Məhkəmə qərarları › İş №e-2(005)-1893/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1893/2025

21.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1893/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı sənədlərin eyni şəxsə məxsusluğunun müəyyən edilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 oğlu ilə müxtəlif sənədlərdə fərqli adla göstərilmiş şəxsin eyni adam olduğunun təsdiq edilməsi və bu qərarın rəsmi sənədlərdə istifadəsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nümayəndə, İddiaçı İsabala qızının etibarnamə əsasında nümayəndəsi kimi çıxış edərək, məhkəməyə müraciət edir. Onun müvəkkili İddiaçı İsabala qızı, 23 fevral 1997-ci il tarixində vəfat etmiş X3 oğlu (10 aprel 1939-cu il təvəllüdlü) ilə qanuni nikahda olmuş və onun varisidir. X6 Rıza-qulu oğlu müxtəlif rəsmi sənədlərdə fərqli formada qeyd edildiyinə görə hüquqi prosedurların (mirasın rəsmiləşdirilməsi və digər hüquqi məsələlərin) icrası çətinlik yaradır. Belə ki, aşağıdakı sənədlərdə fərqlər var: 1. Doğum şəhadətnaməsində: X8-qulu oğlu 2. Ölüm şəhadətnaməsində: X9-qulu oğlu 3. Texniki pasportda: X10-qulu oğlu 4. Nikah şəhadətnaməsində: X4. Bu fərqliliklər səbəbindən ölmüş şəxsin şəxsiyyətinin eyni adam olduğunu təsdiq edən məhkəmə qərarına ehtiyac yaranıb. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. Belə ki, hazırki mülki iş materiallarından da göründüyü kimi, iddiaçı, X1 məxsus doğum və nikah haqqında şəhadətnamələrin, ölüm şəhadətnaməsinin, texniki pasportun eyni şəxsə məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının məhkəmədə müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarının 6-6.1-ci bəndlərində göstərilmişdir ki, MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəhadətnamələrin şəxsə məxsusluğu faktının müəyyən edilməsi Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsi ilə istisna edilmişdir. Eyni zamanda Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarında yalnız hüquq müəyyənedici sənədlərin (vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və s.) şəxsə məxsusluğu faktının müəyyən edilməsi imkanı, digər sənədlərdə isə dəyişikliklərin dövlət qeydiyyatını aparan orqanlar tərəfindən edilməli olduğu müəyyən edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin şəxsə məxsusluğu faktının müəyyən edilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Həmin ərizələrə xüsusi icraat qaydasında baxılır. Lakin bu zaman nəzərə alınmalıdır ki, texniki pasport istisna olmaqla, digər sənədlərin, yəni ölüm haqqında şəhadətnamənin, nikah və doğum şəhadətnamələrinin şəxsə məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Məcəllənin 153.2.1-ci maddəsində əks olunmuş “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların başqa qaydada mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 153.5 və 153.6-cı maddələrinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi Nümayəndə tərəfindən İddiaçı İsabala qızının nümayəndəsi olaraq imzalanmışdır. Halbuki qanunvericilikdə məhkəməyə iddia ərizəsi təqdim edilən zaman nümayəndə qismində iddia ərizəsinin imzalanması səlahiyyəti yalnız yaxın qohumlar və vəkillər üçün nəzərdə tutulmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 69.1 və 69.1-1-ci maddələrinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 19-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ərarvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Həmçinin, hazırda iddiaçının tələbinin qiymətləndirilməyən iddia tələblərinə aid edilməsinə baxmayaraq, onun tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı tələbə iddia icraatı qaydasında baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, texniki pasportun şəxsə məxsusluğu faktının müəyyən edilməsi məqsədilə müvafiq ərizə ilə xüsusi icraat qaydasında səlahiyyətli məhkəməyə, doğum, nikah və ölüm haqqında şəhadətnamələrdə düzəlişlərin edilməsi tələbi ilə isə müvafiq inzibati orqana müraciət etmək, müraciəti təmin edilmədiyi halda aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı sənədlərin eyni şəxsə məxsusluğunun müəyyən edilməsi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul (Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********36) rüsum ödəyicisi Nümayəndə qaytarılsın. İddiaçıya izah edilsin ki, texniki pasportun şəxsə məxsusluğu faktının müəyyən edilməsi məqsədilə xüsusi icraat qaydasında müvafiq ərizə ilə səlahiyyətli məhkəməyə, doğum, nikah və ölüm haqqında şəhadətnamələrdə düzəlişlərin edilməsi tələbi ilə isə müvafiq inzibati orqana müraciət etmək, müraciəti təmin edilmədiyi halda aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar