Məhkəmə qərarları › İş №e-2(005)-2523/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2523/2022

11.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2523/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “tikilinin və hasarın sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “tikilinin və hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin, tikililərin və mağazanın giriş-çıxışını məhdudlaşdıran və evinə düşən günəş şüasının qarşısını alan hasarların sökülməsi, onunla razılıq olmadan və kompensasiya ödənilmədən ona məxsus hissədə hər hansı tikinti işlərinin aparılmasının və kommunal xətlərin kəsilməsinin cavabdehə qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun və vəkilə ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin onu məhkəməyə verməsi nəticəsində ona məlum olmuşdur ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinin 10 aprel 2014-cü il tarixli, 01 saylı müraciəti əsasında Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında həmin kooperativin istifadəsinə verilməsi barədə 15 aprel 2014-cü il tarixli, 166 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamın 1.1-ci bəndində ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən həll edilməsi qeyd edilmişdir. Sərəncamın 2.1-ci bəndində ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərini hazırlamağı və həmin sənədləri AR Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək, sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək, AR Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində “İnterservis” müdiriyyəti ilə torpağın icarə müqaviləsinin bağlanmasını təmin etmək və ƏMDK-nin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində dövlət qeydiyyatına almaq Cavabdeh Mənzil-Tikinti Kooperativinə tapşırılmışdır. Belə ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinin ona qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh İddiaçı tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin sahədə inşa edilmiş özbaşına tikililərin sökülməsi və Nərimanov rayonu N.Yusifbəyli küçəsinə açılmış qapının sökülərək fərdi yaşayış evinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki işin gedişində ona məlum olmuşdur ki, cavabdehə 15 aprel 2014-cü il tarixli, 166 nömrəli sərəncam verilmişdir. O isə bu səbəbdən həmin sərəncamı mübahisələndirdiyindən, Nərimanov Rayon Məhkəməsinin icraatındakı həmin mülki işin icraatı dayandırılmışdır. Lakin buna baxmayaraq, cavabdeh öz qanunsuz əməllərini davam etdirərək, nə onunla razılığa gəlməmiş, nə də məhkəmə qərarı olmadan qanunsuz olaraq ona məxsus fərdi yaşayış evinin və tikililərin, mağazanın qarşısını hasarlayaraq giriş-çıxışını məhdudlaşdırmış və evinə düşən gün şüasının qarşısını alaraq onun qanunla qorunan hüquqlarını kobudca pozmuşdur. O, dəfələrlə cavabdehdən hasarı söküb yaşayış sahəsinə və mağazasına giriş-çıxışa mane olmamasını və pəncərələrinin qarşısını açmasını, evinə işığın düşməsini təmin etməsini, ona məxsus sahədə tikintini dayandırmağı tələb etsə də, cavabdeh həmin əməllərini dayandırmayaraq obyektinin qarşısını hasarlamış, sonradan isə sökməyi tələb etsə də buna əhəmiyyət verməyərək hasarlamanı bitirmişdir. Bu səbəbdən o, aidiyyəti qurumlara şikayət versə də müraciətinə düzgün cavab verilməmiş, zəruri addımlar atılmamışdır. Cavabdeh qanuni tələblərindən imtina etdiyindən, o, tikililərin və mənzilinin yerləşdiyi yer üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, həmin tələbləri irəli sürmək üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, cavabdeh 10 aprel 2014-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, Nərimanov rayonu N.Yusifbəyli, X.Şuşinski, M.Sənani küçələri və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 №-li 15 aprel 2014-cü il tarixli sərəncamına əsasən cavabdehin müraciəti təmin edilərək, qeyd olunan ünvanlarda torpaq sahəsi icarə əsasında cavabdehin istifadəsinə verilmişdir. Bundan sonra cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, qeyd olunan ərazilərin müvəqqəti hasara alınmasını xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 501 №-li 24 noyabr 2016-cı il tarixli sərəncamına əsasən Nərimanov rayonu, 954-cü məhəllə, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani küçələrini və Azadlıq prospektini əhatə edən ərazinin tikinti başa çatanadək hasara alınmasına icazə verilmişdir. Qeyd olunan sərəncamlar hal-hazırda qüvvədədir. Göründüyü kimi, cavabdehin hərəkətlərində hər hansı qanun pozuntusu yoxdur və iddiaçının hüquqları pozulmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, ünvan 2 ünvan: ünvan 3 evi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının layihələndirilməsi haqqında” 166 №-li 15 aprel 2014-cü il tarixli sərəncamına əsasən:

1. Cavabdeh Mənzil-Tikinti Kooperativinin 10 aprel 2014-cü il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilsin. 1.1. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən həll edilsin.

2. Sifarişçiyə tapşırılsın: 2.1. Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etmək və həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək. 2.2. Sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 №-li ayrıc aktından görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 №-li 15 aprel 2014-cü il tarixli sərəncamı ilə Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədi ilə cizgidə göstərilən sərhədlər daxilində 1.2509 hektar torpaq sahəsi verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Tikinti sahəsinin müvəqqəti hasara alınması haqqında” 501 №-li 24 noyabr 2016-cı il tarixli sərəncamından görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 №-li 15 aprel 2014-cü il tarixli sərəncamı ilə Nərimanov rayonu, 954-cü məhəllə, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani küçələrini və Azadlıq prospektini əhatə edən ərazinin verilmiş sxemə əsasən müvəqqəti hasara alınmasını xahiş etmişdir. Müvafiq təşkilatlarla razılaşdırıldıqdan sonra, eləcə də piyadaların hərəkətinin təhlükəsizliyinin təşkili məqsədilə, ərazinin məktuba əlavədə göstərilən sxem üzrə hasara alınmasına icazə verilmişdir.

1. Sifarişçi və podratçı: Cavabdeh Mənzil-Tikinti Kooperativi (R.Məmmədov).

2. Tikinti işləri üçün normal şərait yaradılması və yuxarıda qeyd olunan küçədə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, tikinti ərazisi bu sərəncama əlavədə göstərilən sxem üzrə tikinti başa çatanadək hasara alınsın.

3. Sifarişçi təşkilata tapşırılsın ki, sxemdə göstərilən vəziyyət Bakı şəhər X1 İdarəsi ilə razılaşdırılmış qaydada təmin edilsin.

4. Hasarın xaricindən piyadaların təhlükəsiz hərəkəti üçün tikinti başa çatanadək müvəqqəti səki təşkil edilsin.

5. İşlərin icrasına Bakı şəhər X1 İdarəsinin tələblərinə əməl etməklə, sahə hasara alındıqdan, xəbəredici yol nişanları quraşdırılmaqla onun gecə vaxtı işıqlandırılması təmin edildikdən və piyadalar üçün müvəqqəti səki təşkil edildikdən sonra başlanılsın.

6. Tikinti müddətinə ətraf ərazinin sanitar təmizliyinə riayət olunması və işlər başa çatdıqdan sonra həmin küçələrdə asfalt örtüyünün tam bərpası sifarişçi təşkilat tərəfindən təmin olunsun. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 17.1-ci maddəsinə əsasən Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2-ci maddəsinə əsasən ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3-cü maddəsinə əsasən ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. 17.5-ci maddəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. 57.2-ci maddəsinə görə tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 3 sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; enerji resurlarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri). 64.1-ci maddəsinə əsasən tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır: tikinti obyektinin təyinatına görə istismar şəraiti; (64.1.1. maddəsi) ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri; (64.1.2. maddəsi) tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü ( 64.1.3. maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvan: ünvan 3 evi İddiaçı məxsusdur. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 №-li ayrıc aktına əsasən Cavabdeh Mənzil-Tikinti Kooperativinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 №-li 15 aprel 2014-cü il tarixli sərəncamı ilə Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədi ilə cizgidə göstərilən sərhədlər daxilində 1.2509 hektar torpaq sahəsi verilmişdir. İddiaçı ona məxsus fərdi yaşayış evinin, tikililərin və mağazanın giriş-çıxışını məhdudlaşdıran və evinə düşən günəş şüasının qarşısını alan hasarların sökülməsi, onunla razılıq olmadan və kompensasiya ödənilmədən ona məxsus hissədə hər hansı tikinti işlərinin aparılmasının və kommunal xətlərin kəsilməsinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə qadağan edilməsini xahiş edir, cavabdeh isə iddia tələbini qəbul etmir. Yekunda araşdırmanın nəticəsi olaraq, mübahisələndirilən ərazidə Cavabdeh Mənzil-Tikinti Kooperativinə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə rayonun N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətinə müdaxilə yoxdur, hazırda iddiaçı ona məxsus fərdi yaşayış evinin, tikililərin və mağazanın giriş-çıxışını məhdudlaşdıran və evinə düşən günəş şüasının qarşısını alan hasarların sökülməsi, onunla razılıq olmadan və kompensasiya ödənilmədən ona məxsus hissədə hər hansı tikinti işlərinin aparılmasının və kommunal xətlərin kəsilməsinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə qadağan edilməsini xahiş edir. Lakin mülki iş materiallarından göründüyü kimi, hazırda cavabdeh cəmiyyətə müvafiq ərazidə tikintinin aparılması üçün verilmiş icazələr, sərəncamlar qüvvədədir, ləğv edilməyib, onların etibarsız hesab edilməsi ilə bağlı tələblər mövcud deyildir. Cavabdeh tərəfindən sərəncamın icrası ilə əlaqədar tikinti işləri üçün normal şərait yaradılması və mübahisələndirilən ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tikinti ərazisi hasara alınmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 97.2-ci maddəsinə görə tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin (hasarın) qanunsuz olmasının müəyyən edilməsi, həmin hasarın sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırkı işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli hasarın sökülməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki qanunverciliyin sadalanan normaları iddiaçıya müvafiq icazələr alınmaqla aparılan tikinti işlərinə qadağa qoyulması ilə bağlı hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının mülkiyyətinə müdaxilə yaxud da cavabdeh tərəfindən mübahisəli ərazidə tikinti işlərinin (hasarın çəkilməsinin) aparılmasına qadağa faktı müəyyən edilmədiyindən iddiaçının hazırkı iddia tələbi əsassızdır. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “tikilinin, hasarın sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “tikilinin, hasarın sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar