Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1838/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən təhsil haqqı kimi ödənimiş 2500 (iki min beş yüz) manat pulun və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manat pulun alınıb iddiaçılara ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 xx.xx.2002-ci il tarixdə doğulmuş, özü xəstə olmaqla 18 yaşına kimi sağlamlıq imkanları məhdud olmuşdur. 2019cu il tarixdə Azərbaycan Universitetinin regionşünaslıq fakültəsinə daxil olmuşdur. Onunla universitet arasında 17 sentyabr 2019-cu il tarixdə təhsil xidmətlərinin göstərilməsinə dair 476 saylı müqavilə bağlanmışdır. Müqaviləyə təhsil aldığı ixtisas üzrə hər ilə 2500 manat ödəməyi öhdəsinə götürmüşdür. Oxuduğu müddət ərzində 17.09.2019-cu ildə təhsil aldığı universitetə onun tərəfindən 1250 manat, 05.02.2020-ci il tarixdə isə onun təhsil haqqı üçün atası İddiaçı2 tərəfindən 1250 manat ödəniş edilmişdir. Həmin universitetə ümumilikdə 2500 manat ödəniş etmişlər. 2020-ci ilin yanvar ayında köçürmə yolu ilə Azərbaycan Kooperasiya Universitetinə keçmişdir. Həmin təhsil müəssisəsində bir semestr alsa da, təhsil haqqının tam şəkildə ödənilməsi ondan tələb olunmuşdur. Lakin iddiaçının 18 yaşına kimi sağlamlıq imkanı məhdud olduğundan təhsil haqqı ödəməkdən azad edilməli idi. Göründüyü kimi o təhsil haqqından azad olmalı olduğu halda cavabdeh təşkilata 2500 manat təhsil haqqı üçün pul ödəmişdir. Bu səbəbdən də həmin pul cavabdeh təşkilatdan alınaraq ona ödəniməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, İddiaçı1 həqiqətən də təmsil etdiyi təhsil müəsisəsində oxumuşdur. İddiaçı1 dərs ili başlamadan öncə sağlamlıq imkanı məhdud olmasına dair sənəd təqdim etməlidir. Onun belə bir müraciəti olmamışdır. Təhsil haqqından azad olunan şəxslərin siyahısı universitetə əvvəlcədən bəlli olmalıdır ki, bu barədə Təhsil Nazirliyinə müvafiq qaydada məlumat verilsin. Bu baxımdan, iddia tələbi əsassızdır, rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh MMC ilə tələbə İddiaçı1 arasında bağlanmış 17.09.2019-cu il tarixli, SM 476 saylı təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, İddiaçı1 həmin universitetin regionşünaslıq fakültəsinə qəbul olunmuş, təhsil haqqı bir tədris ilinə görə 2500 manat təşkil edir. Müqavilə tələbə təhsil aldığı ali təhsil pilləsi üzrə təhsil proqramını tam olaraq başa çatdırana qədər qüvvədədir; Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Kooperasiya Universiteti tərəfindən verilmiş B 191093 nömrəli tələbə biletinin surətindən förünür ki, İddiaçı1 həmin universitetin tələbəsidir; 17.09.2019-cu il tarixli ödəniş qəbzinin surətinə əsasən İddiaçı1 tərəfindən Cavabdeh MMC-nin hesabına 2500 manat ödəniş olunmuşdur; Cavabdeh MMC-nin 24.06.2021-ci il tarixli, 116 nömrəli İddiaçı1 ünvanlanmış məktubunun məzmununda “Azərbaycan Respublikası Təhsil Nazirliyində və tabe qurumlarında vətəndaşların qəbulu və ona nəzarət üzrə onlayn sistemə (qəbul.edu.az) 22.06.2021-ci ildə daxil edilmiş müraciətinizə cavab olaraq bildiririk ki, siz 2019/2020-ci tədris ilində Azərbaycan Universitetinə “Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası üzrə qəbul olarkən və Universitetdə qeydiyyat prosesində “Sağlamlıq imkanları məhdud 18 yaşına qədər uşaqlar“ qrupuna aid olduğunuz haqqında heç bir sənəd təqdim etməmisiniz. Sizinlə Azərbaycan Universiteti arasında təhsil xidmətlərinin göstərilməsinə dair Müqavilə bağlanarkən də siz bu haqda sənəd təqdim etməmisiniz. Bu səbəbdən siz Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli Sərəncamına uyğun güzəştli tələbələr sırasına daxil edilməmisiniz” göstərilmişdir; “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumata əsasən İddiaçı1 sosial ödəniş olaraq 150.00 manat məbləğində pul alır; 26.01.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh MMC-yə təhsil haqqı olaraq 2500 manat ödəniş etdiyini, sağlamlıq imkanları məhdud olduğundan təhsil haqqından azad olunduğu bilmədiyini qeyd edir, həmin məbləği cavabdehdən tələb edir. Cavabdeh tərəf iddiaçının bütün müraciətlərinə cavab verildiyini bildirir, “Sağlamlıq imkanları məhdud 18 yaşına qədər uşaqlar“ qrupuna aid olmasına dair heç bir sənəd təqdim olunmadığından təhsil haqqının ödənildiyini bildirmişdir, hazırda həmin pulun geri qaytarılmasını tələb etməsi əsassızdır. “İ və İİ dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamında qeyd edilir ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan İ və İİ dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Məhkəmə qeyd edir ki, iş üzrə İddiaçı1 sağlamlıq imkanları məhdud olan şəxs olaraq güzəşt tətbiq olunmalı tələbə kateqoriyasına aid olmuş, 2019-cu ilin may ayının 3də qəbul edilmiş Sərəncama əsasən, İ və İİ qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunmalı oluduğu halda, təhsil haqqı ödəmiş, hazırda həmin pulun geri qaytarılması barədə tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında 31 may 2018-ci il tarixli Azərbaycan Respublı̇ kasi qanunun 20-ci maddəsinə görə, əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunları ilə tənzimlənir. Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı xüsusi və (və ya) inklüziv təhsil formasında, xüsusi təhsil proqramları və fərdi tədris planı əsasında həyata keçirilir. Xüsusi şərait yaradılmadan əlilliyi olan şəxslərin təhsil almasında çətinliklər yaranan hallarda onların təhsili evdə təhsil, fərdi təhsil və distant təhsil formasında həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran və (və ya) işsiz kimi qeydiyyata alınmış və 18 yaşı tamam olmuş əlilliyi olan şəxslərin peşə hazırlığı həmin orqanın göndərişi əsasında bu Qanunun 11-ci maddəsinə əsasən təsdiq olunmuş X2 və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin ediliir. Məhkəmə hesab edir ki,iş üzrə İddiaçı1 tərəfindən ödənilmiş 2500 manat məbləğində təhsil haqqı onun həmin vaxt əlillik barədə sənəd təqdim edib-etməməsindən asılı olmayaraq geri qaytarılmalıdır. Cavabdeh MMC-dən təhsil haqqı kimi ödənimiş 2500 (iki min beş yüz) manat pul tələbə İddiaçı1 güzəştli tələbə olduğu halda, iddiaçılardan əsassız olaraq alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən iddiaçıların xeyrinə təhsil haqqı kimi ödənimiş 2500 (iki min beş yüz) manat pul və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə təhsil haqqı kimi ödənimiş 2500 (iki min beş yüz) manat pul və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1838/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1838/2022
17.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver