Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2351/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, Üçüncü şəxs "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X9, X5 və "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qobustan rayon Məhkəməsinin 2(026)-52/2018 saylı, 21 may 2018-cı il tarixli qətnaməsinə əsasən X1, iddiaçıdan və X2 13 yanvar 2014-cü il tarixli, **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc 60 manat dövlət rüsumu və xidmət haqqı tutularaq "xxxx" MMQBKT-na ödənməlidir. Tutma borcun təminatı olaraq ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mən 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1kv.m, yaşayış sahəsi 38.3 kv.m yardımçı sahəsi 21.8kv.m olan üç otaqlı mənzilə yönəldilməlidir, həmin ev boşaldılaraq açıq hərracda satılmalıdır, satışdan əldə olan məbləğdən "xxxx" MMQBKT olan borcun əvəzi ödənilməlidir. "xxxx" MMC və Qarada rayon İcra Şöbəsi tərəfindən həyat yoldaşı və ailə üzvləri hərrac barədə və sonuncu hərracın keçirilməsi barədə hərracın sonuncu məktubunu almamış və həyat yoldaşı da bu barədə məlumatlandırılmamışdır. Tərəflər qərara gəlmişlər ki, "xxxx" MMQBKT olan borclarını sonuncu hərracda ödəsinlər və ona görə də mülkiyyətlərində olan yaşayış evini satışa çıxarmışlar. Hazırda yaranmış borcun ödənilməsi üçün onlarda imkan yaransa da, sonuncu hərrac və mənzilin "xxxx" MMQBKT-yə təklif edilməsi və mənzilin "xxxx" MMQBKT-nın mülkiyyətinə verilməsi barədə onlara məlumat verilməmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-nin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.1 kv.m olan mənzil üzərində "xxxx" MMM QBKT-nin mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində № ********** nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Belə ki, təşkilatla İddiaçı arasında **********0394 saylı kredit müqaviləsinin təminatı kimi **********0394-**********2132 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinin 4.1-ci bəndinə əsasən, İpoteka saxlayan kredit müqaviləsi üzrə əsas öhdəliyin və ya onun hər hansı bir hissəsinin, o cümlədən, bu müqavilənin şərtlərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi və bu müqavilə və qanunvericiliklə nəzərdə tutulan digər hallarda öz tələblərini ipoteka predmetinə yönəldə bilər. Sözügedən kredit müqaviləsi üzrə borclular öz üzərlərinə düşən öhdəlikləri kredit müqaviləsi ilə razılaşdırılmış qaydada icra etmədiyindən, təşkilat tərəfindən Qobustan Rayon Məhkəməsinə müraciət olunmuş, müraciətin nəticəsində cavabdehlərdən 32477,62 ABŞ dolları məbləğində əsas borcun və 60 manat ödənilmiş dövlət rüsumu və xidmət haqqının tutularaq Təşkilatın xeyrinə ödənilməsi, həmçinin, tutmanın borcun təminatı olan mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Sözügedən qətnamənin 21 may 2018-ci il tarixində qəbul edilməsinə baxmayaraq, borclular, o cümlədən, hazırki iş üzrə iddiaçı olan İddiaçı tərəfindən kredit öhdəliyinin ödənilməklə bağlanması istiqamətində hər hansısa tədbir görülməmişdir. Qobustan Rayon Məhkəməsinin borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə qəbul etdiyi 21 may 2018-ci il tarixli qətnaməsinin icrası hal-hazırda davam etməkdədir. İpoteka predmeti olan mənzilin Təşkilatın mülkiyyətinə keçirilməsinə baxmayaraq, İddiaçı hazırki günədək həm borc öhdəliyinin ödənilməsini təmin etmir, həm də artıq mülkiyyətində olan əmlakın boşaldılmasına fərqli üsul və vasitələrlə mane olmağa çalışır, onunla aparılan danışıqlar artıq neçə ildir ki heç bir nəticə vermir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə Qobustan Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarının qəbul edilməsindən artıq 4 ildən artıq müddət keçib, hazırki iş üzrə İddiaçı Nərimanov Rayon Məhkəməsi qarşısında hazırki iddianı qaldırılması onun üçün borc öhdəliyinin icrasından yayınmağın alternativ vasitəsi olduğunu hesab edirlər. Digər tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qobustan Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli 2(026)-52/2018 saylı qətnaməsinin surətinə əsasən iddiaçı "xxxx" X13 Bank Kredit Təşkilatının cavabdehlər X6, X9 və İddiaçı qarşı 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32477.62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqının alınıb "xxxx" X13 Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24. mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60.1 kv.m, yaşayış sahəsi 38.3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin evin boşaldılması, evdə qeydiyyatda olanların qeydiyyatdan çıxarılması, həmin evin açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "xxxx" X13 Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi, evin satışdan əldə olunmuş vəsait borcu tam ödəmədiyi təqdirdə tutmanın borcluların digər əmlakına yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X6, X9 və İddiaçı Əlməmrnəd oğlundan 13 yanvar 2014cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb "xxxx" X13 Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m. yardımçı sahəsi 21.8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin ev boşaldılması, həmin ev açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "xxxx" X13 Bank Kredit Təşkilatına olan borcunun əvəzi ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2019-cu il tarixli, 01/213 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzilinin satış qiyməti 62.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 3100 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2019-cu il tarixdə saat 11:00-da ünvan 3 ünvanında keçiriləcəyi barədə X7, X3 və İddiaçı və məlumat üçün "xxxx" Qeyri- Bank Kredit Təşkilatı MMM-yə və Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2019-cu il tarixli, 01/469 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzilinin satış qiyməti 62.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 3100 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2019-cu il tarixdə saat 11:00-da ünvan 3 ünvanında keçiriləcəyi barədə X7, X3 və İddiaçı və məlumat üçün "xxxx" Qeyri- Bank Kredit Təşkilatı MMM-yə və Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2019-cu il tarixli, 01/863 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzilinin satış qiyməti 62.000-15%=52700 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2635 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2019-cu il tarixdə saat 11:00-da ünvan 3 ünvanında keçiriləcəyi barədə X7, X3 və İddiaçı və məlumat üçün "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-yə və Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; “Birja yenilikləri” qəzetinin 01-07 fevral və 22-28 fevral 2019-cu il tarixə buraxılışlarından görünür ki, qeyd olunan mənzilin hərraca çıxarılmasına dair elanlar yerləşdirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 ümumi sahəsi 60.10 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-nin adına əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır; xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən qaldırılmış iddia üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd edir ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğu yer üzrə hərrac bildirişlərinin göndərilmədiyini qeyd edir. Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə göndərilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzillə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə vurğulayır ki, həmin bildirişlərin faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçınınpasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X9, X5 və "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X9, X5 və "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2351/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2351/2022
06.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver