Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1783/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 540,00 (beş yüz qırx) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonunda Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən Şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Ford Transit” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Sorento” markalı, **-VR- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Hadisə zamanı “Ford Transit” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsus olsa da, Cavabdeh1 hüququ olmadan idarə etmiş və hadisə yerindən yayınmışdır. Bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edilmiş, şikayətə əsasən təqsirkar Cavabdeh1 olaraq müəyyənləşdirilmişdir. Lakin müddət keçdiyindən, Cavabdeh1 dair qərar tərtib olunmamışdır. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Kia Sorento” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 540,00 (beş yüz qırx) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA110951/24 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 540,00 (beş yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, yeni ailə qurmuşdur. Hazırda işləmir. Məbləğin hissə-hissə bölünməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - PXA********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “Ford Transit” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti üzrə "xxxx" ASC-də sığorta olunmuşdur. - “Auto Box” avtomobil servisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1496 №-li qiymətləndirmə aktından görünür ki, “Kia Sorento” markalı 90VR856 qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 540 manat təşkil edir. - PXA110951 saylı sığorta aktından görünür ki, sığortalanmış “Ford Transit” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Sorento” markalı 90VR856 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X1 dəymiş zərərin əvəzi kimi 540 manat köçürmə yolu ilə ödənilmişdir. - İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 17 yanvar 2025-ci il tarixli 05/02-133 saylı məktubdan görünür ki, subroqasiya qaydasında 540 manat sığorta ödənişinin iddiaçıya ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəmə qaydasında tələb ediləcəyi bildirimişdir. - Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu ərazisində “Ford Transit” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Sorento” markalı 90VR856 qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Ford” markalı avtomobilin vətəndaş Cavabdeh1 tərəfindən idarə olunması müəyyən edilmiş, lakin AR İXM-nin 38.1-ci maddəsinə əsasən onun inzibati məsuliyyətə cəlb edilməsinin mümkün olmadığı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Ford Transit” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Həmin avtomobil xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən idarə olunarkən “Kia Sorento” markalı 90VR856 qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobil Cavabdeh1 tərəfindən idarə olunmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən “Kia Sorento” markalı 90VR856 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər qarşılanmışdır. Hazırda iddiaçı ödənilmiş sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada tutulması barədə tələb ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun: -63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanısürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. - 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh1 təqsiri iş materialları ilə müəyyən edilmişdir. Belə ki, yol nəqliyyat hadisəsi baş verərkən “Ford Transit” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə olunmuş, nəticədə digər avtomobilə zərər dəymişdir. “Kia Sorento” markalı 90VR856 qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi (540 manat) sığortaçı kimi iddiaçı tərəfindən köçürmə yolu ilə ödənilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi "xxxx" ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına əsasən, Cavabdeh1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Subroqasiya qaydasında tələb olunan məbləğ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən “Kia Sorento” markalı 90VR856 qeydiyyat nişanlı avtomobilə 540 manat zərər vurulduğu göstərilmiş, “Auto Box” avtomobil servisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1496 №-li qiymətləndirmə aktı təqdim edilmişdir. Cavabdehlər tərəfindən qeyd olunan məbləği təkzib edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçı pul məbləğini həm avtomobilin mülkiyyətçisindən, həm də hadisə zamanı avtomobili idarə edən şəxsdən tələb edir. İş materialları ilə Cavabdeh1 hadisə zamanı "Ford Transit” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən etibarnaməsinin olması müəyyən olunmur. Bu baxımdan məhkəmə hesab edir ki, pul vəsaiti həm avtomobilin mülkiyyətçisi kimi Cavabdeh2, həm avtomobili qanuni əsas olmadan idarə edən Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 30 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 540 (beş yüz qırx) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 540 (beş yüz qırx) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1783/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1783/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver