Məhkəmə qərarları › İş №e-2(005)-1682/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1682/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1682/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3153,02 manat məbləğində sığorta ödənişi, 51,54 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı olmaqla, cəmi 3204,96 manat pulun tutularaq iddiaçı "A-Qroup Sığorta Şirkəti” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı “X5 Exports B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MİC2400035_14 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Toyota Corolla” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 7733,60 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Corolla” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 7983,60 manat hesablanmış və şərtsiz azadolma məbləği 250 manat çıxılaraq, yekunda zərər məbləği 7733,60 manat təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışdan görünür ki, “Toyota Corolla” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 4580,58 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1143/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkswagen Polo” markalı **-PX-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 3153,02 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Gülnar İbrahimova məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən məbləğ çox şişirdilmişdir, başqa avtomobilin şəkilləri təqdim edilmişdir, realda avtomobil daha az əzilmişdir. Ehtiyat hissələrinin bir çoxu təmir oluna biləcək səviyyədə olmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitələrinin könüllü qrup sığortası şəhadətnaməsindən görünür ki, “Volkswagen Polo” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X5 Exports B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən "xxxx" ASC-də könüllü qaydada sığorta etdirilmişdir; xx.xx.2023-cü il tarixli vəkalətnamənin surətindən görünür ki, “X5 Exports B.V.” Şirkətinin Azəbaycan Respublikasındakı Nümayəndəliyi balansında olan “Volkswagen Polo” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvəqqəti xidməti istifadə üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2021-ci il tarixinə kimi həmin nümayəndəliyin əməkdaşı X2 vermişdir; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Corolla” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X1 mülkiyyətindədir; Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X3 (mülkiyyətçi) “Toyota Corolla” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyi Cavabdeh etibar etmişdir; "xxxx" ASC-nin A-AS-167/24 nömrəli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixində sığorta hadisəsi baş vermiş, həmin hadisə nəticəsində dəymiş zərərə görə “X5 Exports B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödəniləcək sığorta ödənişi 7733,60 manat məbləğində müəyyən edilmişdir; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:15 radələrində Cavabdeh tərəfindən idarə olunan “Toyoto Corolla” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X5 Exports B.V” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətində olan və X4 tərəfindən idarə olunan “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur; İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir; "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Volkswagen Polo” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 7983,60 manat təşkil etmişdir; “Paşa Bank ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 6765,76 manat məbləğində pul ödənilmişdir; “Paşa Bank ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 1217,84 manat məbləğində pul ödənilmişdir; Məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0202 saylı qiymətləndirmə rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Volkswagen Polo” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 5552 manatdır (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan). Qiymətləndirmə xərci 350 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh idarə etdiyi “Toyota Corolla” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə, "xxxx" ASC-də könüllü qaydada sığortalanmış “Volkswagen Polo” markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Vurulmuş zərərin məbləği 7983,60 manat müəyyən edilmiş, şərtsiz azadolma məbləği olan 250 manat çıxıldıqdan sonra 7733,60 manat məbləğində pul iddiaçı tərəfindən sığortalıya ödənilmişdir. Cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi üzrə sığortaçısı "xxxx" ASC tərəfindən 4580,58 manat pul iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı qalan 3153 manat pulun subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Hazırkı işdə Cavabdehn iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan yuxarıda sadalanan şərtlər mövcuddur. Belə ki, onun, idarə etdiyi, icbari qaydada sığortalanmış yüksək təhlükə mənbəyi olan “Toyota Corolla” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını təqsirli şəkildə pozaraq, iddiaçı tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması və həmin zərər üzrə iddiaçı "xxxx" ASC-nin sığorta olunana sığorta ödənişi ödəməsi işin mübahisəsiz hallarındandır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi haqlıdır. Tələb edilmiş sığorta ödənişinin məbləği ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı 3153,02 manat pulun cavabdehdən tutulmasını xahiş etsə də, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0180 saylı rəyindən göründüyü kimi “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 5552 manat (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilin təmir-bərpasının ümumi və real xərci ƏDV əlavə edilməklə ekspert rəyində göstərilmiş məbləğdə nəzərə alınmalıdır. Qeyd olunan məbləğə ƏDV əlavə edildikdə (18%) 6551,36 manat təşkil edir. Beləliklə, kasko sığortası müqaviləsi ilə 250 manat azadolma məbləğinin müəyyən edilməsi və zərərvurana məxsus nəqliyyat vasitəsinin icbari sığorta növü ilə sığortalanması və 4580,58 manatın cavabdehin sığortaçısı tərəfindən iddiaçıya ödənilməsi kimi halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ekspert rəyində göstərilmiş və ƏDV əlavə edilmiş 6551,36 manat məbləğdən 250 manat azadolma məbləği və 4580,58 manat icbari sığorta növü üzrə sığorta ödənişi çıxıldıqdan sonra yerdə qalan 1720,78 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin etirazı ilə əlaqədar qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Həmçinin cavabdehin təqdim edilmiş fotoşəkillərdə əks olunmuş avtomobilin başqa avtomobil olması ilə bağlı dəlili formal olmaqla, hər hansı sübutla öz təsdiqini tapmır. Əksinə fotoşəkillərdən də göründüyü kimi, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və modeli eynidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1720,78 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 51,94 manat pulun 32,4 manatı tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qiymətləndirmə tədqiqatının dəyəri olan 350 manat pulun 191 manatı Cavabdeh, qalan 159 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1720,78 (min yeddi yüz iyirmi manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 51,94 manat pulun 32,4 (otuz iki manat, qırx qəpik) manatı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 350 manat pulun 191 (yüz doxsan bir) manatı Cavabdeh, qalan 159 (yüz əlli doqquz) manatı iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAA722) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar