Məhkəmə qərarları › İş №e-2(005)-216/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-216/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-216/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 100.000 manat, mənəvi zərərə görə 100.000 manat, ümumilikdə 200.000 manat məbləğində pulun və 490 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ildə səhhətində (qalxanabənzər vəzidə) problemlər olduğu üçün M.A.Topçubaşov adına X8 müraciət etmişdir. Həmin vaxt Mərkəzin “Endokrin cərrahiyyə şöbəsinin” cərrah-endokrinoloq vəzifəsində işləyən həkimi Cavabdeh onu müayinə edərək, əməliyyat edilməli olduğunu bildirmişdir. xx.xx.2016-cı il tarixdə cavabdeh “Azərtürkmed” klinikasında qalxanabənzər vəzinin cərrahi əməliyyatını həyata keçirmişdir. Əməliyyat edildikdən sonra 3 gün qeyd edilən klinikada qalmışdır. Əməliyyatdan sonra nitq qabiliyyətini itirmiş, nəfəs almaqda da çətinlik çəkmişdir. Cavabdeh onunla danışmaq istəsə də, danışa bilməmişdir. Danışa bilməməyinin səbəbi isə əməliyyat zamanı cavabdeh tərəfindən səs tellərinin zədələnməsi olmuşdur. İllərdir ki, əməliyyat zamanı səs tellərinin zədələnməsi səbəbindən o həm nitq qabiliyyətini itirmiş, həm də normal şəkildə nəfəs ala bilməmişdir. O, müalicə ilə əlaqədar 100000 manat civarında pul xərcləmişdir. Hər gün nəfəs çatışmazlığından çəkdiyi iztirablar dözülməz olmuşdur. Cavabdeh əməliyyat zamanı etdiyi səhv nəticəsində ona mənəvi zərər vurmuşdur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddianı əsaslandıran hər hansı sübut siyahısı mövcud deyildir. İddiaçı Olbayaz qızının tələbləri qeyri-müəyyən və əsassız olmaqla, onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halların nədən ibarət olması izahı olunmamış, sadəсə olaraq qısa söz yığınından ibarət bir neçə cümlə yazılmışdır. İddiaçı iddia ərizəsinə yalnız “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında " qərarını əlavə etmişdir. Qərardan göründüyü kimi iddiaçının "X13" Hospitalında səhv cərrahiyyə əməliyyatı olunması nəticəsində səs tellərinin zədələnməsi və sağlamlığına ziyan dəyməsi ilə bağlı müraciəti öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulmamışdır. İddiaçı ona 100000 manat ziyan dəyməsi barədə əsassız tələb irəli sürərkən bu tələbin əsası kimi hər hansı sübut təqdim etməmişdir. İddiaçı 2016-cı ilin sentyabr ayında boğulmadan, təngənəfəslikdən boynunda olan böyük həcmli törəmədən, bununla əlaqədar tənəffüs çatışmamazlığından olan şikayətlə müraciət etmişdir. Müayinə nəticəsində vəzinin ümumi həcminin normadan təxminən 10 dəfə böyük olduğu, ən böyüyü 3, 5 sm olan müxtəlif ölçülü düyünlər aşkar edilmişdir. “Düyünlü ur xəstyəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokollar"ının göstərişlərinə və iddiaçının şifahi və yazılı formada öz imzası ilə xahişini nəzərə alaraq, "X13" Hospitala qəbul olunub. "X13” Hospitala qəbul olunması barədə müqavilə iddiaçı ilə onun xahişi ilə bağlanmışdır. Müqavilə iddiaçıya verilmişdir. Qalxanabənzər vəzinin cərrahi əməliyyatının icra olunması üçün müəyyən müayinə prosedurlarından sonra aparılır. Aparılmış müayinələrdən sonra zərurət olduğunu göstərən hallar olduqda və xəstənin özünün yazılı və şifahi razılığı olduqda bu hallar konkret göstəricilərin xəstəyə göstərilməsi, "Düyünlü ur xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokolları"nın göstərişləri xəstəyə bildirilməklə icra olunur. Həmçinin baş verə biləcək fəsadlar barədə xəstə xəbərdar edilmişdir. Bununla əlaqədar xəstə yazılı qaydada razılıq barədə ərizə vermişdir. Əməliyyatdan əvvəl iddiaçı şifahi və yazılı formada əməliyyatın ağırlığı, riskləri və fəsadları barədə xəbərdarlıq edilmiş və pasiyentin öz imzası ilə əməliyyata razılıq vərəqəsi imzalanmışdır "Düyünlü ur xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokolları"nın göstərişlərinə əsasən 3 sm QV düyünləri olan xəstənin cərrahi əməliyyata alınmasına yol verilir. İddiaçı Akademik Topçubaşov adına X6 ultrasəs müayinəsi barədə xx.xx.2016-cı il tarixli arayış ilə müəyyən olunmuşdur ki, qalxanabənzər vəzinin sağ payının həcmi 66 mll3 olmuşdur. Sol payının həcmi isə 86 mll3 olmuşdur. Qalxanabənzər vəzinin normalda ölçüsü 8 milə qədər ola bilər. Ultrasəs müayinəsi barədə xx.xx.2016-cı il tarixli arayışda iddiaçının qalxanabənzər vəzinin sağ payının həcmi 66, sol payının həcmi isə 86 mll3 olmuşdur, yəni normadan 10 dəfədən çox böyük olması müəyyən olunmuşdur. 1200 manat pulun əməliyyat üçün ödənilməsi hissəsində isə bildirilir ki, pul tibb müəssisəsinə bilavasitə ödənilir və müvafiq qəbz verilir. Hansı məbləğdə pulun ödənilməsi barədə tibb müəssisəsinə ödənişin qəbzi ödəyən tərəfdə saxlanılır. İddiaçı bu barədə sənədi məhkəməyə təqdim edə bilər. Lakin iddiaçı bu sənədləri məhkəməyə təqdim etməkdən yayınmışdır. İddiaçı əsassız olaraq əməliyyat zamanı səs tellərinin zədələnməsi səbəbindən həm nitq qabiliyyətini itirdiyini, həm də normal şəkildə nəfəs ala bilmədiyini bildirmişdir. Vəzinin ümumi həcmi normadan təxminən 10 dəfə böyük olduğundan, ən böyüyü 3, 5 sm olan müxtəlif ölçülü düyünlər olduğundan və nəfəs yollarını kəskin şəkildə sıxdığından və nəfəs yollarının daralması nəticəsində iddiaçı boğulmadan, təngənəfəslikdən, boynunda olan böyük həcmli törəmədən, bununla əlaqədar tənəffüs çatışmazlığından olan şikayətlə müraciət etmişdir. Həcminə görə nəfəs yollarının sıxılmasına səbəb olmuş çoxlu sayda düyünlərin əməliyyat yolu ilə götürülməsindən sonra nəfəs yollarının sərbəst fəaliyyətinə şərait yarandığı halda həm nitq qabiliyyətini itirdiyini, həm də normal şəkildə nəfəs ala bilmədiyini göstərməsi son dərəcə məntiqsizdir. İddiaçı hər hansı sübut təqdim etmədən əsassız tələb irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, xx.xx.2016-cı ildə cavabdeh tərəfindən İddiaçı Əlbəyaz qızı əməliyyat olunmuşdur. Əməliyyat zamanı həkim səhlənkarlığı ucbatından iddiaçının səs tellərinə toxunulmuşdur. Həmin vaxtdan iddiaçı nəfəs çatışmazlığından əziyyət çəkir. Bu illər ərzində iddiaçı Türkiyədə, İranda və Azərbaycanda müalicələr almışdır. Daha sonra maliyyə vəsaiti tükəndiyindən müalicələr dayanmışdır. Bundan sonra cavabdehə müraciət etmişdir ki, müalicə üçün maddi köməklik göstərsin. Lakin cavabdehdən imtina cavabı almışdır. İddiaçının müalicə kursunun birinin qiyməti 1200-1500 manat təşkil edir. İddiaçının tam sağalacağına ümid yoxdur. Cavabdeh özü də iddiaçıya bildirmişdir ki, onun müalicəsi yoxdur. İddiaçı həkim səhlənkarlığının olmasını özü müəyyən etmişdir. Belə ki, əməliyyatdan sonra iki cərrah arasında kimin səs tellərinə toxunması ilə bağlı söz mübahisəsi olmuşdur. Əməliyyatdan əvvəl iddiaçının sadəcə zobu olub. Səs tellərində problemi olmayıb. Əməliyyatdan sonra bir müddət ümumiyyətlə danışa bilməyib. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, cinayət işinin başlanması rədd olunub. Tərəfə ekspertiza keçirilməsi təklif edilib, lakin razılaşmayıb. Cinayət işinin başlanmasının rədd edilməsi qərarı iddianın əsassız olduğunu göstərmişdir. İddiaçının problemi əvvəldən olmuşdur. Həmçinin əməliyyatın üzərindən 10 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində iddiaçı müxtəlif yerlərdə müalicələr almışdır. İddiaçıda olan xəstəliyin məhz əməliyyat nəticəsində yaranması ilə bağlı hər hansı sübut yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ekspert X5 bildirmişdir ki, iddiaçıda mövcud olan problemi birbaşa əməliyyatla bağlamaq olmaz. Problem bir çox səbəbdən yarana bilər. İddiaçı əməliyyatdan sonra qısa müddət ərzində hər hansı tibb müəssisəsinə müraciət etsəydi, problemin əməliyyatla bağlı olub-olmamasını müəyyən etmək olardı. Hazırda bununla bağlı hər hansı sənəd mövcud olmadığından əməliyyatla əlaqəsini müəyyən edə bilməmişlər. Əməliyyatdan sonra sitenoz halları bəzən baş verir. Problemi tək cərrahi əməliyyatın texniki hərəkətləri ilə əlaqələndirmək olmaz. Müxtəlif müalicələr, zədələr nəticəsində də yarana bilər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı bildirmişdir ki, ona yaşın keçməmiş yoxlanmalı olduğunu əməliyyat lazımdırsa əməliyyat olmalı olduğunu bildirmişlər. Topçubaşov adına X10 müayinə üçün getmişdir. Orada onu Rüstəm həkimə yönləndirmişlər. Rüstəm həkim də müayinə etmiş və boğazında xoşxassəli zob olduğunu və əməliyyat olunmalı olduğunu bildirmişdir. Elə həmin gün də ondan qan analizləri götürülmüşdür. Səhəri gün isə əməliyyata gəlmişdir. Amma əməliyyat həmin xəstəxanada deyil, başqa özəl klinikada olmuşdur. Əməliyyatdan sonra 3 gün aparata qoşulu vəziyyətdə qalmışdır. Əməliyyatda bir Rüstəm həkim, bir də başqa cərrah var idi. Əməliyyatdan sonra o, boğazında heçnə hiss etmir, nəfəs ala bilmir, heç bir söz deyə bilmirdi. Onlar aralarında mübahisə edərək bir-birilərinə: - səs tellərinə sən toxunmusan, deyirdilər. 4 il o, danışa bilməmişdir. Həkim ona 3 aya tam sağalacağını demişdir. Onun Türkiyədə aldığı müalicələrlə bağlı sənədləri yoxdur. Çünki məhkəmə olacağını və işin bu yerə gələcəyini bilməmişdir. Cavabdeh onu başqa həkimə yönləndirmişdir. Həmin həkimə getmiş və müayinə olunmuşdur. O isə 1600 manat ödənişlə əməliyyat olunmağı təklif etmişdir. Lakin, tam sağalacağına zəmanət verməmişdir. Həkim 1-2 ay sonra yenidən eyni vəziyyət yaranma ehtimalı olduğunu demişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, onun yönləndirdiyi həkim baş-boyun cərrahı idi. İddiaçının problemi ilə bağlı bir əməliyyat var və həmin əməliyyat onlarda icra olunmadığı üçün başqa həkimə yönləndirmişdir. O həkimi üzdən tanımır, dostu da deyil. İddiaçı ona təhdid olaraq demişdir ki, o iddiaçını bu hala salmışdır və buna görə də o əməliyyatı etdirməlidir. İddiaçı ilk dəfə müayinəyə gələndə boğulma, tənginəfəslik kimi şikayətlərlə ağır formada gəlmişdir. Belə zobu olan xəstələr əməliyyat olunmadıqları zaman gec-tez onkoloji xəstəlik ilə üzləşə bilirlər. Xəstənin şikayətləri və onkoloji xəstəlik riskini nəzərə alaraq əməliyyat zərurəti yaranmışdır. Bundan başqa icra ediləcək əməliyyatın riskləri barədə də iddiaçıya məlumat verilmişdir. Onlar iddiaçını əməliyyat edəndən sonra vəziyyəti normal idi, heç bir problemi yox idi. İddiaçıda belə bir problemin olmasının çox səbəbləri ola bilər. İddiaçı əməliyyat səbəbilə olmasını iddia edir. Lakin endoskopik müayinə zamanı da problem yarana bilər. İddiaçı da endoskopik müayinədən keçmişdir. İddiaçı mütəmadi olaraq müayinəyə gəlib-getmirdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: M.Topçubaşov adına X7 xx.xx.2016-cı il tarixli ultrasəs müayinəsinin nəticəsindən görünür ki, qalxanvari vəzi tipik yerində yerləşir. Konturları aydın hamardır. Exostrukturu hiperexogen, kəskin ocaqlı bərkimiş sahələr müşahidə olunur, diffuz dəyişmişdir. Exogenliyi qeyri-homogen kimi qeyd edilmişdir. Sağ payı: AP=4,5 sm; R=4.2sm; =6,7 sm. Həcmi 66,3 mll3 kimi qeyd edilmişdir. Sol payı: AP=5.0 sm; R=4,7 sm; L=7,0 sm həcmi 86,1 mll3 kimi qeyd edilmişdir; X3 xx.xx.2023-cü il tarixli ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışın surətindən görünür ki, xəstə 2016-cı ildə Bakı şəhəri M.Topçubaşov adına ECM-də zob əməliyyatına məruz qalmışdır. Hal-hazırda xəstədə boğulma, tənginəfəslik, əsəbilik, yuxusuzluq və s pozğunluqlar var. Xəstə ətraflı müayinə və müalicə üçün M.Topçubaşov adına ECM-ə endokrin-cərrahiyyə şöbəsinə göndərilmişdir; xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarın surətindən görünür ki, İddiaçı Əlibayaz qızının "X13" Hospitalın "Xətai" metrostansiyasının yaxınlığında yerləşən binasında səhv cərrahiyyə əməliyyat olunması nəticəsində səs tellərinin zədələnməsi və sağlamlığına ziyan dəyməsi ilə bağlı müraciəti əsasında hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış 369-C-23 material üzrə cinayət işinin başlanması rədd edilmişdir; “MediPlanet” klinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 38 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də lor-foniatr F.Namazovanın müayinəsində olmuşdur. “Sol səs telinin parezi” diaqnozu ilə yenidən fizioterapiya təyin olunaraq 10 günlük kurs müalicədən keçmişdir. Xəstənin 4-cü kurs müalicəsi zamanı 450 manat xərci çıxmışdır; “Azerturkmed” tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, uzun müddət keçdiyinə və bu müddət ərzində iki dəfə klinikada rəhbərlik dəyişikliyi olduğuna görə X4 aid xəstəlik tarixçəsini arxiv sənədlərdən tapmaq mümkün olmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 75/KEŞ nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə ve mütəxəssis müayinəsinə əsasən, onda "Qırtlağın səs yarığından aşağı hissəsinin stenozu"nun olduğu müəyyən edilmişdir. Bu da müxtəlif səbəblərdən, yəni travmatik, intubasiyadan, müxtəlif infeksion xəstəliklərdən, termiki zədələnmələrdən, endoskopik müayinələrdən və s. baş verə bilər. Bununla bağlı onun müalicəyə ehtiyacı vardır. İddiaçı adına "X13" Hospitaldan tibbi sənədlər təqdim edilmədiyindən ona aparılmış müayinə və müalicələr barədə fikir söylənilməsi mümkün olmadı. İddiaçı "Qırtlağın səs yarığından aşağı hissəsinin stenozu" müxtəlif səbəblərdən yarandığından və xx.xx.2016-cı il tarixdə aparılmış "Tiroidektomiya" əməliyyatından uzun müddət keçdiyindən patologiyanı əməliyyatın texniki icrası ilə əlaqələndirmək mümkün olmamışdır. Həmçinin, patologiyanın əməliyyatdan sonra aparılmış müalicə və müdaxilələrdən yaranması istisna edilmir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, İddiaçı 2016-cı ilin sentyabr ayında M.Topçubaşov adına X6 müayinədən keçmiş və ona qalxanabənzər vəzində yaranmış problemlə əlaqədar cərrahi müdaxilə təyin edilmişdir. İddiaçı əməliyyatın həyata keçirilməsi üçün “X13” klinikasına yönləndirilmişdir. Əməliyyat cavabdeh tərəfindən icra edilmişdir. İddiaçı əməliyyatdan sonra danışa bilmədiyini və nəfəs almaqda çətinliklər yarandığını, uzun müddət müalicələr aldığını, lakin sağalmadığını bildirirərək maddi və mənəvi zərərin ödənilməsini xahiş edir. Cavabdeh tərəf isə əməliyyatın lazımi və qanuni şəkildə həyata keçirildiyini, iddiaçının səhhətində yaranan problemlərin əməliyyatdan qaynaqlanmadığını bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmununa görə cavabdehin yol verdiyi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu baxımdan deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırki iş üzrə iddia ərizəsindən göründüyü kimi iddiaçı aparılmış əməliyyatın düzgün olmamasını və həmin hərəkətlər nəticəsində səs tellərinə zərər vurulduğunu iddia edir. İddiaçının iddianın dəlili kimi istinad etdiyi bu halların, yəni əməliyyatın doğru icra edilməməsi ilə onun səs tellərinə zərər vurulması arasında hər hansı səbəbli əlaqənin mövcud olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmətibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 519/KEŞ nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və mütəxəssis müayinəsinə əsasən, onda "Qırtlağın səs yarığından aşağı hissəsinin stenozu"nun olduğu müəyyən edilmişdir. Bu da müxtəlif səbəblərdən, yəni travmatik, intubasiyadan, müxtəlif infeksion xəstəliklərdən, termiki zədələnmələrdən, endoskopik müayinələrdən və s. baş verə bilər. xx.xx.2016-cı il tarixdə aparılmış "Tiroidektomiya" əməliyyatından uzun müddət keçdiyindən patologiyanı əməliyyatın texniki icrası ilə əlaqələndirmək mümkün olmamışdır. Patologiyanın əməliyyatdan sonra aparılmış müalicə və müdaxilələrdən yaranması istisna edilmir. Eyni zamanda məhkəmə iclasında iştirak etmiş ekspertin çıxışından da görünür ki, əməliyyatın aparılmasının düzgün və yaxud düzgün olmaması haqqında dəqiq bir şey demək mümkün deyildir. Çünki əməliyyatın üzərindən artıq 9 il keçmişdir və bu müddət ərzində stenozun müxtəlif səbəblərdən baş verməsi istisna deyildir. Həmçinin cavabdeh tərəf də iddianı qəbul etməmiş, əməliyyatdan sonra iddiaçıda hər hansı patalogiyanın yaranmadığını, bir neçə gün sonra evə buraxıldığını bildirmişdir. Məhkəmə yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əməliyyatdan sonra hər hansı tibb müəssisəsində müayinə olunduğu və s. barədə sənədlərin təqdim edilməsi iddiaçıya təklif edilsə də, həmin sənədlərin olmadığı bildirilmişdir. Həmçinin iddiaçının bildirdiyinə görə müxtəlif ölkələrdə müayinələrə getmiş, çoxsaylı müalicələr almışdır. Ekspert rəyinə əsasən isə iddiaçıda olan xəstəlik müxtəlif infeksiyalardan, tibbi müayinələrdən də yarana bilər. Beləliklə, iddiaçının tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdehin tibbi normaları (standartları) pozmaqla əməliyyatda səhvlərə yol verdiyi, düzgün aparılmaması və bunun nəticəsində maddi və mənəvi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır. Belə ki, əməliyyatın aparılmasından uzun müddət keçdiyinə görə, bu patologiyanın əməliyyatın tibbi standartlara uyğun icra edilməməsi nəticəsində yaranması barədə heç bir elmi və tibbi əsaslı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının 23-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə məsuliyyət məsələsi ilə bağlı vurğulanmalıdır ki, qeyd edilən şəxslər yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar. Xüsusi risk qrupuna daxil olan peşə sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar