Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2345/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatlarının ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatlarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, vergi ödəyicilərinin məlumatından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı AZ1133, Bakı Şəhəri Suraxanı Rayonu, Q Yaşayış Sahəsi (X1.), ev 24, mənzil 9 ünvanıdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin hüquqi ünvanı Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Hazırki mülki işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əşyanın olduğu yer üzrə məhkəmə tərəfindən baxılıb-baxılmaması məsələsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüquqlarından məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qeyri-qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərar). Hazırki iş üzrə iddiaçıların tələbi qeyd edilən maddənin təsir dairəsinə düşmür. Belə ki, iddia tələbi, Cavabdeh MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatlarının ləğv edilməsi ilə bağlıdır və müvafiq işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq deyil, ümumi aidiyyət qaydalarına uyğun baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu geri qaytarılmalı və iddiaçılara ərazi aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatlarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı2 geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərazi aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək hüquqları vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2345/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2345/2024
30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver