Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2143/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndələri X5 və X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 8000 manat sığorta ödənişinin geri qaytarılmamış 4363.60 manat məbləği və ödənilmiş 63.64 manat dövlət rüsumu olmaqla, cəmi 4427.24 manat pulun cavabdehdən tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalı "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, M0282/19 №-li “avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən “Hyundai Veloster” minik markalı, 99PB048 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə özünə məxsus “Honda CRV” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsində hərəkət edərkən sığortalanmış “Hyundai Veloster” minik markalı, 99PB048 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Abşeron RPİ-nin TŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2020-ci il tarixli, HK-1/3353 №-li Arayışa və Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və AR İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Sığortalanmış “Hyundai Veloster” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci və “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddələrinin tələbinə əsasən, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli Qüsur aktına əsasən 19025 manat məbləğində qiymətləndirilmişdir. Həmin zərər məbləği sığorta məbləğinin 75%-dən çox olduğu üçün avtomobil tam məhv olmuş hesab edilmiş və "xxxx" MMC-nin təqdim etdiyi “sığorta predmetinin bazar və qalıq dəyərinin təyini aktı” ilə avtomobilin real bazar dəyəri 20000 manat, ən yüksək qalıq dəyəri isə 9000 manat məbləğində müəyyən edilmişdir. Buna müvafiq olaraq avtomobilin real bazar dəyərindən ən yüksək qalıq dəyəri çıxılmaqla, həmçinin 3000 manat şərtsiz azadolma məbləği tətbiq edilməklə ümumilikdə 8000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli, MCL- 094/20 №-li sığorta ödənişinə dair Akt və xx.xx.2020-ci il tarixli, **********2 №-li ödəniş tapşırığı ilə faydalanan şəxsə ödənilmişdir. Tərəflərdən zərərvuranın sığortaçısı "xxxx" ASC-yə sığorta ödənişinin 5000 manat hissəsinin reqres hüququ qaydasında Cəmiyyətə geri ödənilməsi üçün tələblərini və bank rekvizitlərini özündə əks etdirən xx.xx.2022-ci il tarixli, 22/082 №-li pretenziya məktubu göndərilmiş və "xxxx" ASC tərəfindən 3636.40 manat Cəmiyyətə ödənilmişdir. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar olduğundan "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişinin geri qaytarılmalı olan 4363,60 manat hissəsini Mülki Məcəllənin 936-cı maddəsi əsasında zərərvuran qismində Cavabdeh subroqasiya hüququ qaydasında geri tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 bildirmişdir ki, avtomobil sığorta şirkəti tərəfindən qiymətləndirilib. Təmir qiyməti bazar qiymətinə yaxın dəyərdə olduğuna görə tam məhv hesab edilib və qalıq dəyər olaraq sığorta şirkəti tərəfindən 9000 manat hesablanıb. Yerdə qalan azadolma məbləği tutularaq vətəndaşa ödəniş edilmişdir. Onlar zərəri 19025 manat hesablamışlar. Lakin, ekspert rəyində qalıq dəyər olaraq 13650 manat müəyyən edilib. Hal-hazırda avtomobilin bazar qiyməti 15000 manatdır. Belə olan halda 13650 manat qalıq dəyərinin hesablanması absurddur. Ekspert rəyi ilə razı deyillər. Çünki rəydə qeyri-dəqiqlik vardır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qayadada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən hadisənin təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində yolnəqliyyat hadisəsi baş vermiş, sağlamlığa və əmlaka dəymiş zərər görə inzibati icraat başlanılmışdır. Cavabdeh ona məxsus “Honda CRV” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X7 yüngül xəsarət və “Hyundai Veloster” markalı, **-PB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurmuşdur; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh barəsində toplanmış HK-1/3353 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati təsir tədbirləri görülməsi üçün Abşeron RPİ-nin DYP-yə göndərilmişdir; - xx.xx.2020-ci il tarixli, MCL-094/20 saylı Sığorta ödənişi aktının surətindən və sığorta müqaviləsinə aid məlumatlardan görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus “Hyundai Veloster” markalı, 99PB048 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək sığorta məbləği 20000 manat, azadolma məbləği 3000 manat olmaqla kompleks sığortalanmışdır. "xxxx" MMC-yə məxsus və Kisil Svetlana tərəfindən idarə olunan “Hundai Veloster” markalı, 99PB048 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixində Novxanı kəndində hərəkət edərkən qarşıdan yoluna çıxan “Honda CRV” markalı, 99SE561 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Avtomobilə dəymiş zərər (19025 manat) sığorta məbləğinin 75 faizindən çox olduğu üçün avtomobil tam məhv olmuş hesab olunur. Sığorta ödənişindən 9000 manat avtomobilin qalıq dəyəri çıxılır və 3000 manat azadolma tətbiq olunur. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin əvəzi olaraq 8000 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-yə ödənilməsi müəyyən edilmişdir; - xx.xx.2020-ci il tarixli ödəniş tapşırğının surətindən görünür ki, 8000 manat məbləğində pul "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir; - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli yekun aktının surətindən görünür ki, ehtiyyat hissələrinin və təmir işlərinin ümumi ƏDV daxil dəyəri 19025 manat müəyyən edilmişdir; - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli sığorta predmetinin bazar və qalıq dəyərinin təyini aktının surətindən görünür ki, avtomobilin bazar dəyəri 20000 manat, yol-nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsinin ən yüksək qalıq qiyməti 9000 manat müəyyən edilmişdir; - Elektron qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin hesabına 3636,36 manat məbləğində pul köçürülmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4748 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2015-ci il buraxılışlı, “Hyundai Veloster” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 19500 manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 19500 manat olmuş avtomobilin təmirinə 19025,00 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 30%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 19500 manat olmuş 2015-ci il buraxılışlı, “Hyundai Veloster” markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 13650 (19500-30%) manat müəyyən edilmişdir. Sözügedən avtomobil avtoserviz şəraitində söküldükdən, hissələri diaqnostika olunduqda, salamaq qalmış hisələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Ekspertiza xərci 50 manat təşkil edir; - Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi verilməsi üçün 63,64 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə özünə məxsus “Honda CRV” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Novxanı qəsəbəsində idarə edərkən "xxxx" MMC-yə məxsus, iddiaçı təşkilatda sığortalanmış “Hyundai Veloster” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, sonuncuya zərər vurmuşdur. Nəqliyyat vasitəsinə dəymiş zərər sığorta şirkəti tərəfindən 19025 manat müəyyən edilmiş, təmir rentabelli hesab edilmədiyindən, avtomobilin bazar dəyəri 20000 manat, qalıq hissələrinin dəyəri 9000 manat qiymətləndirilmişdir. Azadolma məbləği olan 3000 manat çıxıldıqdan sonra avtomobilin mülkiyyətçisinə 8000 manat sığorta ödənişi ödənilmişdir. Zərər vuranın sığortaçısı "xxxx" ASC tərəfindən 3636,40 manat sığorta ödənişi zərər dəymiş nəqliyyat vasitəsinin sığortaçısına-iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək sığorta ödənişi kimi ödənilmiş 8000 manatın qalan hissəsinin, yəni 4363,60 manat pulun cavabdehdən tutulmasını xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 936.1-ci maddəsinin məzmununa uyğun olaraq subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, həmçinin subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir.Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ, istifadə hüququ və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırkı işdə cavabdeh X4 iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan həmin şərtlər mövcuddur. Belə ki, onun iddiaçı tərəfindən sığortalanmış, "xxxx" MMC-yə məxsus olan “Hyundai Veloster” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurması və həmin zərər üzrə iddiaçı "xxxx" ASC-nin sığorta ödənişi etməsi, sığorta ödənişinin 3636,4 manatının zərər vuran şəxsin icbari sığortaçı "xxxx" ASC tərəfindən ödənilməsi iş materialları ilə təsdiq olunur. Ödənilmiş sığorta ödənişinin bir hissəsi qaytarıldığından, qalan 4363,6 manat pulun subroqasiya qaydasında tələb edilməsində iddiaçı haqlı olmuşdur. Sığorta ödənişinin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4748 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 19500 manat olmuş 2015-ci il buraxılışlı, “Hyundai Veloster” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 13650 (19500-30%) manat müəyyən edilmişdir. Beləliklə, ekspert rəyi ilə müəyyən edilmiş məbləğ iddia tələbi həcmindən artıq olduğundan, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, cavabdehdən dəymiş zərərə görə subroqasiya qaydasında 4363,6 (maşının dəyəri 20000-qalıq hissələrin dəyəri 9000 - azadolma məbləği 3000 - ödənilmiş sığorta ödənişi 3636,40) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişi kimi ödənilmiş 4363,6 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 63,64 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4363,6 (dörd min üç yüz altmış üç manat, altmış qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 63,64 (altmış üç manat, altmış dörd qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2143/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2143/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver