Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1875/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə dair sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan 23 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 m olan 65 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarı”nın və digər sənədlərin (plansxem və s) sənədlərin verilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 65 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında olan 23 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 m olan 65 saylı mənzili iddiaçı tərəfindən satın alınmışdır. Qeyd edilir ki, cavabdeh "xxxx" MTK tərəfindən ona təqdim olunmuş maliyyə arayışına əsasən iddiaçı ümumi sahəsi 156,95 m olan mənzilin pay dəyərini tam ödəmişdir və onun "xxxx" MTK-ya borcu yoxdur. Mənzilin dəyərini tam ödədikdən sonra iddiaçı və ailəsi uzun müddətdir ki, həmin mənzilə köçmüşlər və hal-hazırda həmin mənzildə yaşayırlar. İddiaçı tərəfindən kommunal və digər xidmətlərə ödəniş tam ödənilmiş və bu günə kimi heç bir borcu yoxdur. Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” AR Prezidentinin xx.xx.2019-cu il Fərmanı son illərdə mülkiyyət hüquqlarının təmin olunması və qeydiyyat problemlərinin həlli istiqamətində inqilabi bir dəyişiklik və mühüm islahat kimi tarixə düşdü. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanmışdır. Həmin Fərmanın icrası çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə yerləşən çoxmənzilli binanın istismarına xx.xx.2019-cu il tarixdə icazə verilmişdir. Qeyd edilir ki, uzun müddətdən artıq həmin binanın sakini kimi orada yaşamağına baxmayaraq bu günə kimi yaşayış mənzilinə xüsusi mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı ala bilmir. Bununla bağlı iddiaçı tərəfindən dəfələrlə həm şifahi, həm yazılı formada sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cavabdeh Qız Qalası MTK-ya müraciət olunaraq ümumi yığıncağın qərarını tələb etsə də, MTK-nın rəhbərliyi və müvafiq əməkdaşları həmin sənədi ona verməkdən imtina etmişlər. İmtina əsası kimi mənzilində artıq sahənin olduğu, yəni mənzilinin müqavilədə qeyd olunan ümumi sahəsinin 156,95 m deyil, artıq olduğunun və buna görə əlavə olaraq pul vəsaiti ödəməli olduğu iddiaçıya bildirilmişdir. İddiaçı bunun səbəbini soruşduğunda onlar ona “biz mənzilin sahəsini bayır divarların yerləşdiyi sahələr da nəzərə almaqla ölçürük, bizim şirkət ölçmə işlərini bu formada aparır” cavabını verdilər. Qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci maddəsinə əsasən “Mənzil Tikinti Kooperativi” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür; Müqavilənin 2.4-cü bəndinə əsasən mənzilin tikinti və hesablaşma sahəsi 156,95 m-dir; Müqavilənin 2.6-cı bəndinə əsasən payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi müqavilə tərəflər üçün konkret hüquq və vəzifələr, öhdəliklər yaratmışdır, yəni tikinti kooperativi müqavilədə nəzərdə tutulmuş yaşayış binasını inşa etməyi hazırkı halda mənzili tikməyi, payçı isə kooperativə razılaşdırılmış pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər müqavilənin şərtləri barədə razılığa gələrək imza və möhürlə təsdiq edərək müqaviləni bağlamışlar. Belə ki, müqavilədə yaşayış sahəsinin tikinti və ümumi sahəsi 156,95 m qeyd olunmuşdur. İddiaçı payçı olaraq müqavilədə qeyd olunmuş 156,95 m sahəyə görə hesablanmış pay haqqını tamödəyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir, lakin cavabdeh mənzil tikinti kooperativi isə mənzilin müqavilədə qeyd olunan sahəsini əsassız olaraq artıraraq ondan həmin sahəyə görə hesablanmış artıq pul tələb etməklə müqavilə ilə üzərinə düşən öhdəlikləri pozur. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2013-cü il tarixli, 65 saylı “Kooperativ Mənzil Tikintisi haqqında” müqaviləyə əsasən «Qız Qalası” MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində yerləşən 65 saylı mənzili sonuncuya verməyi, sonuncu isə bunun müqabilində ödəniş cədvəlində göstərilən məbləği tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilin ilkin qeydiyyatı üçün zəruri olan “Protokoldan çıxarış” və “İstismara qəbul Aktı”nın 5 gün ərzində ona təqdim olunmasını "xxxx" MTK-dan xahiş etmişdir; Maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2ci giriş, 4-cü mərtəbəsində yerləşən 65 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və onun MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunan hüquq normasının dispozisiyasından da aydın olduğu kimi, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edən kompleks hüquq olduğuna görə, yalnız sahiblik və istifadə hüquqlarının mövcudluğuna dayanaraq şəxsin əmlak üzərində mülkiyyət hüquqlarını tanımaq qeyri-mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə İddiaçı xx.xx.2013-cü il tarixli, 65 saylı “Kooperativ Mənzil Tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MTK ilə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 65 saylı mənzili sonuncuya verməyi, sonuncu isə bunun müqabilində ödəniş cədvəlində göstərilən məbləği tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. İşin bu halı tərəflər arasında mübahisələndirilmir. İddiaçı sözügedən mənzilə dair çıxarış əldə etmək məqsədilə zəruri sənədlərin ona təqdim edilməsi üçün MTK-ya müraciət etmiş, lakin cavabdeh tərəf öz öhdəliyini yerinə yetirməyərək mübahisəli daşınmaz əmlaka dair müvafiq sənədləri iddiaçıya verməmişdir. Hazırda iddiaçı həmin sənədlərin təqdim edilməsi öhdəliyini "xxxx" MTK-nın üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2013-cü il tarixli, 65 saylı “Kooperativ Mənzil Tikintisi haqqında” müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında sənədlərin də iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almasına dair hüququndan istifadə etmiş, lakin bu barədə sənədləri - MTK üzvlərinin ümumi yığıncağının iclas protokolundan mənzilin verilməsi barədə iddiaçıya aid təsdiq edilmiş çıxarışı, yaşayış kompleksinin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktını iddiaçıya təhvil verilməli olmasına dair vəzifələrini icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, iddiaçı mənzilə dair sənədlərin təhvil verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilə dair MTK təsisçilərinin ümumi yığıncağının qərarını və yaşayış kompleksinin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarı”nın və digər sənədlərin (plansxem və s) sənədlərin İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1875/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1875/2024
05.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver