Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-223/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan 2/13 hissədəki payının naturada bölünərək ümumi mülkiyyətdən ayrılması, ayrılmış hissəyə yeni ünvan verilməklə, həmin əmlak üzərində tam payda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsindəki 80 saylı ev paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsusdur. Bu əmlakda onun 2/13 hissə, Cavabdeh4 2/13 hissə, Cavabdeh5 7/13 hissədən 5 otaq və 2/13 hissə, Cavabdeh1 7/13 hissədən 3 otaq 55,6 kv.m. və Cavabdeh3 7/13 hissədən 1 otaq payları vardır. O, cavabdehlərlə ümumi paylı mülkiyyətçi olmaq istəmir. Faktiki olaraq sahiblik, istifadə və sərəncamında olan payının naturada ümumi əmlakdan ayrılması mümkündür. Payı naturada ayrılaraq, ümumi paylı mülkiyyət hüququna xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, ekspert rəyi məcburi xarakter daşımır. Yerli baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçının yaşadığı sahə digərlərindən ayrıdır. Uzun müddətdir ki həmin sahədə yaşayır. Payın naturada ayrılması digərlərinin hüquqlarının pozulmasına səbəb olmur. Bu səbəbdən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosssual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin və ekspertin izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq və iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 80 saylı ev paylı mülkiyyət hüququ ilə 7/13 hissədə (55.6 kv.m.) Cavabdeh1, 7/13 hissədə Cavabdeh3, 2/13 hissədə Cavabdeh4, 2/13 hissədə İddiaçı, 7/13 hissədən 5 otaq və 2/13 hissə Cavabdeh5 məxsusdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/6276 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki texniki göstəriciləri ilə həmin mənzilə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli Texniki Pasportda qeyd olunan texniki göstəricilər arasında kəskin uyğunsuzluqlar olduğunu, qeyd olunan Texniki Pasportda 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15 nömrələri ilə işarələnmiş otaqların faktiki olaraq mövcud olmadığını (söküldüyünü) həmçinin, həmin yaşayış evində faktiki vəziyyətdə 2/13 hissəyə uyğun tikililərin mövcud olmadığını nəzərə alaraq İddiaçı məxus 2/13 hissədə payının naturada bölünərək ümumi mülkiyyətdən ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Ekspertiza xərci 50 manat təşkil edir; - Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanındakı fərdi yaşayış evində və torpaq sahəsində məhkəmə tərəfindən keçirilmiş yerli baxış protokolundan görünür ki, təxminən 0.06-0.07 ha torpaq sahəsində yerləşən həyətin giriş hissəsinin sağ tərəfində təxminən 40-50 kv m. sahədə tikililər vardır. Həyətin sol tərəfində digər kiçik tikililərin olduğu və qalan hissələrin boş ərazi olduğu müəyyən olmuşdur. Həyətin giriş hissəsinin sağ tərəfində yerləşən tikilinin arxa tərəfinə baxış keçirilən zaman dəmirlə bağlanılmış 2-ci giriş hissəsinin olduğu müəyyən olunmuşdur. Yerli baxışda iştirak edən iddiaçı tərəf həyətin giriş hissəsinin sağ tərəfindəki tikililərin 67 kv m. olduğunu qeyd etmişdir. Həmçinin 1 otağın sonradan tikildiyini bildirmişdir. Yerli baxışda iştirak edən Cavabdeh1 baxış keçirilən zaman bildirmişdir ki, ona aid olan sahənin hansı tərəfdə yerləşdiyini bilmir. Sadəcə 7/13 hissənin ona aid olduğunu bilir; - Məhkəmə iclasında ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin eksperti X3 ekspert rəyinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, texniki pasportla faktiki sahə arasında kəskin fərq var. Rəydə də qeyd edilmişdir ki, texniki pasportda 6 nömrədən 15 nömrəyə qədər qeyd olunan otaqlar ümumiyyətlə mövcud deyildir, çünki həmin otaqlar sökülübdür. İddiaçı faktiki istifadəsində 39 kv.metr sahə var. Ancaq pay üzrə İddiaçı 47.27 kv.metr sahə düşməli idi. Təxminən 10 kv.metr sahə fərqi vardır. Ağca xanımın istifadə etdiyi sahə paydan qismən kənara çıxmaqla tikinti normalarına uyğundur. Yəni, ayrı giriş-çıxışların olduğunu nəzərə alaraq tikinti normalarına uyğundur. Ağca xanımın evinin sol hissəsində olan otaqlar bütövlükdə sökülüb. Onlar ümumiyyətlə payın naturada bölünməsinin mümkün olmadığını demirlər. Həmin payın ayrılmasının mümkün olmadığını qeyd edirlər. Pay ayrı ola bilər, lakin 2/13 hissə ayrı deyil. Evin ümumi sahəsi 307,30 kv.metrdir, həmin sahənin 2/13 hissəsi isə 47.27 kv.metr sahə edir. Həmin ərazidə çıxarışda qeyd olunan 307,30 kv.m. sahə ümumiyyətlə mövcud deyildir. Bu səbəbdən də payın naturada ayrılması da mümkün deyil. Qeyd edilən uyğunsuzluqlara görə payın naturada bölgüsü texniki cəhətdən mümkün deyildir; İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisidir. Cavabdehlər isə həmin əmlak üzrə digər paylı mülkiyətçilərdirlər. İddiaçı onun payının naturada ayrılmasının mümkünlüyünə istinad edərək müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Keçirilmiş ekspertiza rəyi əsasında həmin payın texniki cəhətdən bölünməsinin mümkünsüzlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213.2 və 215.2-ci maddələrinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. İddiaçının tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər (Mülki Məcəllənin 221-ci maddəsi). Maddələrin məzmunundan göründüyü kimi, ümumi mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Qanunvercilik normalarından da göründüyü kimi, payın naturada bölünməsi ya tərəflərin razılığı ilə, razılıq olmadıqda isə məhkəmənin qətnaməsi ilə həyata keçirilir. Həmçinin qanunvercilik belə bölünmənin həyata keçirilməsini yalnız o halda mümkün hesab edir ki, bu bölünmə qanunla yol verilə bilən olsun və ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz surətdə ziyan vurmadan mümkün olsun. Qeyd olunmalıdır ki, vahid daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Payın ayrılması tələbinə baxılarkən ümumi mülkiyyət rejiminin mahiyyəti, habelə payın ayrılmasının xüsusiyyətləri, yaranmış vəziyyətdə vahid daşınmaz əmlaka aid olan fərdi yaşayış evinin ayrılıqda bölünmə predmeti ola bilməsi, belə bölgünün aparılmasının mümkünlüyü ilkin olaraq araşdırılmalı olan haldır. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtib edilməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililərin daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Qeyd edilənlər onu göstərir ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Bu səbəbdən əşyanın tərkibinə daxil olan hissə(lər) hansısa pay sahibinin mülkiyyət hüququndakı payına uyğun gəlsə belə, həmin qismi tərkib hissə statusunu itirmədən, yəni ayrıca və müstəqil əşya halına gəlmədən fərdi mülkiyyət predmeti ola bilməz. Əgər həmin reyestrdə qeydə alınmış daşınmaz əşyanın sərhədləri nəzərə alınmaqla belə ayrılma texniki cəhətdən mümkün deyilsə, hətta bu mümkün olsa belə ayrılma əşyaya tənasübsüz surətdə zərər vurarsa və ya digər paydaşların hüququnu əhəmiyyətli şəkildə pozarsa ayrılmaya yol verilmir. Hazırki iş üzrə tərəflər arasında payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə olunmamışdır. Ekspert rəyi ilə də fərdi yaşayış evinə dair iddiaçının payının naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılmaması və onların qanuni mənafelərinin nəzərə alınmadan göstərilən bölgünün aparılması isə qanuni və əsaslı sayıla bilməz. İşin müəyyən edilmiş hallarına əsasən çıxarışda qeyd edilən sahə, yəni 307,30 kv.m. ümumiyyətlə mövcud deyildir, sökülmüşdür. Yalnız iddiaçının istifadəsində olan 39 kv.m.dən ibarət tikili mövcuddur. Çıxarışda iddiaçıya məxsus sahənin ölçüsü qeyd edilməmiş, yalnız hissə olaraq 2/13 hissənin İddiaçı məxsus olduğu göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlkın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr № **********58-10301) əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 307.30 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 (7/13 hissədən 3 otaq 55.6 kv.m), Cavabdeh3 (7/13 hissədən 1 otaq), Cavabdeh4 (2/13 hissə), İddiaçı (2/13 hissə) və Cavabdeh5 (7/13 hissədən 5 otaq və 2/13 hissə) paylı mülkiyyətindədir. Tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki texniki göstəriciləri ilə mülki iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli Texniki Pasport sənədində qeyd olunan texniki göstəricilər arasında kəskin uyğunsuzluq aşkar edilmişdir. Belə ki, qeyd olunan Texniki Pasport sənədində mübahisə predmeti olan fərdi yaşayış evi 15 yaşayış otağı, 5 mətbəx, 3 dəhliz, 1 hamam, 1 sanitar qovşaq, 1 bağlı eyvan və 1 giriş hissədən ibarət olmaqla ümumi sahəsinin 307.30 kv.m təşkil etdiyi qeyd olunsa da, faktiki olaraq naturada təqdim edilən fərdi yaşayış evi 1 dəhliz və 3 otaqdan ibarət olduğu müşahidə olunmuşdur. Həmçinin baxış zamanı yuxarıda qeyd olunan Texniki Pasport sənədində 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15 nömrələri ilə işarələnmiş otaqların faktiki olaraq mövcud olmadığı (söküldüyü), yalnız 16, 17 və 18 nömrələri ilə işarələnmiş otaqların ayrı-ayrılıqda giriş-çıxışı olmaqla iş üzrə iddiaçının istifadəsində olduğu müşahidə olunmuşdur. Mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsi (**********58-10301 reyestr nömrəli Çıxarışa əsasən) 307.30 kv.m təşkil edir. Belə olan halda tədqiq olunan fərdi yaşayış evinin iş üzrə iddiaçı tərəf olan İddiaçı payına düşən sahə aşağıdakı kimi müəyyən olunur: İddiaçı (2/13 hissə) - 47.27 kv.m ((307.30 kv.m x 2): 13). Məhkəmə tikinti-X2 Metodlarında göstərilənlərə görə mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Yuxarıda qeyd olunanları, mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki texniki göstəriciləri ilə həmin mənzilə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli Texniki Pasportda qeyd olunan texniki göstəricilər arasında kəskin uyğunsuzluqlar olduğunu, qeyd olunan Texniki Pasportda 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15 nömrələri ilə işarələnmiş otaqların faktiki olaraq mövcud olmadığını (söküldüyünü) həmçinin, həmin yaşayış evinə faktiki vəziyyətdə 2/13 hissəyə uyğun tikililərin mövcud olmadığını nəzərə alaraq İddiaçı məxsus 2/13 hissədə payının naturada bölünərək ümumi mülkiyyətdən ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4. bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əssən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Ekspert rəyindən də göründüyü kimi məhkəməyə təqdim edilən sənədlər əsasında mübahisələndirilən əmlakın ümumi sahəsi 307.3 kv.m olsa da, faktiki sahə qeyd ediləndən əhəmiyyətli dərəcədə azdır və iddiaçı tərəfindən tələb edilən bölgünün aparılması digər paylı mülkiyyətçilərinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün o vaxt əsas ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Hazırki işdə ekspert rəyinin mötəbər olmaması ilə bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir. Beləliklə, paylı mülkiyyətçilər arasında iddia ərizəsində göstərilən qaydada payın naturada ayrılması barədə razılıq əldə edilməmişdir. Belə olduğu halda iddiaçının istifadə etdiyi sahənin ayrılması texniki cəhətdən mümkün olsa da, çıxarışda qeyd edilən əmlak faktiki olaraq mövcud olmadığından və iddiaçının istifadəsində olan sahənin həqiqətən çıxarış ilə ona düşən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığından, bu hal isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb ola biləcəyindən iddia tələbi təmin edilə bilməz. Hazırki mülki iş üzrə ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan 2/13 hissədəki payının naturada bölünərək ümumi mülkiyyətdən ayrılması tələbi təmin edilmədiyindən, onunla əlaqəli olan, iddiaçının digər tələbləri də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı payın naturada ayrılması və s. tələbinə dair iddiası təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı payın naturada ayrılması və s. tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-223/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-223/2024
08.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver