Məhkəmə qərarları › İş №e-2(005)-2354/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2354/2024

12.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2354/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına xx.xx.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona ÖM seriyalı 197290 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1n iddiaçının övladları, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 isə onun nəvləridir. Övladları 2004-cü ildə iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşasalar da, artıq 10 ilə yaxın müddətdir ona məxsus mənzildə yaşamırlar. X1 özünə məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi yaşayış evi vardır. Digər oğlu Cavabdeh2 isə mülkiyyətində özünə məxsus torpaq sahəsi olsa da, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməmiş, lakin 2017-ci ildən hal-hazırkı vaxtadək ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. İddiaçı bildirir ki, övladları iddiaçı ilə birlikdə yaşadığı evi tərk edərək, özlərinə məxsus evdə yaşamağa başladığı vaxtdan, onunla maraqlanmır, onun maddi və digər tələbatlarının ödənilməsində hər hansı formada iştirak etmirlər. Cavabdeh2 2017-ci ildə yaşadığı evdə onu döyərək, xəsarət yetirdiyindən bu barədə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciəti olmuş və təhqiqat şöbəsində müvafiq araşdırma aparıldıqdan sonra, 2017-ci ildə özü könüllü olaraq ailəsi ilə birlikdə iddiaçıya məxsus mənzili tərk edərək getmiş və həmin vaxtdan Sumqayıt şəhərində həyat yoldaşına məxsus mənzildə yaşayır. Cavabdeh2, Cavabdeh1 iddiaçının övladları, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 özləri könüllü olaraq iddiaçıya məxsus mənzili tərk edərək getdiklərindən, özlərinə məxsus daimi yaşayış yeri olan fərdi yaşayış evi olduğundan, qeyd olunan mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Hal-hazırda həmin evdə yaşamadıqlarından, məhkəmə qaydasında evdən istifadə hüquqlarına xitam verilməsi zəruridir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 yaşamaq üçün özlərinə məxsus xüsusi mülkiyyətində olan mənzili olduğundan, həmin yaşayış sahəsinə ehtiyac aradan qalxdığından, kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməlidir. Bildirilir ki, Cavabdeh2 ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus mənzili tərk edərək getdiyi zaman Abşeron rayonu Ceyranbatan qəsəbəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş və sonuncunu mübahisəli mənzili tərk etməyə heç kim məcbur etməmişdir. Digər cavabdeh isə 2017-ci ildə onu döyərək bədən xəsarəti yetirdiyindən, Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin təhqiqat şöbəsində araşdırma aparıldıqdan sonra, qeyd olunan mənzili tərk edərək getmiş, arvadına məxsus Sumqayıt şəhərində yerləşən mənzildə yaşamağa başlamışdır. Belə ki, cavabdehlərin mülkiyyətində fərdi yaşayış evi olduğundan, cavabdehin könüllü olaraq ailə üzvləri ilə birlikdə mübahisəli mənzili tərk edərək getmələrindən, hal-hazırda özlərinə məxsus mənzildə yaşadıqlarından, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhz həmin yaşayış sahəsinə ehtiyacı olmamasını bilavasitə təsdiq edir. Çünki, qeyd olunan mübahisəli mənzildən həqiqətən istifadə etmək ehtiyacının olduğuna, lakin iddiaçı yaxud hər hansı digər şəxslər tərəfindən buna maneçilik yaradılmasına dair hər hansı bir hallar aşkar edilməmişdir. Beləliklə, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan övladları xx.xx.2013cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Nürəddin oğlu izahatında bildirdi ki, onun mülkiyyətində torpaq sahəsi olsa da, həmin torpaq sahəsi üzərində tikili ev yoxdur. Qeyd olunanlara əsasən iddia tələbini qəbul etmədiyini bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 2 ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış (habelə özgəninkiləşdirilmiş) digər daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 2 ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 11, mənzil 18 ünvanında 26 iyun 2003-cü il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X6, X7, Cavabdeh2, Cavabdeh1 Nurəddin oğludur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 2 ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh2 Nürəddin oğlunun adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0.043 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi; Xaçmaz rayonu, Susayqışlaq kəndində 1.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Xaçmaz rayonu, Şollar qəsəbəsində 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh2 Nürəddin oğlunun və Cavabdeh1 adlarına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Abşeron rayon Ceyranbatan bələdiyyəsi tərəfindən 29 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində Cavabdeh1 Nurəddin oğlunun sahibliyində 480 kv.m. torpaq sahəsi və 120 kv.m. fərdi yaşayış evi vardır. Həmin yaşayış evi Dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin 14 avqust 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının məzmunundan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 11, mənzil 18-də yaşayan İddiaçı DİN-nin 102 xidmətinə zəng edərək və ərizə ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, həmin günü saat 00:25-də onunla birlikdə yaşayan gəlini Gülyanə Abbasova ilə aralarında baş vermiş mübahisə zamanı oğlu Cavabdeh2 ona əl-qol ataraq üzünü dartışdırmış, əlləri ilə bədəninin müxtəlif yerlərinə xəsarət yetirmişdir. Oğlu Nicat barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilən ÖM 197290 seriya №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 11 ünvanda yerləşən 18 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır və bu barədə 1337 reyestr kitabında 200724 səhifə 30/200724 № ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. EMİS-dən əldə olunan məlumatlardan müəyyən olunur ki, Cavabdeh1 X8 ilə birgə nikahından X6 (xx.xx.2013-cü il təvəllüdlü), X7 (xx.xx.2012-ci il təvəllüdlü), X5 (xx.xx.2019-cu il təvəllüdlü) adlı yetkinlik yaşına çatmayan övladları var. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 11 ünvanda yerləşən 18 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyəti olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının övladlarıdır. Hazırda İddiaçı onların Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 11 ünvanda yerləşən 18 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh2 2018-ci ildən, Cavabdeh1 isə 2017ci il tarixdən mübahisəli ünvanda yaşamır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə Cavabdeh1 münasibətdə qeyd edir ki, o, daimi əsaslarla bu evi tərk etmiş və öz mülkiyyətində olan mənzildə yaşayır. Qeyd edilən hal tərəflərin verdiyi izahatlarla, işin faktiki halları ilə öz təsdiqini tapır. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına görə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur...Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-ci il tarixədək yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlərin yaranması tarixini əsas götürüb, belə qənaətə gəlir ki, hazırki mübahisəyə xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, Cavabdeh1 yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırki vəziyyətdə Cavabdeh1 evə pasport qeydiyyatında olması hüquqi nəticə etibarı ilə formal xarakter daşıyır və iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan Cavabdeh1 həmin mənzili daimi əsaslarla tərk etmiş və uzun müddətdir həmin mənzildə yaşamır. Onun hazırda həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən Cavabdeh1 mülkiyyətində olan mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Məhkəmə onu da vurğulayır ki, Cavabdeh1 ilə yanaşı onun yaşına çatmayan övladları X6 və X7 da mübahisəli evdə pasport qeydiyyatındadır. İddianın təmin edilməsi hüquqi nəticə etibarı ilə onların da bu mənzildən istifadə hüququna xitam verilməsi ilə nəticələnəcəkdir. İş üzrə digər Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, onun istifadə hüququna xitam verilə bilməz. Qeyd olunmalıdır ki, Cavabdeh2 ailə üzvü olaraq evdən istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir. İddiaçı onun sözügedən evdə yaşamadığını irəli sürərək evdən istifadə hüququnun itirilməsini xahiş etmişdir. Lakin mülki iş materialları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında müəyyən edilir ki, iş üzrə Cavabdeh2 daimi yaşayış yeri yoxdur, buna dair iddiaçı tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı özü də iddia ərizəsinin əsaslandırma hissəsində Cavabdeh2 aralarında olan mübahisədən sonra evi tərk etdiyini və hazırda cavabdehin arvadına məxsus Sumqayıt şəhərində yerləşən mənzildə yaşamağa başladığını bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubuna əsasən Cavabdeh2 adına Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyata alındığı müəyyən olunsa da, iddiaçı özü də iddianın dəlillərində həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmədiyini qeyd etmişdir. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının müəyyən edilməsindən asılıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir; cavabdehin (Cavabdeh2) isə daimi yaşamaq üçün yaşayış yerinə malik olması sübut olunmur, beləliklə də evə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas vermir. Bu baxımdan iddia tələbi Cavabdeh2 münasibətdə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi ev 11 ünvanında yerləşən 18 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, iddia tələbi qalan hissədə təmin olunmamalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi ev 11 ünvanında yerləşən 18 saylı mənzildən istifadə hüququna xitam verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar