Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-243/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Xalq Bank ASC-yə qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh Xalq Bank ASC-yə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 2 və Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 1, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,01339 ha torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsindən ibarət olan əmlaklara iddiaçının sərbəst şəkildə gediş-gəlişinə cavabdeh Xalq Bank ASC və əməkdaşları (işçiləri) tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 2 və Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 1, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,01339 ha torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı qeyd edir ki, cavabdehin əməkdaşları (işçiləri) tərəfindən onun mülkiyyətinə sərbəst şəkildə gediş-gəlişinə maneə törədir, bir mülkiyyətçi kimi öz əmlakından istifadə edə, mənzillərinə daxil ola bilmir. İddiaçı sözügedən yaşayış evlərinə texniki pasportların verilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin texniki pasportların verilməsi üçün əmlak komitəsinin mühəndisləri evlərə baxış keçirməlidirlər ki, müvafiq ölçü işləri aparıla bilsin, lakin cavabdehin işçiləri nə iddiaçını, nə də mühəndisləri ölçü işlərini aparması üçün yaşayış evlərinə buraxmadığından, yəni bunun üçün lazımi şərait yaradılmadığından texniki pasportların verilməsindən imtina olunmuşdur. Məsələnin həlli üçün cavabdeh bankın nümayəndələri ilə də görüşülmüş, lakin yaradılmış maneələrin səbəbləri izah olunmamış və görüşlər heç bir nəticə verməmişdir. Eyni zamanda İddiaçı məxsus mülkiyyət hüququna dair çıxarışlar, alqı-satqı müqavilələri görüş zamanı sözügedən şəxslərə təqdim edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin nümayəndəsi öz izahatında bildirdi ki, iddia ərizəsində göstərilən əmlaklara bitişik ünvanda cavabdehə məxsus qeyri-yaşayış obyekti yerləşir. Belə ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında uzunmüddətli məhkəmə mübahisəsi predmeti olan “Yasmin” ticarət mərkəzi hazırda cavabdehin balansındadır. Həmin obyektlə də iddiaçının əmlaklarının sərhəddi müəyyən deyil. Cavabdehin hazırda balansında olan daşınmaz əmlakla bağlı çıxarışı və texniki pasportu yoxdur. Lakin hüquqların qabaqcadan qeydiyyatı ilə bağlı arayış mövcuddur. Məhkəmə iclasında ekspert X3 rəyə uyğun izahat verərək bildirmişdir ki, zəruri sənədlər çatışmadığından mübahisəli ərazidə tərəflərin əmlaklarının üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda ekspert qeyd edir ki, mübahisəli ərazinin giriş-çıxış hissəsində quraşdırılan qapının iddiaçının mülkiyyətində olan ərazidə yerləşdiyi məlum olmuşdur. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ünvan 2 ünvanlarının sənədləşdirilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi tam payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi y/s-37.9 kv.m, k/s-23.1 kv.m payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 1 nömrəli mənzil tam payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 2 nömrəli mənzil tam payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 35 ünvanında yerləşən torpaq sahəsi tam payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən əldə edilən arayışdan məlum olur ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası Xalq Bank ASC-nin tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası və 0.2704 ha torpaq sahəsini "xxxx" firmasının mülkiyyətindədir və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - 10 mart 2023-ci il tarixli 10/7712 №-li ekspert rəyindən məlum olur ki, Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankına məxsus olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,2704 ha torpaq sahəsinə dair Texniki Pasport sənədi təqdim olunmadığından, eyni zamanda İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanlarına dair texniki pasportlarda koordinat və situasiya planı əks olunmadığından, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evirin texniki pasportunda koordinatlar qeyd olunmadığından və həmin ərazidə söküntü aparıldığından, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən 0,01339 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim olunmadığından yuxarıda qeyd olunan əmlakların üst-ütə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. **********41 reyestr nömrəli Çıxarış sənədi ilə İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən 0,0255 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarına əsasən naturada yeri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin ASC "xxxx"-ın istifadəsində olan qeyri-yaşayış binasının cənub tərəfində yerləşdiyi və faktiki olaraq ASC "Xalq Bank” tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinin Səməd Vurğun küçəsi istiqamətində yerləşən hissəsində qapı quraşdırılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin tam payda , Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinin y/s-37.9 kv.m, k/s-23.1 kv.m payda , Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 1 nömrəli mənzilin tam payda , Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 2 nömrəli mənzilin tam payda , Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 35 ünvanında yerləşən torpaq sahəsinin tam payda İddiaçı mülkiyyətində olduğu müəyyən olunmuşdur. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, Xalq Bank ASC və əməkdaşları (işçiləri) tərəfindən onun mülkiyyətindən sərbəst istifadəsinə maneələrin yaradıldığını bildirir və bu maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən qanunsuz müdaxiləyə son qoyulmasını xahiş edir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən əldə edilən arayışa əsasən, görünür ki, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binası Xalq Bank ASC-nin tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı iddiaçının iddia etdiyi sahələrin ASC "xxxx"-ın istifadəsinə olan əsas binaya bitişik, 3 mərtəbəli yarımçıq tikili, həmin tikilinin arxa hissəsində yerləşən torpaq sahəsi və ASC "xxxx"-ın istifadəsində olan əsas binanın cənub tərəfində yerləşən torpaq sahəsidir. İddiaçının iddia etdiyi ərazilərin faktiki olaraq ASC "xxxx"-ın istifadəsində olduğu müşahidə edildi. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüqunun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, yuxarıda göstərilən qanunvericilik normalarını və mülki iş üzrə məhkəməyə təqdim olunmuş sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin normalarına əsasən, əmlakdan sərbəst şəkildə istifadə etmək hüququ əmlakın mülkiyyətçisinə məxsusdur. İş materiallarından da aydın olur ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi tam payda, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi y/s-37.9 kv.m, k/s-23.1 kv.m payda , Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 1 nömrəli mənzil tam payda , Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 2 nömrəli mənzil tam payda, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 35 ünvanında yerləşən torpaq sahəsi tam payda İddiaçı mülkiyyətindədir. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, birincisi, cavabdeh özü də iddianın predmeti olan əmlakla bitişik ünvanda yerləşən əmlaklara dair çıxarışın və texniki pasportun olmadığını bildirdi. Məhkəmə ekspertizası tərəfindən əmlakların üst-üstə düşməsini müəyyən edilə bilməməsinin səbəblərindən biri də bu haldan irəli gəlir. İkincisi, məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaklardan birinin - ünvan 3 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinin ASC "xxxx" tərəfindən istifadə olunduğu torpaq sahəsinin Səməd Vurğun küçəsi istiqamətində yerləşən hissəsində qapı quraşdırıldığı müəyyən edilmişdir. Bu fakt ekspert rəyi ilə də öz təsdiqini tapır. Belə olan təqdirdə məhkəmə hesab edir ki cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması işin materialları ilə tam təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin etirazında bildirdiyi digər hal – iddiaçıya məxsus hüquq müəyyənedici sənədlərdə Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi ev 20, mənzil 1 və mənzil 2 yerləşən əmlakın təyinatının mənzil kimi göstərildiyi halda faktiki olaraq həmin ünvanda qeyri-yaşayış obyektinin yerləşməsi, digər ünvanda ünvan 7 işlərinin aparılması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına haqq qazandıra bilməz. Məhkəmə göstərilən nəticələrə gələrkən ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını nəzərə alır. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizanın qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar ilə təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 2 və Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 1, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən əmlak və həmin əmlakın yerləşdiyi 0,01339 ha torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsindən ibarət olan əmlaklara İddiaçı sərbəst şəkildə gediş-gəlişinə cavabdeh ASC "xxxx" tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılsın və İddiaçı mülkiyyətinə edilən müdaxiləyə son qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-243/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-243/2023
14.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver