Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2148/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə borcunun ödənilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə borcunun ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh və cavabdeh tərəfindən qanunsuz olaraq həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərin çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdeh və mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər tərəfindən əmlakına daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması, cavabdehlə iddiaçının arasında bağlanılmış 06/2020 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi üzrə 2000 (iki) min manat məbləğində ödənilməmiş kirayə haqqı borcunun və məhkəməyə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edilərək mülkiyyətçisi olduğu Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzildən Cavabdeh və cavabdeh tərəfindən qanunsuz olaraq həmin mənzilə köçürülmüş və həmin məzildən qanunsuz olaraq istifadə edən digər şəxslərin çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdeh və mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər tərəfindən əmlakına daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması; cavabdehlə iddiaçının arasında bağlanılmış 06/2020 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi üzrə 2000 (iki) min manat məbləğində ödənilməmiş kirayə haqqı borcunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2091/2022 saylı iş üzrə xx.xx.2022- ci il tarixli qərardadı ilə (hakim Solmaz Ədilova) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarıması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, dövlət rüsumu tam həcmdə ödənilməmişdir. Tərəfindən qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldığından, yəni dövlət rüsumunun çatışmayan 60 manat hissəsi ödənildiyindən, əvvəl ödənilmiş 40 manat dövlət rüsumu və sonradan əlavə olaraq ödənilmiş 60 manat dövlət rüsumunun qəbzləri əlavə olunmaqla hazırki iddia ərizəsilə məhkəməyə müraciət edir. xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında X1 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 78.37 m2 olan mənzili alıb və mənim həmin mənzilə dair mülkiyyət hüququm dövlət qeydiyyatına alınaraq mənə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Alqı-satqı zamanı X4 iddiaçıya bildirdi ki, həmin mənzil onun mülkiyyətində olsa da, faktiki olaraq orada onun oğlu - hazırki iş üzrə Cavabdeh yaşayır və iddiaçıdan xahiş etdi ki, oğlunun başqa yaşayış yeri olmadığı üçün alqı-satqıdan sonra oğlu həmin evdə kirayədə yaşasın. Həmin vaxt Cavabdeh iddiaçıya bildirdi ki, 4 aydan sonra o, başqa bir yaşayış yeri alıb ora köçəcəkdir və xahiş etdi ki, 4 ay müddətinə kirayə müqaviləsi bağlanılmaqla o, orada kirayəçi olaraq yaşasın. Beləliklə, müqavilə şərtlərini razılaşdıraraq xx.xx.2020-ci il tarixdə aylıq kirayə haqqı 500 manat olmaqla 4 ay müddətinə cavabdehlə kirayə müqaviləsi bağladı. Lakin, kirayə müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmaq istəmir. Bu azmış kimi, cavabdeh digər şəxslərin də - başqa qohum və ya tanışlarını da həmin mənzilə köçürmüş və mənzili həmin şəxslərin istifadəsinə vermişdir. Dəfələrlə cavabdehdən iddiaçıya məxsus mənzili oraya köçürdüyü digər şəxslərlə birlikdə boşaltmasını və mənzili iddiaçıya təhvil verməsini tələb etsə də, o, tələblərinə məhəl qoymayaraq, müxtəlif bəhanələr gətirərək, başqa yaşayış yerinin olmadığını bildirərək mənzildən çıxmır və mülkiyyət hüququnu qanunsuz və əsassız şəkildə məhdudlaşdırır. Hazırda cavabdeh və mənzildən istifadə edən digər şəxslər bu qanunsuz hərəkətlərini davam etdirirlər. Bundan başqa, cavabdeh və orada qanunsuz olaraq yaşayan digər şəxslər mənə öz əmlakına daxil olmağa və əmlakından sərbəst şəkildə istifadə etməyə də maneələr törədirlər. Bununla yanaşı, kirayə müqviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müqavilə üzrə kirayə haqqları cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Kirayə haqqı borcunu dəfələrlə cavabdehdən ödəməsini tələb etsə də, bu günədək cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Belə ki, cavabdehin kirayə müqaviləsi üzrə iddiaçıya 2000 (iki) min manat (4 ay x 500 manat = 2000 manat) məbləğində ödənilməmiş kirayə haqqı borcu vardır. Onu da qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3517/2022 saylı qərarı ilə Cavabdeh ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmış və məhkəmənin 2-1(112)- 3517/2022 saylı, xx.xx.2022- ci il tarixli müşayətedici məktubu ilə qərar icra olunmasından ötrü Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Göründüyü kimi, cavabdeh və cavabdehin həmin mənzilə köçürdüyü digər şəxslər xx.xx.2020-ci il tarixdən etibarən həmin məzildə qanunsuz olaraq yaşayırlar. Yəni, həmin mənzil cavabdeh və orada yaşayan digər şəxslərin qanunsuz istifadəsindədir. Eyni zamanda cavabdehin iddiaçıya 2000 (iki) min manat məbləğində ödənilməmiş kirayə haqqı borcu vardır. Qeyd olunanlara əsasən, cavabdehin və mülkiyyətimdə olan mənzilə köçürdüyü digər şəxslərin həmin mənzildən çıxarılması və ödənilməmiş 2000 (iki) min manat məbləğində kirayə haqqının, məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cabadehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2020-ci il tarixdə reyestr nömrəsi ilə qeydiyyata alınmışdır; X4 ilə İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2020-ci il tarixli “Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi”nin surətindən görünür ki, Satıcı EYVAZOVA SARA BAĞİR QİZİ ünvan 5 ünvanında yerləşən ü/s 78 37 kv.m- y/s 58.37 kv.m olan 4 otaqlı 48 nömrəli mənzilini "Alıcı" İddiaçı mülkiyyətinə verir. Satıcı(lar) daşınmaz əmlakı 70000 manat 00 qəpik qiymətinə satdı (lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar). İddiaçı Satıcı EYVAZOVA SARA BAĞİR QİZİ-nın satdığı tam hissəni (78, 37 kv/m) ondan 70000 manat qiymətinə aldı. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 06/2020 saylı, xx.xx.2020-ci il tarixli Kirayə Müqaviləsinin surətindən görünür ki, Kirayəyə verən mülkiyyətində olan Azərbaycan Respublikası, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsini (bundan sonra “Yaşayış sahəsi") 4 (dörd) ay müddətinə Kirayəçiyə kirayəyə verir. (1.1-ci bəndi) Müqavilə imzalandığı gün qüvvəyə minir və 10 oktyabr 2020-ci il tarixədək etibarlıdır. (2.1-ci bəndi) Kirayəçi Kirayəyə verənə kirayə sahəsinə görə aylıq 500 (beş yüz) manat kirayə haqqı ödəyir. (3.1-ci bəndi) Kirayə verənin Kirayəçi tərəfindən müqavilə üzrə öhdəliklərinin 2 dəfədən artıq lazımınca icra olunmadığı təqdirdə dərhal müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. (4.1.2-ci bəndi) İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, kirayə borcunun ödənilməsi və mənzildən (orada yaşayan ailə üzvlərin və qohumlarınla birlikdə) çıxmağı və mənzili və onun giriş qapısının açarlarının təhvil verilməsi tələb edilmiş, əks halda kirayə borcunun, əldən çıxmış faydanın, çəkilmiş xərclərin ondan tutularaq iddiaçıya ödənilməsi və cavabdehin adı gedən mənzildən çıxarılma tələbi ilə iddia ərizəsilə müvafiq məhkəməyə müraciət edəcəyi barədə xəbərdar olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3517/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən, X2 və Cavabdeh ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmədə müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən mənzili xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı, xx.xx.2020-ci il tarixli “Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi” əsasında əldə edərək, Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** nömrəsi ilə xx.xx.2020-ci il tarixdə reyestr ilə qeydiyyata alınmış çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. ünvan 3 ünvanında yerləşən mənzilin alqı-satqı dəyəri olan 70000 manat məbləğində vəsait iddiaçı tərəfindən keçmiş mülkiyyətçi X3 ödənilmişdir. İddiaçı həmin mənzili 06/2020 saylı, xx.xx.2020-ci il tarixli Kirayə Müqaviləsi əsasında 4 (dörd) ay müddətinə Cavabdeh kirayəyə vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3517/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən, X2 və Cavabdeh ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı bildirir ki, kirayə müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmaq istəmir, habelə cavabdeh həmin mənzili digər şəxslərin istifadəsinə vermişdir. Dəfələrlə mənzili iddiaçıya təhvil verməsini tələb etsə də nəticəsi olmamışdır. İddiaçı cavabdehin kirayə müqaviləsi üzrə 2000 (iki) min manat borcunun yarandığını qeyd edərək, həmin borcun ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Göründüyü kimi, hazırda ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi mənzildən çıxarılma, mənzilin təhvil verilməsi iddiaçının mənzilindən sərbəst şəkildə istifadə etməsinə törədilən bütün növ maneələrin aradan qaldırılması hissəsində qanuni və əsaslı olduğundan, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilindən çıxarılmalı, həmin mənzil İddiaçı təhvil verilməli, İddiaçı həmin mənzildən sərbəst şəkildə istifadə etməsinə törədilən bütün növ maneələr aradan qaldırılmalıdır. Lakin məhkəmə iddia tələbinin “qanunsuz olaraq həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərin çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli mənzildə digər şəxslərin yaşaması, onların şəxsiyyəti və s. kimi hallar müəyyən edilməmişdir. Məhkəmə kirayə müqaviləsi üzrə 2000 (iki) min manat məbləğində ödənilməmiş kirayə haqqı borcunun tutulması tələbinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında 06/2020 saylı, xx.xx.2020-ci il tarixli Kirayə Müqaviləsinə əsasən, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzili cavabdeh (kirayəçi) Cavabdeh kirayəyə vermiş, cavabdeh isə ünvan 3 ünvanında yerləşən mənzilə görə iddiaçıya aylıq 500 (beş yüz) manat kirayə haqqı ödəməli olduğu halda bunu etməmişdir. (3.1-ci bəndi) Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 06/2020 saylı, xx.xx.2020-ci il tarixli Kirayə Müqaviləsi üzrə öhdəliklərini tam icra edərək, mənzili kirayə üçün təhvil vermiş, lakin cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra etməyərək, müqavilə şərtlərini pozmuşdur. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında 06/2020 saylı, xx.xx.2020-ci il tarixli Kirayə Müqaviləsinin 2.1-ci, 3.1-ci bəndlərinin tələbləri müqavilə üzrə tərəf olan Cavabdeh tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi, kirayə haqqının ödənilməsinə dair tələbi irəli sürməkdə haqlı olmuşdur, bu səbəbdən də iddia həmin hissədə təmin edilməli, Cavabdeh 06/2020 saylı, xx.xx.2020-ci il tarixli Kirayə Müqaviləsi üzrə ödənilməli olan 2000 manat (xx.xx.2020xx.xx.2020-ci il tarixləri üçün 4 ay x 500 AZN) məbləğində kirayə haqqı İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi bu hissələrdə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilindən çıxarılmalı, həmin mənzil İddiaçı təhvil verilməli, İddiaçı həmin mənzildən sərbəst şəkildə istifadə etməsinə törədilən bütün növ maneələr aradan qaldırılmalı, Cavabdeh 06/2020 saylı, xx.xx.2020-ci il tarixli Kirayə Müqaviləsi üzrə ödənilməli olan 2000 manat məbləğində kirayə haqqı İddiaçı ödənilməli, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilindən çıxarılsın, həmin mənzil İddiaçı təhvil verilsin. İddiaçı həmin mənzildən sərbəst şəkildə istifadə etməsinə törədilən bütün növ maneələr aradan qaldırılsın. Cavabdeh 2000 manat məbləğində kirayə haqqı və 100 manat dövlət rüsumu İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2148/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2148/2022
13.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver