Məhkəmə qərarları › İş №e-2(005)-1904/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1904/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1904/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,00 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Çobanzadə küçəsində Şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Hyundai Azera minik” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Opel Astra minik” markalı, UP026PU qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmçinin butka, avtoyuma aparatı və daş hasara maddi zərər dəymişdir. Nizami RPİ TŞ-nin əməkdaşı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb olunması haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində (şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Hadisə üzrə tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “OpelAstra minik” markalı, UP026PU dövlət nömrə nişanlıavtomobilə vurulmuş maddi zərər 4300,00 manat təşkil edir. Həmçinin, butka, avtoyuma aparatı və daş hasara ümumilikdə 1000,00 manat maddi zərər dəyməsi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA163050/24 və PXA163051/24 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə proposianallıq nəzərə alınmaqla ümumilikdə 5000,00 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və c avabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PXA 163050 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sığortalanmış “Hyundai Azera” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” markalı UP026PU dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə 4.300 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PXA 163051 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sığortalanmış “Hyundai Azera” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel Astra” markalı UP026PU dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol kənarında olan butka, avtoyuma aparatı və daş hasara 1000 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə «Hyundai Azera” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh sərxoş şəkildə yol nəqliyyat hadisəsi edərək, “Opel Astra” markalı UP026PU dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan “yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə” məlumatın surətindən görünür ki, “Opel Astra” markalı UP026PU dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X1 və Euromax markalı moyka aparatı, maykanın budkası və daş hasarın mülkiyyətçisi X2 maddi ziyan dəymişdir. İş materiallarında olan PXA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh «Hyundai Azera” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üçün standart sığorta müqaviləsi ilə "xxxx" ASC tərəfindən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manat məbləğində sığorta olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Opel Astra” markalı UP026PU dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 4300 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC Şirkətinin qiymətləndirmə aktından görünür ki, “Hyundai Azera” markalı **-GJ-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən dəymiş zərərin məbləği 1.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış bildiriş məktubunun surətindən görünür ki, 5.000,00manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında 7 (yeddi) iş günü ərzində könüllü ödəməsi bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb olunması haqqında” qərara əsasən, HK1-372 saylı araşdırma materialı üzrə qərarın təsviri hissəsinde göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması zamanı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar edərək, yol-nəqliyyat hadisəsi törətməklə digər şəxslərə zərər vurulmasına gətirib çıxaran hərəkətə yol verdiyindən və həmin zərərin 5.000 manat hissəsi iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı subroqasiya qaydasında cavabdehdən 5.000 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan “Hyundai Azera” markalı **- GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə onun tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, vurulmuş 5.000 manat məbləğində iddiaçı tərəfindən zərərçəkənə ödənilmiş ziyan cavabdehdən subroqasiya qaydasında alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, ödənilmiş sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5.000 manat məbləğində pul vəsaiti və 70 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar