Məhkəmə qərarları › İş №e-2(005)-2120/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2120/2023

01.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2120/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “əldən çıxmış fayda, əmlak tələbi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “əldən çıxmış fayda, əmlak tələbi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 700 manat dəyərində “Hoffman” markalı soyuducunun, 500 manat dəyərində 5 kq-lıq “Beko” markalı paltaryuyanın, 600 manat dəyərində 40 kv.m “Samsung” markalı kondisionerin və 300 manat dəyərində 80 mm-lik “LG” markalı televizor və ya onların dəyərinin, ümumilikdə 2.100 manatın; ünvan 1, mənzil 37-dən 03 iyun 2021 tarixindən 20 iyul 2022 tarixinədək olan vaxt üçün aylıq 500 manat kirayənin dəyəri olaraq əldə çıxmış faydanın, ümumilikdə 6.500 manatın; Abşeron rayon Vəkil Bürosu ilə bağlanmış müqavilələrə görə Apellyasiya məhkəməsində təmsil etmək və hüquqi yardım üçün büronun hesabına ödənilmiş 800 manatın və Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardıma görə büronun hesabına ödənilmiş 300 manatın, ümumilikdə 1100 manatın; hazırki iş üzrə hüquqi yardım göstərilməsi üçün Ekol Vəkil Bürosu ilə bağlanmış müqaviləyə əsasən büronun hesabına ödənilmiş 1.000 manatın; iddiaçıya mənəvi ziyan olaraq vurulmuş 1.500 manatın; Həmçinin dövlət rüsumuna görə ödənilmiş 127 manatın; Ümumilikdə 12.327 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzil dövlət reyestrindən rəsmi qaydada mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Həmin evi Cavabdeh2 və onun ailə üzvlərinə 300 manata kirayəyə vermişdir. Kirayəçilər mənzildən çıxmadıqlarından məcbur olub məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Xətai rayon Məhəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-2322/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus ünvan 2 ünvanından məcburi qaydada çıxarılmaları qət edilmişdir. Lakin cavabdehlər iddiaçıya məxsus olan mənzildən çıxmayaraq süründürməçilik niyyəti ilə apellyasiya və kassasiya şikayətləri verməklə iddiaçıya hər hansı bir kirayə ödənişi ödəmədən mənzildə yaşamağa davam etmişlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-2322/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və qətnamə icraya yönəldilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Ceyhun Həmidov tərəfindən icra sənədinin icrası 20 iyul 2022-ci il tarixinə saat 10:00-a təyin olunmuş və bununla bağlı qabaqcadan təyinat məktubları və digər inzibati orqanlara göndərilmişdir. Həmin gün Cavabdeh2 iki saat əlavə vaxt istəyərək saat 12:00-da ünvan 1, mənzil 37 ünvanının giriş qapısının açarını könüllü olaraq şöbəyə gətirərək təhvil vermişdir. 20 iyul 2022-ci il tarixdə, saat 14:00 radələrində hal şahidlərinin iştirakı ilə evə daxil olduqda evdə bəzi əşyaların - ağ rəngli “Hofmann” markalı soyuducunun, 5 kq-lıq “Beko” markalı paltaryuyanın, ağ rəngli “Samsung” markalı kondisionerin və 80 MM “LG” markalı sadə ekranlı televizorun evdə olmadığını görmüşlər. Bu barədə Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Ceyhun Həmidov tərəfindən 22 iyul 2022-ci il tarixli akt tərtib edildi və hal şahidləri də daxil olmaqla aktı imzalamışlar. Bildirilir ki, evi kirayə verərkən makler tərəfindən tərtib olunmuş bir kirayə müqaviləsi vardır. Həmin kirayə müqaviləsində evdə aşkar olunmayan əşyaların evi təhvil götürən Cavabdeh2 təhvil verilməsi imzası ilə də sübüta yetirilir. Bundan başqa, cavabdehlərdən biri Cavabdeh3lə iddiaçı arasında olan yazışmalar da həmin əşyaların iddiaçıya məxsus olmaqla evdə olmasını təsdiq edir. Həmin əşyaların özləri və ya dəyəri cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalıdır. Bundan başqa, cavabdehlər vaxtında evdən çıxmamaqla iddiaçını evini kirayə verməklə əldə edəcəyi qazancdan məhrum etmişlər. Onlar evə köçərkən evin kirayə haqqını 300 manatla ödəyirdilər. Lakin sonradan mənzilin dəyəri qalxmış və həmin ünvanda orta təmirli, əşyalı mənzillərin orta qiyməti 450-500 manat təşkil etmişdir. Bakı şəhəri Xətai Rayon Məhəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-2322/2021 saylı qətnaməsindən icra sənədinin icra olunmasına qədər 1 il 4 ay müddət keçmişdir. Cavabdehlər Bakı şəhəri Xətai Rayon Məhəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-2322/2021 saylı qətnaməsindən sonra dərhal evdən çıxsaydılar iddiaçı bu iddianı qaldırmağa məcbur olmazdı. Cavabdehlər evdən vaxtında çıxmamaqla apellyasiya və kassasiya şikayətləri verməklə də iddiaçını keyfiyyətli hüquqi yardım almaq üçün vəkillə əlavə müqavilə bağlamağa məcbur etmişlər. Belə ki, cavabdehlərin verdikləri apellyasiya şikayətinə görə vəkillə Bakı Apellyasiya Məhkəməsində təmsil olunmaq üçün Abşeron rayon Vəkil bürosu ilə 10 sentyabr 2021-ci il tarixli, 899 saylı müqaviləyə əsasən rəsmi qəbzlə 800 manat ödəmişdir. Cavabdehlərin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə Ali Məhkəmədə təmsil olunmaq və onların kassasiya şikayətlərinə etiraz verilməsi məqsədi ilə yenidən Abşeron rayon Vəkil bürosu ilə 14 yanvar 2022-ci il tarixli, 47 saylı müqaviləyə əsasən rəsmi qəbzlə 300 manat ödəmişdir. Göründüyü kimi, cavabdehlər iddiaçının evindən çıxmamaqla iddiaçının əldə edəcəyi faydadan məhrum etməklə yanaşı, vəkillə bağladığı müqaviləyə əsasən onu 1.100 manat da əlavə olaraq xərcə salmışlar. İddiaçı bildirir ki, çünki onlar apellyasiya və kassasiya şikayətləri verməsəydilər evdən vaxtında çıxsaydılar iddiaçı da məcbur olub əlavə olaraq vəkillə müqavilə bağlamazdı. Əlavə olaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-2322/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəticə etibarilə, cavabdehlər heç bir əsas olmadığı halda məsələni mübahisələndirərək məhkəmə prosesini uzatmış və bütün bu müddəti mənzilimdə kirayə haqqını ödəmədən yaşamışlar. Cavabdeh2 Yadula oğlu iddiaçıdan onları aldadaraq mənzillərini ələ keçirməyinə dair Bakı şəhəri Xətai rayon prokuroluğuna müraciət etmiş və Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi tərəfindən araşdırma aparılmış və xx.xx.2021-ci il tarixldə əməlində hər hansı bir cinayət hadisəsi olmadığından cinayət işinin bağlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Bütün bunlardan aydın olur ki, cavabdehlər iddiaçıya mənəvi əziyyət vermək, onu qazanacağı faydadan məhrum etmək niyyətində olduqları açıq-aşkar görünür. Bundan başqa, hazırki iş üzrə də hüquqi yardım göstərilməsi üçün Ekol Vəkil Bürosu ilə bağlanmış 07 aprel 2023-cü il tarixli, 86 saylı müqaviləyə əsasən 1.000 manat ödəniş etmişdir. “Bakı Ekspertiza Mərkəzi”nin xx.xx.2023-cü il tarixli, M-0003/23 saylı əmtəəşünaslıq-ekspertizasının rəyindən görünür ki, ünvan 1 saylı TİKMAT yaşayış kompleksindədir. 80 kv sahəsi olan, 2 otaqdan 3 otağa düzəldilmiş orta səviyyədə əşyalımənzil. 3 iyun 2021 tarixindən 20 iyul 2022 tarixinədək olan vaxt üçün aylıq kirayə dəyəri təxminən 450-500 manat olmuşdur. “Bakı Ekspertiza Mərkəzinin” xx.xx.2023-cü il tarixli, M-0004/23 saylı əmtəəşünaslıqekspertizasının rəyindən görünür ki, Hoffman markalı soyuducu - 700 AZN, Beko markalı paltaryuyan 5 kq-lıq - 500 AZN, Samsung markalı kondisioner 40 kv-m - 600 AZN, LG markalı televizor 80 mm-lik ekran – 300 AZN təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) X6 iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, 500 manat dəyərində 5 kq-lıq “Hoffman” markalı soyuducunun, 350 manat dəyərində “Beko” markalı paltaryuyanın, 400 manat dəyərində 40 kv.m “Samsung” markalı kondisionerin və 200 manat dəyərində 80 mm-lik “LG” markalı televizorun və ya onların dəyərinin ümumilikdə 1.450 manatın; ünvan 1, mənzil 37-dən 03 iyun 2021 tarixindən 20 iyul 2022 tarixinədək olan vaxt üçün kirayənin dəyəri olaraq əldə çıxmış faydanın 6.930 manatın; Abşeron rayon Vəkil Bürosu ilə bağlanmış müqavilələrə görə Apellyasiya məhkəməsində təmsil etmək və hüquqi yardım üçün büronun hesabına ödənilmiş 800 manatın və Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardıma görə büronun hesabına ödənilmiş 300 manatın, ümumilikdə 1100 manatın; Hazırki iş üzrə hüquqi yardım göstərilməsi üçün Ekol Vəkil Bürosu ilə bağlanmış müqaviləyə əsasən büronun hesabına ödənilmiş 1.000 manatın; İddiaçı tərəfindən “X5 Mərkəzi” MMC-yə ödənilmiş 300 manatın; iddiaçıya mənəvi ziyan olaraq vurulmuş 1.500 manatın; Həmçinin dövlət rüsumuna görə ödənilmiş 127 manatın; Ümumilikdə 12.407 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddia tələbinə qarşı yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(011)- 322/2021 saylı qətnaməsi ilə cavabdehlərin mənzildən çıxarılması və sair qət olunmuşdur. Qətnamə Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icra olunarkən guya müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ev əşyaları (Hofman markalı soyuducu, “Beko” markalı paltaryuyan, “Samsunq” markalı kondinsener, “LG” markalı televizor) mənzildə yoxdur. Bundan əlavə kirayə haqqı kimi 03 iyun 2021-ci ildən - 20 iyul 2022-ci il tarixə kimi ona 6500 manat kirayə haqqı ödənilməmişdir, apellyasiya, kassasiya məhkəmələrində və hazırki iş üzrə onun hüquqlarını müdafiə etmək üçün vəkilə ümumilikdə 2100 manat pul ödəmişdir və ona 1500 manat mənəvi zərər vurulmuşdur və sair.” Qeyd etdiklərinə əsasən cavabdehlərdən ümumilikdə 12327 manat pulun tutulub ona ödənilməsini xahiş etmişdir. Bildirilir ki, hazırki iddiaçı cavabdehlərə qarşı Bakı şəhər Xətai Rayon Məhkəməsinə iddia verərək, onların mülkiyyətində olan ünvan 4 ünvandan çıxarılmağı, cavabdehlərdən müştərək qaydada məhkəmə qərarı icra olunana kimi hər ay 300 manat kirayə haqqının tutulması, hüquqi yardım üçün ödədiyi 3000 manat pulun pulun tutulması, məhkəmə qətnaməsi icra olunana kimi iddiaçıya ödənilməli pulun saxlanılmasında illik 5% pulun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsi iddianın qismən təmin olunmasını, cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını, iddiaçının hüquqi yardım üçün ödədiyi 1500 manat pulun, "xxxx" ASC-yə iddiaçının ödədiyi 220 manat su ödənişinin, 1416 manat kommunal ödənişin tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə rədd olunmasını qət etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-2322/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Xətai rayon icra məmuru tərəfindən icra olunmuşdur. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2021 saylı qətnaməsi ilə tərəflər arasında bütün mülki mübahisələrə hüquq qiymət verilmişdir. Qeyd edilir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1322/2021 saylı qətnaməsi cavabdehlərdən aylıq 300 manat kirayə haqqı tələb etdiyi halda hazırda məlum olmayan səbəblərdən aylıq 500 manat kirayə haqqı tələb edir. Bu fakt da iddianın fərziyələr əsasında tərtib olunduğunu sübut edir. Bildirilir ki, 03 iyun 2021-ci il tarixdən 20 iyul 2022ci il tarixə kimi 2(011)-2322/2021 saylı mülki iş üzrə məhkəmə prosesləri davam etmiş və qətnamə icra mərhələsində olmuşdur. Göründüyü kimi Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2021 saylı qətnaməsinin icra olunmamasına görə cavabdehlər heç bir məsuliyyət daşımırlar və öz prosesual hüquqlarından istifadə etmişlər. İddiaçı bu fakt üzrə (icranın cavabdehlər tərəfindən qərəzli olaraq yubadılmasına dair) məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddianın digər hisəsində iddiaçı 1500 manat mənəvi zərər tələb edir ki, bu hissədədə iddia əsasız və qanunsuzdur. Cavabdehlər tərəfindən iddiaçıya heç bir mənəvi zərər vurulmamışdır. Bu faktı təsdiq edən heç bir sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. İddianın hüquqi yardıma görə iddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 1100 manat və 1000 manat pul tələbi hissəsində əsassızdır. Belə ki, cavabdehlər onlara verilmiş konstitusion hüquqlarından istifadə etməklə apelyasiya və kassasiya şikayətləri etmişlər. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə icra hərəkətlərinin edilməsinə heç bir maneçilik yaratmamışlar. Hazırki iddia tələbi əsassız olduğundan iddiaçının hüquqi yardıma görə tələb etdiyi iddianın 1000 manat pul tələbi hissəsində əsassızdır. İddia əsassız olduğundan təmin olunmamalı və iddianın verilməsi üçün ödənilmiş 127 manat dövlət rüsumu hissəsində iddiaçıya aid edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) X6 iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin əsassız olduğunu qeyd edərək, bildirdi ki, iddiaçının qeyd etdiyi məişət texnikaları özü tərəfindən alınıb, həmin əşyaların alqı-satqı müqavilələrinə dair sənədləri də mövcuddur. Həmin əşyaları kreditlə “Kontakt Home”dan əldə edib. Cavabdehlərə mübahisəli mənzil boş verilib, hətta cavabdehlər əlavə təmir işləri də aparıb. Mənzilin İcra məmurunun iştirakı ilə boşaldılmamasının səbəbi isə başqalarının evə gəlməsindən xoşu gəlməməsi olmuşdur. Məhkəmənin qərarı çıxdıqdan sonra özünəməxsus pərdələri də qoyub həmin evdən çıxmışdır. İddiaçı evi onlara boş vermişdir. Ona görə də, evin 300 manat məbləğinə kirayə verilməsinə razılaşmışlar. Çünki, həmin zaman bu cür evlərin dəyəri aylıq 400 manat idi, ev də boş olduğuna görə iddiaçı cavabdehlərə bu qiymətə vermişdir. Evdə olan əşyaları “Kontakt Home” mağazasından almışdır. İddiaçının evdə köhnə əşyaları var idi. Hətta iddiaçı soyuducunun adını da səhv qeyd etmişdir. Evdə “İndezit” markalı soyuducu var idi, o da şkaf kimi istifadə olunurdu. Paltaryuyan cavabdehin özünün var idi, xarab olduqdan sonra yenisini almışdı. Hətta cavabdehdə tərəfindən mənzilin çəkilən videosu da mövcuddur. Kondisionerə gəldikdə isə həmin əşya da cavabdehin özünəməxsus olmuşdur, eyni zamanda iddiaçının qeyd etdiyi kimi, kondisioner ağ rəngdə deyil, qara rəngli Holland malı olmuşdur. Məhkəmə çıxışları zamanı iclasda iştirak edən Cavabdeh2 məhkəmə iclasının vəkilinin iştirakının təmin edilməsi məqsədilə təxirə salınmasını xahiş edərək, çıxış etməkdən imtina etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, çıxışını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2322/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzil məcburi qaydada çıxarılmaları, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər (6 ay) hər ay üçün 300 (üç yüz) manat olmaqla, cəmi 1.800 (min səkkiz yüz) manat kirayə haqqı alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım üçün ödənilmiş 1.500 (min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada istifadə etdikləri suya görə "xxxx" ASC-yə ödənilmiş 220 (iki yüz iyirmi) manat alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzilə görə kommunal xidmət haqqı olaraq ödənilmiş 1.416 (min dörd yüz on altı) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 05 may 2012-ci il tarixli “evlərin Kirayə müqaviləsi”nin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzil kirayəyə verilmişdir. Ev sahibi tərəfindən evdə saxlanılan əşyalar: yataq dəsti, soyuducu, paltaryuyan, divan, televizor, oturaq stolu 4, stul 1, kondisioner. İş materiallarında olan “Bakı Ekspertiza Mərkəzi”nin M-0003/23 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən kirayə verilən ev Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzil TİKMAT yaşayış kompleksindədir. 80 kv.m sahəsi olan, 2 otaqdan 3 otağa düzəldilmiş orta səviyyədə əşyalı mənzilin 3 iyun 2021 tarixindən 20 iyul 2022 tarixinədək olan vaxt üçün aylıq dəyəri təxminən 450-500 manat olmuşdur. İş materiallarında olan “X5 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, YDQM№ 005- 048/2023 nömrəli rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş məişət əşyalarının qiymətləndirilməsi üçün mövcud üç yanaşmadan yalnız müqayisə yanaşması tətbiq olunmuşdur və monitorinq bazasında toplanan, internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad edlməklə bazar dəyəri: “Hoffman” markalı 5 kq-lıq Soyuducu 500 AZN, “Веkо” markalı Paltaryuyan 350 AZN, “Samsung” markalı 40 kv.m Kondisioner 400 AZN, “LG” markalı 80 mm-lik Televizor 200 AZN, cəmi 1450 AZN olaraq müəyyən olunmuşdur. Qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin orta bazar və aylıq kirayə haqqı dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar və aylıq kirayə haqqının deyəri müəyyən edilmişdir. Beləliklə də, aparılmış hesablamalar nəticəsində, ünvan 1 ünvanında yenəşən 37 saylı mənzilinin bazar dəyərinin və aylıq icarə haqqı: 2021-ci il 490 AZN, 2022-ci il 500 AZN, 2023-cü il 530 AZN olaraq müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2322/2021 saylı icra sənədinin könüllü icra edilməsindən ötrü 10 gün müddət verilmiş və xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş borclulara göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi, bina 72, 37 saylı mənzilin giriş qapısının açarı yenilənərək tələbkar İddiaçı təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2322/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzildən məcburi qaydada çıxarılmaları, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər (6 ay) hər ay üçün 300 (üç yüz) manat olmaqla, cəmi 1.800 (min səkkiz yüz) manat kirayə haqqı alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmiş, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərarına əsasən icra sənədinin könüllü icra edilməsindən ötrü borclulara 10 gün müddət verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi, bina 72, 37 saylı mənzilin giriş qapısının açarı yenilənərək tələbkar İddiaçı təhvil verilmişdir. Hazırda iddiaçı məhkəmədə onu mübahisələndirir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 özünün haqsız olduğunu bildiyi halda qəsdən onu məhkəmələrə get-gələ salmaqla 14 ay müddətində ona məxsus mənzildən təmənnasız şəkildə istifadə etmişdir. Cavabdehlər 03 iyun 2021-ci il tarixindən 20 iyul 2022-ci il tarixinədək, iddiaçıya məxsus olan mənzildə heç bir kirayə haqqı ödəmədən, qanunsuz əsaslarla yaşamış, beləliklə də iddiaçıya maddi zərər vurmuşdur. Qeyd edir ki, zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. Cavabdehlər iddianı qəbul etmir, həmin mənzili könüllü olaraq icra mərhələsində icra məmuruna təhvil verildiyini, mənzilin kirayə verilərkən, əşyasız, tam boş şəkildə verildiyini, iddia tələbində qeyd edilən əşyaların Cavabdeh1 özünə məxsus olduğunu, bu səbəbdən də iddianın əsassız olduğunu bildirirlər. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzildən kirayə haqqı ödənilmədən istifadə edilməsi və sahibliyi ilə bağlı hərəkətlərinin qanunsuz olması kimi qiymətləndirilmiş, həmin faktiki hal məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2-ci maddəsinə əsasən, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. 697.4-cü maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirib hesab edir ki, təmənnasız (ödənişsiz) yaşayış müddəti və bunun nəticəsində vurulmuş zərər məbləği müəyyən edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. Belə ki, tərəflər arasında əvvəllər mövcud olmuş kirayə hüquq münasibətlərinə xitam verilsə də, həqiqi vəziyyətə məhz bu münasibətlər nəticəsində mövcud olan qiymətlər, yəni kirayə haqqı əsas götürülməlidir. Hər bir halda, cavabdehlər iddiaçıya məxsus mənzildə ödənişsiz əsaslarla yaşamaqla ona maddi zərər vurmuşdur. Cavabdehlər özünə məxsus olmayan başqa hər hansı mənzildə yaşadığı təqdirdə bunun üçün etməli olduğu ödənişlər məhz kirayə haqqı qismində ödənilmiş olacaqdır. Aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, mübahisəli mənzilin göstəricilərinə uyğun mənzillərin kirayə haqqı 490-500 manat məbləğindədir. (“X5 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli rəyi). Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı vurulmuş aylıq zərər məbləği qismində məhz 2021-ci ilin iyun ayı daxil olmaqla 7 ayı üzrə aylıq 490 manat, 2022-ci ilin ilk 7 ayı üçün 500 manat məbləği qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mənzildə ümumilikdə 14 ay (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra yaşaması əsas götürüldüyü təqdirdə ümumi zərər məbləği (7 ay x 490 manat = 3430 manat, 7 ay x 500 manat = 3500 manat) 6930 manat təşkil edir. Belə ki, iş materiallarından da göründüyü kimi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2322/2021 saylı icra vərəqəsi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə isə icra vərəqəsi icra olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisəli mənzil Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cavabdeh olduğu halların nəticəsində qaytarılmadığı işin mübahisəsiz halıdır. Düzdür cavabdehlər yuxarı məhkəmə instansiyalarına müraciət etmək hüquqlarından istifadə etsələr də, onların Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdikləri şikayətlər təmin edilməmiş, müvafiq qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, kirayə hüquq münasibətlərində olan tərəflər arasındakı mübahisələr dövründə iddiaçı öz əmlakından sərbəst istifadə etmək və ondan gəlir əldə etmək, faydalanmaq hüququndan məhrum olmuşdur. Bunun əvəzində isə cavabdehlər ödənişsiz və əvəzsiz olaraq 14 ay müddətində mübahisəli mənzildə yaşamış və faydalanmışlar. Qanunvericiliyin tələblərinə əsasən, iddiaçı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra cavabdehlərin kirayəyə götürdükləri mənzili təhvil vermədikləri üçün kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia “cavabdehlərdən kirayənin dəyəri olaraq əldən çıxmış fayda 6930 manat məbləğində zərərin tutulması" hissəsində əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzilindən istifadəsi və sahibliyinin qanunsuz olması müəyyən edildiyindən və işin həmin faktiki halı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2322/2021 saylı qətnaməsi ilə öz təsdiqini tapdığından iddiaçı öz əmlakından istifadə etmək imkanından məhrum olduğu üçün ona dəymiş zərərin əvəzini tələb etməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, iddiaçının daşınar əşyaların qaytarılması, əşyalar olmadığı təqdirdə dəyərinin qaytarılması tələbinə münasibətdə qeyd edir ki, baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əşyaların mövcudluğu, kirayə münasibətlərindən əvvəl iddiaçıya mənsubluğu, həmçinin tələb olunan daşınar əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Məhkəmə iddia tələbi üzrə daşınar əşyaların qaytarılması ilə bağlı qeyd edir ki, hazırda iddia tələbində qeyd olunan daşınar əşyaların mövcudluğu, onların iddiaçıya mənsubluğu və cavabdehin qanunsuz sahibliyində olması məhkəmədə mübahisələndirilir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış şifahi kirayə müqaviləsi əsasında cavabdehlər 2013-cü ilin mart ayından mübahisəli mənzildə yaşamağa başlamışlar. Lakin iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş evlərin kirayəsi müqaviləsinin surətindən görünür ki, həmin müqavilə xx.xx.2012-ci il tarixində bağlanmış, müqaviləni imzalayan kirayəçinin imzasının qarşısında ad, soyad qeyd olunmamışdır. Ona görə də, həmin müqavilənin digər tərəfinin həqiqətən də Cavabdeh2 olması müəyyən edilmir. Belə olan halda qeyd olunan müqavilə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bu baxımdan müqavilə həm tarix baxımından hazırki mübahisəli hala uyğun gəlmir, həm də müqaviləni imzalayan kirayəçinin şəxsiyyətinin eyniləşdirilməsi baxımından qüsurludur. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzildə “Samsung” markalı kondisionerin və “LG” markalı televizorun mövcudluğu sübuta yetirilmir. Lakin bunun əksinə qeyd olunan mənzildə “Hoffman” markalı soyuducunun və “Beko” markalı paltaryuyanın mövcudluğu və mənsubluğu, iddiaçının təqdim etdiyi “whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalardan müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin olunmalı, 350 manat dəyərində 5 kq-lıq “Beko” markalı paltaryuyanın və 500 manat dəyərində “Hoffman” markalı soyuducunun cavabdehlərin qanunsuz sahibliyindən alınaraq, iddiaçıya qaytarılmalı, bu mümkün olmadıqda dəyəri cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 etirazında iddiaçının Xətai Rayon Məhkəməsinə iddia verərkən ev əşyalarını mübahisələndirmədiyini bildirir. Lakin işin faktiki hallarından da məlum olduğu kimi, iddiaçı ev əşyalarının cavabdehlər tərəfindən aparılmasını yalnız icra məmuru tərəfindən mübahisəli mənzili təhvil alarkən aşkara çıxarmış, bununla da daha əvvəl ev əşyalarını tələb etməməsi onu deməyə əsas vermir ki, mübahisələndirilən əşyalar ona məxsus olmamışdır. Bundan başqa, məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Hazırki işdən göründüyü kimi, cavabdehlər iddiaçıya məxsus olan mənzildən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək ödənişsiz qalmaqla, 14 ay ərzində çıxmayaraq, iddiaçıya ziyan vurmaqda davam etmişlər. İddiaçı hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş, onun yanına gedib-gəlməsi, daha sonra məcbur qalaraq məhkəməyə müraciət etməsi, onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 1500 manatın iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Məhkəmə mənəvi zərər həddinin iddiaçıya 150 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı xeyrinə 150 manat məbləğində mənəvi zərərin əvəzi tutulmalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən yaxud əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin cavabdehlərdən müştərək qaydada Ekol Vəkil Bürosunun və Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 2100 manatın alınaraq ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı Apellyasiya məhkəməsində təmsil etmək və hüquqi yardım üçün büronun hesabına ödənilmiş 800 manatın və Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardıma görə büronun hesabına ödənilmiş 300 manatın cavabdehlərdən tutulmasını xahiş edir. Göründüyü kimi, həmin hüquqi xidmət digər mülki işlər üzrə hüquqi yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş məhkəmə xərcləridir. Belə olanda məhkəmə hesab edir ki, iddiaçı həmin xərclərin əvəzini hazırda tələb etməkdə haqlı olmamışdır. Lakin Ekol Vəkil Bürosu ilə bağlanmış müqaviləyə əsasən büronun hesabına ödənilmiş 1000 manat məbləğində pulun ödənilməsi hissəsində əsaslıdır, bu səbəbdən də təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 127 manat dövlət rüsumu və qiymətləndirmə hesabatı üçün iddiaçı tərəfindən ödənilmiş 300 manat xərc İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 6930 manat əldən çıxmış fayda, hüquqi yardıma görə Ekol Vəkil Bürosunun hesabına ödənilmiş 1000 manat, 300 manat qiymətləndirmə xərci və 127 manat dövlət rüsumu olmaqla, cəmi 8357 (səkkiz min üç yüz əlli yeddi) manat pul, habelə 350 manat dəyərində 5 kq-lıq “Beko” markalı paltaryuyan və 500 manat dəyərində “Hoffman” markalı soyuducu, həmin əşyalar olmadıqda onların dəyəri 850 manat məbləği tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 6930 manat əldən çıxmış fayda, hüquqi yardıma görə Ekol Vəkil Bürosunun hesabına ödənilmiş 1000 manat, 300 manat qiymətləndirmə xərci və 127 manat dövlət rüsumu olmaqla, cəmi 8357 (səkkiz min üç yüz əlli yeddi) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 350 manat dəyərində 5 kq-lıq “Beko” markalı paltaryuyan və 500 manat dəyərində “Hoffman” markalı soyuducu İddiaçı verilsin, həmin əşyalar olmadıqda onların dəyəri 850 manat məbləği alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar