Məhkəmə qərarları › İş №e-2(005)-160/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-160/2020

30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-160/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 ASC-nə qarşı, üçüncü şəxs Cavabdeh1 cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nə və Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, “Audi A6 minik” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 54000 ABŞ dollara Audi Bakı Mərkəzindən almışdır. xx xxxx 2019-cu il tarixdə, saat 11:00 radələrində “Audi A6 minik” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə 30-40 km/saat surətlə işıqforun yaşıl işığında hərəkətdə olan zaman Ceyhun Hacıbəyli küçəsi ilə hərəkətdə olan Cavabdeh2 ASC-yə məxsus olan və Cavabdeh1 tərəfindən idarə edilən “Kia Cerato” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında hərəkəti davam edərək, onun idarə etdiyi avtomobil ilə toqquşaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə onun özü bədən xəsarəti, idarə etdiyi avtomobilə isə maddi zərər dəymişdir. Aldığı xəsarətlə əlaqədar tibbi müayinədən keçmişdir və yüngül bədən xəsarəti aldığı üçün Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı Samir Ələkbər tərəfindən cinayət işinin başlanılması rədd edilmiş, lakin Cavabdeh1 əməlində inzibati xəta olduğu üçün AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Nəsimi RPİ-nin DYPŞ-i vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsində törədilməsi ilə əlaqədar AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat miqdarında inzibati cərimə edilmişdir. Cavabdeh1 “xxxxxxxx” ASC-də sürücü vəzifəsində işləyir və “Kia Cerato” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2019-cu il tarixdə verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. Qeyd olunan avtomobil Cavabdeh2 ASC-yə məxsusdur. Onun sağlamlığına və mülkiyyətində olan avtomobilə Cavabdeh2 ASC-yə məxsus nəqliyyat vasitəsilə, həmin hüquqi şəxsin əməkdaşı tərəfindən zərər yetirilmişdir. Ona məxsus “Audi A6 minik” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili Audi Bakı Mərkəzindən aldığı üçün zəmanət şərtlərindən biri odur ki, avtomobilin texniki servisi, istənilən təmir və digər zəruri tədbirlər ancaq Audi Bakı Mərkəzi tərəfindən aparılmalıdır. Əks halda zəmanət öz qüvvəsini itirir. Yol nəqliyyat hadisəsindən sonra avtomobil Audi Bakı Mərkəzinə aparılmış və qüsur aktı tərtib edilmişdir. Avtomobilə dəymiş zərər 48000 manat miqdarında müəyyən edilmişdir. Bundan başqa avtomobil qəzaya məruz qaldığı üçün dəyəri 15% azalmışdır. Hansı ki, avtomobil satışı zamanı onun tərəfindən avtomobilin satışı dəyərinin azalması nəticəsində də maddi zərər çəkmiş olur. Avtomobil hazırkı bazar dəyəri 50000 manat təşkil edir və 15 % nəzərə alınsa 7500 ABŞ dolları (12750 manat) maddi zərər çəkmişdir. Maddi zərərdən əlavə olaraq, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı mənəvi zərər, iztirab çəkmişdir. Baş vermiş hadisə psixoloji cəhətdən ona çox təsir etmişdir. İlk dəfə belə hadisə iştirakçısı olmuşdur. Bundan başqa hadisədən sonra cavabdehlərin iddiaçıya qarşı laqeyd hərəkətləri, maddi zərərdən əlavə, sağlamlığa dəymiş zərərlə ümumiyyətlə maraqlanmamaları da ona psixoloji cəhətdən çox təsir etmişdir. Belə ki, torədilmiş hərəkət nəticəsinin aradan qaldırılmasına heç bir cəhd edilməməsi şəxsi məsuliyyətdən əlavə insanlıq borcu yerinə yetirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər "Cavabdeh2” ASC və Cavabdeh1 müştərək qaydada maddi zərərə görə 48000 manat və 12750 manat, mənəvi zərərə görə 10000 manat və 30 manat dövlət rüsumunun, cəmi 61780 manatın müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 ASC-dən maddi zərərə görə 48000 manat və 12750 manat, mənəvi zərərə görə 1000 manat və 30 manat dövlət rüsumunun, cəmi 61780 manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında Cavabdeh1 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 ASC-dən maddi zərərə görə 43000 manat, avtomobilin dəyərinin azalmasına görə 12000 manat, mənəvi zərərə görə 5000 manat və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək cavabdehin iddianı qismən qəbul etdiyini bildirdi və onun qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirakı olmadan baxılması barədə heç bir ərizə təqdim etməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda üçüncü şəxsin əvvəlki məhkəmə iclasında iddia tələbinə öz etirazını bildirərək qeyd etmişdir ki, İddiaçı tərəfindən cavabdeh qismində ona və Cavabdeh2 ASC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. 2(005) 3587/2019 saylı mülki iş üzrə məhkəmə iclası xx.xx.2019-cu il tarixində Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilmiş və məhkəməavtotexniki-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə xx.xx.2019-cu il tarixli qərardad qəbul edilmişdir. Qərardad da məhkəmənin vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak edilmədiyi göstərilmişdir. Lakin bildirmək istəyir ki, 2(005)- 3587/2019 saylı mülki iş üzrə icraata qəbul edilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti təqdim edilməmiş, hüquq və vəzifələri ilə tanış olmamış, xx.xx.2019-cu il tarixli məhkəmə hazırlıq iclasının keçirilməsi barədə ona məhkəmə bildirişi ilə və yaxud digər vasitələrlə məlumat verilməmiş, iştirakı olmadan məhkəmə hazırlıq iclası keçirilmiş və məhkəmə-avtotexnikiəmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Qevd olunan qərardadı xx.xx.2019-cu il tarixində təhvil alan zaman 2(005)-3587/20l9 saylı mülki ıs üzrə şişirdilmiş iddia tələbi, məhkəmənin hazırlıq iclasının keçirilməsi və məhkəmə-avtotexnikiəmtəəşünaslıq ekspertizasının təyin olunması ona məlum olmuşdur. Hüquqşünas olmasa da, yuxarıda göstərilənlərə əsasən bildirmək istəyir ki, müvafiq qanunvericiliyə əsasən hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tərəflərə təqdim etməli, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında həyata keçirməli, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli və öz qərarını yalnız tərəflərin çəkişmə pirinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “European Cars” LTD-nin qüsur aktından görünür ki, təmir xərcləri 48125 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 əməlində inzibati xəta olduğu üçün AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Nəsimi RPİ-nin DYPŞ-i vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 2/3755 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, İddiaçı alkoqol qəbulu əlamətləri yoxdur, ayıqdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 2/3754 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Cavabdeh1 alkoqol qəbulu əlamətləri yoxdur, ayıqdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 532 saylı tibbi rəyindən görünür ki, İddiaçı bədən səthində aşkar edilmiş xəsarət - boyun nahiyəsinin boyunda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol saidin dərialtı hematoması, sol bazunun, hər iki saidin, sol baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı Baş Sİnin X4 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər İddiaçı bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 21331 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan, “European Cars” LTD-nin xx.xx.2019-cu il tarixli aktı məlumatlarına əsasən, 2018-ci il “Audi A6 minik” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 40210,00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş “European Cars” LTD-nin xx.xx.2017-ci il tarixli zəmanət sazişindən görünür ki, “European Cars” LTD ilə İddiaçı arasındakı sazişə əsasən alqı-satqı predmeti olan avtomobilə 150000 km, 5 il zəmanət verilmişdir. İş materiallarına əlavə olunmuş “European Cars” LTD-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan 2017-ci il buraxılışlı “Audi A6” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair “European Cars” LTD tərəfindən xx xxxx 2019-cu il tarixdə qüsur aktı tərtib edilmişdir. Sistemdə və bütün işləmələrdə nəqliyyat vasitəsinin buraxılış ili 2017-ci il qeyd edilmiş, xərclər həmin ilə uyğun hesablanmışdır. Lakin texniki səhv olaraq qüsur aktında buraxılış ili 2018-ci il qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Audi A6” markalı nəqliyyat vasitəsinin 2017-ci il buraxılışı və 2018-ci il buraxılışı arasında model fərqi olmadığından detal və təmir xərcləri eynilik təşkil edir. Göründüyü kimi xx xxxx 2019-cu il tarixdə, saat 11:00 radələrində “Audi A6 minik” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh2 ASC-yə məxsus olan və cavabdeh tərəfindən verilmiş yol vərəqəsi əsasında Cavabdeh1 tərəfindən idarə edilən “Kia Cerato” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş nəticədə İddiaçı səhhətinə və avtomobilə ziyan dəymişdir. Yol hərəkət hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və inzibati cərimə edilmişdir. Hazırda İddiaçı Cavabdeh2 ASC-ndən qəza nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasənMülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasənHüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, maddi ziyanla bağlı iddia tələbi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın məbləği ekspert rəyinə uyğun olaraq hesablanmalı və 40210 (qırx min iki yüz on) manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X6 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X6 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən olunmadığından iddia mənəvi zərərin tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edildiyindən məhkəmə dövlət rüsumunu və ekspertiza xərcini cavabdehə aid edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ASC-dən vurulmuş maddi ziyana görə 40210 (qırx min iki yüz on) manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul Cavabdeh2 ASC-dən tutularaq “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar