Məhkəmə qərarları › İş №e-2(005)-1561/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1561/2023

18.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1561/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X3 Mehdi qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X1, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və azyaşlı uşağı xx.xx.2017-cı il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzili Bakı şəhəri 3 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışam. Müqavilə bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixli mənim adıma xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh1 mənzilin keçmiş mülkiyyətçisi olmuş və alqı-satqı müqaviləsi bağlandıqdan sonra, özünə məxsus əşyalarını da götürərək, mənzili tərk edərək getmişdir. Hal-hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan, könüllü olaraq qeydiyyatdan çıxaraq başqa ünvana qeydiyyata düşə bilmir. Mənzilə dair alqı-satqı müqaviləsi bağlanan zaman və hal-hazırda Cavabdeh1 Azərbaycan Respublikasının vətəndaşı olmamış, lakin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışdır. Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən şəxsiyyət vəsiqəsi aldığından, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarımı pozur. Mülkiyyətimdə olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Cavabdehlər Cavabdeh1 mənzilin keçmiş mülkiyyətçisi, Cavabdeh2 onun ailə üzvü və xx.xx.2017-ci il təvəllüdlü X2 mülkiyyətçinin oğlu olduğundan, həmin şəxslərin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilin keçmiş mülkiyyətçisi, Cavabdeh2 isə onun ailə üzvü olmaqla yaşayış sahəsindən istifadə hüququ yaranmış şəxslər olmaqla, Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulmuş yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxs kateqiyasına aid deyildir. Beləliklə, hesab edir ki, hazırkı mülki işə baxılması Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılmalı və mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh1 və azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X1, və keçmiş mülkiyyətçinin ailə üzvü Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1960, 5a saylı evin, 26 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və X2 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1960, 5a saylı evin, 26 saylı mənzilində qeydiyyatdadılar. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1960, 5a saylı evin, 26 saylı mənzili “Alıcı” İddiaçı mülkiyyətinə verir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qeyd olunan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, Cavabdeh1 və azyaşlı uşağı X1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1960, 5a saylı evin, 26 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və azyaşlı uşağı X1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1960, 5a saylı evin, 26 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar