Məhkəmə qərarları › İş №e-2(005)-1854/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1854/2023

26.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1854/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC –yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bak Ərazi İdarəsinə qarşı (Xəzər rayon İcra şöbəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC –yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bak Ərazi İdarəsinə qarşı (Xəzər rayon İcra şöbəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair DƏDRX-də "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünə (ipotekaya) dair qeydin ləğv edilməsi barədə Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra sənədinə əsasən cavabdeh X1 "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 25700 manat cərimə, ümumilikdə 951434 manat və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 405000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiyməİnin 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 900000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi edilməklə satılması və s. nəzərdə tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC-yə sifariş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci tarixli Hərrac bildirişindən müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 239 saylı buraxılışında elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci tarixli ərizədən müəyyən edilir ki, tələbkar "xxxx" ASC Xəzər rayon İcra şöbəsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsini “İcra Haqqında” AR Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilir. İddia ərizəsinə əlavə edilmiş Xəzər rayon İcra şöbəsindən xx.xx.2021-ci tarixli Qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsini “İcra Haqqında” AR Qanunun 23-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması məqsədi ilə icra vərəqəsi üzrə hərracın davam etdirilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/1603 saylı Hərracın keçirilməsi barədə Bildirişdən müəyyən edilir ki, satışa çıxarılan digər əmlaklarla yanaşı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təkrar hərracdakı satış qiyməti 819825 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 312 saylı buraxılışında elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 315 saylı buraxılışında verilmiş elandan müəyyən edilir ki, satışa çıxarılmış digər əmlaklarlə yanaşı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsin dair keçirilmiş təkrar hərrac “İpoteka Haqqında” Qanunun 43-cü maddəsinə əsasən baş tutmamışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli İpoteka predmeİnin əldə olunması barədə Təklifdən müəyyən edilir ki, digər əmlaklarlə yanaşı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərraclar baş tutmadığından “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə ala biləcəyi barədə "xxxx" ASC-nə təklif (məlumat) vermişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli "xxxx" MMCnə ünvanlanmış məktubundan müəyyən edilir ki, tələbkar bank ipoteka predmeti olan və ona təklif edilən əmlaklardan yalnız Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzilin təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 675000 manata və 223125 manata əldə edilməsinə, eyni zamanda “İpoteka Haqqında” Qanunun 43.7-1-ci maddəsinə əsasən həmin əmlaklara dair protokolların imzalanmasına köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən verilmiş xx.xx.2022-ci il tarixli, **********39-10101 və xx.xx.2022-ci il tarixli, **********043- 09101 nömrəli dövlət reyestrindən çıxarışlardan müəyyən edilir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzil "xxxx" ASC-nə satılmış və hazırda onun mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nə ünvanlanmış məktubundan da aydın olur ki, tələbkar bank ipoteka predmeti olan və ona təklif edilən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsini almaqda maraqlı olmamış, əksinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evini və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzilini almaq barədə iradə ifadəsini bildirmiş və həmin əmlaklara dair hərrac təşkilatçısı ilə hərracın yekunlarına dair protokol bağlamışdır. Hesab edir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tətbiq edilməsinə əsas vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 bildirmişdir ki, bankın həmin əmlakları götürməmək məqsədi borc məbləğinin kifayət olmasıdır. Borc məbləği ona görə kifayət edir ki, həmin əmlaklardan biri təkrar hərraca çıxarılarkən dəyəri 15% düşməmişdir. Əmlakın dəyərinin 15% düşməməsi bank tərəfindən mübahisələndirilməmişdir. Bu hala görə həmin işlər ləğv olunsa hərrac yenidən keçiriləcək və hərrac keçiriləndə təkrar alıcı olmadığına görə 15% düşərsə, bank yenidən mülkiyyətinə qəbul edəndə borc barədə kəsir qalacaqdır. Həmin 30 gündə borc məbləği bağlandığına görə iradə ifadəsi göstərərək əmlakı qəbul edə bilməzdi. Əmlaklar barədə əsaslandırılaraq yenidən hərrac keçirilə bilər. Tərəflərə məhkəmə iclasının vaxtı yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 1108/2019 saylı icra sənədinə əsasən cavabdeh X1 "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 25700 manat cərimə, ümumilikdə 957834 manat və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 405000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiyməİnin 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 900000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi edilməklə satılması nəzərdə tutulmuşdur. - Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli 10/5 №-li məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 1108/2019 saylı icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC-yə sifariş verilmişdir. - xx.xx.2021-ci tarixli 01/1478 №-li Hərracın keçirilməsinə dair 01 №-li bildirişdən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 239 saylı buraxılışında elan dərc edilmişdir. - "xxxx" ASC tərəfindən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci tarixli ərizədən görünür ki, tələbkar, Xəzər rayon İcra şöbəsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsini “İcra Haqqında” AR Qanunun 23.1.1-ci maddəsinə əsasən icra etmədən məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci tarixli “icra sənədinin qaytarılması haqqında” Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsinin “İcra Haqqında” AR Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılması qərara alınmışdır. - Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, "xxxx" MMC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra baş idarəsinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması məqsədi ilə icra vərəqəsi üzrə hərracın davam etdirilməsi üçün sifariş verilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/1603 saylı Hərracın keçirilməsinə dair 02 № -li Bildirişindən görünür ki, satışa çıxarılan digər əmlakla yanaşı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təkrar hərracdakı satış qiyməti 819825 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 312 saylı buraxılışında elan dərc edilmişdir. - “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 315 saylı buraxılışında verilmiş elandan müəyyən edilir ki, satışa çıxarılmış digər əmlaklarlə yanaşı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsin dair keçirilmiş hərrac “İpoteka Haqqında” Qanunun 43-cü maddəsinə əsasən baş tutmamışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli İpoteka predmetinin əldə olunması barədə Təklifdən müəyyən edilir ki, digər əmlaklarla yanaşı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair keçirilmiş təkrar hərrac baş tutmadığından “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə (614868,75 manat olmaqla) ala biləcəyi barədə tələbkar "xxxx" ASC-yə təklif (məlumat) vermişdir. Məktubda qeyd edilmişdir ki, “İpoteka haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsinin” 298.2, 319.3.5-ci maddələrinə müvafiq hərrac protokolu tərtib olunur. - "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, tələbkar bank ipoteka predmeti olan və ona təklif edilən əmlaklardan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzilin təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 675000 manata və 223125 manata əldə edilməsinə, eyni zamanda “İpoteka Haqqında” Qanunun 43.7-1-ci maddəsinə əsasən həmin əmlaklara dair protokolların imzalanmasına köməklik göstərilməsini xahiş etmişdir. - Hərracın yekunları barədə 30/02 №-li protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 675000 manata ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən verilmiş xx.xx.2022-ci il tarixli, **********39-10101 və xx.xx.2022-ci il tarixli, **********043-09101 nömrəli dövlət reyestrindən çıxarışlardan müəyyən edilir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı ev 47 saylı mənzil"xxxx" ASC-nin mülkiyyətindədir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüquqi ilə tam payla xx.xx.2013-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra sənədinə əsasən X1 tutulmalı olan 957834 manat məbləğinin, digər əmlaklarla yanaşı, həmçinin İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin icra sənədinə əsasən, daşınmaz əmlakın ilkin satış qiymətinin 964500 manat müəyyən edilərək açıq hərracda satılması nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra sənədinin icra olunması məqsədilə Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli 10/5 №-li məktubuna əsasən, qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 964500 manat olmaqla açıq hərracda satılması məqsədi ilə "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində ilkin hərrac, xx.xx.2022-ci il tarixində təkrar hərrac təyin edilmiş, lakin keçirilmiş hərrac “İpoteka Haqqında” Qanunun 43-cü maddəsinə əsasən baş tutmamışdır. Bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 315 saylı buraxılışında elan dərc edilmişdir. Təkrar hərrac baş tutmadığından ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə (614868,75 manat olmaqla) ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuş, lakin "xxxx" ASC təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair DƏDRX-də "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünə (ipotekaya) dair qeydin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; - 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. - 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; - 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; - 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir; - 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Qərarla müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 dekabr 2022-ci il tarixli qərarında analoji iddiaların həlli zamanı vahid məhkəmə təcrübəsi formalaşdırılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki: - İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günün sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. - İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Təkrar hərracın baş tutmaması nəticəsində ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi ipoteka qoyan üçün müəyyən hüquqi imkanlar yaradır. Belə ki, qanunvericiliyə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə əldə etmək hüququ ilə yanaşı, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Hazırki iş üzrə iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair keçirilmiş təkrar hərrac “İpoteka Haqqında” Qanunun 43-cü maddəsinə əsasən baş tutmamış və bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 315 saylı buraxılışında elan dərc edilmişdir. Bununla da, ipoteka saxlayan "xxxx" ASC tərəfindən ipoteka predmetinin əldə olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin axımı elanın dərc edilməsindən sonrakı gün, yəni xx.xx.2022ci il tarixdə başlamış və 30-cu günün sonunda başa çatmışdır. Qeyd olunan müddət ərzində ipoteka saxlayan "xxxx" ASC ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin əldə edilməsi üçün öz mövqeyini bildirməmiş və bu barədə zəruri tədbirləri (müqavilə qüvvəsinə malik olan protokolun imzalanması) görməmişdir. İpoteka saxlayan "xxxx" ASC tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi isə, İddiaçı üçün ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaratmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan qeyriyaşayış sahəsinin təkrar hərracdan satışı baş tutmadığından, bu elan edildikdən sonra isə bank 30 gün ərzində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə hərracın təşkilatçısı ilə protokol imzalamadığından ipoteka predmetinin əldə olunması üçün zəruri qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə olan halda isə, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin birbaşa tələbinə əsasən, ipotekaya xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3in 1 saylı ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair DƏDRX-də "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünə (ipotekaya) dair qeyd ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 63 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3in 1 saylı ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair DƏDRX-də "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünə (ipotekaya) dair qeyd ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar