Məhkəmə qərarları › İş №e-2(005)-248/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-248/2025

19.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-248/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 Bünyət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60000 ABŞ dolları məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 400 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun zamandır Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilində yaşayır. Həmin mənzil Novruzov Mirağaya məxsus olmuşdur. O, həmin mənzili almaq üçün ona ümumilikdə 60000 ABŞ dolları pul ödəmişdir. Bu barədə qəbz də var. Mirağa özü şəxsən imzalamışdır. Onun şikayəti əsasında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində araşdırma aparılmış və həmin qəbzdə olan imzanın Novruzov Mirağaya məxsus olması ekspert tərəfindən müəyyən olmuşdur. Onun xəbəri olmadan X3 Firuzə Mirağa qızı vərəsəlik qaydasında həmin mənzilə daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyətə dair çıxarış almışdır. Yuxarıda qeyd olunan halları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-558/2024 saylı qətnaməsi də təsdiq edir. Hazırda yaranmış vəziyyət ondan ibarətdir ki, həmin evin pulunu onun ödəməsinə baxmayaraq, başqa şəxsin adına mülkiyyətə keçmişdir. Əgər Cavabdeh vərəsə olaraq mirası qəbul etmişdirsə, digər öhdəlikləri də qarşılamalıdır. Cavabdeh iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqi haqqında ərizə ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı onu cavabdeh göstərməklə əslində subyektiv hüquq prinsipini pozmuşdur. Belə ki, o, iddiaçı ilə heç bir alğı-satqı etməmişdir. İddiaçının pul tələbi qoyduğu mənzili mərhum atasından vərəsəlik yolu ilə qəbul etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzili üzərində Cavabdeh mülkiyyət hüququ DƏDKR tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tanınmışdır (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixli: xx.xx.2019-cu il). Əgər iddiaçı mənzili aldığını iddia edirsə, o zaman niyə o, vərəsliyi qəbul edənə qədər həmin mənzil üzərində öz hüquqlarını qeydə aldırmamışdır? Bu fakt da onu deməyə əsas verir ki, iddiaçının ona qarşı iddia qaldırmaq üçün hüququ yoxdur. Prosessual hüququn tələbləri baxımından ona qarşı verilmiş iddia qanuni əsası olmayan və tələb olaraq əsas cavabdeh olmalı olan şəxsə qarşı yönəldilməyən iddiadır. İddiaçının əslində əsas tutduğu guya mərhum atasının vəsiyyəti deyilən sənəd əslində mülki qanunverciliyin tələblərinə cavab verməyən və vəsiyyətnamə sayılmayacaq bir sənəddir. Hətta o sənəddəki imzanın da mərhum atasına aid olması öz təsdiqini tapmamışdır. İstinad edilən Bakı şəhəri Nərimanov rayon Pİ-nin qərarına gəldikdə isə həmin qərar xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Qanuni qüvvəsi olmayan hansısa qərara istinadla hələ bir də subeyktiv hüququ olmaya-olmaya məhkəmədə iddia qaldırmaq tamamı ilə kobud qanun pozuntusdur. Görünür ki, iddiaçı qanunun və hüququn onun əleyhinə olduğunu bildiyi üçün bu gün ondan əsassız olaraq öz maddi maraqları naminə pul qopartmağa çalışır. İddiaçı öz iddiasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-558/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə istinad edərək, tələbini əsaslandırmağa çalışmışdır. Lakin həmin mülki iş onun iddiası üzrə başlanaraq, xeyrinə yekun qərar qəbul edilən məhkəmə işidir. Həmçinin, AR DİN-nin Nərimanov RPİ-nin keçmiş baş müstəntiqi Elnur Məmmədov vətəndaş İddiaçı ilə qeyri-prosessual münasibətlər zəminində razılığa gələrək, mərhum atası Mirağa Novruzovdan vərəsəlik yolu ilə ona qalmış Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzili İddiaçı AR DİN-nin Nərimanov RPİ-nin keçmiş baş müstəntiqi Elnur Məmmədov ilə birgə atasının xətt və imzasını saxtalaşdırdıqları qondarma “vəsiyyətnamə” ilə İddiaçı xeyrinə ələ keçirməyə cəhd etmişdilər. İddiaçının “vəsiyyətnamə” deyə irəli sürdüyü sənəd məzmunca alğı-satqı əqdidir. İşin bu günə qədər olan mərhələsində tərəfindən ayrı-ayrı vəsatətlər vasitəsi ilə bildirilmişdir ki, iddiaçının iddiasının əsasını təşkil etdiyini ehtimal etdiyi “vəsiyyətnamə” saxta və əsli olmayan bir sənəddir. Verilmiş vəsatət üzrə məhkəmə tərəfindən təyin olunan xəttşünaslıq ekspertizasının sonuncu dəfə məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli məktubda da iş üzrə mübahisə doğuran iddiaçının “vəsiyyətnamə” dediyi sənədin əslinin olmaması qeyd edilərək rəy verilməkdən imtina edildiyi bildirilmişdir. Yəni iddiaçının məhkəməyə təqdim etdiyi “sübut” qisimli sənədlər saxtadır və iş üzrə hansısa həqiqəti təsdiq edəcək heç bir dəlil əhəmiyyəti kəsb etmir. Lakin fərz edilsə ki, iddiaçının məhkəməyə təqdim etdiyi həmin o “vəsiyyətnamə” deyilən amma məzmunca alğı-satqı əqdi olan sənəd doğrudur, o zaman da iddia tələbi üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir . Həmin sənəd üzrə (60000 ABŞ dolları məbləğində alğı-satqı) iddia müddəti, yəni AR Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddət ötürülmüşdür. Belə olduğu halda iddiaçının ona qarşı tələbi hətta qanuni yolla əldə olunmuş sübuta istinad etmiş olsa da, iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2002-ci ilədək atası X9 Bakı şəhərində yaşamışdır və təxminən 1995-1996-cı illərdə Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi, ev 22, 3 nömrəli mənzili onun atası nəğd pulla almışdır. Onlar həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışlar. 2002-ci ildə atası Bərdə şəhərinə köçüb orada işləmək və yaşamaq istədiyini bildirmiş və müvəqqəti sığınacaq kimi həmin mənzili bacısı İddiaçı evin əşyaları ilə birlikdə təmirli şəkildə vermişdir. Onlar da Bərdə rayonuna köçmüşdür. 2018-ci ilin avqust ayının 4-də atası xəstəlikdən vəfat etdiyindən o, Bakıda yaşamaq üçün atasına məxsus olan həmin evin İddiaçı tərəfindən boşaldılmasını və ona təhvil verilməsini dəfələrlə bildirmişdir. Bibisi isə ona evin ona məxsus olduğunu və evdən çıxmayacağını bildirmişdir. Evdən çıxmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşı tərəf saxtalaşdırma edərək vəsiyyətnamə tərtib etmişdir. Onda atasına məxsus sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti var. Onlara da nəzər yetirilsə, imzaların fərqli olduğu görünəcək. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bünyət oğlu bildirmişdir ki, iddiaçının qardaşı cavabdehın atasıdır. Həmin işdə qarşı tərəf guya cavabdehin atası tərəfindən tərtib edilmiş vəsiyyətnamə təqdim etmişdi. Vəsiyyətnamə tərtib edildikdən sonra hər iki tərəf polis şöbəsinə müraciət edib. Həmin vaxt Polis Şöbəsindən cavabdehə razılığa gəlməklə bağlı təklif edilib, lakin razılaşmayıb. Bundan sonra qarşı tərəflə razılaşıblar. Qarşı tərəf bundan sonra yenidən cavabdehin atasının imzasına bənzər imza olan sənəd təqdim edib. Cavabdeh imzaların atasının imzası olmadığını bilib. Ekspertiza da keçirilib. Bunun əsasında iddia qaldırılıb. Onlar vəsiyyətnaməni əsassız hesab edirlər. Bildirilir ki, vəsiyyətnamə 2002-ci ildə tərtib edilib. Halbuki, cavabdehın atası 2017-ci ildə qarşı tərəfə torpaq sahəsi satıb. Həmin alğı-satqı dərhal rəsmiləşdirilib. Maraqlıdır ki, qarşı tərəf həqiqəti bildirirsə nəyə görə 2002-ci ildən rəsmiləşdirilmə edilməyib. İş materiallarına əlavə edilmiş qətnamədən də görünür ki, bununla bağlı qarşı tərəf reyestr xidmətinə də müraciət etməmişdir. İş üzrə ekspertiza keçirilməsi barədə vəsatət verilmiş, lakin rəy verilməsindən imtina edilmişdir, imtina edilməsinə baxmayaraq, yenə də münasibət bildirilərək, vəsiyyətnamələrin ayrı-ayrı sənədlər olması qeyd edilmişdir. Bundan başqa iddiaçı tərəfin tələbi əsaslı olsa belə iddia müddəti ötürülmüşdür. Cavabdehin atası 2018-ci ildə dünyasını dəyişmişdir. Əgər belə məsələ var idisə həmin zaman tələb edə bilərdilər. 2019-cu ildə cavabdeh evi öz adına keçirib. Yalnız cavabdeh mənzildən çıxarılma ilə bağlı iddia qaldırdıqdan sonra qarşı tərəf saxtakarlığa əl atmışdır. Vəsiyyətnamə guya cavabdehin atasının diktə etməsi əsasında yazılıb. Halbuki, mərhum Mirağa bəy kifayət qədər savadlı şəxs olmuşdur. Vəsiyyətnamə, nə də alğı-satqı forma-məzmununa riayət edilərək tərtib edilməmişdir. Əgər həqiqətən əmlak 2002-ci ildə alınıbsa, nəyə görə rəsmiləşdirmə barədə heç bir addım atılmayıb. İmza nümunələri Ağır Cinayətlər Məhkəməsindən götürüldükdən sonra saxtalaşdırılma edilərək yenidən vəsiyyətnamə tərtib edilmişdir. İlk dəfə ekspertiza təyin edilən zaman da vəsiyyətnamənin əsli təqdim edilmədiyindən rəy verilməsindən imtina edilmişdi. Hazırda təqdim edilən vəsiyyətnamə ilə əvvəlki işdə təqdim edilən vəsiyyətnamə arasında fərqlər var. Vəsiyyətnamənin əslinin olub-olmaması şübhə doğurur. Eyni zamanda təqdim edilmiş iki vəsiyyətnaməyə də nəzər yetirilsə yazılış formasında fərqlər olduğu görünəcəkdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56 kv.m, 2 otaqlı olan daşınmaz əmlak X5 məxsusdur; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-558/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilindən ona məxsus əşyalarla birlikdə çıxarılması qət edilmişdir; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh adına xx.xx.2019cu il tarixdə qeydiyyata alınmışdır; - X9 tərəfindən verilmiş vəsiyyətnamənin surətindən görünür ki, vəsiyyətnamədə “Mən, X9 xx.xx.2002-ci il tarixdə bu vəsiyyəti edirəm İddiaçı, adıma olan Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi ev 22, 3 nömrəli mənzilimi onuna adına keçirməklə ona alqı-satqı ilə 60000 ABŞ dollarına satdım. Mən özüm bu vəsiyyəti şahid X6 iştirakı illə diktə edirəm, ağlım sağlamlığım tam qaydasındadır. Mən bu vəsiyyətnamədə yazılanları dərk edirəm, öz iradəmlə bu alqı-satqını, vəsiyyətnaməni imza edirəm” yazıları qeyd edilmişdir; - Əlyazma olan qəbzin surətindən görünür ki, X9 ilə İddiaçı 60000 ABŞ dolları məbləğində borc pul aldığını öz imzası ilə təsdiq etmişdir; - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı və Cavabdeh müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır; - Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə Nərimanov Rayon RPİ-nin İŞ-in müstəntiqi Elnur Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarının əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və materialın əlavə araşdırılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır; - Reyestrdə 2V-535 № ilə qeyd aparılmış 02.4.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi – qızı Cavabdehdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 56 kv.m, 2 otaqlı mənzildən ibarətdir; - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X4 adından olan 2002-ci il tarixli vəsiyyətnamənin sonunda "X9" yazıların aşağı hissəsindəki imza və X4 bacısı İddiaçı 60.000 dollar məbləğinde pulun alması barədə qəbzin aşağı hissəsində imza: “Novruzov M.M” qrafasındakı imza X9 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş "Vəsiyyətnamə" adlı sənəddə və qəbzdə olan əlyazılar və imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiqata təqdim edilmiş "Vəsiyyətnamə" adlı sənəddə və qəbzdə hər hansı düzəlişlər (mexaniki üsulla pozma kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilməmişdir; - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/575 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 63-cü (123cü) vərəqində olan 2002-ci il tarixli vəsiyyətnamənin kserosurətində "X9" əlyazmalarının aşağı hissəsində əks olunmuş imza, 182-ci vərəqində olan 2002-ci il tarixli Vəsiyyətnamədə "X9” əlyazmalarının aşağı hissəsindəki imza, 183-cü vərəqində olan X4 60000 dollar pulu alması barədə qəbzdə "Novruzov. M.M" əlyazmaları qarşısındakı imza eyni şəxs - Novruzov Mírağa Mirkazım oğlu tərəfindən icra olunmuşdur; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzili xx.xx.1997-ci il tarixdən mərhum X4 mülkiyyətində olmuşdur. X9 2018-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra mübahisəli mənzil vərəsəlik qaydasında Cavabdeh tərəfindən qəbul edilmiş və həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonrakı dövrdə tərəflər arasında mənzillə bağlı mübahisə yaranmış və bu mübahisə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-558/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh məxsus olan həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Hazırda İddiaçı mərhumun adından yazılmış vəsiyyətnaməni və 60.000 ABŞ dolları məbləğində borcun etirafına dair sənədi təqdim edərək Cavabdeh həmin pulun tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh isə öz növbəsində iddianın əsassız olduğuna, həmin vəsiyyətnamənin və qəbzin saxtalaşdırıldığına, ümumiyyətlə vəsiyyətnamənin mahiyyəti üzrə düzgün tərtib olunmadığına, həmçinin iddia müddətinin ötürüldüyünə istinad edərək, iddianın rədd edilməsini xahiş etmişdir. İlk növbədə qeyd edilməlidir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır. Hazırki iş üzrə iddiaçı onunla mərhum qardaşı arasında faktiki alğı-satqı müqaviləsi bağlandığını və bunun müqabilində ona 60000 dollar pul ödədiyini bildirir, lakin tərəflər arasında mübahisə predmeti olmuş mənzil vərəsəlik qaydasında cavabdehin adına rəsmiləşdirildiyindən həmin pulun miras qoyanın vərəsəsi olan cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 139.1 və 144.1-ci maddələrinin tələblərinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hazırki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında mərhuma məxsus olmuş və miras qoyanın birinci növbə vərəsəsi olan cavabdehin mülkiyyətinə keçmiş mənzildən cavabdehin çıxarılması qət edilmişdir. Bu baxımdan tərəflər arasında etibarlı alğı-satqı müqaviləsinin mövcud olmamasına dair əlavə araşdırma aparmadan məhkəmə iddiaçı tərəfindən pulun verildiyini təsdiq etmək üçün təqdim edilmiş sübutlara hüquqi qiymət verilməsini zəruri hesab edir. Mülki iş materiallarında mövcud olan 2002-ci il tarixli “vəsiyyətnamə” adlanan sənəddə və pulun alınmasına dair qəbzdə olan imzaların X5 məxsus olması həm istintaq araşdırmaları zamanı, həm də mülki iş üzrə məhkəmə icraatı çərçivəsində təyin edilmiş ekspert rəyləri ilə təsdiq edilmişdir. Lakin məhkəmə hesab edir ki, yalnız imzanın həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi iddia tələbinin təmin edilməsi üçün kifayət etmir. Belə ki, mülki hüquq münasibətlərində sübutların qiymətləndirilməsi yalnız formal uyğunluqla deyil, həm də ağlabatanlıq, məntiqlilik və hüquqi nəticə doğurma qabiliyyəti baxımından aparılmalıdır. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Hazırki iş üzrə iddiaçının əsaslandığı sənəd “vəsiyyətnamə” adlandırılsa da, onun məzmununda daşınmaz əmlakın mərhum tərəfindən 60.000 ABŞ dolları məbləğində iddiaçıya satılması və pulun alındığı qeyd edilmişdir. Halbuki vəsiyyətnamə öz hüquqi mahiyyətinə görə birtərəfli əqddir və mülkiyyət hüququnun miras açıldıqdan sonra keçməsini nəzərdə tutur, alğı-satqı isə qarşılıqlı iradə ifadəsini, əvəzli xarakteri və qanunla müəyyən edilmiş forma və qaydalara riayət olunmasını tələb edir. Bununla yanaşı iddiaçı tərəfindən əlyazma şəklində qəbz də təqdim edilmişdir ki, həmin qəbzdə X1 Xanım Mirkazım qızından 60000 ABŞ dolları məbləğində pul aldığını öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş iki fərqli sənədlərdə cavabdehə 60000 ABŞ dolları məbləğində pulun verilməsi əks olunmuşdur. Lakin qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdehin mərhum atası arasında pul və ya mənzil ilə bağlı münasibətlərin 2002-ci ildə yaranmasına baxmayaraq, X2 olduğu müddətdə bu pulun qaytarılması və ya əmlakın rəsmiləşdirilməsi ilə bağlı hər hansı tələb irəli sürülməmiş, yalnız onun 2018-ci ildə vəfatından xeyli müddət sonra belə tələb məhkəmə qaydasında onun vərəsəsinə qarşı irəli sürülmüşdür. Həmçinin mərhumun mənzili iddiaçıya 60000 dollar müqabilində satmasına baxmayaraq sağlığında onu alğısatqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirməməsi ağlabatan deyildir. Qeyd olunanlar iddiaçının istinad etdiyi halların həqiqiliyini şübhə altına almaqla, onların birbaşa və təkzib olunmaz sübut növü kimi qəbul edilməsini istisna edir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının tələb etdiyi məbləği miras qoyana həqiqətən verməsinə dair etibarlı sübutlar mövcud deyildir. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3 və 106.1-ci maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Beləliklə, iddia ərizəsində tələb edilən külli miqdarda pulun qarşı tərəfdən tutulması üçün iş üzrə həmin pulun verilməsini təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. İddiaçı tərəfindən qəbz və “vəsiyyətnamə” adlanan sənəd təqdim edilsə də, onları dəstəkləyən hər hansı digər mötəbər sübutun təqdim edilməməsi, tərəflərin yaxın qohumluq münasibətlərində olması, eləcə də işin digər halları, uzun müddət ərzində müqavilənin rəsmiləşdirilməməsi, borcun tələb edilməməsi sübutların və faktların yetərsizliyi baxımından iddianın əsassız olduğunu təsdiq edir. Məhkəmə cavabdehin müvafiq iddia tələbinin irəli sürülməsi üçün iddia müddətinin ötürülmüş hesab edilməsinə dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 208 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat ümumi dəyəri olan 208 (iki yüz səkkiz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar