilənin müqavilə əsası da istisna edilib. Həmçinin, liftdən istifadə və ona məhdudiyyətin tətbiq edilməsi qaydaları ilə bağlı bina sakinlərinin ümumi yığıncağının qərarı da yoxdur. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı liftlərə qoyulmuş kart sisteminin bütövlükdə ləğvini deyil, mülkiyyətçi olaraq özünə münasibətdə liftdən istifadəyə tətbiq edilən məhdudiyyətin (kartın deaktiv edilməsi, liftdən istifadəni məhdudlaşdıran digər halların) aradan qaldırılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, çoxmənzilli yaşayış binalarında liftlərdən xüsusi kart vasitəsilə istifadə edilməsi (kart sisteminin tətbiqi) liftlərin təmiz saxlanması, onların texniki baxımından daha uzun müddətli saz vəziyyətdə istismarı, eləcə də bina sakinlərinə təhlükəsiz şərait yaradılması, kənar şəxslərin liftlərə daxil olmasının qarşısını almaq məqsədi daşıyır ki, bu sistemin qalması həm binanın digər sakinləri, eləcə də iddiaçıların özlərinin təhlükəsizliyi baxımından da məqsədəuyğundur. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-445/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında da öz əksini tapmışdır. Beləliklə, iddia tələbi yalnız iddiaçıya münasibətdə təmin edilməli, yaşadığı ünvanda yerləşən liftlərə cavabdehlər tərəfindən tətbiq edilmiş məhdudiyyət (hər hansı səbəbdən kartın deaktiv edilməsi, yeni kartların verilməsindən imtina edilməsi və liftdən istifadəni məhdudlaşdıran digər hallar) aradan qaldırılmalı və həmin şəxsin liftlərdən sərbəst istifadə etməsi üçün şərait yaradılması öhdəliyi cavabdehlərin üzərinə qoyulmaldır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi liftə quraşdırılmış kart sisteminin sökülməsi olsa da, hər bir halda həmin tələb özündə məhdudiyyətlərin aradan qaldırılmasını ehtiva edir, bu baxımdan maneələrin aradan qaldırılması iddia tələbindən kənara çıxma kimi qiymətləndirilmir. Liftlərdə quraşdırılmış kameranın sökülməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, liftlərdə quraşdırılan kameralar, əsasən binalarda sakinlərin təhlükəsizliyini təmin etmək, böyük xərc tələb edən liftin detallarının zədələnməsinin qarşısını almaq məqsədi daşıyır. İddiaçı liftlərdə quraşdırılmış kamera sisteminin sökülməsini xahiş etsə də, bu tələbini, onun hansı hüquqlarını pozduğunu əsaslandıra bilməmişdir. Belə ki, qeyd olunduğu kimi lift ümumi istifadədə olan sahə hesab olunur, bu baxımdan liftə quraşdırılmış kamera şəxsi həyata müdaxilə, şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilə bilməz. V. Nəticə: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsi, D girişi (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının liftlərinə İddiaçı münasibətdə cavabdehlər tərəfindən tətbiq edilmiş məhdudiyyət ləğv edilməli və İddiaçı liftlərdən sərbəst istifadə etməsi üçün şərait yaradılması öhdəliyi cavabdehlər “Qaya Qala" MTK və Cavabdeh2 MMC-yə həvalə edilməlidir. Həmçinin dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı münasibətdə Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsi, D girişi (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının liftlərinə cavabdehlər “Qaya Qala" MTK və Cavabdeh2 MMC tərəfindən tətbiq edilmiş məhdudiyyət ləğv edilsin və İddiaçı liftlərdən sərbəst istifadə etməsi üçün şərait yaradılması öhdəliyi cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-yə həvalə edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1416/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1416/2025
07.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver