Məhkəmə qərarları › İş №e-2(005)-2431/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2431/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2431/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: subroqasiya qaydasında pul tələbi; iddia müddəti) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fərhad qızından 666 (altı yüz altmış altı) manat məbləğində əsas və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 696,40 (altı yüz doxsan altı manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 2431/2025 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən X1 mülkiyyətində olan və icarə müqaviləsi əsasında X3 istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (daşınar əmlak) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2014-cü il tarixində “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü üzrə AZ/026824 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2015-ci il tarixində X3 istifadəsində olan daşınar əmlak çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh Fərhad qızının istifadəsində olan 10 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2015ci il tarixli aktından görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Fərhad qızının mənzilindən gələn su X3 istifadəsində olan daşınar əmlaka xeyli miqdarda maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki,X3 istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan daşınar əmlaka subasma nəticəsində 866 (səkkiz yüz altmış altı) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2015-ci il tarixli, 5547/Fİ-006/2014 nömrəli aktla200 (iki yüz) manat azadolma məbləği çıxılmaqla, 666 (altı yüz altmış altı) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindənfaydalanan şəxsin bank hesabına köçürülmüşdür. II. Tərəflərin mövqeləri: Cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ASC ilə X7 arasında xx.xx.2014-cü il tarixli sığorta müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi müqavilıənin bitmə tarixi xx.xx.2015-ci il tarixidir. Nəzərinizə çatdırıram ki, Sığorta müqaviləsi üzrə öhdəliklərin üzrə icra müddəti xx.xx.2018-ci ildə bitmişdir. Sözügedən müqavilə üzrə iddia tələbinin qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti xx.xx.2021-ci il tarixdə sona çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Belə olan halda, iddiaçı xx.xx.2014-cü il tarixli sığorta müqaviləsi üzrə tələb irəli sürülməsi üçün mülki qanunvericilikdə təsbit edilmiş 3 (üç) illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - BA seriyalı 366922 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən əmlak xx.xx.2014-xx.xx.2015-ci il müddəti ərzində sığortaçı tərəfindən sığorta olunmuşdur. - 115 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlar müəyyən olunur ki, Cavabdeh Fərhad qızı ünvan 3, mənzil 10-un sahibidir. xx.xx.2015-ci ildə tərtib eidilmiş aktda mənzilin sahibi Cavabdeh Fərhad qızı qeyd olunmuşdur. - xx.xx.2015-ci il tarixli aktla müəyyən olunur ki, Cavabdeh Fərhad qızının sahibi olduğu Əhməd Rəcəbli küçəsi ev 11, mənzil 10-dan dəfələrlə Əhmməd Rəcəbli küçəsi ev 11 mənzil 9a su axıdılıb. - "xxxx" MMC-nin 14 yanvar 2015-ci il tarixli 01/02-31 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən X6 məxsus müşahidə kameraları satışı mağazasında olan daşınar əmlaka su basma nəticəsində 14 yanvar 2015-ci il tarixə dəymiş zərərin həcmi 866 manat təşkil edir. - 5547/Fİ-006/2014 saylı 11 fevral 2015-ci il tarixli sığorta aktından görünür ki, sığortalı X6 məxsus ünvan 3 ünvanında yerləşən əmlaka xx.xx.2015-ci il tarixdə su basma nəticəsində dəymiş ziyan 866 manat təşkil edir. Azadolma məbləği 200 manat çıxılaraq, sığorta ödənişi 666 manat təşkil edir. - xx.xx.2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X6 məxsus hesaba akta əsasən zərər ödənişi kimi 666 manat məbləğində pul vəsaiti köçürülmüşdür. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən əmlak xx.xx.2014-xx.xx.2015-ci il müddəti ərzində BA seriyalı 366922 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə iddiaçı "xxxx" ASC-də sığorta olunmuşdur. xx.xx.2015-ci il tarixdə cavabdeh tərəfindən həmin əmlaka su axıdılması nəticəsində sığortalanmış əmlaka maddi ziyan dəymişdir. İddiaçı tərəfindən əmlaka dəyən zərər qarşılanmışdır. İddiaçı tərəfindən 11 fevral 2015-ci tarixdə zərərçəkmişə 200 manat azadolma məbləği nəzəə alınmaqla 666 manat sığorta ödənişi edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ödənilmiş sığorta ödənişinin geri qaytarılması barədə tələb ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı qanunun tələbinə görə iddia müddətini buraxdığından, iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Hazırkı halda iş üzrə tərəflər ("xxxx" ASC və Cavabdeh) arasında müqavilə bağlanmamış və subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəfər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir. Ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də 10 ilin tamamında başa çatır. Məhkəmə hesab edir ki, bu növ öhdəliklərdən irəli gələn tələblərə zərər vurmadan yaranan münasibət kimi Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyənləşdirilmiş ümumi iddia müddəti tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi, iş üzrə iddiaçı "xxxx" ASC xx.xx.2015-ci il tarixdə baş vermiş sığorta hadisəsindən məlumatlı olmuşdur. Belə ki, istinad olunan mülki hüquq pozuntusu cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə törədilmişdir. Zərərçəkmiş şəxs tərəfindən sığorta ödənişinin verilməsi barədə ərizə xx.xx.2015-ci il tarixdə iddiaçı "xxxx" ASC-də qeydə alınmış, 14 yanvar 2015-ci il tarixdə əmlaka dəymiş zərər müəyyənləşdirilmiş, xx.xx.2015-ci il tarixdə sığorta aktı tərtib olunmuş, xx.xx.2015-ci il tarixdə sığorta ödənişi iddiaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Bununla belə iddiaçı "xxxx" ASC 10 illik ümumi iddia müddətini ötürərək xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyinin normaları baxımından hazırki tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən yazılı ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh Fərhad qızından 666 (altı yüz altmış altı) manat məbləğində əsas və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 696,40 (altı yüz doxsan altı manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh Fərhad qızından 666 (altı yüz altmış altı) manat məbləğində əsas və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 696,40 (altı yüz doxsan altı manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar