Məhkəmə qərarları › İş №e-2(005)-148/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-148/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-148/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun avtomobinə vurulmuş 2424.60 manat maddi zərər, vəkilə ödənilmiş 110 manat, taksi və s. xərclərinin əvəzi kimi 600 manat, ümumilikdə 3134.60 manatın və dövlət rüsumunun əvəzi kimi 51 manatın, habelə mənəvi zərərə görə 2.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus **-KT-*** dövlət qeydiyyat nişanlı Nissan markalı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixində (saat 09:20 radələrində) etibarnamə əsasında oğlu X1 qəsəbəsində avtomobili idarə edərkən, **-OR-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən onun avtomobili qarşıdan gələn **-JT-*** dövlət qeydiyyat nişanlı Karsan markalı nəqliyyat vasitəsinin qabaq sol hissəsinə dəymiş, Karsan markalı nəqliyyat vasitəsi isə **-KM-*** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı nəqliyyat vasitəsinin sağ arxa yan hissəsinə dəymişdir. Həmin etibarnamə qüvvədə olduğundan avtomobili onun istifadəsinə vermişdir. Cavabdeh1 Cavabdeh2 Abbasağa oğlunun mülkiyyətində olan **-OR-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobili ilə yol nişanının tələbini pozmuş və nəticədə oğlunun idarə etdiyi iddiaçıya məxsus avtomobili yararsız hala salmaqla, onun mülkiyyətində olan əmlakına xəsarət yetirmişdir. Artıq hadisədən 3 aya yaxın bir müddət keçməsinə baxmayaraq, dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmamış, nə avtomobilə dəymiş zərər, nə 3 ay ərzində avtomobilsiz qaldığına görə taksiyə çəkdiyi xərc nə də mənəvi zərərlə bağlı heç bir qanuni tədbir görülməmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh1 barəsində olan inzibati işə baxılmış və onun təqsiri AR İXM-nin 327.1-ci maddəsiylə təsdiq olunmuşdur. Hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinin törənməsində Cavabdeh1 təqsiri sübuta yetirildiyindən, həmin hadisə nəticəsində ona vurulmuş maddi ziyana görə mülki hüquq pozuntusu törətmiş olmaqla, mülki hüquqi məsuliyyət daşıyır. Cavabdeh ona bugünədək heç bir ödəniş etməmişdir. Cavabdehin günahı və səhlənkarlığı ucbatından baş verən hadisə nəticəsində avtomobilinə dəyən maddi ziyan 6218.60 manat, 600 manat taksi və s.xərcləri 110 manat vəkilə ödənilmiş xidmət haqqı, 82 manat dövlət rüsumu olmaqla, ümumi 7010,60 manatdır. Bu iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür. Dəfələrlə maşına dəymiş ziyanı ödənilməsi tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə ödənişi həyata keçirməkdən yayınmışdır.Hadisəni törətməkdə təqsirli olmasına baxmayaraq, cavabdehlər ona vurulmuş ziyandan bu günə kimi heç bir məbləğ ödəməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını, eləcə də ekspert rəyini mötəbər hesab etmədiyini, həmçinin ekspert rəyinin məhkəmə üçün heç bir qüvvəsi olmadığından və işdə olan qüsur aktının cavabdeh tərəfindən mübahisələndirilmədiyindən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışın məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixində (saat 09:20 radələrində) X1 qəsəbəsində avtomobili idarə edərkən, **-OR-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən onun avtomobili qarşıdan gələn **- JT-*** dövlət qeydiyyat nişanlı Karsan markalı nəqliyyat vasitəsinin qabaq sol hissəsinə dəymiş, Karsan markalı nəqliyyat vasitəsi isə **-KM-*** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı nəqliyyat vasitəsinin sağ arxa yan hissəsinə dəymişdir. xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən, Suraxanı Rayon DYPŞ-nin polis kapitanı X8 tərəfindən Cavabdeh1 barəsində İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2021-ci il qeydiyyat tarixli **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən Nissan Sunny minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi zərər 6218.60 manat təşkil edir. Atəşgah Sığorta ASC-nin “Sığorta aktı”na əsasən “Nissan Sunny” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 6218.60 manat təşkil edir. Sığorta ödənişi mütənasib qaydada 3794.00 manat təşkil etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı, “Nissan Sunny” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4570,00 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qəbzə əsasən iddiaçı 51 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı “Nissan Sunny” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir, X7 etibarnamə əsasında ona məxsus “Nissan Sunny” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən **-OR-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən onun avtomobili qarşıdan gələn **-JT-*** dövlət qeydiyyat nişanlı Karsan markalı nəqliyyat vasitəsinin qabaq sol hissəsinə dəymiş, Karsan markalı nəqliyyat vasitəsi isə **-KM-*** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı nəqliyyat vasitəsinin sağ arxa yan hissəsinə dəymişdir. Həmin məbləğdən 3794 manat pul icbari sığorta tərəfindən iddiaçıya ödənilmişdir. (İşin mübahisəsiz halları) Cavabdeh iddiaçının mülkiyyətində olan əmlaka maddi ziyanın dəydiyini etiraf edir. Məhkəmə iclasında dəymiş zərəri mübahisələndirmiş və ekspertiza keçirilməsi barədə qərardad qəbul edilmişdir. Ekspertiza rəyinə əsasən dəymiş ümumi zərərin məbləği 4570,00 manat təşkil edir. Məhkəmə iddia tələbinin «2424.60 manat dəymiş maddi zərər»in tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, İddiaçı məxsus “Nissan Sunny” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən 4570,00 manat təşkil edir. Belə olan halda, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən icbari sığorta tərəfindən iddiaçıya ödənilmiş məbləğ çıxılmaqla qalan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. (4570-3794=776 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə iddia tələbinin «taksi xərcinə görə 600 (altı yüz) manat, vəkilə edilmiş ödənişə görə 110 (bir yüz on) manat məbləğində pul vəsaitinin» tutulması hissəsinə münasibətdə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı bu hallarla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 “Nissan Sunny” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 776 manat, tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (2424.60+600+2000+110) 5134.60 manatın 776 manatı təmin olunduğu halda (15 faizi), bu məbləğə mütənasib olaraq ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun 7, 65 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 “Nissan Sunny” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 776 (yeddi yüz yetmiş altı) manat, ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun 7,65 manat (yeddi manat altmış beş qəpik) tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar