Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-158/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19035,15 (on doqquz min otuz beş manat, on beş qəpik) manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 147,50 (bir yüz qırx yeddi manat, əlli qəpik) manat dövlət rüsumu, ümumilikdə 19182,65 (on doqquz min yüz səksən iki manat, altmış beş qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Lexus LX570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2023-cü il tarixində saat 20:30 radələrində Bakı-Quba-Dağıstan yolunun 152-ci km-i ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Honda Accord” markalı, 77EA083 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı İİ Tağım YPX tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol ilə “Lexus LX570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Həsənşah oğlu AR İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Lakin daha sonra Quba Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh barəsində AR İXM-nin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq haqqında bəhs edilən qərarda da Cavabdeh “Lexus LX570” markalı, 90AA056 dövlət qeydiyyat nişanlı avtomobillə dayanmış vəziyyətdə olan “Honda Accord” markalı, 77EA083 dövlət qeydiyyat nişanlı avtomobilə dəydiyi qeyd edilmişdir. Quba Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh barəsində AR İXM-nin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə baxmayaraq, hər bir halda Cavabdeh dayanmış vəziyyətdə olan avtomobilə zərər vurduğundan zərərvuran şəxs qismində çıxış edir. Yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Honda Accord” markalı, 77EA083 dövlət qeydiyyat nişanlı avtomobilə 36182,96 (otuz altı min yüz səksən iki manat, doxsan altı qəpik) manat maddi zərər dəymişdir. MİB220075 saylı sığorta şəhadətnaməsinə və AKS230019 saylı xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 23400 (iyirmi üç min dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Lexus LX570” markalı, 90AA056 dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASCdə olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, tərəfimizdən "xxxx" ASC-yə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4364,85 (dörd min üç yüz altmış dörd manat, səksən beş qəpik) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 19035,15 (on doqquz min otuz beş manat, on beş qəpik) manat təşkil etmişdir. Buna görə də “Lexus LX570” markalı, 90AA056 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:30-da Bakı-Quba-Dağıstan yolu 152 KM-də toqquşma yol hadisəsi baş vermişdir. Avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh, mülkiyyətçisi "xxxx" MMC-dir, nəqliyyat vasitəsi “Lexus LX570” markalı, 90AA056 dövlət qeydiyyat nişanlı avtomobildir. - "xxxx" MMC şirkəti tərəfindən verilmiş etibarnamədən görünür ki, “Lexus LX570” markalı, 90AA056 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 5 il müddətində Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasından kənar idarə etməyi etibar etmişdir. Etibarnamənin müddəti xx.xx.2019-xx.xx.2024-cü il tarixidir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin YPX-nın əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilir ki, Cavabdeh 08 yanvar 2023-cü il tarixdə saat 22:38 radələrində idarə etdiyi “Lexus LX 570” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı Quba yolunun 152 km də Quba istiqamətindən Bakı istiqamətinə gedərkən yolun kənarında dayanan KİA markalı ** VN *** nömrəli və eyni yerdə sol kənarda dayanmış Honda markalı ** EA *** nömrəli maşına dəymişdir. - Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(027)-55/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin YPXAnın əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmə hüququ olan şəxs kimi xx.xx.2023-cü il tarixdə, saat 22:38-də nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməmiş, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, zərərçəkmiş şəxsə vurulması göstərilən maddi zərər onun İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində baş verməmişdir. Deməli, onun əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin obyektiv cəhəti mövcud deyildir. Bu da onun əməlində ümumiyyətlə Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkibinin olmamasını göstərir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. - Həmin Qərarla Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. - MİP220075 saylı sığorta şəhadətnaməsindən görünür ki, “Honda Accord” markalı, 77EA083 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Sığorta dəyəri 37400 manatdır. - AKS230019 №-li sığorta ödənişi aktından görünür ki, “Honda Accord” markalı, 77EA083 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün lazım olan xərc 36182,96 manatdır. Sığorta ödənişinin məbləği 23400 manatdır. - 03.03.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Əsgər-zadə Emin Əsgər oğluna AKS230019 saylı akta əsasən 23400 manat ödəniş edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Lexus LX570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Honda Accord” markalı, 77EA083 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Honda Accord” markalı, 77EA083 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. MİB220075 saylı sığorta şəhadətnaməsinə və AKS230019 saylı xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 23400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya sığorta hadisəsi üzrə 4364,85 (dörd min üç yüz altmış dörd manat, səksən beş qəpik) manat ödəniş edilmişdir. Hazırda iddiaçı geriyə qalan 19035,15 manat məbləğin Cavabdeh tərəfindən ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin YPX-nın əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla belə, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(027)- 55/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə başlanmış inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili, baş vermiş hadisədə cavabdehin təqsirinin olmadığını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı işin obyektiv araşdırılması məqsədilə məhkəməavtotexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 sentyabr 2024-cü il tarixdə verilmiş 8/2175 nömrəli ekspert rəyindən görünür ki, Göstərilən vəziyyətdə Lexus LX570 markalı avtomobilin sürücüsü Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qeyd olunan vəziyyətdə sürücü Cavabdeh diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyinə əmin sonra idarə etməli, qarlı yol şəraitində avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə, yolda hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli idi. Verilmiş rəyə əsasən, “Lexus LX570 markalı”, **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında” AR Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu müəyyən edilmişdir. Göründüyü kimi, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin nəticəsi olması (onun hərəkətlərində «Yol hərəkəti haqqında” AR Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması) qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, Cavabdeh təqsiri müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi baş verərkən “Lexus LX570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunmuş, nəticədə digər avtomobilə zərər dəymişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini, məhkəmə qərardadı ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsini, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza üzrə rəyin mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmasını, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alan məhkəmə hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 8/2175 nömrəli rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi müəyyən hissədə "xxxx" ASC tərəfindən ödənildiyindən, hadisədə cavabdehin təqsiri müəyyən edildiyindən, iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Məhkəmə araşdırması zaman avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 06 noyabr 2025-ci il tarixli CVN/n10-461/25 saylı mütəxəssis rəyindən görünür ki, 2018-ci il buraxılışlı, "Honda Accord" minik markalı, sedan tipli, 77- EA- 083 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 27094 manatdır. "Honda Accord" markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta hadisəsinə əsasən, "xxxx" ASC tərəfindən müvafiq sığorta ödənişi həyata keçirilmişdir. Qiymətləndirici düşünür ki, nəqliyyat vasitəsinə dəyən zərərin məbləği avtomobilin bazar dəyərinin təxminən, 75 faizindən çox olduğundan, bu hal qüvvədə olan sığorta müqaviləsinin şərtlərinə və sığorta qanunvericiliyin tələblərinə uyğun olaraq tam məhv (total loss) kimi qiymətləndirilmişdir. Eyni zamanda, nəqliyyat vasitəsinə dəyən zərərin hesablanması rəsmi servis mərkəzi tərəfindən aparılmış və müəyyən edilən qiymətlər, ehtimal ki, servis xidmətlərinin əlavə xərcləri nəzərə alınmaqla, rəsmi servis tarifləri əsasında formalaşdırılmışdır. Beləliklə məhkəmə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğin həddini müəyyən edərkən mütəxəssis rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş 06 noyabr 2025-ci il tarixli CVN/n10- 461/25 saylı mütəxəssis rəyi mötəbər sübut kimi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə, "Honda Accord" minik markalı avtomobilə dəymiş zərərin məbləğini (27094 manat), sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş məbləği (23400 manat), habelə cavabdehin sığorta şirkəti olan "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" ASC-yə sığorta hadisəsi üzrə 4364,85 manat ödəniş edilməsini də nəzərə alaraq hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh 19035,15 (on doqquz min otuz beş manat, on beş qəpik) manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi, cavabdehin dövlət rüsumundan azad olmasına dair halların məhkəmə tərəfindən müəyyən olunmaması nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 147,50 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin mülki iş üzrə məhkəmə-avtotexniki ekspertizası və məhkəməəmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri, məhkəmə-avtotexniki ekspertizası üzrə 128 manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə isə 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar yaranmış xərclərin dəyəri tərəflərə aid edilməli, hazırki iddia təmin edildiyindən cavabdehdən 128 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 manat mütəxəssis xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilsin, Cavabdeh 19035,15 (on doqquz min otuz beş manat, on beş qəpik) manat yol nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləği və ödənilmiş dövlət rüsumu kimi 147,50 (bir yüz qırx yeddi manat, əlli qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməli, Cavabdeh 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və 300 (üç yüz) manat mütəxəssis xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 19035,15 (on doqquz min otuz beş manat, on beş qəpik) manat yol nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləği və ödənilmiş dövlət rüsumu kimi 147,50 (bir yüz qırx yeddi manat, əlli qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Cavabdeh 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) və 300 (üç yüz) manat mütəxəssis xərci tutularaq "xxxx" MMC-nin hesabına (Ünvan: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 4; VÖEN: **********; Bank: "xxxx" ASC Nərimanov filialı; Bank VÖENi: **********; M.h.: AZ03NABZ********************; H.h: AZ471BAZ********************; Kod: 805711; SWİFT: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-158/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-158/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver