Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1787/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 1300 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun və 500 manat məbləğində vəkil xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sona iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 1300 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun, 500 manat məbləğində vəkil xərcinin və 350 manat ekspertiza xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yol verdiyi pozuntu nəticəsində iddiaçının avtomobilinə zərər dəymişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. İddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş ziyanın dəyəri 6300 manat olub. Bu barədə servis tərəfindən tərtib edilən qiymətləndirmə aktı verilib. Sığorta şirkəti dəymiş ziyanın 5000 manatını qarşılayıb, ancaq qalan 1300 manatın ödənilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh bundan imtina etmişdir. Beləliklə, iddiaçıya yol-nəqliyyat hadisəsi nəticəsində maddi və mənəvi ziyan vurulmuş və həmin ziyanın əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçı faktiki olaraq mənəvi zərər də çəkib. Belə ki, maşınına vurulan ziyanın ödənilməməsi iddiaçının əsəb keçirməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, avtomobil 3-cü şəxsin idarəsində olan zaman qəza baş vermişdir. Cavabdehin təqsiri səbəbindən avtomobilə zərər dəymişdir. Qiymətləndirmə rəyi ilə razı deyidir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, dəymiş zərər 4000 manat civarında olmuşdur. Təqsir iddiaçının oğlunda olmuşdur. İçkili vəziyyətdə avtomobili idarə etmişdir. O, əslində zərərçəkəndir, sadəcə hümanistlik göstərərək, inzibati qərarı mübahisələndirməmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW 528İ minik” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir; - İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və TP ******* saylı qərarın surətlərindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir; -"xxxx" MMC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, **-XL-*** dövlət qeydiyyat nişanlı, “BMW 528İ minik” minik markalı nəqliyyat vasitəsinə 6300 manat dəyərində zərər vurulmuşdur; -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, “BMW 528İ minik” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 4800 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir. Qalan 1500 manat hissəsindən 1300 manat məbləği X3 özü ödəmişdir; - "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli hesabatı və sığorta aktından görünür ki, **-XL-*** dövlət qeydiyyat nişanlı, “BMW 528İ minik” markalı nəqliyyat vasitəsinə 4800 manat dəyərində zərər vurulmuşdur; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixində sığorta hadisəsi baş vermiş, həmin hadisə nəticəsində dəymiş zərərə görə X1 ödəniləcək sığorta ödənişi 4800 manat məbləğində müəyyən edilmişdir; - Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4800 manat məbləğində pul ödənilmişdir; - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində "BMW 528İ minik" minik markalı **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 4570 manat müəyyən olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh idarə etdiyi “X6” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı məxsus və qəza zamanı X2 idarə etdiyi "BMW 528İ minik" markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə İddiaçı məxsus "BMW 528İ minik" markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İcbari qaydada sığortalanmış "BMW 528İ minik" markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən tərəfindən iddiaçıya 4800 manat sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı sığorta ödənişi çıxıldıqdan sonra yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi zərərin qalan hissəsinin və mənəvi zərərin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: törədilmiş əməlin hüquqa zidd olması; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş hadisə zamanı Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırki mülki iş üzrə Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymiş olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Lakin hazırki vəziyyətdə zərərin mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, qarşı tərəfin avtomobili icbari qaydada sığortalanmış və sığorta şirkəti tərəfindən vurulmuş zərər 4800 manat müəyyən edilmiş, həmin məbləğ iddiaçıya ödənilmişdir. İddiaçı sığorta şirkəti tərəfindən keçirilmiş qiymətləndirmə rəyini mübahisələndirməmişdir. Hadisədən 11 ay sonra yeni qüsur aktı alaraq nəqliyyət vasitəsinə 6300 manat zərər dəydiyini bildirmişdir. Həmçinin məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 4570 manat olaraq müəyyən edilmişdir (iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında, sığorta şirkətinin qüsur aktında və məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə rəyində məbləğlər ƏDV-siz göstərilmişdir). Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş qiymətləndirmə rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan qiymətləndirmə rəyinin qeyrimötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının avtomobilinə vurulmuş zərər sığorta şirkəti vasitəsi ilə qarşılandığından və hazırda iddiaçıya vurulmuş maddi zərər mövcud olmadığından, bu cür zərərin mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi 1300 manat maddi zərərin, eləcə də həmin tələbdən asılı olan mənəvi zərərin, vəkil və qiymətləndirmə xərcinin cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Mənəvi zərər tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı nəinki mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı sübutu təqdim etməmiş, ümumiyyətlə mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması barədə hər hansı məlumat verməmişdir. İşin hallarından da göründüyü kimi, yüksək təhlükə mənbəyi olan avtomobilin, sığorta şirkəti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qiymətləndirilməsi təşkil edilmiş və iddiaçının avtomobilinə dəymiş zərərin ödənilməsi təmin edilmişdir. İddiaçının hazırki tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1787/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1787/2025
23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver