Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1493/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 952 manat maddi, 70.000 manat mənəvi ziyan, 330 manat dövlət rüsumu, 100 manat hüquqi yardım olmaqla ümumilikdə 71.382 (yetmiş bir min üç yüz səksən iki) manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 29.06.2021-ci tarixdə saat 19:49-da ünvan 1 ünvanında yerləşən, ictimai yer sayılan “Meyvə-tərəvəz” mağazasının qarşısında heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafina toplaşmış şəxslərə qarşı qoyub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək ətrafda olan şəxslərin rahatlıq və dincliklərini pozmaqla iddiaçının yetkinlik yaşına çatmayan 05.07.2007-ci il təvəllüdlü övladı X2 qəsdən əl və ayaq zərbələri vuraraq sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan, sağ təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi - fluktuasiya edən hematoması, sifətin sol yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi - qançırı, sol gicgah, üst dodağın ön səthinin sol yarısının, boyunun sağ yarısının bayır səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, sol çiyinin qurşağının arxa səthinin sıyrıqları kimi qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Baş vermiş hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanına məlumat verilmiş və cavabdeh şəxs barəsində zəruri istintaq hərəkətləri aparılmaqla tərtib edilmiş cinayət işi baxılması üçün Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışı zamanı isə Azərbaycan Respublikası Mili Məclisi tərəfindən 05 noyabr 2021-ci il tarixdə qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarı A.Abdulayevin dadına yetmiş və cavabdeh həmin qərarın köməkliyi sayəsində cinayət məsuliyyətindən yaxa qurtara bilmişdir (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli 1(005)-442/2021 saylı qərarı). Lakin A.Abdulayev hadisə baş verdiyi gündən bu günədək törətdiyi əməl görə üzürxahlıq etməmiş, iddiaçı tərəfə barışıq üçün heç bir addım atmamış, xəsarət yetirdiyi azyaşlının tibbi müayinəsi, onun həkim və xəstəxana xərclərinin ödənilməsində iddiaçı tərəfə heç bir köməklik göstərməmiş, mənəvi borcunu belə yerinə yetirməmişdir. Hadisənin baş verməsi bir mənalı olaraq Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-442/2021 saylı 30.11.2021-ci il tarixli qərarı ilə təsdiq edilir. Bu zaman azyaşlı M.Molazadəyə xəsarət yetirilməsi, ona qarşı qeyri-hüquqi hərəkətlərin edilməsi ilə əlaqədar mənəvi sarsıntı və iztirab keçirməsi səbəbindən onun valideynlərinə, qanuni nümayəndə olaraq iddiaçıya mənəvi zərərin vurulması da danılmazdır. Cavabdeh tərəfindən törədilmiş qeyri-hüquqi hərəkətlər nəticəsində iddiaçı 952 (doqquz yüz əli iki) manata yaxın (həkim və xəstəxana xərci) maddi ziyan çəkmiş, keçirdiyi iztirab və sarsıntı səbəbindən ona 70.000 (yetmiş min) manat məbləğində mənəvi zərər vurulmuşdur. Lakin təəssüf ki, baş vermiş hadisənin təsirindən iddiaçı övladının müalicəsi üçün çəkdiyi xərclərə dair qəbzləri gələcəkdə cavabdehə qarşı istifadə edəcəyini düşünməmiş və bu səbəbdən həmin qəbzləri saxlamamışdır. Cavabdehin bu məsuliyyətsiz davranışı səbəbindən iddiaçı məhkəmədə iddia qaldırmağa məcbur olmuş, hüquqi yardımla əlaqədar 100 (bir yüz) manat, dövlət rüsumu olaraq 330 (üç yüz otuz) manat pul ödəyərək əlavə xərc cəkməli olmuşdur. Odur ki, yuxarıda göstərilənlərə və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən 952 manat maddi, 70.000 manat mənəvi ziyan, 330 manat dövlət rüsumu, 100 manat hüquqi yardım olmaqla ümumilikdə 71.382 (yetmiş bir min üç yüz səksən iki) manat pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmiş, bildirmişdir ki, iddiaçı 952 manat maddi zərər dəyməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etmir, eyni zamanda, mənəvi sarsıntı və iztirablar keçirməsi sübut olunmur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli 1(005)- 442/2021 saylı qərardan görünür ki, Cavabdeh 29.06.2021-ci tarixdə saat 19:49-da ünvan 1 ünvanında yerləşən, ictimai yer sayılan “Meyvə-tərəvəz” mağazasının qarşısında iddiaçının yetkinlik yaşına çatmayan 05.07.2007-ci il təvəllüdlü övladı X2 qəsdən əl və ayaq zərbələri vuraraq qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmiş, onun haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, lakin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarına əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Hazırda iddiaçı cavabdehin xəsarət yetirdiyi azyaşlının tibbi müayinəsi, onun həkim və xəstəxana xərclərinin ödənilməsində iddiaçı tərəfə heç bir köməklik göstərmədiyini və 952 (doqquz yüz əli iki) manat (həkim və xəstəxana xərci) maddi ziyan, keçirdiyi iztirab və sarsıntı səbəbindən 70.000 (yetmiş min) manat məbləğində mənəvi zərər tələb etdiyini bildirir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə onun tərəfindən övladı üçün çəkdiyi xəstəxana xərclərinin ödənilməsi halını sübut etməli, çəkilən xərclərin dəyərinin məhz 952 manat olmasına dair sübut təqdim etməli idi. Lakin İddiaçı öz iddiasının əsaslığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; İddiaçı tələbində qeyd olunan xərcin çəkilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfin istinad etdiyi hallar hər hansı sübut növü ilə öz təsdiqini tapmır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 952 (doqquz yüz əli iki) manat maddi ziyan, 70.000 (yetmiş min) manat məbləğində mənəvi zərər sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitinin cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incum bit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə mülki işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi sübuta yetirilə bilməmişdir. Belə ki, iddiaçı, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı sübut təqdim etməmişlər. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu, hüquqi yardım xərci iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1493/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1493/2022
17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver