Məhkəmə qərarları › İş №e-2(005)-1419/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1419/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1419/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-yə məxsus bankomat köşkünə görə ödənilmiş 1150 manat pulun və 31,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolnəqliyyat hadisəsi törədərək "xxxx" ASC-yə məxsus bankomat köşkünə zərər yetirmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq "xxxx" ASC-yə məxsus bankomat köşkünə görə 1150 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə Cavabdeh qarşı İddiaçı Sığorta Şirkəti ASC-nin subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-nin 5-ci PB-nin xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd olunması qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Binəqədi RPİ DYPŞ-nə göndərilmişdir; Binəqədi rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və inzibati xəta haqqında protokoldan görünür ki, Bayramov X1 Xətalar Məcəlləsinin 327.6 (hadisə yerindən yayınma) və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir; İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması məlumatından görünür ki, hadisənin baş verdiyi xx.xx.2019-cu il tarixində **-CA-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta ilə sığortalanmışdır; İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2019-cu il tarixli, 067759 nömrəli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixində sığorta hadisəsi baş vermiş, "xxxx" ASC-yə məxsus bankomat köşkünə dəymiş zərər 1150 manat məbləğində müəyyən edilmişdir; xx.xx.2019-cu il tarixli, 5759 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1150 manat pul məbləği "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür; İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, 1150 manat sığorta ödənişinin İddiaçı Sığorta Şirkəti ASC-yə 10 iş günü ərzində ödənmədiyi halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “VAZ-2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" ASC-yə məxsus bankomat köşkünə dəymiş, nəticədə sonuncunun sahibinə maddi ziyan vurulmuşdur. Binəqədi rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Bayramov X1 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. “VAZ-2106” markalı, **-CA-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə qədər avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. "xxxx" ASC-yə məxsus bankomat köşkünə 1150 manat məbləğində dəymiş zərər xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. Hazırda iddiaçı Cavabdeh hadisə yerindən yayınmasına istinad edərək sığorta aktına əsasən ödədiyi 1150 manat məbləğində pulun subroqasiya qaydasında cavabehdən tutulmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. Hazırkı işdə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan yuxarıda sadalanan şərtlər mövcuddur. Belə ki, onun idarə etdiyi, iddiaçının sığortalamış olduğu yüksək təhlükə mənbəyi olan “VAZ-2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq, bankomat köşkünə zərər vurması və həmin zərər üzrə İddiaçı ASC-nin "xxxx" ASC-yə 1150 manat məbləğində sığorta ödənişi ödəməsi, eləcə də cavabdehin hadisə yerindən yayınması işin mübahisəsiz hallarındandır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi haqlıdır. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə uyğun olaraq, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsinin 4-cü bəndinə əsasən isə mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində İddiaçı Sığorta ASC tərəfindən icbari sığorta növü üzrə sığortalandığından, sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsi baş verdiyindən və sığortalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış bankomatın sahibinin bank hesabına isə İddiaçı Sığorta ASC tərəfindən 1150 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1150 manat və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 31,90 manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1150 (min yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 31,90 (otuz bir manat, doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar