Məhkəmə qərarları › İş №e-2(005)-2030/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2030/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2030/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMCyə qarşı “subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və "xxxx" MMCdən 4448 (dörd min dörd yüz qırx səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 64,48 (altmış dörd manat, qırx səkkiz qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “London Taxi TX 4” markalı, 10TH540 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi ərazisində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, 77DY513 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Toyota Prius” markalı, 77DY513 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 4448 (dörd min dörd yüz qırx səkkiz) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı X7 Haqqında Qərarda müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 “London Taxi TX 4” markalı, 10TH540 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iş üzrə başqa cavabdehin cəlb edilməsi barədə ərizə təqdim edərək "xxxx" MMC-ni iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İş üzrə başqa cavabdehin cəlb edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlıq iclası zamanı Cavabdeh1 özünün "xxxx" MMC-nin işçisi olduğunu, 10TH540 dövlət qeydiyyat nişanlı, “London Taxi TX 4” markalı avtonəqliyyat vasitəsini sürücü kimi idarə etdiyini və avtomobilin mülkiyyətçisinin "xxxx" MMC olduğunu bildirmişdir. Mülki Məcəlləsinin 1099-cu maddəsinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Plenum Qərarına əsasən, hazırkı iş üzrə Cavabdeh1 ilə yanaşı "xxxx" MMC-nin də məsuliyyəti yarandığından, "xxxx" MMC-nin cavabdeh kimi işə cəlb olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, onun "xxxx" MMC-nin işçisi olduğunu, aralarında yazılı müqavilə bağlandığını, 10TH540 dövlət qeydiyyat nişanlı, “London Taxi TX 4” markalı avtonəqliyyat vasitəsini sürücü kimi idarə etdiyini və avtomobilin mülkiyyətçisinin "xxxx" MMC olduğunu bildirərək, avtomobilə dəymiş ziyanın ödəniləcəyi barədə dəfələrlə cəmiyyət tərəfindən qeyd edildiyini bildirdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 19 dekabr 2022-ci il tarixində Cavabdeh1 ünvanladığı məktubdan görünür ki, subroqasiya hüququna əsasən 4448 manat məbləğdə vəsaiti 7 iş günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CM1868/22 saylı işə dair Sığorta aktından görünür ki, zərərçəkən sığorta aktına müvafiq olaraq hesablanan zərər və sığorta ödənişinin məbləği və üsulu ilə tam razıdır və "xxxx" ASC-nin aktda qeyd olunan hadisə və zərərə dair ona heç bir borcu və öhdəliyi qalmır və "xxxx" ASC-yə qarşı heç bir şikayət və iddiası yoxdur. Onun təqsirkar şəxsdən zərərin əvəzini tələb etmək hüququ ona verilən sığorta ödənişi məbləğində şirkətə keçməsinə etiraz etmir. İş materiallarında olan çıxarışdan görünür ki, X1 ödənilmiş məbləğ 4448 manatdır. İş materiallarında olan qiymətləndirmə aktından görünür ki, “Toyota Prius” markalı, 77DY513 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 4448 (dörd min dörd yüz qırx səkkiz) manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, hadisə baş verən zaman sürücü Cavabdeh1 olmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-4420/2022 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 08 iyun 2023-cü il tarixli əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, işəgötürən "xxxx" MMC Cavabdeh1 işdən çıxma əmrini xx.xx.2018-ci il tarixində imzalamışdır. İşəgötürən "xxxx" MMC Cavabdeh1 xx.xx.2023-cü il tarixində işə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 642 nömrəli 22 iyul 2022-ci il tarixli avtomobil üçün yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh1 “London Taxi TX 4” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilmək üçün verilmişdir. İş materiallarında olan AC seriyalı 481892 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “London Taxi TX 4” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 yanvar 2020-ci il tarixli 1711 nömrəli sürücü xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən sifarişçi İcraçıya sürücü xidmətinin göstərilməsi üçün müvafiq şərait yaradır, onu tam təchiz olunmuş, istismara tam yararlı vəziyyətdə olan “London Taxi TX 4” markalı avtomobili, müvafiq fərqlənmə nişanı və zəruri geyim forması ilə təmin edir. İcraçı isə bunun müqabilində gündəlik hasilatı (bu mÜqavilənin 5.3-cü bəndi ilə razılaşdırılan məbləği) Sifarişçiyə ödəyir.(2.1-ci bənd) Bu Müqavilə imzalandığı tarixdə qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. ( 8.1ci bənd) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Konstitusiya Məhkəməsinin mövqeyinə görə işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, 18 iyul 2022-ci il tarixdə Cavabdeh1 spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamayıb qarşısında svetaforda dayanmış vəziyyətdə olan “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş və avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Toyota Prius” markalı, 77DY513 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 4448 (dörd min dörd yüz qırx səkkiz) manat sığorta ödənişi həyata keçirilmişdir. 02 avqust 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunmuşdur ki, 18 iyul 2022-ci il tarixdə Cavabdeh1 spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamayıb qarşısında svetaforda dayanmış vəziyyətdə olan “Toyota Prius” markalı, **- DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş və avtomobilə maddi ziyan dəymişdir.Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 4420/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı qeyd edilən maddi zərərin 4448 manat olduğunu qeyd etmiş, həmin məbləğin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərdən zərərin tutulması hissəsində qismən əsaslı olduğu üçün qismən təmin olunmalı, baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdeh "xxxx" MMC-yə məxsus nəqliyyat vasitəsilə, həmin nəqliyyat vasitəsini istifadə edərkən qanunazidd əməlləri nəticəsində, iddiaşı zərərçəkmişə məxsus nəqliyyat vasitəsinin bərpa olunması üçün ödənilmiş 4448 manat məbləğində pul vəsaitinin əvəzi subroqasiya qaydasında cavabdeh "xxxx" MMC-dən tutularaq, iddiaçı "xxxx" ASC –nin xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə Cavabdeh1 münasibətdə iddianı əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinin tələbinə əsasən, qanunverici öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – sifarişçinin (hazırki halda "xxxx" MMC-nin) həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə (hazırki halda iddiaçıya) dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Mülki işin materiallarından göründüyü kimi, Cavabdeh1 xidmət müqaviləsi üzrə "xxxx" MMC-də işləmiş, həmin müddətdə onlar arasında yazılı xidmət müqaviləsi olmuş, həmin müqavilənin qüvvədə olmaması cavabdeh tərəfindən mübahisələndirilməmiş, öz növbəsində cavabdeh "xxxx" MMC özünəməxsus nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmək üçün Cavabdeh1 verməklə, xidmət müqaviləsinin qüvvədə olması və cavabdehlər arasında xidmət göstərilməsi barədə münasibətlərin davam etdirildiyini öz hərəkətləri ilə təsdiqləmişdir. Belə olanda məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən hazırda iddia tələblərinə cavab verməli olan şəxs məhz "xxxx" MMC-dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə maddi zərərə görə 4448 manat və 64,48 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə maddi zərərə görə 4448 (dörd min dörd yüz qırx səkkiz) manat və 64,48 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar