Məhkəmə qərarları › İş №e-2(005)-2507/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2507/2022

19.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2507/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər “X14" MMC-yə və X6 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər “X14" MMC-yə və X6 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 102.000 (bir yüz iki min) manat məbləğində maddi ziyanın və həyat yoldaşının onun səhvi ucbatından həyatdan məhrum olması nətiçəsində mənəvi ziyanını əvəzi olaraq 200000 (iki yüz min) manat məbləğində pulun, cəmi 302.000 (üç yüz iki min) manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh1 MMC-nin direktoru X4 müştərək qaydada tutulması barədə qətnamə qəbul etmənizi xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin direktoru vəzifəsində işləyən X9 ilə 24 dekabr 2018-ci il tarixdə “tibbi xidmət göstərilməsinin təşkili barədə” müqavilə bağlamışlar. Müqavilənin 1.1-ci bəndində və müqavilənin predmeti 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək Belarusiya Respublikasının Minsk şəhəri Semaşka-8 ünvanında yerləşən 9 saylı xəstəxanada həyat yoldaşı X2 qaraciyərinin transplantasiyası və bu əməliyyatla əlaqədar olaraq bütün müayinə, müalicə, konsultasiyalar, nəqliyyat xərcləri, hotel xərcləri, yemək xərcləri 102.000 (bir yüz iki min) manat dəyərində olmaqla tibbi xidmətlərin yerinə yetirilməsi təşkil ediləcəkdir. İcraçı yəni Cavabdeh1 MMC müqavilənin 1.1-ci bəndində qeyd edilən tibbi xidmətlərin müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında yüksək keyfiyyətlə və vaxtında təşkil edilməsini öhdəsinə götürür. Sifarişçi isə yəni o, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında icraçı tərəfindən təşkil edilən tibbi xidmətlərin siyahısı və hər bir tibbi xidmətin dəyəri göstərilməklə təqdim edilən hesab-fakturaya əsasən qəbul etdiyi tibbi xitmətlərin dəyərini ödəməyi öhdəsinə götürür. Lakin icraçı yəni Cavabdeh1 MMC-nin direktoru X5 təkidi nətiçəsində 102.000 (bir yüz iki min) manat 318652 saylı kassa mədaxil orderi əsasında Cavabdeh1 MMC-nin hesabına ödəmişdir. Müqavilə bağladıqdan sonra Cavabdeh1 MMC-nin direktoru vəzifəsində işləyən X9 bizi Belarusiya Respublikasının Minsk şəhəri Semaşka-8 ünvanında yerləşən 9 saylı xəstəxananın Şerba adlı həkimi ilə tanış etmişdir. Həkim onlara əməliyyatın riskli olduğunu bildirərək müalicə yazmışdır. Bundan sonra həmin ilin may ayında yenidən Belarusiya Respublikasının Minsk şəhəri Semaşka-8 ünvanında yerləşən 9 saylı xəstəxananın həkimi Şerbanın yanına getmişdir. Müayinə etdikdən sonra əməliyyatın yenə də riskli olduğunu bildirmişdir. Bundan sonra Respublikaya dönərək bir qismi müalicəyə başlamışlar. Lakin tez-tez Nuridə xanımla əlaqə saxlamış və qaraciyər transplantasiyasının nə vaxt olacağını soruşmuşdur. O da onlara tez bir zamanda baş verəcəyini bildirmişdir. Əməliyyatın uzandığını görəndən sonra Belarusiya Respublikasının Minsk şəhəri Semaşka-8 ünvanında yerləşən 9 saylı xəstəxananın həkimi Şerba ilə özü əlaqə saxlamış və həkim onlara bildirmişdir ki, bu müddət ərzində nəyə görə əlaqə saxlanılmamışdır. Bu zamana həkimə Nuridə xanımın onlara bu barədə heç bir məlumat vermədiyini bildirmişlər. Bundan sonra onlar özləri həyat yoldaşını Belarusiya Respublikasının Minsk şəhəri Semaşka-8 ünvanında yerləşən 9 saylı xəstəxanaya aparmalı olmuşlar. Orada bildirilmişdir ki, hal-hazırda əməliyyat baş tuta bilər ancaq ödəniş olunmalıdır. Ondan sonra onlar Nuridə xanımla əlaqə saxlayaraq ödəniş etməyini xahiş etsələr də Nuridə xanım xahişi nəzərə almadan biganə qalmışdır. Bundan sonra yenidən ödəniş edə bilmədikləri üçün respublikaya geri dönmüşlər. Eyni zamanda müqavilənin müddəti qurtardığı üçün 22 noyabr 2019-cu il tarixdə 24 dekabr 2019-cu il tarixli müqaviləyə 1 nömrəli protokol (əlavə) bağlamışlar. Əlavəyə əsasən 24 dekabr 2019-cu il tarixli müqavilənin müddəti 31 dekabr 2021-ci il tarixədək üzadılmışdır. Bundan sonra Cavabdeh1 MMC-nin direktoru vəzifəsində işləyən X1 və yaxud acgözlüyü nəticəsində həyat yoldaşı X7 15 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Bununla əlaqədar, cavabdehlər borclu qaldığı məbləğin yaxın vaxtlarda ona qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onların nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Sifarişçi” İddiaçı ilə “İcraçı” Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixli tibbi xidmətlərin göstərilməsinin təşkili barədə müqaviləsindən görünür ki, tərəflər təsdiq edirlər ki, «İcraçı» tərəfindən 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək Belarusiya Respublikasının Minsk şəhəri Semaşka-8 ünvanında yerləşən 9 saylı xəstəxanada X2 qaraciyərinin transplantasiyası və bu əməliyyatla əlaqədar olaraq bütün müayinə, müalicə, konsultasiyalar, nəqliyyat xərcləri, hotel xərcləri, yemək xərcləri 102000 (bir yüz iki min) manat dəyərində olmaqla, tibbi xidmətlərin yerinə yetirilməsi təşkil ediləcəkdir(1.1-ci b). «İcraçı» Müqavilənin 1.1-ci bəndində qeyd edilən tibbi xidmətlərin Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında yüksək keyfiyyətlə və vaxtında təşkil edilməsini öhdəsinə götürür (1.2-ci b). «Sifarişçi» bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında «İcraçı» tərəfindən təşkil edilən tibbi xidmətlərin siyahısı və hər bir tibbi xidmətin dəyəri göstərilməklə təqdim edilən hesab-fakturaya əsasən qəbul etdiyi tibbi xidmətlərin dəyərini ödəməyi ödəsinə götürür (1.3-cü b). Müqavilənin 1.1-ci bəndində qeyd edilən tibbi xidmətlərin təşkilinin ümumi dəyəri 102000 ( bir yüz iki min) manat məbləğində müəyyən edilir (3.2-ci b). «İcraçı» tarəfındən bu Müqavilənin şərtləri yerinə yetirilməzsə və ya lazımi qaydada yerinə yetirilməzsə, bununla bağlı olaraq «Sifarışçi»yə vurulmuş bütün maddi və mənəvi zərər tamamilə ödənilməlidir (4.1-ci b). «İcraçı» tərəfindən bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən tibbi xidmətlərin göstərilməsi nəticəsində «Sifarişçinin sağlamlığına və ya həyatına vurulmuş bütün zərərin əvəzi ödənilməlidir; 22 noyabr 2019-cu il tarixli 1 nömrəli protokoldan görünür ki, “Sifarişçi” İddiaçı ilə “İcraçı” Cavabdeh1 MMC arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli "Tibbi xidmət göstərilməsinin təşkili barədə" 01 sayli Müqavilənin müddəti 22 noyabr 2019-cu il tarixindən 31 dekabr 2021-cu il tarixə qədər uzadılmışdır. xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi, əks halda məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Cavabdeh1 MMC-nin kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən qaraciyər transplantasiyası üçün 102000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüququ münasibətləri yaranmış və iş üzrə Cavabdeh1 MMC İddiaçı tibbi xidmətlərin göstərilməsinə dair öhdəliklərin icrasını öz üzərinə götürmüşdür. Qeyd edilən xidmətlərin göstərilməsi üçün İddiaçı tərəfindən 102000 manat məbləğində vəsait ödənilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, 102.000 (bir yüz iki min) manat məbləğində maddi ziyanın və həyat yoldaşının onun səhvi ucbatından həyatdan məhrum olması nətiçəsində mənəvi ziyanını əvəzi olaraq 200000 (iki yüz min) manat məbləğində pulun, cəmi 302.000 (üç yüz iki min) manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh1 MMC-nin direktoru X4 müştərək qaydada tutulması barədə qətnamə qəbul etmənizi xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli və müqavilə üzrə tərəflərin öhdəliklərini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə dəymiş zərərə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, Cavabdeh1 MMC müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı göstərilməli olan tibbi xidmətləri vaxtında icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçı tərəfindən tibbi xidmətlərin göstərilməsi üçün ödənilmiş 102000 manat məbləğində vəsait təyinatı üzrə istifadə edilməməklə iddiaçının maddi zərər çəkməsinə, cavabdehlərin isə əsassız olaraq varlanmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən vəsait cavabdehin hesabına xx.xx.2018-ci il tarixli müqavilə və həmin müqaviləyə edilmiş əlavəyə əsasən 1 saylı protokol üzrə öhdəliklərin icrası üçün köçürüldüyündən və hazırda cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən ödənilmiş 102000 manat məbləğində pul İddiaçı geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin təmin olunması iddiaçıya münasiğbətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X13 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC” və Cavabdeh1 MMC-nin direktoru X4 102000 (bir yüz iki min) manat müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar