Məhkəmə qərarları › İş №e-2(005)-2415/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2415/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2415/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2007 manat məbləğində əsas və 40,47 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2047,47 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən X1 mülkiyyətində olan və icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2014-cü il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə BA348984 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2014-cü il tarixində "xxxx" MMC-nin istifadəsində olan qeyriyaşayış sahəsi çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh istifadəsində olan 2 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2024-cü il tarixli, 1318/CFİ-097/2014 nömrəli aktla 50 (əlli) manat azadolma məbləği çıxılmaqla, 2007 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2415/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən sığorta hadisəsi xx.xx.2014-cü il tarixdə baş vermişdir. İddianın isə 2025-ci il tarixində qaldırıldığı nəzərə alınaraq, iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - BA 348984 əmlakın sığortası şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə "xxxx" ASC tərəfindən xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək, sığortalı X2 xeyrinə, sığorta məbləği 68870 manat müəyyən edilməklə sığortalanmışdır. Şərtsiz azadolma məbləği 50 manat, sığorta haqqı 150 manat təşkil edir; - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli sığorta aktının surətindən görünür ki, daşınmaz əmlakın sığortalanması növündə sığortalanan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2014-cü il tarixdə subasması nəticəsində zərər dəymişdir. Dəymiş maddi ziyanın və sığorta ödənişinin məbləği 2007 manat olaraq müəyyən edilmişdir; - 53 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 17, mənzil 2 ünvanında yaşayan Cavabdeh mənzilindən gələn su "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinin tavanına ciddi zərər vurmuşdur; - xx.xx.2014-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə subasma nəticəsində 2.057 manat məbləğində zərər vurulmuşdur; - xx.xx.2014-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən, X3 hesabına 2007 manat məbləğində zərər ödənişi ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2014-cü il tarixində Cavabdeh məxsus üst mərtəbədə yerləşən 2 saylı mənzildən su axması nəticəsində zərər vurulmuş, bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərərə görə sığortalıya 2007 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı 2007 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh isə yaranmış mübahisənin əsası olan hadisədən uzun müddət keçdiyini bildirərək, iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəyə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki işdə iddiaçı tərəfindən sığortalanmış mənzilə cavabdehə məxsus mənzildən su axıdılması və zərərin sığorta şirkəti tərəfindən ödənilməsi ilkin sübutlarla (subasma hadisəsinə dair arayış, akt) öz təsdiqini tapmışdır. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən məhkəmə prosessual qənaət prinsipini rəhbər tutaraq əlavə araşdırma aparılmasını (ekspertiza təyin edilməsini) məqsədəmüvafiq hesab etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Yuxarıda da qeyd edildiyi kimi, hazırki iş üzrə iddia tələbinin əsasını deliktə əsaslanan münasibətlər təşkil etdiyindən, məhz mülki qanunvericiliklə müəyyən edilmiş 10 illik iddia müddəti şamil edilməlidir (Mülki Məcəllənin 373.1-ci maddəsi). Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2 və 377.1-ci maddələrinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin hallarından göründüyü kimi, baş vermiş sığorta hadisəsinə görə iddiaçı "xxxx" ASC tərəfindən sığorta ödənişi sığortalının hesabına 20 iyun 2014-cü il tarixdə keçirilmişdir. Bu o deməkdir ki, iddiaçının subroqasiya hüququ da məhz sığorta ödənişi həyata keçirildiyi həmin tarixdən yaranmışdır. Hazırkı iddia isə 14 aprel 2025-ci tarixdə qaldırılmışdır. Göründüyü kimi, iddia ərizəsi məhkəməyə 10 illik ümumi iddia müddəti ötürüldükdən sonra təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar