Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1710/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 275 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-PF-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **- PF-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. Dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 275 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 275 manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2022-cü il tarixdə 275 manat məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, ”PAŞA Sığorta” ASC 275 manat məbləğində sığorta ödənişini "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürmüşdür; Sığorta aktının surətlərindən və dəymiş zərərin hesabatlarından görünür ki, sığortalanmış “Volkswagen Polo” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol hadisəsi nəticəsində 275 manat zərər vurmuş və həmin məbləğdə sığorta ödənişi hesablanmışdır; Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında “Volkswagen Polo” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortalanmasına dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə bağlanmışdır; xx.xx.2021ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə sığortalanmış “Volkswagen Polo” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə sonuncu nəqliyyat vasitəsinə zərər dəymişdir. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmişdir. Hazırda isə sığortaçı sığorta aktlarına əsasən cəmi ödədiyi 275 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Mülki Məcəllənin 936-cı maddəsinin məzmununa uyğun olaraq subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, həmçinin subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yarana bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdehnun qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. Göründüyü kimi sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edilmiş zərər dəymiş nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalandığından və cavabdehin icbari sığortası olmadığından, sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış nəqliyyat vasitəsinin sahibinin bank hesabına "xxxx" ASC tərəfindən 275 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 275 manat və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat olmaqla, cəmi 305,40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 275 manat və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat olmaqla, cəmi 305,40 (üç yüz beş manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1710/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1710/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver