Məhkəmə qərarları › İş №e-2(005)-2320/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2320/2023

13.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2320/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu M.Şərifli döngəsində yerləşən 8 saylı fərdi yaşayış evinin, ünvan 3, 285 saylı bağ sahəsinin paylara uyğun naturada bölünməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iş üzrə İddiaçı xalalarıdır. İddiaçı 1990-cı il tarixdən ünvan 1 ünvanında yaşayır, xalası Tərlan Hüseynovanın ailəsi və uşaqları olmadığından o uşaqlıqdan xalasının himayəsinə verilmiş və xalası ilə yaşamışdır. 2008-ci ildə nikaha daxil olmuş, ev cavabdehlərin bacısı, iddiaçının digər xalası X4 mülkiyyətində olmuş və İddiaçı 2011-ci ildə həmin evə qeydiyyata düşmüşdür. Bundan başqa Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 1-ci cənub küçəsi 285 saylı bağ sahəsi də X4 adına dövlət qeydiyyatına alınmışdır. İddiaçının nikahdan 4 övladı dünyaya gəlmiş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Anası 2019-cu ildə, xalası Tərlan Hüseynova 2021-ci il tarixdə vəfat etdikdən sonra İddiaçı vərəsə olaraq xalasından anasına düşən paya vərəsə olmuş, miras işi açılmış və xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə 1/3 hissədə, xx.xx.2022-ci il tarixdə ünvan 3, 285 saylı bağ sahəsinə 1/3 hissədə payı dövlət qeydiyyatına alınmış və daşınmaz əmlakın reyestr xidməti tərəfindən çıxarış verilmişdir. Digər cavabdehlər ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə paylarını dövlət qeydiyyatına aldırsalar da, Dübəndidə olan bağ sahəsinə dair vərəsə olduqları halda bilərəkdən çıxarışın alınması ilə bağlı reyestr xidmətinə müraciət etməmişlər. X1 İddiaçı digər xalaları ilə münasibəti yaxşı olmuş, xalasının vəfatından sonra mübahisəli əmlaka vərəsəlik payları müəyyən edildikdən sonra aralarında gərginlik yaranmışdır. Yas mərasimi bitdikdən sonra xalaları 50.000 manat qarşılığında qəbul etdiyi bütün paydan imtina etməyi və dərhal evi boşaltmağı tələb etmişlər. Kamal təklifin miras əmlakın məbləğinə qətiyyən uyğun olmadığını və onların bu məsələdə ədalətli olmadığını, 1990-ci ildən xalası ilə yaşadığını, xalasına daim qulluq etdiyini və fərdi yaşayış evində əsaslı təmir işləri apardığını, kifayət qədər pul xərclədiyini və əlavə tikililərin, əsaslı təmir işlərinin fərdi yaşayış evinin qiymətini yaxışlaşdırdığını, xalasının sağlığında evi ona bağışlayacağını, lakin qəflətən vəfat etməsini əsas gətirərək təklifi qəbul etməkdən imtina etmişdir. Hazırda Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edərək, onların Bakı şəhəri, Nizami rayonu, M.Şərifli döngəsində yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülmələri və İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Paylı mülkiyyətdə olan əmlak naturada bölünməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X5 iddiaya etiraz edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasda iştirak tərəflərin izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq və iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli döngəsi, 8 saylı ev paylı mülkiyyət hüququ ilə Cavabdeh2 1/3 hissədə, İddiaçı 1/3 hissədə və Cavabdeh1 1/3 hissədə məxsusdur; -Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Bilik” b\y-nın 1-ci Cənub küçəsi, 285 saylı bağ sahəsi paylı mülkiyyət hüququ ilə İddiaçı 1/3 hissədə məxsusdur. Bağ sahəsi ilə bağlı 2/3 hissə açıq qalmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4291 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli döngəsində yerləşən 8 saylı fərdi yaşayış evinin və Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Bilik” b\y-nın 1-ci Cənub küçəsi 285 saylı bağ sahəsinin İddiaçı aid olan 1/3 hissəsinin naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4 bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Şərifli döngəsində yerləşən 8 saylı fərdi yaşayış evinin və Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Bilik” b\y-nın 1-ci Cənub küçəsi 285 saylı bağ sahəsinin paylı mülkiyyətçisidir. Cavabdehlər miras qoyan X4 vərəsələridir. İddiaçı cavabdehlərdən daşınmaz əmlakın naturada bölünməsini tələb etmiş, tərəflər arasında razılıq olmadığından məhkəməyə müraciət etmişdir. Keçirilmiş ekspertiza rəyi əsasında həmin əmlakın texniki cəhətdən bölünməsinin mümkünsüzlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213.2 və 215.2-ci maddələrinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. İddiaçının tələbinin qanuni əsası kimi nəzərdə keçirilən Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər (Mülki Məcəllənin 221-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Qeyd olunmalıdır ki, ümumi mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, payın naturada ayrılmasının mümkün olmadığı və ya ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurulmadan mümkün olmadığı təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Yalnız bundan sonra ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, paylı mülkiyyətçi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Hazırki iş üzrə tərəflər payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət etmişlər. Göstərilən qanunvericilik normalarının təhlili əsasında və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4291 nömrəli ekspert rəyinə əsasən belə qənaətə gəlmək olar ki, əmlakın texniki cəhətdən bölgüsü mümkün olmadığından, iddia təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Nizami rayonu, M.Şərifli döngəsində yerləşən 8 saylı fərdi yaşayış evinə və ünvan 3 ünvanında yerləşən 285 saylı bağ sahəsinə payların naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Nizami rayonu, M.Şərifli döngəsində yerləşən 8 saylı fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən 285 saylı bağ sahəsinə payların naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar