Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-244/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4144,85 (dörd min yüz qırx dörd manat, səksən beş qəpik) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 836,07 (səkkiz yüz otuz altı manat, yeddi qəpik) manat ƏDV məbləği və 70,21 (yetmiş manat, iyirmi bir qəpik) manat dövlət rüsumu, ümumilikdə 5051,13 (beş min əlli bir manat, on üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz GL450” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan yolu istiqamətində hərəkət edən zaman “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar ilə “Mercedes Benz GL450” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (araməsafəsi qaydalarının pozulması) törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə 5480, 92 (beş min dörd yüz səksən manat, doxsan iki qəpik) manat maddi zərər dəymişdir. MİB2000038 saylı sığorta şəhadətnaməsinə və AKS230037 saylı, xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən dəymiş zərərin məbləğindən 500 (beş yüz manat) azadolma məbləği çıxılmaqla 4980,92 (dörd min doqquz yüz səksən manat, doxsan iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz GL450” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə hadisənin baş verdiyi tarixdə qüvvədə olan sığorta müqaviləsi olmadığından “İcbari Sığortalar haqqında” AR Qanunun 56.1.2-ci maddəsinə uyğun olaraq, zərərçəkənə ödənilmiş sığorta ödənişinin zərərvuran tərəfin sığorta şirkətindən tələb edilməsi mümkün olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş "xxxx" ASC-nin nümayəndəsi Salatin Allakhveranova iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi təqdim edərək, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunduğunu, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2268 (iki min iki yüz altmış səkkiz) manat hesablandığını, ƏDV də daxil olmaqla, tələb edilən ziyan məbləğinin əsassız olduğunu, ekspert rəyində dəymiş ziyanın məbləği aparılan tədqiqat əsasında, o cümlədən avtomaşının həm texniki vəziyyətinə, həm də ki, dəymiş ziyanın real bazar qiymətlərinə uyğun hesablanması nəticəsində 2268 manat maksimum məbləğ hesablandığını, eyni zamanda hesablanmış ziyan məbləğinin ƏDV üzrə əlavələrin tələb edilməsi ƏDV- nin tətbiqinin əsaslarını yaradan qanunvericiliklə uyğunluq təşkil etmədiyini, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə hesablanmış 2268 (iki min iki yüz altmış səkkiz) manat məbləğ maşına dəymiş ziyanın bərpa edilməsi üçün tələb edilən məbləğdən yuxarı olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən hazırki məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinn tibbi müayinəsi aktından görünür ki, X3 alkoqol sərxoşluğu vəziyyəti yoxdur. - xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə “Mercedes Benz GL450” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili edərkən Cavabdeh 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsindən müəyyən olunur ki, “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Sığorta risklərinə nəqliyyat və hava nəqliyyat vasitələrinin toqquşması riski də daxildir. - "xxxx" ASC-nin 10 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, X2 500 manat ödəniş edilmişdir. - X5 MMC-nin xx.xx.2023-cü il tarixli Hesab-Fakturadan görünür ki, “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yekun məbləği 5480 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli Elektron Qaimədən görünür ki, "xxxx" ASC tərəfindən X5 MMC-yə 5480,92 manat ödəniş edilmişdir. - X3 tərəfindən "xxxx" ASC-yə ünvanlanan ərizədən görünür ki, "xxxx" QSC-yə məxsus olan “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən idarə olunarkən xx.xx.2022-ci il saat 07:35-də radələrində Mərdəkan yolunda yol nəqliyyat hadisəsi baş vermiş və qeyd olunan avtomobilə zərər dəymişdir. "xxxx" ASC ilə aralarında bağlanmış olan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən tədbirlər görülməsini xahiş edir. - "xxxx" QSC tərəfindən "xxxx" ASC-yə ünvalnana xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" QSC-yə məxsus olan “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili təmirdən təhvil alınmış, "xxxx" ASC-yə və zərəvuran şəxsə qarşı heç bir iddiaları olmayacaqdır. - AA seriyalı 746921 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" QSC-dir. - Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, "xxxx" QSC mülkiyyətində olan “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil dair X2 etibarnamə vermişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X6” MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq eidlməklə təxmini 2268 manat müəyyən edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz GL450” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" QSC-yə məxsus olan “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Həmin hal iş materialları ilə təsdiq olunur. Bu hal təsdiq olunduğundan, müvafiq olaraq əmlaka vurulmuş maddi zərərə görə Cavabdeh subroqasiya qaydasında mülki hüquqi məsuliyyəti yaranmışdır. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 936-cı maddəsinin məzmununa uyğun olaraq subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, həmçinin subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ, istifadə hüququ və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Ekspert rəyinin tədqiqi hissəsindən görünür ki, malın (işin,xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi biliyə malik ekspertin rəyində avtomobilə dəymiş zərərin ümumi məbləği müəyyən edilmişdir və həmin məbləğ ƏDV də daxil olmaqla əşyaların bazarda satış qiymətlərini özündə əks etdirir. Belə ki, qiymətlərin ƏDV daxil olmadan göstərilməsi məntiqə uyğun olmamaqla ümumi qəbul olunmuş qaydalarla da ziddiyyət təşkil edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalının avtomobilinin təmiri və ehtiyat hissələri üçün 4980, 92 manat ödənilsə də, Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2023-cü il tarixli ekspert rəyində “X6” MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq eidlməklə təxmini 2268 manat müəyyən edilmişdir. İddia qismən təmin edilməli, Cavabdeh 2268 manat pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 32 manat ödənilmiş dövlət rüsumunun əvəzi manat cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pulun 45 manatı Cavabdeh, 55 manatı isə "xxxx" ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edildiyi hissəyə mütənasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 2268 (iki min iki yüz altmış səkkiz) manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 32 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pulun 45 manatı Cavabdeh, 55 manatı isə "xxxx" ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə Düzdür imza: X4
Məhkəmə qərarları › İş №e-2(005)-244/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-244/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver